Alimlərimiz dünyanın elm arenasında

 

 

Son illərdə dünya miqyasında tanınan azərbaycanlı alimlərin sayı xeyli çoxalıb. Onlar tez-tez xarici ölkələrdə keçirilən elmi konfranslarda apardıqları fundamental tədqiqatlar barədə vaxtaşırı məruzələr edirlər.

Kibernetika İnstitutunun əməkdaşlarından  AMEA-nın müxbir üzvü Ağasi Məlikov və iqtisad elmləri doktoru, professor Qorxmaz İmanov dünyanın aparıcı elmi mərkəzləri ilə sıx əlaqə saxlayırlar.  A.Məlikov ABŞ-da nəşr olunan mötəbər jurnallardan birinin – “American Journal of Operational Research” baş redaktoru, Q.İmanov isə İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyasının fəxri xarici üzvü seçilmişdir.

Akademik Telman Əliyev aşağıdakı məqaləsində hər iki alimin elmi fəaliyyəti ilə bağlı geniş məlumat verir.

Keçən əsrin sonlarından başlayaraq telekommunikasiya, kompyuter və informasiya texnologiyalarının konvergensiyası böyük sürətlə davam edir və bunun nəticəsi olaraq sənayenin göstərilən sahələrinin bir-birinə qarşılıqlı nüfuz etməsi və onların birləşməsi prosesi baş verir. Teletrafik nəzəriyyəsi yeni layihələndirilən və eləcə   istismar edilən telekommunikasiya sistemləri problemlərinin həlli üsullarının yaradılması ilə məşğul olan bir elm sahəsi kimi son dövrlərdə təşəkkül tapmışdır. Hazırda “teletrafik” dedikdə təkcə klassik telefon və teleqraf sorğuları deyil, həm də yeni informasiya-hesablama və telekommunikasiya şəbəkələrindəki sorğular da nəzərdə tutulur. Göstərilən sahələrdə yaranan problemlərin həllində teletrafik nəzəriyyəsində riyazi üsullardan geniş istifadə edilir. Teletrafik nəzəriyyəsinin bu sahəsi riyazi teletrafik nəzəriyyəsi adlanır.

İnstitutumuzda fəaliyyət göstərən Teletrafik nəzəriyyəsi laboratoriyasının rəhbəri, AMEA-nın müxbir üzvü Ağasi Məlikovun tədqiqatları riyazi teletrafik nəzəriyyəsinə həsr olunub. Alim bu nəzəriyyəni təklif etdiyi yeni üsulla zənginləşdirib.

A.Məlikov teletrafik nəzəriyyəsi sahəsində dünyada tanınmış alimdir. O, ilk dəfə olaraq bu nəzəriyyəyə idarə olunan prioritetlər anlayışını daxil etmiş və onların yüksək səmərəliliyini göstərmişdir. A.Məlikov böyük ölçülü teletrafik modellərin analizi və optimallaşdırılması sahəsində bir sıra üsulların müəllifidir. Onun yaratdığı bu üsul dünya ədəbiyyatında “Məlikov üsulu” adlanır.

“Məlikov üsulu”nun mahiyyəti nədən ibarətdir? Qeyd etmək lazımdır ki, müasir hücrəli kommunikasiya şəbəkələrində müxtəlif tipli sorğular (danışıq sorğuları, kompyuter verilənləri, video informasiya və s.) eyni şəbəkə resurslarından istifadə edilərək emal olunur. Şəbəkə resursları, bir qayda olaraq, həmişə məhdud həcmdə olur və istifadəçilərin sayının durmadan artması onlar arasında konflikt situasiyalarının yaranmasına gətirib çıxarır. Digər tərəfdən müxtəlif tipli sorğuların emal prosesinin keyfiyyət göstəricilərinə qoyduğu tələblər bir-birindən kəskin şəkildə fərqlənir. Bu səbəblərdən qeyd olunan şəbəkələrdə müxtəlif tipli sorğuların emalı prosesinin keyfiyyət göstəricilərinin hesablanması və onların yaxşılaşdırılması böyük elmi və praktik əhəmiyyət kəsb edir. Riyazi teletrafik nəzəriyyəsində bu tip problemlərin həlli üçün müəyyən yanaşma və üsullar məlumdur. Lakin bu yanaşma və üsullar həm elmi, həm   tətbiq olunmaq nöqteyi-nəzərindən müəyyən şərtlərin olmasını tələb edir. Belə ki, məlum üsullar müxtəlif tipli sorğuların bəzi yüklənmə parametrlərinin eyni olduğu halda, yalnız kiçik ölçüləri olan şəbəkələrdə tətbiq oluna bilir. Lakin real şəbəkələrdə göstərilən şərtlər ödənilmir. A.Məlikovun yaratdığı üsul qeyd olunan məhdudiyyət şərtlərini aradan qaldırır və baxılan məsələni əsaslı olaraq həll etməyə imkan verir.     

