Ağrı
(hekayə)
Hava buludlu idi. Görünür, yağış yağacaqdı. Belə havaları
çox sevirdi. Günəşli günlərdə hamı çöldə-bayırda
olurdu. Xoşu gəlmirdi adamlardan.
Adam arasında olmağı sevmirdi.
Sıxılırdı. 30 yaşı
vardı, bu 30 ilin bəlkə də 5-6 ilini çıxsaq, bütün
qalan vaxtını ömrü bax bu cür sıxıntı
içərisində keçmişdi.
Əslində elə bir dərd–səri yox idi. Ailəsi imkanlı olmasa
da, normal yaşayırdı.
Özü də musiqi
təhsili almışdı.
İndi də konservatoriyada dərs deyirdi. Bacıları (iki bacısı
vardı) ərdə idi. Bircə o ərə getməmişdi.
Səbəb də göz
önündə idi.
Enli, uzun burnu, yekə
ağzı, hindquşu
dərisini xatırladan
dımır-dımır dərisi
vardı. Gözləri qəşəng idi.
Amma yerdə qalan əzaları bu gözəlliyi tamamən korlayırdı. Bu azmış kimi əyri qıçları,
arıq, biçimsiz bədəni də yaralı yeri idi. Nə geyirdisə, yaraşmırdı.
Özünü həmişə naqolay, adamların arasında artıq hiss edirdi. Bir qonaqlığa, məclisə
gedib-gələndən sonra
mütləq iki-üç
gün ağlayırdı.
Bacıları dünya gözəli
idilər. Niyə bu
qədər çirkinlik
onun payına düşmüşdü? Anlaya bilmirdi bunu. Dəfələrlə plastik əməliyyat
etdirmək istəmişdi,
amma son anda daşınmışdı fikrindən.
Nəsə cəsarəti çatmamışdı.
Dayanacağa yaxınlaşdı. Həmişəki kimi taksi tutacaqdı. Evə taksi
ilə gedirdi. İctimai nəqliyyata minməyi sevmirdi. Qarşısında bir taksi dayandı. Taksidən təxminən onunla
eyni yaşda bir oğlan düşdü, qapını
açdı. Oturanda başa
düşdü ki, bu oğlanı hardasa görüb. Ünvanı dedi. Yadına düşdü ki, oğlan onların bir neçə konsertində olub. Marağı
artdı. Pəncərədən
çölə baxırdı
və birdən hiss elədi ki, oğlan gözünü çəkmədən ona
baxır. Yol düz, boş
idi. Oğlan sadəcə rulu
tutmuşdu, gözü
isə onda idi. Əvvəl əsəbiləşdi, istədi oğlana təpinsin. Görkəmi onu gürzə
ilanı kimi kinli və əsəbi
etmişdi. Zəhər yağırdı
dilindən. Birdən ağlına
gələn fikirdən
onu isti basdı. Bəlkə?... Yox ola bilməz. Gözaltı oğlanı süzdü.
Qəşəng idi, hündür
boyu, mütənasib azca kök bədəni
vardı. Saçları qara –qəhvəyi. Yəni belə gözəl oğlan onu sevərdi? Nə bilmək olar
Allahın işini?
Bəlkə də nəyisə
xoş gəlib oğlana. Fikrə getdi. Savadlıdır, qabiliyyətlidir, əxlaqlıdır,
ağıllıdır. Bunlar azdır? İndiki zamanədə ağıllı,
əxlaqlı qız tapmaq asandır? Tələbələrini düşündü. Əsəbiləşirdi onları görəndə.
Hamısı qızlar idi.
Adi qızlar. Əksəriyyətinin əri, nişanlısı,
sevgilisi vardı.
Axşamlar, dərsdən çıxanda
vurhavur başlayırdı
konservatoriyanın qabağında.
Onda özünü tez taksiyə atırdı.
Xüsusən də qabaq sırada əyləşən,
yumru, göyçək
qızı görəndə
əsəbləşirdi. Qızın balaca burnunun fonunda onun bədheybət
burnu daha da eybəcər görünürdü. Zərif dərisinə
baxanda özünün
dımır-dımır dərisi
yadına düşürdü.
Qızın adı Nərmin
idi.
Taksi sürücüsü
yenə baxırdı
ona. Daha yəqin elədi
ki, bu oğlan
ona vurulub. Gözlərini yumdu, başını
taksinin oturacağına
söykədi. Oğlana şərait
yaratdı ki, ona rahat baxa
bilsin. Arabir kipriklərini xəfifcə
qaldırıb baxırdı.
Oğlan
doğrudan da onu süzürdü.
Ürəyi atdandı. Təsəvvürləri sərhəddini aşdı.
Bu oğlan fikrində
artıq ona elçi də göndərdi. Keçən
ay bacısının 17 yaşlı
qızına elçi
gələndə ürəyi
elə pis sıxılmışdı ki...
Sonra da xəcalət çəkmişdi. Xala olub
sevinə bilmədiyi üçün özündən
zəhləsi getmişdi.
Ona heç zaman elçi gəlməmişdilər.
Bacılarına elçi gəldikcə
ümid eləmişdi
ki, bəlkə bir gün ona
da elçi gələr, amma ümidi hər dəfə boşa çıxırdı.
