Torpaqdan güc alan poeziya

 (Məmməd Araz – 80)

 

 

 

Vətənə məhəbbət və yurdsevərlik kimi dərin mənəvi-əxlaqi fəzilətlərin nəsildən-nəsilə miras olaraq keçməsini sadə və asan, mexaniki tərzdə baş verən proses kimi təsəvvür etmək olmaz. Doğrudur, hər bir insan doğulub boya-başa çatdığı, ata-babalarının ömür-gün sürüb baş qoyduğu doğma məskəni sövqi-təbii sevir, bu torpağa bağlı olur. Amma bu təbii və anadangəlmə məhəbbətlə yanaşı, hər bir nəsil zamanın irəli sürdüyü “Mən neçün sevirəm Vətəni?” sualına da konkret olaraq cavab verməli olur. Millət mənəviyyatında yer tutmağa qabil olan, bədii təfəkkür tərəqqisinə töhfə verməyi bacaran əsl sənətkarların və ədəbi nəsillərin yaradıcılıq tərcümeyi-halı da bu cavabdan qaynaqlanır. Vətənə münasibət və sevginin orijinallığı isə nəticədə həmin ədəbi pleyadanın özünəməxsus ifadə tərzini, yeni məzmunlu estetik dünyagörüşünü,  təkrarsız bədii inkas sistemini formalaşdırır.

Altmışıncıların başlanğıc bədii-fəlsəfi müşahidə və təhlillərinin, həyat və varlıq, insan mahiyyəti və qisməti haqqındakı gənclik düşüncələrinin çox vaxt ana yurd, ana torpaqla üzvi surətdə bağlı olan psixoloji vəziyyətlər və yaşantılar vasitəsilə ifadə olunması da fikrimizi təsdiq edir. Ümumən, yeni pleyadanın ilk qələm təcrübələrində Vətən motivinin aparıcı mövqeyə malik olması, Ana ilə bağlı şeir və silsilələrin üstünlük təşkil etməsi qeyd etdiyimizi poetik dövrün estetik mənşəyini, bədii anatomiyasını bizə əyani şəkildə anladır. Əli Kərim, Məmməd Araz, Xəlil Rza Ulutürk, Fikrət Qoca, Nəriman Həsənzadə, Şahmar Əkbərzadə, Ələkbər Salahzadə, Erkin Vahidov, Abdulla Aripov, Rauf Pərfi, Çolpan Erqaş, Camal Kamal, Aman Mətcan, Marif Cəlil, Həlimə Xudayberdiyeva, Aydın Hacıyeva və başqa altmışıncıların ana mövzusundakı, ana ilə bağlı şeirlərinin hamısını burada sadalasaq, çox uzun bir siyahı alınar. Məmməd Arazın “Üç oğul anası” (1961) “Anamdan yadigar nəğmələr” (1965) və Abdulla Aripovun “Anacan” (1967) kitablarını xüsusi qeyd etməliyik. Ümumən, bütün altmışıncıların yaradıcılığında “Anama məktub” və “Ana məktubu” adlı  şeirlərinin olması da vurğuladığımız tendensiyanın bədii gedişatda mərkəzi istiqamətlərdən biri olduğunu göstərir.

Beləliklə, aydın olur ki, yeni lirikada bədii inikas prinsiplərinin ilk əlamətləri Ana mövzusundakı şeirlərdə boy göstərməyə başlamışdı. Gənc şairlərin dəstxəttindəki təzəlik, Vətən ünvanlı bədii axtarışların mənbəyi də bu mövzudakı şeirlərlə bağlıdır. Dövrün bu yöndəki estetik axtarışlarını təsəvvür etmək və anlamaq nöqteyi-nəzərindən Məmməd Arazın “Ana torpaq” (1957) şeiri çox səciyyəvidir. Vətən idealının məzmunu və mahiyyəti bu şeirdə səmimiyyətlə ifadə olunur:

 

 

 

Ana torpaq, ana torpaq!

Dilə gəldi sazım yenə.

