Azərbaycandakı məscidlər: mənəviyyat
və tarixi-memarlıq abidələri
Azərbaycan tarixən müxtəlif inancların, fərqli dini konfessiyaların birgə və əmin-amanlıq şəraitində
yaşadığı ölkədir. Respublikamızda kilsələr, sinaqoqlar, məscidlər və müxtəlif dini məbədlər eyni vaxtda yanaşı fəaliyyət göstərir.
Keçən silsilə yazılarımızda
şəxsi müşahidələrimizə,
müxtəlif mənbələrə,
o cümlədən də
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
rəsmi saytına əsaslanaraq ölkə ərazisində mövcud olan qədim alban məbədləri haqqında oxucularımıza
məlumat vermişdik.
İndi isə Azərbaycan əhalisinin böyük əksəriyyətinin
– təxminən 95 faizdən
artığının etiqad
etdiyi islam
dininin müqəddəs
ibadətgahlarından – məscidlərdən
söhbət açacağıq.
Ölkə ərazisində, demək olar ki, hər bir
rayon və şəhərdə
böyük və kiçik olmaqla onlarla məscid fəaliyyət göstərir.
Növbəti silsilə yazılarımızda
paytaxt və Abşeron yarımadasından
başlamaqla ölkə
ərazisində fəaliyyət
göstərən məşhur
məscidlərimizdən bəhs
edəcəyik.
(Əvvəli 2 oktyabr sayımızda)
Ölkəmizin şimal-qərb bölgəsində
də möhtəşəm
dini abidələr mövcuddur. Zaqataladakı məscid binasının
inşasına 1998-ci ilin
fevral ayında başlanılıb, 2000-ci ilin
oktyabr ayında başa çatıb.
2001-ci ilin may ayının
7-də məscidin rəsmi
açılışı keçirilib. Bu ibadət
ocağında ilk cümə
namazı 2001-ci ilin mayında qılınıb.
Türk memarlığı
əsasında inşa
edilən məscid binasının baş ustası Türkiyənin Giresun bölgəsindən
olan Adem Elmas usta olub.
Tikintidə həmçinin Zaqataladan
olan ustaların da böyük zəhməti var. Məscidin
iki minarəsi mövcuddur. Minarələri də giresunlu minarəçi ustalar inşa ediblər. Məscid daxilindəki bəzək işləri, xəttat yazıları və ornamentli rəsmlər istanbullu Əli ustanın və Zaqatala rayonunun Tala kəndindən olan ustaların əl əməyinin bəhrəsidir. Məscidin daxili
uzunluğu 25 metr, eni 17 metr, hündürlüyü
21 metrdir. Binanın tamamlama
hissəsi günbəzvari
olub, ana günbəzin diametri 15 metrdir. İrili-xırdalı cəmi 13 günbəz
var. Günbəzlər qurğuşun
təbəqə ilə
örtülüb. Ümumiyyətlə, binanın örtüyü
üçün 24 tondan
yuxarı qurğuşun
təbəqədən istifadə
edilib. Məsciddaxili birinci mərtəbə
qismi divarlar, mehrab və onun əhatəsi xüsusi hazırlanaraq, İstanbuldan gətirilmiş
çini örtüklə
işlənib. Həmin örtüyün
üzərində divarboyu
“İnsan” surəsinin
5-25-ci ayələri həkk
edilib. Mehrabın əhatəsində və ana günbəzin
ortasında “Ayətəl-Kürsü”
yazılıb. Məscidin minarələri,
moizə kürsüsü
və məhəccərləri
İstanbul emalatxanalarında
Afrikadan gətirilmiş
xüsusi ağac materialından hazırlanıb.
Zaqatalanın Tala kənd Cümə məscidinin tikintisinə 1901-ci ildə
başlanılıb, 1911-ci ildə başa çatdırılıb. Tikintinin təşəbbüskarı
talalı şeyx Hacı Əhməd Əfəndi olub. Tikintinin ustası Talalı usta Məhəmməd olub. Məscidin
dam örtüyünün dəmirini
böyük xeyriyyəçi
Hacı Zeynalabdin Tağıyev verib. Məscidin uzunluğu 52, eni 37 metr, hündürlüyü
isə 8,5 metrdir. Daxili sahəsi 1200 kvadratmetrdir.
Məscidin daxilində aralarında
6 metr olmaqla 24 sütun vardır. Məscidin minarəsi 17 metr olub binanın damında yerləşir.
Məscid tək günbəzlidir.
Gümbəzin diametri 4 metrdir.
Məscid binası üç
tərəfdən eni
6 metr olan eyvanla əhatə edilib. Ölçülərinə və əzəmətinə
görə Cənubi Qafqazda ən möhtəşəm məscidlərdən
sayılır. Məscid tarixi
abidə kimi 5214 inventar nömrəsi ilə dövlət tərəfindən qorunur.
