“Ömrün
qatarı” çapdan çıxıb
Bu yaxınlarda “Araz” nəşriyyatında şairə Nəzakətin “Ömrün qatarı” şeirlər kitabı çap olunub. Kitabın redaktoru Zülfüqar Şahsevənli yazdığı ön sözdə müəllifin yaradıcılığı haqqında fikirlərini bölüşüb: “Nəzakət xanımın dərdlə yoğrulan şeirlərinin hamısında çilik-çilik olmuş, sınmış könüllərə, talelərə bir ana, bir bacı avazıyla ufacıq sığal çəkmək olar. Bu sevgi ananın balasına, yerlərin göylərə olan sevgisi kimidir. Duyduğu, hiss elədiyi, yaşadığı anlara poetik don biçən, onları əzizləyə-əzizləyə ürəyinin günəvər yerində qoruyub saxlayan və günlərin bir günündə gizli bir sirr açırmış kimi dostlarına pıçıltı- pıçıltı oxuyan Nəzakət xanımın şeirlərində qəribə bir səmimiyyət var. Bu səmimiyyətin haləsi, aurası, şüaları uzun müddət səni yaman gözdən, yaman sözdən qoruyur. Poeziyanın qüdrəti, poeziyanın sehri də budur”.
Kitabda şair Musa Yaqubun müəllifin yaradıcılığı haqqında qələmə aldığı “Bir qom bənövşə – duyğular karvanı” yazısı da dərc edilib: “Hər bənövşə misranın öz ətri, öz təravəti var.Demək kitab alınıb, şeirlər toplusu var, yaşamağa üz tutub”.
Kitabda şeirlə “Saralmış yarpağa bənzəyir ömrüm” və “Haçansa... sevgi şeirləri də yazardım” başlığı altında oxuculara təqdim edilib.
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 8 oktyabr.-S.7.