“İzahlı muğam lüğəti” – muğam irsinə və terminologiyasına dair yeni layihə

 

 

 

Azərbaycan xalqının qədim və zəngin mədəniyyət dəyərlərindən olan muğam sənəti haqqında yeni nəşrlərin sırasına bu il daha bir maraqlı kitab da daxil oldu: “İzahlı muğam lüğəti”. Musiqişünas-mütəxəssislər, muğam tədqiqatçıları, muğamsevərlər, muğam müəllimləri və muğamı öyrənənlər üçün nəzərdə tutulan yeni kitab “Apostrof” çap evində yüksək poliqrafik səviyyədə, nəfis şəkildə işıq üzü görmüşdür.

Azərbaycan Respublkası Təhsil Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Musiqi dünyası” jurnalının birgə layihəsi olan “İzahlı muğam lüğəti”, eyni zamanda ingilis dilində də tam mətni əhatə edir: “Explanatary Mugham Dictinary”.

Azərbaycan xalqının ümummilli lideri, musiqi mədəniyyətinin inkişafı və təbliğində misilsiz xidmətləri ilə tariximizdə əbədiləşən ulu öndər Heydər Əliyevin 90 illiyinə ithaf olunan kitab musiqi icitmaiyyəti tərəfindən qiymətli yubiley nəşri kimi rəğbətlə qarşılanmışdır.

Layihənin rəhbəri – SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, məsləhətçisi – Xalq artisti, Azərbaycan Milli Konservatoriyasının rektoru, professor Siyavuş Kərimi, müəllifi, tərtibçisi və elmi redaktoru Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, Bakı Musiqi Akademiyasının professoru, “Musiqi dünyası” jurnalının baş redaktoru Tariyel Məmmədovdur.

Layihənin uğurla həyata keçməsində redaktorlar qrupunun – Əməkdar incəsənət xadimi, professor Cavanşir Quliyevin, sənətşünaslıq üzrə fəlsəfə doktorları Səadət Təhmirazqızı və Ellada Hüseynovanın, kompüter tərtibçisi Fidan Nəsirovanın, rəssam Alina Cahangirovanın, dizayner İrina Tişakovanın, kompüter mühəndisi Sergey Tişakovun, tərcüməçi Nərmin Əliyevanın əməyini də xüsusilə qeyd edirik.

Professor F. Bədəlbəyli “Ön söz”də bu yubiley layihəsi haqqında yazır: “Ulu öndərimiz öz böyük diqqət və qayğısını musiqi incəsənətimizdən də əsirgəməyərək bu sahəyə xüsusi maraq göstərmişdir. Demək olar ki, ən görkəmli musiqiçilər onun yaxın və səmimi dostu idi. Bəlkə də dünyanın elə bir siyasi xadimi yoxdur ki, o, incəsənət adamları ilə Heydər Əliyev qədər yaxın ola bilsin və onun qayğısından bəhrələnməsin. Bunun başlıca səbəbi ulu öndərin musiqiyə olan məhəbbəti idi. O, bu məhəbbəti biz sənətkarlardan da əsirgəməzdi. Dəfələrlə çıxış etdiyim konsert proqramlarında onun iştirakını və bizimlə səmimi söhbətlərini daim xatırlayıram. Biz sənətkarlar onun tövsiyələrindən çox bəhrələnmişik. Elə bu layihəni də həmin tövsiyələrdən biri kimi təqdim edirik. Belə ki, ulu muğamlarımıza böyük məhəbbət bəsləyən və bu sərvətin gələcək nəsillərə layiqincə çatdırılmasına zamin yaradan Heydər Əliyev azərbaycanlı balaların bu istiqamətdə daha mükəmməl savadlanmasını daim tövsiyə edirdi. Əminik ki, hazırladığımız “İzahlı muğam lüğəti ulu öndərin ruhu qarşısında bizim mənəvi borcumuzun bir zərrəsidir.”

Professor Tariyel Məmmədov “Elmi redaktordan” bölümündə layihənin əsas məqsədini belə açıqlayır:“Məlumdur ki, hər bir xalqın mədəniyyətinin inkişaf səviyyəsi onun tarixinin, soykökünün, mədəni irsinin qayğıkeşliklə qorunmasıdır. Muğamlarımız isə bizim və nəinki bizim, dünyanın mənəvi dəyərlər sisteminin ən nadir incilərindəndir və onun qorunub gələcək nəsillərə çatdırılması bizim mənəvi borcumuzdur. Bizim təqdim etdiyimiz növbəti muğam layihəsinin ali missiyası da məhz bundan ibarətdir.”

Layihə müəlliflərinin məqsəd və məramına rəğmən öz tərəfimizdən bir məsələni qeyd edək. Belə ki, muğam tarixinə, ifaçılığına, musiqisinə, forma və məzmununa dair anlayışlar, terminlər ətrafında mübahisələrin, subyektiv yozumların, çaşqınlıq yaradan “etimoloji şərhlərin” bol-bol yaşandığı indiki dövrdə belə ciddi mütəxəssis işinin ərsəyə gəlməsi bu qəbildən bəzi mübahisəli məqamlara, diletant yozumlara da aydınlıq gətirir.

