Məramsız addımlar
YAXUD “TEATRI DİREKTOR İDARƏ
ETMƏLİDİR, YOXSA BAŞ REJİSSOR?” SUALINA CAVAB AXTARIŞI
Teatrın yaradıcılıq simasını direktor
müəyyənləşdirir, yoxsa baş rejissor?
Əslində kinayəli və bəlkə də
gülməli sualdır.
Neyləməli... bu gün həmin sualın cavabına
işıq tutmağa böyük ehtiyac duyuram.
Bu bir həqiqətdir ki, bütün dünyada teatrlar
baş rejissorların adı ilə tanınıb. Məsələn, XIX əsrin
sonları və XX əsrdə Almaniyada Bertolt Brext, Maks
Reynxardt, Otto Bram, Fransada Andre Antuan, Jan Rusion, Polşada Eji
Qrotevski, İngiltərədə Piter Bruk, Coan Litilvud, Barri
Cekson, ABŞ-da Li Strasberq, İtaliyada Lukino Viskenti (həm də
kino rejissorudur), Türkiyədə Möhsün Ərtoğrul,
Çexiyada Emil Burian, Macarıstanda Tamoş Mayor,
Rumıniyada Yon Sava, İsveçdə Auqust Falk, İnqmar
Berqman (həm də kino rejissorudur), Rusiyada Konstantin Stanislavski,
Yevgeni Vaxtanqov, Vsevolod Meyerxold, Valentin Pluçek, Aleksandr
Tairov, Georgi Tovstonoqov, Andrey Qonçarov, Gürcüstanda
Konstantin (Keto) Marcanaşvili, Robert Strua teatrları... məşhur
olub.
1930 –
1980-ci illərdə Azərbaycanda da ayrı-ayrı teatrlar məhz
ilk növbədə baş rejissorların adları ilə
tanınıb. (Sözsüz ki, qüdrətli
aktyorların adları istisna deyil). Məsələn,
müxtəlif vaxtlarda Milli Dram Teatrı “Ədil İsgəndərov
teatrı”, “Tofiq Kazımov teatrı”, Musiqili Teatr “Şəmsi
Bədəlbəyli teatrı”, Opera teatrı “İsmayıl
Hidayətzadə teatrı”, “Soltan Dadaşov teatrı”, Gənc
Tamaşaçılar Teatrı “Məhərrəm
Haşımov teatrı”, “Zəfər Nemətov teatrı”, “Azər
Paşa Nemət teatrı”, Gəncə teatrı “Mehdi Məmmədov
teatrı”, “Hüseyn Sultanov teatrı”, Naxçıvan
teatrı “İbrahim Həmzəyev teatrı”, “Vəli Babayev
teatrı”, “Baxşı Qələndərli teatrı”, Şəki
teatrı “Hüseynağa Atakişiyev teatrı”, son 15 – 20 ildə
“Yuğ” Dövlət Teatrı “Vaqif İbrahimoğlu teatrı”,
Dövlət Pantomim Teatrı “Bəxtiyar Xanızadə
teatrı” kimi tanınıb. Həmin dövrlərdə Azərbaycan
teatr məkanında sənət ocaqlarının
direktorlarının adlarını bugünkü teatrsevərlərin
çox az bir qismindən başqa heç
kim bilmir.
Çox-çox təəssüflər olsun ki, bu gün
Azərbaycan teatrları əsasən baş rejissor deyil,
“direktor teatrları” kimi çalışır. Hətta əksər
teatrlarda baş rejissor olsa da, sözün kəsəri
direktorlardadır. Halbuki
yaradıcılıq məsələlərinə birbaşa
cavabdeh və məsul baş rejissor olmalıdır.
Opera və Balet Teatrında repertuarı, ştata yeni
vokalçı, balet artisti və ya ifaçı
götürməyi baş rejissor yox, direktor həll edir. Bəlkə də
elə buna görə Arif Məlikovun “Məhəbbət əfsanəsi”
baleti dünyanın ən qabaqcıl sənət
ocaqlarında oynanıldığı halda, 30 ildən
çoxdur Azərbaycan səhnəsində göstərilmir.
Və yaxud, Koroğlunun bəzi
ifaçılarının qəhrəmanlıq əzəmətini
səhnədə görmək üçün
tamaşaçıya durbin lazım gəlir.
Bir neçə ildir ki, Akademik Milli Dram Teatrında
baş rejissor ştatı ləğv olunub. Bütün
hegemonluq teatrın direktorunun səlahiyyətinə
“keçirilib”. Belə bir “yenidənqurmaya”
hansı tərəfdən yanaşsaq, heç bir məqamda
özünü doğruldan dayağı görünmür.
