İdris Abbasov: “Din təhlükə deyil...
...ƏKSİNƏ, DİNSİZ
VƏ YA DİNDƏN SUİ-İSTİFADƏ EDƏN
CƏMİYYƏTLƏR POTENSİAL TƏHLÜKƏ
ALTINDADIR”
Müsahibimiz – filologiya üzrə
fəlsəfə doktoru,
dosent İdris Abbasov “Ərəb dilinin funksional sintaksisi”, “Dini- elmi-əxlaqi söhbətlər”,
“Ərəb dilində
sintaktik kateqoriyalar və bəlağət”,
“Din təhlükədir, yoxsa
cəmiyyət təhlükədədir?”
kitablarının, “Ərəb
dili tədrisinin aktual problemləri” metodik vəsaitin, 70-dən
artıq elmi, dini-elmi və onlarla tərcümə əsərinin müəllifidir.
İ. Abbasov müxtəlif
illərdə tərcüməçi-redaktor,
Səudiyyə Ərəbistanı
Krallığının Bakıdakı
səfirliyində tərcüməçi-katib,
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
Naxçıvan Nümayəndəliyində
əvvəlcə şöbə
müdiri, sonra İdarənin rəisi və başqa vəzifələrdə çalışıb,
pedaqoji fəaliyyətlə
məşğul olub.
Alimlə söhbətimizin
mövzusunu dinlərin
təsnifatı, qədim,
milli və səmavi dinlər barəsində mülahizələr,
din və vicdan azadlığı məsələləri,
din və dövlət
münasibətlərinin təhlili
təşkil edir.
– İdris müəllim,
öncə ümumən
din anlayışına baxışınızı
öyrənmək istərdik.
– Din insanları müqəddəs
duyğu, ortaq şüur və vicdan ətrafında birləşdirən bir faktor olduğu kimi cəmiyyəti yüksəldən, onun inkişafını təmin
edən bir qurumdur. Din eyni zamanda əxlaqi bir müəssisə olaraq insanlara istiqamət verən, ən mükəmməl qanun və nizamnamələrdən
daha qüvvətli bir şəkildə insanın daxili aləminə nüfuz edən bir intizamdır.
Dinin zəifləməsi
cəmiyyətdə əxlaqi
dəyərlərin zəifləməsinə
və cinayətlərin
artmasına, özbaşınalıq
və anarxiyaya səbəb ola
bilər.
Dini həyat
ilk baxışda bir hüquqsuzluq kimi görünsə də, səmimiyyətlə qəbul
etdikdən sonra onun insanı ucaltdığı, əbədiləşdirdiyi
və ruh dünyasındakı bütün
hüquqsuzluqları kənar
etdiyi görülür.
Ümumiyyətlə, insan düşdüyü
dairəni və alışdığı həyat
tərzini dəyişdirməyə
qarşı müqavimət
göstərir və bunu öz azadlığının
boğulması kimi qiymətləndirir. Halbuki bu davranış
onun fizioloji və psixoloji inkişafına əngəl
törədir. Dinin yenidən
etibar qazanmasında bu gün dinin
elmi bir araşdırma sahəsi olaraq nəzərdən keçirilməsi və
din elmlərinin sürətlə
inkişaf etməsi, elmi məlumat və təfəkkürün
artması, ziyalıların
mövzuya maraq göstərməsi və
keçmişdə olduğu
kimi ictimai, siyasi və beynəlxalq hadisələrdə
dinin müəyyənedici
rolu başlıca amil kimi göstərilə
bilər. Din fərd
və cəmiyyətin
taleyini əlində cəmləşdirmiş güc,
yaxud güclərə
qarşı sosial bir davranışdır.