Məlumat üçün oxucuların nəzərinə çatdırırıq ki, musiqi lüğəti və muğam terminologiyası sahəsində ilk qiymətli addım görkəmli bəstəkar, dirijor və musiqişünas Əfrasiyab Bədəlbəyli tərəfindən atılmışdır. 1969-cu ildə “Elm” nəşriyyatında işıq üzü görən “İzahlı monoqrafik musiqi lüğəti”ndə Ə. Bədəlbəyli muğamlar, şöbə və guşələr, onların adları, etimologiyası, ifaçılığı haqqında qiymətli məlumatları ilə əslində, muğamın nəzəri və praktik terminologiyasının elmi əsaslarını yaratmışdır. Bu, XX əsrdə bütün Yaxın və Orta Şərqdə Şərq muğam-makam sənətinə dair ilk elmi əsaslı lüğətdir.

Əfrasiyab Bədəlbəylinin 100 illik yubileyində Fərhad Bədəlbəylinin rəhbərliyi ilə lüğətin elektron versiyası hazırlanmış, İnternet saytı yaradılmışdır. “Musiqi dünyası” beynəlxalq jurnalının redaksiyası tərəfindən icra olunan http://lugat.musigi-dunya.az saytı tədqiqatçılar, müəllim, tələbə və ifaçılar üçün məlumat və tədris mənbəyidir.

Özünəməxsus anlayış və terminologiya bazasına malik muğam sənəti haqqında ensiklopedik nəşr ilk dəfə Heydər Əliyev Fondu tərəfindən həyata keçirilmişdir. “Muğam Ensiklopediyası” (http://mugam.musigi-dunya.az) zəngin məlumat tutumuna görə və muğam terminologiyasının öyrənilməsi baxımdan çox qiymətli ideya və layihədir.

Bu iki fundamental nəşrin ideyası, məramı, aktuallığı “İzahlı muğam lüğəti”ndə davam etdirilmişdir. “Lüğət” həmin nəşrlərdən bəhrələnməklə yanaşı, bu sahədə görülən işlərin uğurlu davamı və yeni mərhələsi kimi həyata keçirilmişdir.

“İzahlı muğam lüğəti” 3 hissədən ibarətdir.

Birinci hissə muğama aid anlayış və terminləri, onların izahını əhatə edir. Bu hissədə anlayış və terminlərin izahı əlifba sırası ilə tərtib olunmuşdur.

İkinci hissə “Sözlük”dür ki, burada terminlərin ad və səhifə göstərişi verilmişdir.

Üçüncü hissə “Azərbaycan muğam kolleksiyası” adlanır. Bu bölümdə lüğətə daxil edilən 4 ədəd MP3 formatlı albom-disklərin ayrı-ayrılıqda mündəricatı təqdim olunmuşdur.

Dörd albom-diskə muğam, zərbi-muğam, şikəstə, təsnif və xalq mahnılarının onlarla möhtəşəm ifaları daxildir. Onların əksəriyyətini XX əsrin əvvəllərinə, ortalarına məxsus valların bərpa olunmuş səs yazıları təşkil edir. O cümlədən, “Azərbaycan xanəndələri” adlanan 1-ci, 2-ci albomlar kişi xanəndələrin, 3-cü albom qadın xanəndələrin müşayiətli səs yazılarından ibarətdir. Dördüncü alboma isə muğam dəstgahları, zərbi-muğamlar və şikəstələr daxildir.

Birinci albomda muğam dinləyicilərinə qüdrətli sənətkarlar Cabbar Qaryağdıoğlunun, Keçəçi oğlu Məhəmmədin, İslam Abdullayevin, Məşədi Məhəmməd Fərzəliyevin, Məcid Behbudovun, Seyid Şuşinskinin, Bülbülün, Xan Şuşinskinin, Zülfü Adıgözəlovun, Əbülfət Əliyevin, Yaqub Məmmədovun, Mütəllim Mütəllimovun, İslam Rzayevin, Arif Babayevin, Mürşüd Məmmədovun, Vahid Abdullayevin, Qədir Rüstəmovun, Süleyman Abdullayevin, Səxavət Məmmədovun, Fehruz Məmmədovun, Zahid Quliyevin, Qaraxan Behbudovun, Sabir Abdullayevin, Mənsur İbrahimovun ifaları təqdim olunmuşdur. Onlar B.Mansurov, T.Bakıxanov, Ə.Quliyev, A.Cavanşirov, H.Mirzəliyev, H.Məmmədov, H.Bayramov, E.Bədəlov, S.İbrahimov, H.Əliyev, Ə.Dadaşov, A.Abdullayev, N.Əsədullayev, F.Əliyev, Ə.Vəzirov, Ə.Sədiyev, S.Mürşüdov, Ə.Zeynalov, İ.Həsənov kimi görkəmli və istedadlı tar və kamança ifaçıları, S. Rüstəmovun rəhbərliyi ilə xalq çalğı alətləri orkestri, Ə.Bakıxanovun, H. Məmmədovun, Ə.Quliyevin, Ə.Dadaşovun, B.Salahovun rəhbərliyi ilə xalq çalğı alətləri ansamblları müşayiət edirlər.