Bu ibadət ocağının
mehrabı taxta şəbəkədən mismarsız,
olduqca incə naxışlarla işlənib.Hicri
1337-ci ildə hazırlanmış
minbərin naxışlarında
həm də ərəbcə çarpaz
yazılmış iki
“Məhəmməd” yazısı
əhatəsində “Allah”, “Ya Məhəmməd”, “Əbu Bəkr”, “Ömər”, “Osman”, “Əli” sözləri oxunur. Minbərin qapı çərçivəsinin
kənarlarında məscidlə
bağlı Quran ayələri
yazılıb. Minbərə aid rənglər unikaldır və hələ də təravətini itirməyib.
Zərif naxışlarla bəzədilmiş,
əl işləməli
taxta qapılar deformasiyaya məruz qalmayıb. Tikintidə həmçinin yerli
dulusçuların bişirdiyi
500 mindən çox qırmızı kərpicdən
istifadə edilib. Məscid 1929-1944-cü illərdə bağlı saxlanılıb,
1944-cü ildə yenidən
dindarların istifadəsinə
verilib. Abdulməcid Əfəndi, Məhəmməd
Şeyxzadə, Şaban
Əfəndi kimi görkəmli yerli İslam alimləri bu məsciddə imamlıq ediblər.
Zaqatalada qədimliyi və arxitekturası ilə seçilən maraqlı məscidlərdən biri də Əliabad qəsəbəsindəki Cümə
məscididir.
Cümə məscidinin tikintisinə 1610-cu ildə başlanıb.Məscid kənd əhalisinin yardımı hesabına inşa edilib. Məscidin fasadında divara hörülən daş kitabədə yazıldığına görə 1876-cı ildə yenidənqurma işləri aparılaraq ikinci mərtəbə əlavə edilib. Yenidənqurma işlərini aparan usta Məhəmməd Nəbi olub. Sahəsi 600 kvadratmetrdir. Məscid minarəlidir. Minarə məscid binasından kənarda tikilmiş və hündürlüyü 19 metrdir.
Balakəndəki Cümə məscidi də qədim abidələrdəndir. Məscid binasının fasadındakı daş kitabəyə görə bu ibadət ocağının tikintisinə 1867-ci ildə başlanılıb, 1877-ci ildə başa çatıb. Fasaddakı başqa kitabədə aşağıdakı sözlər həkk olunub: “Hicri tarixinin XIII əsrində yaşamış bütün Balakən camaatı, hətta yüksək rütbəli, vəzifə sahibi olan şəxslər belə razılığa gəlmişlər ki, hamının arzu və istəyini nəzərə alıb qəşəng və göz oxşayan, hamının nəzər diqqətini cəlb edən bir Came məscidi tikdirsinlər. Böyük Allahın köməyi ilə camaatın arzusu yerinə yetmiş, Peyğəmbərin (s) nuru ilə bu ev nurlanmış və bütün müsəlmanları özünə cəlb etmişdir. Qazi Məhəmməd Dəbir və bənna usta Ömər İlisulu Allah xatirinə məscidin sonrakı təmir işlərini görmək üçün hamını bu işdə səy göstərməyə çağırmışdır”. Kitabənin ayaq tərəfində yazılıb: “Allah günahkarı bağışlasın, məscid və onun hücrələri və eləcə də başqa tikililər üçün lazım olan torpağı Ləki bin Həllac Məhəmməd vəqf etmişdir”. Məscidin planı daxildən və xaricdən düzbucaqlı olmaqla, sahəsi 1025 kvadratmetrdir. Məscidin əsas binasından ayrı tikilmiş minarəsinin hündürlüyü 45 metrə yaxındır. Balakən rayonunun mərkəzindəki bu minarəli məscid təkcə bölgədə deyil, bütün Azərbaycanda İslam memarlığının nadir nümunələrindən hesab olunur.
İsmayıllının Lahıc qəsəbəsindəki Bədöyün məscidi də ən azı qəsəbənin özü qədər unikaldır. 1791-ci ildə əhali tərəfindən inşa edilmiş Bədöyün məscidi eyni adlı məhəllədə yerləşir. Ərazisi 196 kvadratmetr, tutumu isə 200 nəfərlikdir. Məscidə “Hacı Qurban məscidi” də deyilir. Buna səbəb onun qəsəbə sakini Hacı Qurbanın təşəbbüsü ilə tikilməsidir. Sovet hakimiyyəti illərində minarəsi uçurulmuş məscid xalça sexi kimi fəaliyyət göstərib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra məscid əsaslı təmir olunaraq dindarların istifadəsinə verilib.
(Ardı var)
S.ABDULLAYEVA
525-ci qəzet.- 2013.- 5 oktyabr.- S.30.