Hamıya məlumdur ki, alimin uğurları onun elmi nəticələrinə istinadla müəyyənləşir. Sevindirici haldır ki, yüksək reytinqli jurnallarda A.Məlikovun bu üsuluna istinadlar çoxdur.

Üsula bu adı dünyanın tanınmış alimləri R.Toledo-Marin, G.Hernandez-Valdez, F.A.Cruz-Perez 2011-ci ildə çap etdirdikləri icmal məqaləsində vermişlər. Ümumiyyətlə, onun aldığı nəticələr dünyanın aparıcı alimləri L.Kleynrok, K.Ross, İ.Kovalenko, Q.P.Başarin və digərləri tərəfindən yüksək qiymətləndirilmişdir. Kaliforniya Universitetinin (ABŞ) professoru L.Kleynrok müasir İnternetin sələfi olan ARPANET-in yaradıcılarından biridir və o,  A.Məlikova yazdığı şəxsi məktubunda bu üsula yüksək qiymət verdiyini qısa olaraq belə ifadə etmişdir: “Bu yaxşı ideyadır”. Pensilvaniya Universitetinin (ABŞ) professoru K.Ross isə yazdığı məktubda qeyd etmişdir ki, A.Məlikovun aldığı nəticələr onun nəticələrini xeyli dərəcədə ümumiləşdirmişdir. Ukrayna MEA-nın akademiki İ.Kovalenko dünyanın məşhur jurnallarından olan “Cybernetics and System Analysis” jurnalında A.Məlikovun son illərdə rus dilində çap olunan iki monoqrafiyasına yüksək rəy vermişdir. Digər tanınmış alim, Rusiya Xalqlar Dostluğu Universitetinin professoru Q.P.Başarin 2010-cu ildə  “Automation and Remote Control” jurnalında yazdığı icmal məqaləsində son illərdə riyazi teletrafik sahəsində alınan ən mühüm nəticələr içərisində A.Məlikovun işlərini xüsusi olaraq qeyd etmişdir. Onun nəticələri 2002-ci ildən başlayaraq dəfələrlə AMEA-nın mühüm nəticələri siyahısına daxil edilmişdir.

A.Məlikov 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir. 1977-1980-ci illərdə Siyəzən rayonunun Kiçik Həmyə kənd 8 illik məktəbində pedaqoji fəaliyyətlə məşğul olmuşdur.

A.Məlikov 1980-1989-cu illərdə Neftkimyaavtomat ETLİ-də əvvəlcə mühəndis, sonra aspirant olmuş, kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində, Azərbaycan Sənaye İnstitutunda (indiki Sumqayıt Dövlət Universitetində) professor və kafedra müdiri, 1998-2000-ci illərdə Şimali Kipr Türk Cümhuriyyətindəki universitetlərdə kafedra müdiri, dekan və dəvət olunmuş professor vəzifələrində işləmişdir. 2002-ci ildən AMEA-nın Kibernetika İnstitutunda Teletrafik nəzəriyyəsi laboratoriyasının rəhbəri işləyən A.Məlikov eyni zamanda Milli Aviasiya Akademiyasında Aerokosmik informasiya texnologiyaları və idarəetmə sistemləri kafedrasının müdiridir.

A.Məlikov Ukrayna MEA-nın akademiki, məşhur riyaziyyatçı və kibernetik V.S.Korolyukun tələbəsidir. O, 1984-cü ildə Kiyev Avtomatika İnstitutunda texnika elmləri namizədi, 1992-ci ildə Kiyev Politexnik İnstitutunda texnika  elmləri doktoru alimlik dərəcələrini almışdır.