Təbii
ki, dünyada
prodüser teatrları mövcuddur və onlar
xüsusi statusla və fərqli prinsiplərlə işləyirlər.
Ancaq heç bir ənənəvi klassik, yaxud
yeni yaranan eksperimental teatr baş rejissorsuz, yaxud bədii rəhbərsiz
işləmir. Uzağa getməyək, Moskvada MXAT, Satira,
Vaxtanqov, Mayakovski, Malı Bronnı, Taqanka, Peterburqda
Böyük Dram, Tiflisdə Rustavelli, Marcanaşvili, Litvada
Panevejis... teatrlarının yaradıcılıq sərkərdələri
həmişə baş rejissorlar olublar və indi də bu ənənə
davam edir.
Müstəqil Azərbaycan Respublikasında isə XXI əsrdə
ölkənin ana teatrında eksperiment edilir. Həm
paytaxtda, həm də əyalətlərdə əksər
teatrlar baş rejissor yox, direktor teatrlarıdır. Gənc Tamaşaçılar Teatrında Bəhram
Osmanovun baş rejissor təyin olunması müəyyən
ümidlərə çıraq tutur. Eləcə
də Mingəçevir, Gəncə, Lənkəran
teatrlarına gənc istedadların baş rejissor təyini
sevindirici haldır. Təbii ki, yaradıcılıqda
“hegemonluğu” direktorlar öz üzərlərinə
götürməsələr bu təyinatların nəticəsi
daha uğurlu ola bilər.
Akademik teatr baş rejissorsuz fəaliyyət göstərir. Nəticəsi
nə olub?
Yaxud,
baş rejissorları olan kollektivlərdə
yaradıcılıq iqlimini əsasən kim
müəyyənləşdirir?
Baxaq.
Təzə hazırlanan tamaşalarda rolları əsasən
direktor bölür. Hətta quruluşçu rejissorun müəyyənləşdirdiyi
ansambl siyahısında da direktor istədiyi kimi dəyişiklik
“redaktəsi” edir.
Fəxri adlara təqdimatı direktor “yazır”. Bu məsələdəki
yanlışlıqlar, haqsızlıqlar və fərdi
“münasibətlər”, şəxsi “maraqlar” kollektivdə
uzunmüddətli intriqalar, çəkişmələr
yaradır.
Akademik Teatrda tamaşa hazırlamaq üçün
xaricdən rejissorları direktor dəvət edir. Dəvət
edir və tamaşaya qoyulacaq əsərin adını,
tamaşada oynayacaq aktyorların siyahısını direktor
müəyyənləşdirib çağırılan
rejissora təqdim edir. Halbuki dəvət
olunan rejissor əvvəlcə repertuardakı bütün
tamaşalara baxıb kollektivin potensial gücünü
özü üçün müəyyənləşdirməlidir.
Həmçinin hazırlayacağı tamaşa
üçün aktyor ansamblını düzgün seçməlidir.
Və ən əsası, teatrın
yaradıcılıq estetikasının mahiyyətini, poetika səciyyələrini,
milli-mənəvi ruhunun incəliklərini mənimsəməlidir.
Əksər teatrların inzibati rəhbərləri,
eləcə də Akademik Teatrın direktoru İsrafil
İsrafilov üçün isə sanki bunların heç
bir “əhəmiyyəti” yoxdur. Bəlkə
də belə deyil. Ancaq acı nəticə
bu qənaətə gəlməyə əsas verir.
Akademik
Teatrda repertuar siyasətini direktor “qurur”.
Akademik Teatrda aktyorlar günlərlə, bəzən həftələrlə
direktorun qəbuluna düşə bilmirlər.
Oxucuda belə
bir sual doğa bilər: Bəlkə İsrafil İsrafilov
savadsız, teatrdan uzaq adamdır?
Birmənalı
şəkildə deyirəm: xeyr! Onu tələbəlik
illərindən yaxşı tanıdığım
üçün cəsarətlə deyirəm ki, kifayət qədər
teatr savadı, yüksək sənət zövqü, geniş
mütaliəsi var. Çağdaş dünya teatr prosesindən
də ətraflı xəbərdardır. Hətta
teatr sənətinə, ayrı-ayrı qüdrətli teatr
xadimlərinə aid maraqlı kitabları da nəşr olunub.
Ancaq gəlin etiraf edək ki, bütün bunlar
teatr kimi mürəkkəb yaradıcılıq
ocağının bədii-estetik iqlimini müəyyənləşdirmək
üçün əsas olsa da, kifayət deyil.