İkinci alboma Şəkili Ələsgər, Seyid Mirbabayev, Hüseynağa Hacıbababəyov, Hacıbaba Hüseynov, Ağabala Abdullayev, Əlibaba Məmmədov, Qulu Əsgərov, Əlövsət Sadıxov, Bakir Haşımov, Ramiz Hacıyev, Eynulla Cəbrayılov, Novruz Feyzullayev, Canəli Əkbərov, Nəriman Əliyev, Şahmalı Hacıyev, Teymur Mustafayev, Sabir Mirzəyev, Tələt Qasımov, Ağaxan Abdullayev, İldırım Həsənov, Alim Qasımov, Qəzənfər Abbasov, Zabit Nəbizadə, Məmmədbağır Bağırzadə, Baba Mahmudoğlu, Sabir Novruzov, Razi Şükürov kimi şöhrətli və sevimli ustadların ifaları daxil edilmişdir.

Üçüncü albomda muğamsevərlər görkəmli qadın müğənnilərin – Yavər Kələntərli, Həqiqət Rzayeva, Sürəyya Qacar, Sara Qədimova, Şövkət Ələkbərova, Rübabə Muradova, Fatma Mehrəliyeva, Gülxar Həsənova, Tükəzban İsmayılova, Zeynəb Xanlarova, Rəsmiyyə Sadıxova, Nisə Qasımova, Nəzakət Məmmədova, Səkinə İsmayılova, Qəndab Quliyeva, Şahnaz Haşımova, Mələkxanım Əyyubova, Gülyaz Məmmədova, Aygün Bayramova, Könül Xasiyeva, Nuriyyə Hüseynova, Nəzakət Teymurova, Zeynəb Behbudova, Bəsti Sevdiyeva və Sevinc Sarıyevanın ifasını dinləyə bilərlər. Bu xanəndələr görkəmli tarzən və kamançaçılar S.İbrahimov, M. Müslümov, V.Məmmədəliyev, A.Əsədullayev, F.Dadaşov, E.Həşimov və E.Əhmədovun müşayiətilə, Adil Gərayın, İ. Rzayevin rəhbərliyi altında xalq çalğı alətləri ansambllarının, qədim musiqi alətləri ansamblının, “Göy-Göl” ansamblının müşayiəti ilə oxuyurlar.

Albom-disklərin məzmunundan da göründüyü kimi, bu audio vəsaitlər vasitəsilə Azərbaycan muğam-ifaçılıq sənətinin bütün nəsillərini, hətta dövrümüzün gənc xanəndə-sazəndələrini dinləmək mümkündür. Digər tərəfdən, “Lüğət”də ayrı-ayrı illərdə, dövrlərdə yaşayan ustad sənətkarların fotoları da yerləşdirilmişdir ki, bu da muğam ifaçılığı ilə əyani tanışlıq imkanı yaradır.

“Lüğət”in daha bir dəyəri onun məhz müasir dərs vəsaiti olmasındadır. Müəllim və tələbələrin muğama dair bilik və məlumatlarının artmasında bu lüğət dərs vəsaiti kimi böyük əhəmiyyət daşıyır.

Son illər ali musiqi məktəblərində muğamşünaslıq ixtisası üzrə magistr təhsilinin verilməsi nəşrin dərs vəsaiti kimi aktuallığını bir daha təsdiq edir. Bu sahədə ixtisaslaşmada xüsusilə klassik və müasir muğam ifalarının dinlənilməsi, ustad ifalara və ifa üslublarına bələdlilik tələb olunur ki, kitaba daxil edilən auido-albomlar da məhz həmin tələbə cavab verirlər.

“İzahlı muğam lüğəti”ndə muğam terminlərinin ilk dəfə ingilis dilində təqdim olunması və izah edilməsi beynəlxalq səviyyədə muğama daim artmaqda olan bədii və elmi maraqlar müstəvisində olduqca gərəkli bir işdir. “Lüğət”in tam mətninin xarici dildə nəşri müasir dünyada muğam mədəniyyətinin, muğam dəyərlərinin, ənənəvi musiqiyə dair elmi biliklərinin təbliğinə, öyrənilməsinə və yayılmasına mühüm təsir göstərəcəkdir.

Azərbaycan muğam incəsənətinə və elminə təkcə respublikamızda deyil, beynəlxalq musiqi ictimaiyyətində yaranan bədii və elmi maraqların məhz Azərbaycan mütəxəssisləri tərəfindən yüksək səviyyədə təmin olunması xüsusi elmi-mədəni mahiyyət kəsb edir. Bu baxımdan, təcrübəli və nüfuzlu mütəxəssislərimizin birgə uğurlu əməyi ilə ərsəyə gələn bu qiymətli layihənin dünya muğamşünaslıq elminin və muğam tədrisinin müasir inkişaf proseslərində olduqca önəmli rol oynayacağını tam əminliklə söyləmək olar.

 

Ariz ABDULƏLİYEV

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti

525-ci qəzet.- 2013.- 5 oktyabr.- S.16.