Məsələn, İslam dini sosial gerçəkliyə
böyük önəm
verir. Qurani-Kərim israrla ədalətin
zəruriliyindən bəhs
edir. Verilən bütün sərbəstliklərə
baxmayaraq, insan öz hərəkətlərini
özü tənzimləməli,
həddi aşmamalı,
dini həssasiyyəti
itirməməlidir. Dini həssasiyyətin
əsasını insana
“şah damarından da yaxın”, hər şeydən xəbərdar olan Allah inancı təşkil edir. Əxlaqi həssasiyyət isə doğruluq və dürüstlük,
soyuqqanlılıq, dözümlülük,
təvazökarlıq, qənaətkarlıq,
fədakarlıq, əfv,
səbir, vəfa kimi sosial nəticələri
olan fəzilətlərlə
ortaya çıxır.
Məsələn, pislik edənlərə
ədalət ölçüsü
içərisində cavab
vermək fərd üçün bir haqdır, bağışlamaq
yolunu seçmək isə bir ehsan
və dolayısı ilə fəzilətdir.
Quran pislikləri yaxşılıq və gözəlliklə qarşılamanın
düşmənçiliyi dostluğa çevirəcəyini
bildirir. Nəticə
olaraq, İslam dini insanı qatı və anlamsız ənənələrin
məngənəsindən və
qəbilənin özbaşına
dəyərsiz bir parçası olmaqdan qurtarıb onu inanc, düşüncə
və əməllərinin
xarakterinə görə
dəyərli və dəyərsiz edən həqiqi bir şəxsiyyət edib. Buna görə də
inanclı bir insana yüksək dəyər verilib. Əxlaq baxımından bu qəbul insanın müstəqil bir dəyər olduğu prinsipinin elanından başqa bir şey deyil. Təsəvvüfdə ən yüksək
məqsəd olan mərifətullaha çatmaq
üçün qəlbin
arındırılması və
əxlaqın gözəlləşdirilməsinə
ağırlıq verilib.
Fəlsəfədə isə insanın
əxlaqi təbiəti
və nəfsin əxlaqla bağlı gücləri ilə bunlardan doğan fəzilətlər və
fəzilətsizliklərin tərifi,
nəfsin tərbiyəsi,
ən yüksək məqsəd olaraq səadət və ona çatma yolları, bunun üçün əlverişli
olan və olmayan cəmiyyət və siyasət növləri kimi mövzular xüsusi əhəmiyyət kəsb
edib. Maddi ehtiyaclar qanuni
çərçivədə ödənməlidir və
insan mütləq iqtisadi bir varlıq
(homo economicus) deyildir.
Həyat
dünya həyatından
ibarət olmadığı
kimi, maddi doyum və inkişaf
da dünya həyatının əsl
məqsədi olmamalıdır.
İnsan dünyaya Allahın əta etdiyi səriştə ilə yaxşılıq və gözəlliyi hakim etmək
üçün göndərilib
və Allaha ibadət üçün
yaradılıb. İlahi iradəyə uyğun
şəkildə insanın
hər bir davranışı ibadət
dəyərindədir. Çalışmaq, qazanmaq, cəmiyyət
üçün yararlı
bir insan olmaq, dünya nemətlərindən yararlanmaq
təşviq edilib, kor-koranə qədərçilik,
dünyadan əl çəkmək, başqalarına
yük olmaq, dilənçilik və miskinlik qınanıb.
– Amma bəzən dindarlıqda da ifrata varılır...
– Yadda saxlamaq lazımdır ki, dindar olmaq tərki-dünya olmaq demək deyil. Cəmiyyətin rifah və rahatlığı üçün liberal baxış tərəfdarı olarkən dinamikliyi və funksionallığı itirməmək lazımdır. Azad düşüncəyə sahib olmaqla konkret bir günaha batmamaq üçün vicdanlı yanaşma ortaya qoyulmalıdır. Laqeyd, məsuliyyətsiz həyat tərzi qəbuledilməzdir. Nəcib insan olub qərarsız olmaq olmaz, qərarlı olub mövhumatçı olmaq qəbuledilməzdir. Sərbəst düşüncəli insan olmaq xoş qarşılanır, fəqət sərbəst düşüncəli olub qeyri-ciddi olmaq xoş deyildir. Xeyirxah adamın lovğa olması əxlaqla uzlaşmır. Bəşəri qərarsızlıq daimi stabilliyə zəmanət vermir. Bir kəsin azadlığı başqalarına ziyan verməməlidir və bir şəxsin varlanması başqalarının həyat şansına qənim kəsilməməlidir. Beləliklə, bütün bəşəriyyət ləyaqətli və nizamlı cəmiyyətdə yaşamaq arzusundadır.