İsrafil İsrafilov kollektiv rəhbəri kimi də
aciz deyil. Qətiyyən!
Teatra gəlməmişdən əvvəl iki
böyük muzeydə direktor işləyib. Özü də bacarıqla, inamla, qətiyyətlə.
Lakin... teatr tamam başqa bir aləmdir... Xüsusən
baş rejissor vəzifəsində işləmək çox
çətindir. Rejissorluq təcrübəsi
olmadan direktor kürsüsündə əyləşib teatra bədii
rəhbərlik etmək iddiası isə mütləq
uğursuzluq uçurumuna qapı açır.
Teatrda tək hakimiyyətlik ehtirası, səmərəli
fikir söyləyənlərə xoşagəlməz
yarlıqlar yapışdırmağa cəhd göstərməsi,
vaxtının böyük hissəsini inzibati işlərə
sərf etməsi (bu, direktorun vəzifə səlahiyyəti və
borcudur) İsrafil İsrafilovu istər-istəməz
faydalı yaradıcılıq axtarışlarından
uzaqlaşdırır. Fikrimcə, o, prinsipial, qətiyyətli
direktor kimi təcrübəli, Akademik Teatrın
üslub-estetika prinsiplərinə doğma olan baş rejissorla
çiyin-çiyinə işləsəydilər biz
tamaşaçılarda kollektivin parlaq gələcəyinə
böyük ümidlər oyanardı.
Məsələyə geniş prizmadan yanaşsaq görərik
ki, onun direktorluğu dövründə teatr bir neçə
müxtəlif xarakterli beynəlxalq tədbirlərdə
iştirak edib.
Sözsüz ki, bu, alqışlanmalıdır.
Həmin istiqamətdə işlər daha
geniş vüsət almalıdır. Ancaq
burada bir incə məqam var. Beynəlxalq tədbirlərdə
göstərilən daha uğurlu tamaşalar direktorun deyil,
ondan əvvəlki rejissorların, truppanın qabaqcıl
aktyorlarının yaradıcılıq nailiyyətidir.
Sabah böyük səhvlər buraxmamaq üçün
bu gün dünənin acı dərslərindən ibrət götürmək
lazımdır. Göynərtili olsa da, onlardan bəzilərini
xatırlayaq. Özü də heç
çox uzağa getmədən.
Milli Dram Teatrının İsrafil İsrafilovdan əvvəlki
direktorları Əliabbas Qədirov (o, həm də bədii rəhbər
idi) və Maqbet Bünyadov da direktorluq “hikkəsinin” qurbanı
oldular. Onların heç biri sənət
ocağının heç olmasa üç illik
yaradıcılıq kursunu müəyyənləşdirə
bilmədilər. Əslində,
acınacaqlı görünsə də, onlar bu
yaradıcılıq prosesinin mahiyyətini dərindən dərk
etməkdə özlərinin aciz və səriştəsiz
olduqlarını büruzə verdilər.
Maqbet Bünyadov uzun müddət Dövlət Sirkində
direktor işləmişdi və ümumən səriştəli
rəhbər kimi tanınmışdı. Görünür heyvanlarla
işləmək prinsipləri “canlı insanlara rəhbərlik
şərtləri ilə fərqlidir” həqiqətini dərk
etmək lazım imiş... Üstəlik də
Maqbet Bünyadov qətiyyətsiz baş rejissorun səlahiyyətlərini
də öz üzərinə götürməklə,
yaradıcılıq iqlimindəki süstlüyü dərinləşdirmiş
və ləngliyi artırmışdı.
Yaxud, Əliabbas Qədirov həm teatrda, həm də
kinoda kifayət qədər bacarıqlı və təcrübəli
aktyor idi. Ancaq o, direktor kürsüsündə
çaş-baş qalması, dünənki sənət
yoldaşlarına yuxarıdan aşağı baxması,
“filankəs yerimə keçmək istəyir” xofuna uyması
ilə həm teatra, həm də özünün illər
uzunu təsdiqlədiyi gözəl aktyorluq imicinə
güclü sarsıdıcı zərbə vurdu. Təbii ki, həm də teatrın
yaradıcılıq iqliminə ürəkağrıdan
durğunluq, süstlük gətirdi.