A.Məlikovun rəhbərliyi altında 10 doktorant namizədlik dissertasiyası müdafiə etmişdir. Hazırda onun rəhbərliyi altında bir neçə doktorant və dissertantlar namizədlik və doktoluq dissertasiyaları üzərində çalışır.

A.Məlikov uzun illər müxtəlif dissertasiya şuralarının üzvü olmuşdur.  2010-cu ildən isə o, Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının İnformatika və Energetika ixtisasları üzrə ekspert şurasının sədridir.

A.Məlikov xaricdə və respublikada nəşr olunan 200-dən çox elmi əsərin müəllifidir. Əsərlərindən 170-i xaricdə çap edilmişdir. 70-dən artıq məqaləsi mötəbər jurnallarda, o cümlədən “Automation and Remote Control”, “Computer Communications”, “Cybernetics”, “Journal of Automation and Information Sciences”, “Automatic Control and Computer Science”, “Electronic Modeling” və s. jurnallarında nəşr olunmuşdur.

A.Məlikovun xaricdə nəşr olunan 4 monoqrafiyasından 3-ü Ukraynada (Texnika, Politexnika və Ukrayna Aviasiya Universitetinin nəşriyyatlarında) və 1 monoqrafiyası isə dünyada ən yüksək reytinqə malik olan “Springer” nəşriyyatında 2010-cu ildə çap olunmuşdur. O, həmçinin “İntech” nəşriyyatının 2011-ci ildə çap etdiyi bir məqalələr toplusunun elmi redaktorudur.

A.Məlikovun tədqiqatları böyük elmi və praktiki əhəmiyyətə malikdir. Onun aldığı nəticələr Tayvan, Koreya və digər ölkələrdə geniş tətbiq olunur və bunlar haqqında uyğun ədəbiyyatlarda vaxtaşırı informasiyalar verilir. Həmçinin onun rus dilində çap olunan kitabları Rusiya, Ukrayna və Belarusun universitetlərində dərslik kimi istifadə olunur.

A.Məlikov 40-dan çox Beynəlxalq konfransda elmi məruzələrlə çıxış etmişdir. O, bir qayda olaraq son dövrlərdə teletrafik nəzəriyyəsi sahəsində dünyada təşkil olunan yüksək reytinqli konfransların proqram komitəsinin üzvü seçilir. Hazırda A.Məlikov dünyada məşhur olan bir çox jurnalların redaksiya heyətinin üzvüdür. Bu jurnallar içərisində “Applied and Computational Mathematics”    ABŞ-da nəşr olunan “Applied Mathematics”, “Recent Patent on Electrical Engineering” və “American Journal of Operational Research” jurnallarını xüsusilə qeyd etmək lazımdır. Bu yaxınlarda A.Məlikov sonuncu jurnalın baş redaktoru seçilmişdir.

A.Məlikovun Ukrayna Kibernetika Mərkəzi, Rusiya EA-nın İdarəetmə Problemləri İnstitutu, Belarus Dövlət Universiteti, Koreya Universiteti və digər tanınmış elmi mərkəzlərlə olan əlaqələri indi də davam etməkdədir.

 

      lll

 

Azərbaycanın görkəmli alimi Qorxmaz İmanov 2012-ci ilin dekabrın 11-də İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyasının ümumi iclasında gizli səsvermə yolu ilə fəxri xarici üzvü seçilmişdir. Bu ilin aprelin 25-də İspaniya Kral Akademiyasının növbəti ümumi iclasında xarici üzv diplomunun təqdimat mərasimində professor Qorxmaz İmanov “Sosial-iqtisadi sistemlərin keyfiyyətinin müəyyən edilməsində fuzzy yanaşma” mövzusunda məruzə ilə çıxış etmişdir.

Qeyd edək ki, İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyası böyük tarixə malikdir. Bu Akademiya 1787-ci ildə İspaniya kralı VI Fernando tərəfindən təsis edilmişdir və İspaniyanın Kataloniya vilayətinin burjuaziyasının təsərrüfat fəaliyyətinin mötəbər orqanı kimi fəaliyyət göstərməyə başlamışdır. Hal-hazırda İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyası dünya səviyyəli alimlərlə sıx əməkdaşlıq edir. Məsələn, Akademiyanın xarici üzvləri sırasında iqtisadiyyat üzrə Nobel mükafatı laureatları F.Kidland, D.Kaneman, J.Stiqlits kimi alimlərin adlarını çəkmək olar.

İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyasının fəxri xarici üzvü adına layiq görülməsini Q.İmanovun 50 ilə yaxın apardığı tədqiqatların nəticəsi kimi səciyyələndirmək olar. , 1965-ci ildən etibarən sosial-iqtisadi sistemlərin modelləşdirilməsi sahəsində çox əhəmiyyətli elmi nəticələr əldə etmişdir:

* Nəqliyyat sistemində stoxastik proseslərin modelləşdirilməsi;

* İqtisadi komplekslərin fəaliyyətinin qiymətləndirilməsi modelləri;

* Müttəfiq respublikaların xalq təsərrüfatının proqnozlaşdırılması və planlaşdırılması modelləri;

* İqtisadi sistemlərin struktur-funksional modelləri.

Bu tədqiqatlar nəticəsində respublikada Makroiqtisadi sistemlərin modelləşdirilməsi elmi istiqamətinin məktəbi yaradılmışdır.

2001-ci ildən başlayaraq Q. İmanov qeyri-səlis çoxluqlar nəzəriyyəsinin və qeyri-səlis məntiqin sosial-iqtisadi sistemlərin qiymətləndirilməsində və fəaliyyətlərinin təhlilində istifadəsi sahəsində  elmi fəaliyyətini davam etdirir. O, professor Lütfi Zadənin qeyri-səlis nəzəriyyəsini humanistik sistemlərin, o cümlədən, sosial-iqtisadi sistemlərin fəaliyyətinin təhlilində və çoxsaylı ölçülməyən, ya da keyfiyyət xarakteri daşıyan göstəriciləri hesablama prosesinə tətbiq etməklə sosial-iqtisadi sistemlərin modelləşdirilməsində daha adekvat üsulları təklif edib. Qeyri-müəyyənlik fenomeni və sosial-iqtisadi sistemlərin təsviri zamanı çoxsaylı qeyri-müəyyənlik faktorların aradan qaldırılması problemi də onun tədqiqatlarına daxildir.

2007-ci ildə L. Zadənin təşəbbüsü ilə Q.İmanov İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyasının prezidenti, professor G.M. Aluxa ilə birgə əməkdaşlığa başlamışdır. Onun İspaniya Kral Akademiyası ilə əməkdaşlığı sayəsində sosial-iqtisadi sistemlərin fəaliyyətinin qiymətləndirilməsi üçün bir sıra qeyri-səlis modellər işlənilmişdir. Məsələn, “Həyat keyfiyyəti” indeksinin hesablanmasında fuzzy yanaşma (“Fuzzy İqtisadiyyat” jurnalı, Barselona, İspaniya, 2007-ci il); Regionların sosial-iqtisadi səviyyəsinin müəyyən edilməsinin qeyri-səlis modeli (“Müasir Rusiyanın iqtisadiyyat elmi jurnalı”, Moskva, RF, 2009-cu il);

* Ətraf mühitinin dayanıqlıq indeksinin Fuzzy modeli (İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyasının jurnalı, Barselona, İspaniya, 2007-ci il); Şirkətlərin maliyyə dayanıqlığının müəyyən edilməsində qeyri-səlis üsullar (Afina, Yunanıstan, 2009-cu il); İqtisadiyyatın aktivləşdirilməsinin yeni bazarları  Azərbaycan. (Nobel mükafatı laureatı, professor F. Kindlendlə birlikdə, İspaniyanın Kral İqtisadiyyat və Maliyyə Akademiyası, Barselona, İspaniya, 2007-ci il), monoqrafiya; İqtisadi qeyri-müəyyənlik problemləri və Fuzzy modellər (Bakı, Elm, 2011-ci il), Sosial sistemlərin keyfiyyətinin qiymətləndirilməsinin qeyri-səlis modelləri (Lambert Academic Publishingç Almaniyaç 2013).

