Bir şair ömrü

 

 

 

Müasir poeziyamızda öz səsi, nəfəsi ilə seçilən bir şairin-Fəxrəddin Ziyanın 60 yaşı tamam olur. Bu yazını qələmə alanda bir neçə sualla üzləşdim:

Şeir necə doğulur?

Hansı anda, hansı gündə, hansı saatda?

Yaranandan sonra hər şeir neçə gün, neçə ay, neçə il ...neçə əsr yaşaya bilir?

Kədərdənmi doğulur, qəmdənmi yoğrulur, sevincdənmi, nəşədənmi dünyaya gəlir?

Nifrətmi yaradır, sevgimi yaradır onu?

 

Zaman-zaman bu suallar düşündürüb şeirsevərləri, poeziya dünyası ilə nəfəs alanları. bu sualların hər birinin cavabı bəlkə gün kimi aydın olduğu halda, çox-çox müşgülə, açılmazlığa gətirib çıxarıb.

 

 

 

Qələm ki, bu həyatda tərpənirkən ilk dəfə,

Sözdən yazdı, diqqətlə baxsan birinci hərfə.

 

 

 

Ulu Nizaminin kəlamıdır bunlar. bu gün mən-bir Azərbaycan tənqidçisi oxucusu məmləkətimizin bir şairinin işıq üzü görəcək növbəti kitabının səhifələrini çevirib...o sevinci, o kədəri, o həyəcanı, o qəzəbi arayıb axtaranda... o sevincin, o kədərin, o həyəcanın, o qəzəbin şeirə çevrildiyini görəndə heyranlığımı gizlədə bilmirəm. Şeir dünyası bizim böyük dünyamızın bir ürəkdə möcüzələr, sehrlər yaratmasıdır.

 

 

 

Fəxrəddin, şairlik duyğudu, dərddi,

şeirin gah şirindi, gah acı, sərtdi.

Kim söz bağçasından bir buta dərdi,

onun misrasından gül iyi gələr.

 

 

 

Fəxrəddin Ziya şeir şairlik barədə bir neçə şeir yazıb əlbəttə, 35-40 il yaradıcılıq yolu keçən, poeziya naminə hər cür çətinliyə dözə bilən bir şairin bu mövzuya müraciət etməsi təbiidir, bu, şair ömrünün, tərcümeyi-halının özündən gəlir:

 

 

 

Könüllər oxşayar, məclislər bəzər,

söz-söz, misra-misra yığılan şeir.

Ana bətnindəki körpəyə bənzər,

şairin qəlbində doğulan şeir.

 

 

 

Ürəyi dəyirman daşı kimidir,

içində söz dəni üyütməlidir.

Şair hamilə qadın kimidir,

şeirini qanıyla böyütməlidir.

 

 

 

Şairlikadlı bu şeirində F.Ziya şeirlə şair arasındakı doğmalığı, əbədi vəhdəti mənalandırıb. Ola bilsin, “ən əziz qadından əzizdir ona”, “şairlik şeirə hamiləlikdir”, “şeirin anası şairdir”, “ana bətnindəki körpəyə bənzər, şairin qəlbində doğulan şeir”, “şeiri hər şairin öz balasıdır”, “şair hamilə qadın kimidirkimi misralar, ifadələr kiməsə xoş gəlməsin, amma bu bənzətmələr qəribə səslənsə , həqiqəti ifadə edir, şeirin necə çətin yarandığına gətirilən misallardır.

Amma təbii ki, hər yazılan şeir poeziya deyil. Poeziya tamam ayrı şeydir. Heyranlıq da tamam ayrı şeydir. Heyranlıq heyrətə çevriləndə Qeys dönüb Məcnun olur, şeir çevrilib poeziya olur.

Fəxrəddin Ziyanın şeirlərini oxuyanda da poeziya havası vurur səni onun 35-40 illik şairlik yolunda belə heyranlıqlar çox olub.

Fəxrəddinin 35-40 illik şeir yolu əslində, onun ömür yolunun ayrı-ayrı səhifələridir. Ancaq poeziya təkcə bir insanın sevincini ya kədərini ifadə edib qalsaydı, bununla məhdud bir dairəyə sığışardı.. Poeziya şairin ürəyindəkilərinin izharıdır ki, hamıya çatmalıdır. Şair təkcə özünü ifadə etmir, o, mənim sənin, minlərlə oxucunun ürəyindəkilərini dilə gətirir. Bu mənada Fəxrəddin Ziya hamımızın şairi olmağa can atır. Əlbəttə, çox şeirlərində buna nail olur. Ən əvvəl Vətən məhəbbəti gəlir:

 

 

 

Xəzan vaxtı hər yarpağın

bağrı çatlar tər budağın.

Yazda dirilən torpağın

çəmənindən, çölündən öp.

 

 

 

Bir sonu var hər həvəsin,

qərib yerdə ömür bəsin.

Yurd dediyin müqəddəsin,

Ocağından, külündən öp.

 

 

 

Fəxrəddinin Vətən sevgisiəbədi duyğusu onun müxtəlif şeirlərində öz əksini tapır bunun üzərində dayansaq, o zaman baxıb görərik ki, hətta içində bircə kəlməVətənsözü olmayan şeirdən Vətən iyisi gəlir. OnunXətai işığındaşeirlər silsiləsi vaxtilə oxucular tərəfindən rəğbətlə qarşılandı.Millət şərqisişeirində isə deyir: “Qalx, vətəndaş millət həmrəy olmağa, qalx, aldanmış millət, həmrəy olmağa  misraları isə 90-cı illər əhval-ruhiyyəsini ifadə edirdi. Fəxrəddinin döyüşən əsgərlərimizə ünvanlanan çoxlu şeirləri var bu şeirlərin təbliğat təsiriylə deyil, ürəkdən yazıldığına heç bir şübhəmiz ola bilməz.