Müəyyən
müddətdə Musiqili Komediya Teatrında (indi Musiqili Teatr
adlanır) bədii rəhbər vəzifəsini
“daşıyan” Səyavuş Aslan və Hacıbaba
Bağırov da (o, həm də direktor idi) aktyor kimi belə zərbələrə
məruz qaldılar. Çünki bu iki qüdrətli
səhnə xadimi özlərinin inzibatçılıq və
rejissorluq imkanları, ən əsası, kollektivi idarə etmək
fərasətləri ilə bədii rəhbər
kürsüsünə qətiyyən uyğun gəlmirdilər.
Hər ikisinin hansısa pyesi nəzəri-estetik baxımdan təhlil
etmək, hansısa operettanın musiqi partiturasını qiymətləndirmək
bacarığı üçün lazımi savadları və
bədii rəhbər ( və ya baş
rejissor) kimi peşəkarlıq səriştələri yox
idi. Buna görə də Musiqili Komediya
Teatrının aktyorları uzun illər bu ağrının
acısını dadmağa məhkum oldular. Müəyyən fərdi sənətkar
uğurlarını nəzərə almasaq, teatr uzun illər
yaradıcılıq böhranı keçirdi. Hətta
günü bu gün də kollektiv müəyyən
aktyorların ərköyünlük xislətinin
yaratdığı acı nəticələrdən xilas ola bilmir.
Azərbaycanda sırf dramaturgiya ilə məşğul
olan müəllif son dərəcə azdır. Həmçinin
pyes yazan nasir və şairlər də çox deyil. Bu müəlliflərin bir qismi İsrafil
İsrafilovun (eləcə də bir sıra başqa kollektiv rəhbərlərinin)
onları teatra yaxın buraxmamasından gileylidirlər. Bu gileylərdə həm haqsızdırlar, həm də
haqlı.
Haqsızdırlar ona görə ki, nəinki Akademik
Teatr, eləcə də heç bir səhnə ocağı
güclü çağdaş pyesdən imtina etməz. Əksinə,
belə əsərdən və onu yazan müəllifdən
ikiəlli yapışar. Deməli bir qism
müəlliflərin giley-güzarları boş dedi-qodudur.
Bəzi pyes müəllifləri Akademik
Teatrın onların yazdıqlarına biganə
qaldıqlarını dönə-dönə söyləyir,
“nə üçün bizim pyesləri oynamırlar?”
sualında israrlı olurlar.
Əziz
pyes yazanlar! Elə ingilis teatrı var ki, 30 ildir
Uilyam Şekspirin “Hamlet”ini, və ya “Kral Lir”ini oynamır.
Məgər həmin teatr bununla Şekspirin pis
dramaturq olduğunu iddia edir? Xeyr! Teatr ilk
növbədə onu maraqlandıran problemlər
üçün müasir və ya klassik pyesləri
arayıb-axtarıb seçir. Bu istiqamətdəki
yaradıcılıq yanlışlıqları və
uğursuzluqları isə tamam başqa bir mövzudur.
Bununla belə,
narazılıqların geniş mənada haqlı tərəfləri
də var. Gəlin unutmayaq ki, Akademik Teatrda Səməd
Vurğunun “Vaqif”, “Fərhad və Şirin”, Mehdi Hüseynin
“Alov”, Mirzə İbrahimovun “Həyat”, “Kəndçi
qızı”, Sabit Rəhmanın “Toy”, “Xoşbəxtlər”,
İlyas Əfəndiyevin “Sən həmişə mənimləsən”,
“Unuda bilmirəm”, Şıxəli Qurbanovun “Sənsiz”, Bəxtiyar
Vahabzadənin “Yağışdan sonra”, “Özümüzü
kəsən qılınc” (“Göytürklər”), Nəriman Həsənzadənin
“Atabəylər”, Nəbi Xəzrinin “Mənsiz dünya”,
Anarın “Şəhərin yay günləri”, Gənc
Tamaşaçılar Teatrında Yusif Əzimzadənin
“Anacan”, Adil Babayevin “Yarımçıq şəkil”, İsgəndər
Coşqunun “Komsomol poeması”, Gəncə Teatrında Altay Məmmədovun
“Həmyerlilər”, Əfqanın “Qız atası”,
Naxçıvan Teatrında Kəmalə Ağayevanın “Məhsəti”...
pyeslərinin tamaşaları məhz dramaturqlarla
rejissorların, geniş mənada müəlliflərlə
teatrın qarşılıqlı ehtiramı və inamı
sayəsində uğurlu sənət hadisələrinə
çevrilib.
Təəssüf olsun ki, bu gün Akademik Teatrda həmin
ənənənin davamında da nizamsızlıq var, hətta
müəyyən mənada etinasızlıq duyulur. Pyes yazan
müəlliflərdən, əsaslı və ya əsassız,
gen qaçmağın təməli Əliabbas Qədirovun
teatra direktorluğu və bədii rəhbərliyi
dövründə qoyulub. Bu qüsur rayon
teatrlarında daha qabarıq nəzərə çarpır.