Sadalanan tədqiqatlar nəticəsində respublikada Fuzzy iqtisadiyyat kimi elmi istiqamətin əsası qoyulmuş və Q.İmanov hazırda eyni adlı laboratoriyaya rəhbərlik edir.

Qorxmaz Cahangir oğlu İmanov 1941-ci il aprel ayının 17-də Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildə Bakıda orta məktəbi bitirəndən sonra Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsində təhsil almışdır. Təhsilini 1964-cü ildə başa vurduqdan sonra elə həmin ili Azərbaycan SSR Elmlər Akademiyasının Kibernetika İnstitutunda İqtisadi-riyazi üsullar ixtisası üzrə aspiranturaya daxil olmuş və SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutuna ezam edilmiş, 1968-ci ildə orada namizədlik dissertasiyasını müdafiə etdikdən sonra iqtisad elmləri namizədi  alimlik dərəcəsini almışdır.

 

1968-ci ildə Q.İmanov Milli Elmlər Akademiyasının Kibernetika İnstitutunda kiçik elmi işçi və eyni zamanda Azərbaycan Dövlət İqtisad Universitetində İqtisad Kibernetika kafedrasının baş müəllimi və dosenti vəzifələrində işləmişdir. Həmin ildən etibarən onun bütün həyatı və elmi fəaliyyəti respublikada iqtisadi-riyazi üsulların inkişafı və tətbiqilə bağlıdır.

1972-ci – 1974-cü illərdə Q.İmanov Kibernetika İnstitutunun direktoru, akademik Əşrəf Hüseynovun tövsiyəsi ilə SSRİ Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutunun doktoranturasını bitirmiş və 1975-ci ildə həmin institutda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Q.İmanov 1974-cü ildə Kibernetika İnstitutunda Makroiqtisadi sistemlərin optimallaşdırılması laboratoriyasını yaradaraq ona rəhbərlik etmiş, iqtisadiyyatın riyazi üsul və modellərlə tədqiq olunması sahəsində dünya şöhrətli bir məktəb yaratmışdır. Hazırda bu məktəbin yetirmələrindən 28 nəfəri elmlər namizədi, 3-ü isə elmlər doktorudur.

1987-1993-cü illərdə Q.İmanov Azərbaycan Respublikası Dövlət Plan Komitəsinin, sonralar isə İqtisadiyyat Nazirliyinin nəzdində fəaliyyət göstərən Elmi-Tədqiqat İqtisadiyyat İnstitutunun direktoru vəzifəsində çalışmışdır.

Professor Qorxmaz İmanovun “İnteqrallaşdırılmış balans modelləri və müttəfiq respublikaların struktur-funksional modeli” adlı elmi işi 1976 və 1982-ci illərdə keçmiş SSRİ Elmlər Akademiyasının vacib nəticələr siyahısına daxil edilmişdir. İqtisadi-riyazi modellər və hesablama texnikası vasitələrinin yaradılması, onların xalq təsərrüfatında planlaşdırma və idarəetmə məsələlərinin həllində geniş tətbiqi işlərinə görə Qorxmaz İmanov 1984-cü ildə bir qrup alimlərlə birgə Azərbaycan Dövlət Mükafatına layiq görülmüşdür.

Qorxmaz İmanov 10 monoqrafiyanın, 180-a yaxın elmi məqalənin müəllifidir. Hal-hazırda o Rusiya Elmlər Akademiyasının Mərkəzi İqtisadi-Riyaziyyat İnstitutu nəzdində yaradılmış N.P. Fedorenko adına “İqtisadiyyat Elminin İnkişafı” fondunun təsisçilərindəndir və hazırda fondun vitse-prezidentidir.

Professor Q.İmanov Azərbaycanın müstəqilliyini, dövlət və dövlətçiliyini hər şeydən uca tutan elm fədaisidir. O,  əsl ziyalı, eyni zamanda  ədalətli və müdrik bir insandır. Qorxmaz İmanov Azərbaycanda iqtisadi-riyazi üsullar elminin yaradıcılarındən biri, tələbkar elm təşkilatçısı, zəngin mənəviyyatlı, geniş dünyagörüşü ilə ad-san qazanan şəxsiyyətlərdəndir

 

Telman ƏLİYEV

akademik

525-ci qəzet.- 2013.- 11 oktybar.- S.5.