Oğlan gözünü çəkmirdi
ondan. Artıq evə çatmaqlarına
bircə tin qalırdı.
Narahat olmağa başladı.
Axı niyə dinmirdi oğlan? Ürəyində oğlana yalvarmağa,
qurban-sadağa getməyə
başladı. “Qurban olum sənə.
Axı nədən utanırsan?
Kim var ey
burda? Bir mənəm, bir
sən. Vallah sənə
elə yaxşı arvad olaram ki.
Səni ovcumun içində saxlayaram . Əlimdən hər iş gəlir ey mənim.
Qurban olum, di danış! Bezmişəm camaatın “Niyə
ərə getmirsən”
suallarına cavab verməkdən. Nolar, məni
xoşbəxt elə.
Mən də istəyirəm evim, uşağım olsun. Mən də istəyirəm
mənə elçi gəlsin. Badamın( Badam qonşuları
idi) o həyasız, gəzəyən qızına
da elçi gəldi ey. Anam da yazıq utanır.
Soruşan olanda “Ya qismət” deyir, amma gözucu burnuma, sir-sifətimə baxıb köks otürür. Hə əzizim, danış, aç ürəyini...”
Birdən oğlan geri çevrildi. O diksindi. Elə bildi ki, səhərdən
bəri ürəyində
dediklərini oğlan
eşidirmiş. Özünü itirdi, sifəti alışıb-yanırdı. Oğlan utana-utana sözə başladı:
– Dilarə müəllimə,
bağışlayın siz
Allah, heç bilmirəm
hardan başlayım. Deməyə də utanıram...
Ürəyi bərk-bərk döyündü,
qalxıb boğazında
vurmağa başladı.
– Eşidirəm, buyurun.
Səsi özünə elə gözəl, nazik, məhəbbətlə dolu
gəldi ki. Heç zaman
belə nəvazişli
görünməmişdi özünə.
Bahalı çantasının yekə bir kilidi
vardı. Bu kilid parlaq dəmirdən
idi. Tez kiliddə özünə
baxdı gözaltı.
Güzgüyə baxmağa utandı.
Yanaqları pörtmüşdü, gözləri parıldayırdı.
Elə bil burnu da
daha əvvəlki kimi deyildi.
– Buyurun, burda utanmalı nə var ki?
– Mənim adım Nizamidir. İqtisad Universitetini bitirmişəm.
Sadəcə boş vaxtlarımda
taksi sürürəm.
Daimi işim də var, evim də.
Özümün də heç
bir pis vərdişim
yoxdur. Dilarə xanım, müəllimə,
sizin tələbələrinizi
necə sevdiyinizi bilirəm. Siz onları bir
böyük bacı, bir ana kimi
himayə edirsiniz.
“Ana” sözü onu
açmadı. Axı tələbələrin bura nə dəxli
vardı? Gəl
də mətləbə!
– Bəli, elədir. Mən qızlarımı çox
istəyirəm. Amma başa
düşmədim siz
niyə bunları deyirsiniz?
Nazla saçını
üzündən geri
atdı. Oğlan qərarlanmış kimi qəti bir tərzdə geri çevrildi.
– Müəllimə, sizin Nərmin adlı tələbəniz var. Mən
o qızı sevirəm.
Xahiş
edirəm, bizim ailə ilə birgə Nərminə elçi gedəsiniz.
Oğlan sözünü bitirdi. Rahat nəfəs aldı. Gözünü yoldan çəkmədən cavab gözləməyə başladı. O, taksinin oturacağına yapışmışdı. Elə bil başından bir qazan qaynar su tökmüşdülər. Qəhərdən boğula-boğula kiprik çalırdı. Göz yaşları bəbəklərinə silələnmişdi. Amma ağlamağa utanırdı. Az qala ürəyi partlayacaqdı. Tez bir yerə gedib ağlamaq, ürəyini boşaltmaq istəyirdi.
– Saxla burda.
– Çatdınız?
– Saxla dedim! Nə qədər verəcəm?
– Lazım deyil, müəllimə, qonaq olun.
Əl çantasından beş manat çıxardı. Adətən onu bura qədər beş manata gətirirdilər. Beşliyi oturacağa atdı.
– Bir söz demədiniz axı.
– Aradüzəldən sənin anandır!
Özü də başa düşdü ki, aradüzəldənliyin elçiliklə bir əlaqəsi yoxdur. Amma söz tapmadı desin. Yandığından belə dedi. Taksinin qapısını hirslə çırpıb, evə tərəf yollandı. Özünü bloka güclə yetirdi. Tozlu, kirli pilləkənlərdə oturdu. Başını əlləri arasına aldı , hönkürdü. Elə bil nəyisə düşüb o taksidə qalmışdı, itmişdi, qırılmışdı. Əslində ümidləri idi o taksinin arxa oturacağında qalan. Başını bir az qaldırdı. Çantanın kilidində qarası üzünə yayılmış, dərdli gözlərini gördü. Bir də yekə burnunu. Acıqla kilidi qırdı, gücü gəldikcə uzağa tulladı. Qalxıb qıçları əsə-əsə evə yönəldi.
Vəfa MÜRSƏLQIZI
525-ci qəzet.-
2013.- 11 oktyabr.- S.7.