Arzu edərdim ki, teatrlarda dramaturq – rejissor –
aktyorlar üçlüyünün peşəkarcasına
işləmək vərdişləri parlaq və qətiyyətli
yaradıcılıq qayəsinə çevrilsin.
Teatrın
vaxtaşırı truppanı cavanlaşdırmaq, yaxud təcrübəli
aktyorlarla yeniləşdirmək cəhdi əksər hallarda səmərə verir və
bu prosesin mütəhərrikliyi vacibdir. Lakin bu
işin də kövrək, zərif tərəfləri var ki,
onlara məhəl qoymayanda kollektiv bir addım irəli,
üç addım geri getmək zorunda qalır. Son üç ildə başqa kollektivlərdə
müəyyən uğurlar qazanmış müxtəlif
yaş nəslinə mənsub aktyorlar Akademik Teatrın
truppasına qəbul ediliblər. Cəsarətli
təşəbbüsdür. Təəssüf
ki, burada bir vacib şərtə tam məhəl qoyulmur. Axı başqa teatrlarda hətta böyük uğur
qazanan aktyorların belə əksəriyyəti Akademik
Teatrın yaradıcılıq ruhunun estetik incəliklərini
tuta bilmirlər. Buna görə də onlar
tamaşalarda hərəkət plastikaları, səhnə
danışığı prinsipləri, mizanların
icrası, yöndaşlarla səmimiyyət qurmaq baxımından
ansamblda yad görünürlər.
Fikrimcə, rejissor dəvətində də çox
ehtiyatlı olmaq lazımdır. Teatrın
özünün əsas yaradıcılıq məramının
aşınmaya uğraması ayrı-ayrı rejissorların fərdi
üslublarının “diktə” qabarıqlığı son nəticədə
sənət ocağını simasızlığa gətirib
çıxarır. Bəlkə də elə buna görə
Akademik Teatrın bir tamaşasında iyirmi-otuz il əvvəl
dəbdən düşmüş post modernist qərb
teatrının estetikası, digər bir tamaşada Gənc
Tamaşaçılar Teatrının burada yad görünən
forma prinsipləri, daha başqa bir tamaşada Vaqif
İbrahimoğlunun konseptual sənət düşüncəsinin
indiki halda cilalanmamış ifadə elementləri qabarıq
görsənir. Belə bir sərt üslub
uyarsızlığı kollektivin hətta səriştəli,
zəngin təcrübəli aktyorları üçün də
ciddi yaradıcılıq əngəlləri törədir.
Akademik Teatrda sənət ocağının
yaradıcılıq qayəsinə uyğun gəlməyən
müxtəlif yaş nəslinə mənsub aktyorlar da var.
Onlarla vidalaşmaq mütləq lazımdır. Ancaq burada da
yalnız direktorun “seçimi” və “qənaəti” əsas
götürülməməlidir. Həmin aktyorlar
sınaqdan keçirilərək onların bu kollektivə
yaramadıqları əyani şəkildə sübuta yetirilməlidir...
Bax, bunun üçün də mütləq
obyektiv və qətiyyətli, prinsipial və cəsarətli
baş rejissor lazımdır. Ayrı-ayrı
rejissorların müxtəlif aktyorlara fərdi “münasibətləri”
ilə truppanı sağlamlaşdırmaq,
sağlamlaşdırıb gücləndirmək, gücləndirib
müəyyən
estetik konsepsiyaya yönəltmək
mümkünsüzdür.
Ötən əsrin sonlarında Azərbaycanda özəl
teatrların təşəkkülü maraq doğurdu. Hətta bu
istiqamətdə müəyyən uğurlar da nəzərə
çarpdı. Təəssüf ki, tədricən bu
proses dayanmaq həddinə çatdı. Mənə elə gəlir
ki, teatr sənəti ilə bağlı səlahiyyətli təşkilatların
bu məsələni araşdırmalarına, hansısa səmərəli tədbirlər
görmələrinə ehtiyac var.
lll
...Teatrın
yaradıcılıq simasını direktor müəyyənləşdirir,
yoxsa baş rejissor?
Əslində kinayəli və bəlkə də
gülməli sualdır.
Amma və
di gəl ki, bu gün həmin sualın dəqiq
cavabını tapmağa böyük ehtiyac var...
525-ci
qəzet.- 2013.- 5 oktyabr.- S.18-19.