Qoy eşqini varaq-varaq

Ürəyimə yazım yenə...

 

 

 

Gənc şair Vətən şərəfinə yeni bir nəğmə yazmaq eşqi ilə alışıb-yanır. Ana yurd eşqini ürəyinə yazmağı əhd edir. Onun ürəyinə yazacağı – qəlbinə həkk edəcəyi o nəğmə yeni və təzə-tər olmalıdır. Elə bu səbəbdən də bu ilahi məskəni tərənnüm etmək üçün o sonsuz xəyal gərəkliyini arzulayır. Ana yurd göylərini seyr etmək üçün qoca qartal qüdrətini diləyir.

 

 

 

Sənin qoynun bir asiman

Dolanmağa xəyal gərək.

Göylərini seyrə çıxan

Bir qocaman qartal gərək.

 

 

 

Gənc lirik “mən”i doğulub ilk dəfə ayaq basdığı torpağa bağlayan sirr və qüdrət nədir? Bu sirli sevginin və duyğunun önündə nəyə görə hər şey bir heçdir, mənasız və dəyərsiz bir əfsanədir:

 

 

 

Ana torpaq! Bəs bu ada

Məni çəkən hikmət nədir?

Sanıram ki, bu dünyada

Sənsiz hər şey əfsanədir.

 

 

 

Müəllifin son dərəcə kəskin qiymətləndirməsinə və hesab-kitabına görə, doğma torpaqdan uzaqlarda keçən bir gün – neçə min ilin intizar və iztirabına bərabərdir. Bu çox gözəl və səmimi bir mübaliğədir:

 

 

 

Sənsiz keçən bircə günü

Neçə min il sanaram mən.

 

 

Amma gənc qələm sahibinin aşağıdakı misralarında başqa bir keyfiyyətdəki bədii təsvir vasitəsilə üz-üzə gəlirik. Yuxarıdakı mübaliğənin əksi sayıla biləcək həmin bədii fiqur – anti-mübaliğə, bizcə, daha tragik-emosional semantikanın daşıyıcısıdır:

 

 

 

Sənsiz olsam, göy mülkünü,

Yer şarını danaram mən.

 

 

 

Şair özünün ana torpaq duyğusunun adi olmadığını, təkrarsızlığını vurğulamaq istəyir. Düzdür, özünün də adi bir yer oğlu olduğunu etiraf edir, amma onun sevgisi özgə cürdür, daha dərindir:

 

 

Ana torpaq, ana torpaq!

Bir oğluyam doğma yerin,

Arzularım qucaq-qucaq,

Məhəbbətim daha dərin...

 

 

 

 “Ana torpaq” Məmməd Arazın fundamental vətəndaşlıq şeirlərindən biridir. Müəllif burada özünün və sevgisinin heç kimə bənzəmədiyini qəti şəkildə söyləməyə cəsarət edir. O, Ana yurd küləklərini – öz səsi-avazı, ona məxsus olan rübabı elan edir. Nəğməkar göy Xəzəri isə öz qəlbinə məhrəm və sevimli sazı adlandırır.

 

 

 

Ana torpaq, küləklərin

Rübabımdır, avazımdır.

Bu nəğməkar göy Xəzərim

Ömrüm boyu bir sazımdır.

 

 

 

“Ana torpaq” şeiri Məmməd Araz “Azərbaycannamə”sinin dibaçəsidir. Gənc şairin ehtiraslı Vətən duyğuları bu şeirdən qaynaqlanıb. Sonsuz Vətən xəyalları sanki “Ana torpaq”dan güc alıb, qanadlanıb. Məmməd Arazın Araz nəğmələri, Naxçıvanla bağlı poetik kəşfləri, “Azərbaycan – dünyam mənim” şedevrinin mayasında məhz “Ana torpaq” dayanır. “Ana torpaq” müəllifn şəkillənməkdə və araya-ərsəyə gəlməkdə olan Vətən konsepsiyasının dəqiq mənəvi-estetik düsturudur:

 

 

 

Ana torpaq, körpəlikdən

Nəfəs aldım nəfəsinlə.

