Tamara Sinyavskayanın 70 yaşı Rusiyanın Böyük Teatrında qeyd olunub

 

 

Bu il SSRİ-nin Azərbaycanın Xalq artisti Tamara Sinyavskayanın 70 yaşı tamam olur. Bu münasibətlə Rusiya Dövlət Akademik Böyük Teatrında (DABT) görkəmli müğənnini təbrik edərək Rusiyanın bu ən məşhur səhnəsində 40 ilə yaxın xidmət etmiş müğənninin şərəfinə “Boris Qodunovtamaşasını təqdim ediblər.

Vaxtilə Tamara İlyiniçna bu tamaşada Marina Mnişek partiyasını çox parlaq ifa edib. Tamaşa başlanmazdan əvvəl Tamara Sinyavskayanın yaradıcılığından ayrı-ayrı epizodların toplandığı videoçarx nümayiş etdirilib. Sonra RF Federal Məclisi Dövlət Dumasının sədrinin müavini Lyudmila Şvetsova və teatrın baş direktoru Vladimir Urin DABT-nin tarixi səhnəsində aktrisanı təbrik ediblər. V.Urin təbrik niqtində qeyd edib: “Bu videoçarxda Tamara Sinyavskayanın son dərəcə maraqlı yaradıcılıq taleyinin, görkəmli müğənninin Böyük Teatr səhnəsində gördüyü işlərin yalnız az bir qismi toplanıb. Mən fəxr edirəm ki, bu gün burada onun kimi məlahətli və gözəl qadının yanında dayanmışam”.

Lyudmila Şvetsova bildirib ki, Tamara Sinyavskayanın bütün dünyada məşhurlaşmasına, milyonlarla tamaşaçının sevgisini qazanmasına səbəb onun bir insan kimi cəlbedici olmasıdır: “ Bu gün biz böyük müğənninin, öz yaradıcılığı ilə bütün dünyada hörmət və məhəbbət qazanmış gözəl qadının yubileyini qeyd edirik. O, səhnədə çoxlu müxtəlif obrazlar yaradıb. Lakin bütün bu obrazlara xas olan bir ümumi cəhət var – aktrisanın böyük məlahəti. O, məhz bu məlahəti yaratdığı hər bir obraza bəxş edib. Biz sizin istedadınıza heyranıq. Arzu edirik ki, bu istedadınız daha da çiçəklənsin, sizin səsinizi haçansa yenidən, bəlkə də elə bu səhnədə eşidək”.

Tamara Sinyavskaya qonaqlara minnətdarlığını bildirərək deyib: “Sağ olsun Böyük Teatr. Bura mənim doğma evimdir, mən onu heç vaxt dəyişməmişəm və dəyişmərəm. Bu teatrı ona görə sevirəm ki, bu məşhur səhnədə çıxış etmiş bütün böyük müğənnilərin səsləri burada indiyə qədər eşidilir. İstərdim ki, mənim də səsim onun divarlarında qalsın və uzun müddət burada yaşasın”.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə SSRİ-nin və Azərbaycanın Xalq artisti Tamara SinyavskayaDostluqordeni ilə təltif edilib. T.Sinyavskaya Azərbaycan dövlətinin bu yüksək təltifinə Azərbaycan mədəniyyətinin populyarlaşdırılması sahəsində xidmətlərinə görə layiq görülüb.

 

S.ABDULLAYEVA

525-ci qəzet.- 2013.- 4 oktyabr.- S.7.