Bir sıra müasir müəlliflər hələ də ateizmi canlı tutaraq dini inancları ittiham edir, dini bütün şər işlərin mənbəyi, nağıl, əfsanə, təmas etdiyi hər şeyi zəhərləyən, istər fundamentalist, istərsə də liberalist səviyyələrdə cəmiyyət üçün təhlükəli hesab edirlər. Bu qəlibdən olan alimlər marksizmə və Darvinin insanın meymundan əmələ gəlməsi ilə bağlı təkamül nəzəriyyəsinə səcdə edərək dinə mif, magiya və ya primitiv təfəkkürün qalıqları kimi baxmaqdadırlar. Amma bütün bunları deyərkən onlar elmi faktlara istinad etmədiklərindən gətirdikləri arqumentlər özünü doğrultmur.
– İfrata varmaq deyəndə həm də dini radikalizm meyillərini nəzərdə tuturam...
– Ekstremistlər öz fanatizmlərinə haqq qazandırmaq üçün həqiqətin açarı olan kompleks yanaşmadan boyun qaçıraraq müqəddəs kitablardan əxz etdikləri ayələrə kontekstdən kənar yanaşırlar. Halbuki tolerantlıq, sülh, sevgi, qarşılıqlı hörmət və ehtiram, təvazökarlıq, mərhəmət və anlaşmaya dəvət edən ilahi dinlərin və səmavi kitabların mahiyyətinə göz yumurlar. Qəribə olsa da, günümüzün müasir ateistləri dini gözdən salmaqla faktiki olaraq fanatiklərə yardım edirlər. Bəzən müharibələrdə dinin rolunu şişirdirlər. Halbuki dini müharibələr bəşər konfliktlərinin çox kiçik azlığını təşkil edir. Müharibə və zorakılıq insan vəziyyətinin bir hissəsi kimi görünür. Dini bunun başlıca səbəbi kimi görmək sadəcə real problemi nəzərdən qaçırmaq və hər hansı bir həll yolunu tapmaq ümidini itirmək demək olardı.
– İdris müəllim, bu yaxınlarda çap edilmiş “Din təhlükədir, yoxsa cəmiyyət təhlükədədir?” kitabınızın adındakı ilk sualı, müəllif olaraq, cavablandırmağınızı istərdik: Din zərərlidirmi, təhlükədirmi?
– Dinin zərərli olub-olmamasına gəlincə, unutmamaq lazımdır ki, təkcə dini inanclardan deyil, ümumiyyətlə, bütün inanclardan potensial şəkildə sui-istifadə edilə bilər, yəni az qala bütün bəşəri inanclar və institutlar nifrət və ədalətsizliklər naminə pis məqsədlər üçün səfərbər edilə bilər. Zərərli dini inancların və zərərli qeyri-dini inancların olduğu məlumdur. İnancları zərərli edən din yox, nifrət, cahillik, tamahkarlıq, güc və səlahiyyət arzusu, başqalarına qarşı etinasızlıqdır. Din dözümsüzlüyü təbliğ etmir, əksinə, dözümsüzlük özünün real səbəblərini ört-basdır etmək və ona saxta “əxlaqi” don geyindirmək üçün dindən istifadə edir. Beləliklə, insan fitrətinin ayrılmaz hissəsi olan, birbaşa qəlblərə xitab edən və yüksək bəşəri idealların carçısı olan din mənəvi saflıq, ucalıq, kamillik rəmzi kimi cəmiyyətin mövcud olma şərtidir. Deməli, din təhlükə deyildir, əksinə, dinsiz və ya dindən sui-istifadə edən cəmiyyətlər potensial təhlükə altındadır.
(Ardı var)
S.MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 11 oktybar.- S.6.