Ana torpaq, mən sevirəm,

Hər qışımı, hər yazımı.

 

 

 

“Ana torpaq” şeirində poetik əhval-ruhiyyənin təbii və konkret ifadəsi diqqəti çəkir. Məsələn, aşağıdakı mətndə ovqatın son dərəcə əyani və görümlü ifadəsi qəlbinizi riqqətə gətirir. Sevgi duyğusunun bu qədər – bundan artıq yazıya köçməsinə, öz gözlərinizə inana bilmirsiniz:

 

 

 

Mən sevirəm Qafqazımı

Südəmər bir körpə uşaq

Anasını sevən kimi.

Mən sevirəm Muğanımı

Bala tərlan yuvasını sevən kimi...

 

 

 

Xalq şairi Məmməd Araz haqqında indiyə qədər yazılmış tədqiqatlarda şair yaradıcılığının ana Vətən və ata yurdla möhkəm bağlılığı haqqında bir sıra qiymətli fikirlər söylənmişdir. Görkəmli ədəbiyyatşünas alim, akademik İsa Həbibbəylinin “Xalq şairi Məmməd Araz” monoqrafiyasında hələ ötən əsrin doxsanıncı illərində irəli sürülmüş dəyərli elmi mülahizələr bu gün də yüksək elmi aktuallığını nümayiş etdirməkdədir: “Müasir Azərbaycan ədəbiyyatında görkəmli milli şairlərdən biri kimi geniş şöhrət qazanmış Məmməd Araz ulu babalardan qoruna-qoruna gəlmiş, həmişə “çırpısı tətikdə, odunu dəmdə” olan, əli qabarlı tipik bir Azərbaycanlı ailəsində böyüyüb tərbiyə almışdır. Onun milli ruhlu şair-vətəndaş kimi formalaşmasında “Çadırdaş ətəyi, Nursu bulağı”ndan başlamış “qaynar bulaqları qanında qaynayan” səfalı Şahbuz, “ürəyinin bir parçası” saydığı doğma Naxçıvan, habelə bütün Azərbaycanı əhatə edən ictimai-coğrafi mühit və ədəbi iqlim fəal iştirakçı olmuşdur. Bununla belə, Məmməd Arazın ata ocağı sözün həqiqi mənasında bütöv bir xalqı və böyük bir Vətəni təmsil edən ümumiləşmiş Azərbaycan ocağıdır. Şair nəsillərdən-nəsillərə keçib gəlmiş bu tarixi ocağın layiqli varisi, etibarlı od qoruyanıdır. Xalq şairinin yaradıcılığında 40 ildən artıq çağlamaqda davam edən Azərbaycan ruhu, bənzərsiz Vətən duyğusu və milli ideyalar həqiqi və geniş mənada öz odunu-qorunu təmiz, müqəddəs “ata ocağı”ndan – Vətəndən alır”.

Şairin nəğməkar qəlbi doğma yurd-yuvanı vəsf etməkdən doymur və nə qədər ilhamla, coşub-daşıb Vətən şərəfinə təriflər söyləsə də, ana yurd eşqinin tükənməzliyini, sonsuzluğunu aydın dərk edir:

 

 

 

Ana yer, sən sədəfli saz,

Mən nə deyim bu saz haqda.

Sənin eşqin vəsf olunmaz

Beş varaqda, on varaqda...

 

 

 

Lirik “mən”in estetik yaddaşında ana yurd şərəfinə söylənmiş ən füsunkar və cazibədar nəğmələr sıralanır. Amma onlar gənc lirik “mən”i ruhdan salmır, qorxutmur. O, Vətənin bundan da çox və böyük təriflərə layiq olduğunu bütün varlığı ilə anlayır. Yeni-yeni Vətən şairlərinin və şeirlərinin doğulmasını arzulayır:

 

 

 

Ana torpaq, qüdrətini

Vəsf eləyən şair varmı?

Sənin dərya şeiriyyətin

Bir ürəyə sığışarmı?

