Əsl şair üçün elegiya əvəzi
Onda lap uşağıydım. Amma bilirdim
ki, kəndimizin qənşərindəki dağların
o üzündə Cimi
adında bir kənd var. Orda “Cimi istisuyu” deyilən bir yer var.
Kəndimizin qənşərindəki dağların, oradakı yaylaqların, biçənəklərin,
dərələrin, bulaqların
çoxunun adını
billirdim, lap orda olmasam da. Qaraişqın biçənəklərinin sol-yuxarı tərəfində,
Bərk dərənin
o tayında zirvəsi
lap şiş olan dağın döşünə
Fatmaqarı yaylağı
deyirdilər. Oralar bizim
kəndimizin əraziləri
deyildi. Yadıma
gəlir ki, yay axşamlarının toranı düşən vaxtlarda hər axşam orada tək bir ocaq
yanardı... İlıq
yay axşamının
darıxdırıcı alatoranında
adam bir
anda kənddən çıxıb həmən
ocağın yanında
olmaq istəyirdi... Bir dəfə bunları Ələkbər
müəllimə danışdım...
– Mən də Fatmaqarıda o ocağın
yanında oturub həmin toran vaxtı Sizin kəndin işıqlarına
baxardım – dedi və sifətinə təəssüf və sarımtıl işıqla
dolu qəribə bir yorğun təbəssüm qondu. Deyirdi ki, o yaylaq
mənim ən xoşbəxt olduğum yer idi, o illərin
bütün yayını
mən nənəmlə
orda qalırdım, indinin özündə də həmişə o yaylaq üçün darıxıram; ilk şeirim
çap olunanda da, hətta gəncliyimizdə o illərin
ən nüfuzlu şairi Rəsul Rza şeirimi (“Boy” şeiri) öz şeiri kimi oxuyub, tərifləyib, məni təbrik edəndə də o yaylaqdakı qədər bəxtəvər olmamışam.
Sonralar mən yayda kəndimizdə olanda çox vaxt axşamlar eyvanda durub Fatmaqarıya
baxırdım. Hərdən orada yenə
bir ocaq işarırdı. Bilsəm
də ki, elə dünən şəhərdə görüşüb
gəlmişəm, indi
kənddə mənə
elə gəlirdi ki, Ələkbər gəlib o ocağı qalayıb...
Bütün bunlar elə də təəccüblü
deyil... Təəccüb
doğuran orası dı ki, bir
tərəfi Quba – bir tərəfi Şamaxıya söykənən,
o zaman üçün
yolu-rizi çox çətin olan ucqar Qonaqkənd rayonundan şair çıxmışdı: özü
də necə şair! O dövrün
modern dünya poeziyası
ilə bir cərgədə dayanan poeziya nümunələri
yaradan şair! Mən bu sözləri çəkinmədən yazıram.
Orasını da təəssüflə bildirirəm
ki, R.Rzanın vəfatından sonra həmişə diri olan bədxahlar birbaşa Ə.Salahzadəni
hədəf seçdilər,
lap Əli Kərim kimi. Əli Kərim demişkən,
mənim yadıma gələn, Ələkbər
Salahzadə Əli Kərimdən sonra ikinci şairdir ki, onun ölümü
ədəbi mühitdə
bir təkan effekti yaratdı. Ədəbi mühit birdən-birə fərqinə vardı ki, nə boyda
Şair itirilib. Onun haqqında bütün ədəbi nəsillərin
nümayəndələri yazdılar.
Ən əsası odur ki, bu yazıların
hamısı konyukturadan
uzaq, təmənnasız
(günümüzün əsas
bəlaları-T.N), əsl
poeziyanı dəyərləndirə
bilən insanların fikirləriydi. Çox sərrast
yazmışdılar ki,
Ələkbər Salahzadə
həm də ədəbi meyar idi, indi o meyar
yoxdur. Düşünürəm
ki, çağdaş
Azərbaycan üçün
Abşeron nədirsə,
çağdaş Azərbaycan
poeziyası üçün
də Ələkbər
Salahzadə o idi...
Ələkbər Salahzadə də o xoşbəxt, o qüdrətli
yaradıcılardandır ki,
zaman keçdikcə daha da çağdaşlaşır. Bir vaxtlar Fatmaqarıda çatdığı ocağı
o poeziyamızda qaladı
və heç şübhəsiz, o ocağın
işığı hər
zaman görünəcək,
hər zaman insanları özünə
çəkəcək...
DOĞULMA
Böyük şair
Ələkbər Salahzadənin əziz xatirəsinə
O ürəkdən getdi,
ürəkdən ürəkdən getdi,
torpağın yarığına sular tələsən kimi
ürəkdən getdi torpağın altına;
ağrıya fürsət vermədən,
ağrıya əziyyət vermədən...
Belə də..,
əziyyətsiz-filansız getdi,
vəsiyyətsiz-filansız getdi..,
bəlkə bir az tələsik,
vaxtsız-plansız getdi...
Özü uzaqlardaydı –
özünü gözləmədi,
alnındakı yazını gözləmədi,
torpağın üstünə üsyan kimi getdi,
torpağın altına
vulkan kimi getdi.
əcələ macal vermədi,
əcəldən qabaq getdi...
Eləcə
ürəkdən ürəkdən
getdi o gecə.
Bu qəfil gedişin xəbəri
zəlzələ kimi titrədi...
Bu bəstəboy adamın
yerində qalan boşluğun böyüklüyü,
bu böyük boşluğun qurğuşun
böyüklüyü
heyrət doğuldu...
Və doğuldu!
Bütün dahilər kimi
O da Doğuldu.
Tofiq NURƏLİ
525-ci qəzet.-
2013.- 11 oktyabr.- S.7.