Fəxrəddin Ziya çox həssas şairdir bu həssaslıq o dərəcədə güclüdür ki, şair yaşadığı dövrün, dolaşdığı, təmasda, ünsiyyətdə olduğu mühitin müəyyən qüsurlarını, insanların bir-birinə münasibətindəki mənfilikləri, cəmiyyətdə, ictimai-siyasi həyatda yaranan xaosu, hərcmərcliyi çox əziz sandığı şeirindən gizləyə bilmir. Xüsusilə, keçid dövründəki haqsızlıqlar, ziddiyyətlər onun əksər şeirlərinin mövzusuna çevrilir:

 

 

 

Ömrün dolanbaclarından

keçdik mərhələ-mərhələ.

Bu yolda çox əzablara

Düşdük mərhələ-mərhələ.

 

 

 

Boğulsaq da qəhərindən,

ümid umduq səhərindən.

Dərman sanıb zəhərindən

içdik mərhələ-mərhələ.

 

 

 

Sözdə çox səni sevən,

ya da qurban gedən, Vətən.

Fəqət igidlərə kəfən

biçdik mərhələ-mərhələ.

 

Fəxrəddin çoxmövzulu şairdir onun Vətən sevgisini izhar edən, dövrün ictimai-siyasi hadisələrindən söz açan, gileylər, narazılıqlarla dolu şeirlərindən,  sevgi, təbiət, ata qayğısını, arzularını ifadə edən, cavanlıqdan, qocalıqdan, ömrün fəsillərindən danışan şeirlərindən misallar gətirə bilərik. Onun sevgi şeirlərindən birini gözəl müğənni Xumar Qədimova oxuyur:

 

 

 

Fikrim yenə tamam sənin yanında,

uça-uça gələcəyəm, gəldesən.

Səndən ayrı bir həsrət var canımda,

yuxuma gir, öləcəyəm, öldesən.

 

 

Bundan sonra görüşümüz bir güman,

bizi üzüb yetişəcək dərd kama.

Mənim kimi sən orda ağlama,

göz yaşımı siləcəyəm, sildesən.

 

 

 

Əlbəttə, Fəxrəddin Ziyanın keçdiyi yaradıcılıq yolunu müəyyən mərhələlərə bölmək olar, ənənəvi mövzulara görə bölgülərə ayırmaq çətin deyil, bundan başqa onun şeirlərinə forma-sənətkarlıq baxımından da yanaşa bilərik. Amma bu ənənəvi təhlil üsulundan sərf-nəzər edirik. Çünki onun şeirləri içərisində  özünün   əliyyül- əla hesab etdiyi şeirlər olduğu kimi ortababları da var bunu özü gizlətmir. Həyatını, ömrünü poeziyaya həsr edən bir şairin yaradıcılığında müəyyən boşluqlar, lap elə uğursuzluqlar da ola bilər, heç bir şair bundan sığorta edilməmişdir. Ancaq hansı nəticəyə gəlirsən gəl, yenə belə bir qənaət hasil olur ki, şair ən qüvvətli şeirlərində olduğu kimi ən zəif şeirlərində şair olaraq qalır.

O, şeirimizin həm hecasında, həm sərbəstində özünü sərbəst hiss edir. Qoşma, gəraylı, rübai, bayatı, hecanın müxtəlif şəkilləri ... bunların hər birinə onun şeirlərində nümunələr var. Ancaq o, forma əsiri deyil. Forma onun üçün fikri ifadə etməyə bir vasitədir.

F.Ziya qəzəl janrında da qələmini sınayıb. O, qəzələ sevgi-məhəbbət janrı kimi müraciət edir, yəni, onun fikrincə, qəzəldən məqsəd lirik qəhrəmanın-aşiqin öz məhəbbətini, şəxsi, subyektiv duyğularını izhar etməkdir. Bizim fikrimizcə, Fəxrəddinin qəzəlləri bir eşqin tərixini sətir-sətir vərəqləyir, bir tarixdir bu məhəbbət hissləri, duyğuları.

Fəxrəddin Ziyanın bu il 60 yaşı tamam olur. İyirmi ildir onu tanıyıram.

Fəxrəddingil ədəbiyyatda dörd qardaşdırlar.

Böyüyü-Allah rəhmət eləsin-Zülfüqar Qodmanlıydı. Gözəl şair, indi haqq dünyasındadı. Yatdığı, əbədi uyuduğu Masallıda Qodman torpağının bir məzarlıq yerini şeirə çevirdi.

İkincisi – Allah rəhmət eləsinyazıçı, publisist Ağəddin Mansurzadə idi. Sadəliyin, səmimiyyətin təcəssümüydü Ağəddin. O qədər səmimi idi ki, XX əsr başa çatsa da, bir düşməni belə yox idi. Hamının görüşdüyü, bağrına basdığı bir insan idi.

Üçüncüsü Nurəddindi-Allah canını sağ eləsin- qardaşlardan çox az tanıdığım, amma şeirlərində çox səmimi, təbii bir insan...

dördüncüsü Fəxrəddin.

Amma bir nəfər varAğəddinin oğlu Orxan Mansurzadə. Şairdir, gözəl şeirləri var.

Fəxrəddin Ziya ixtisasca həkimdir. Amma poeziyada, ədəbiyyat aləmində şairdir buna heç şübhə yoxdur ki, o, “gəlmədeyil, şairliyi seçməyib, şairlik özü onu seçib. Bu yolda ona uğurlar arzulayıram! Altmış yaşın mübarək, qardaş!

 

 

Vaqif YUSİFLİ

525-ci qəzet.- 2013.- 9 oktybar.- S.7.