 

 

 

Nəhayət, Məmm

 

əd Araz Vətəni necə sevmək gərəkliyini, başqa sözlə, hansı dərəcələrdə duymaq və vəsf etmək zərurətini vurğulayır. Şair ana yurdu tərənnüm etmək üçün Bülbül olmaq istəyir. Yəni bülbül gülü sevdiyi tək sevmək istəyir:

 

 

 

Bülbül olsam, ömrüm boyu,

Bağlarını dolanardım.

 

 

 

Müəllifin seçdiyi və sevdiyi başqa bir məftunluq və vurğunluq timsalı isə qartal obrazı ilə bağlıdır. Qartal başı qarlı dağların başına dolandığı kimi, qartal dağlara bağlandığı kimi, “mən” də ana torpağa o cür bağlanmaq gərəkliyini düşünür:

 

 

Qartal olsam, başı qarlı

Dağlarını dolanardım.

 

 

 

Şairin başqa bir seçimi də gözəl və heyrətamizdir. O küləklər kimi yorulmadan ana yurd torpaqlarını gəzib-dolanmağı, Vətən çöllərinin-çəmənlərinin saçlarını sığallamağı ürəkdən arzulayır:

 

 

Külək olsam, çöllərinin

Saçlarını darayardım.

 

 

 

Şair Vətən təsəvvürünü formalaşdırmaq, Vətən duyğusunu oyatmaq və dərinləşdirmək məqsədi ilə ana yurdun təbii portretini gözlərimiz önündə canlandırır. Bütün varlığı ilə Vətənin təbiətini vəsf və təsvir edir. Yəni, Vətən havadır – aldığımız nəfəsdir. Vətən payızımız, qışımız, baharımız, yazımızdır. Müəllifin ilk baxışda sadə, amma son dərəcə dərin və geniş istiarəsi həyatiliyi ilə qəlbinizi ovsunlayır: “Mən sevirəm Qafqazımı Südəmər bir körpə uşaq Anasını sevən kimi”. Şairin əyaniləşmiş və təbii təsviri Vətənin izahlı lüğəti,  sadə və dahiyanə Vətən dərsliyi təsiri bağışlayır: “Mən sevirəm Muğanımı Bala tərlan yuvasını sevən kimi...”.

Məmməd Arazın lirik “mən”i cəsarəti, elsevərliyi və fədakarlığı ilə oxucunu heyrətləndirir:

 

 

 

Günəş olsam, səndən ayrı

Alışmazdım bir an belə.

 

 

Lirik qəhrəman günəş kimi ana yurdunun hər qarışını, hər bir guşəsini işıqlandırmaq istəyir. Bu dərəcədəki məftunluq daha çox gənc və təbii istedadlara xas bir keyfiyyətdir. Ana Vətənə vurğunluq, fədailik və fədakarlıq, onun uğrunda hər şeydən keçməyə və hətta ölməyə belə hər an hazır olmaq 60-cı illərdəki gənc Azərbaycan poeziyasında ən diqqətəşayan və aparıcı motivlərdən biri idi. Məmməd Arazın ən istedadlı qələm dostları, yaşıdları Əli Kərim, Xəlil Rza Ulutürk və b. məhz bu cür qarşısıalınmaz və yenilməz duyğularla yaşayırdılar. Vətən və vətəndaş birliyini, ayrılmazlığını aşağıdakı misralardan da sərrast və səmimi ifadə etmək təsəvvürə sığışmır:

 

 

 

Bir damla da sayılmazdım

Sənsiz olsam ümman belə.

 

 

 

O illərin ədəbi gəncliyinin misilsiz fədakarlığını və sonsuz bir ehtirasla ana torpağın bir parçasına çevrilmək, Vətənə dönmək və vətənləşmək duyğusunu isə bu misralar öz bağrında hifz edib yaşatmaqdadır.

 

 

Bulud olsam, hər düzünə

Bir çoşğun çay bəxş edərdim.

Öz eşqimi naxış-naxış

Hər daşına, hər qayana nəqş edərdim.

 

 

 

Görkəmli poeziya tənqidçisi, filologiya elmləri doktoru Vaqif Yusifli “Məmməd Araz dünyası” kitabında şairin Vətən sevgisinin və vətənpərvərlik duyğularının özünəməxsusluğunu və hədsiz səmimiliyini vurğulayaraq yazırdı: “Vətən haqqında poeziya yaranandan yüzlərlə, minlərlə şeirlər yazılıb və nə qədər ki, Vətən hissi, Vətən sevgisi var, poeziyanın ürəyi olan bu mövzu da yaşayajaq. Məmməd Arazın da Vətən haqqında onlarla şeiri var, lakin bu şeirlərsiz də şairin bütün şeirlərinin demək olar əvvəli də, axırı da  Vətəndir, Vətən adı çəkdiyi şeirlərində də belədir, çəkmədiyində də..”

Məmməd Arazın gənc lirik qəhrəmanı sadəcə romantik bir qəlb və sevgi sahibi deyil. O, eyni zamanda, Vətənin taleyi və gələcəyi üçün ciddi addımlar atmağa hazır olan yenilməz bir igid və mücahiddir. Düşmənlərə qarşı barışmaz və amansız bir vətənpərvərdir:

 

 

 

Şimşək olsam, dar günündə

Enib yerdə çaxardım mən.

Düşmənini bir andaca

Yandırardım, yaxardım mən.

 

Aşağıdakı misralarda müəllifin müraciət etdiyi “şahin” obrazı da ana torpaqlara ünvanlanan bu sevginin mübariz və döyüşkən keyfiyyətə malik olduğunu bir daha vurğulayır.

 

 

Şahin olsam, göylərində

Yüz il, min il süzərdim mən.

Ulduzları qanadıma düzərdim mən.

 

 

 

Müəllif öz sənətinin gücü ilə Vətəninə kömək etmək istəyir. Qələmin qüdərti ilə ana Vətəni müdafiə etmək, daha da qüdrətləndirmək, onun ömrünü əbədiyyətə çatdırmaq və qovuşdurmaq istəyir. Məmməd Arazın Vətənə sonsuz məhəbbəti və onun ana torpaqla bağlı böyük poetik arzuları ilk gənclik şeirlərindən birində – “Ana torpaq”da məhz bu cür bədiiləşmişdi:

 

“Yox, ana yer, qələmin də

Öz gücü var, öz adı var.

Şeirin, sözün şahinləri

Yoran xəyal qanadı var.

Yox-yox, mənim söz tərlanım

Şimşəklərlə ötüşəcək,

Mənim şeir yelkənimə

Dərya gərək, ümman gərək...

Gül-çiçəkli yazım sənsən.

Ömrüm boyu könül səsim,

Bir də könül sazım sənsən.

Ana torpaq, qüdrətini

Vəsf eləyən şair varmı?

Sənin dərya şeiriyyətin

Bir ürəyə sığışarmı?

 

Kifayət qədər iri həcmli bir şeirin poetik suallarla yekunlaşması çox düşündürücüdür. Gənc şair yeni poetik eranın sübh çağı bu sualları özünə və ədəbi mühitinə ünvanlayırdı. “Ana torpaq, qüdrətini Vəsf eləyən şair varmı?” deyə öz qələm yoldaşlarına üzünü tuturdu. Sanki gənc müəllif bununla biz ana yurddan, ana torpaqdan az yazırıq, demək istəyirdi. Həqiqətən də, bu şeirin yazıldığı çağlarda Azərbaycan haqqında yeni poetik nəslin böyük nəğmələri hələ şair ürəklərində bəslənirdi, doğulmamışdı. Elə Məmməd Arazın Azərbaycanla bağlı bir çox böyük şeirləri də gənc şairin ilhamında, təxəyyülündə nəfəs alırdı, hələ Vətən torpağına enməmişdi.

 

 

 

Yaşar QASIMBƏYLİ

filologiya elmləri üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2013.- 4 oktyabr.- S.7.