“Şah Qacar”

 

 

Yeni teatr mövsümündə Akademik Milli Dram Teatrının Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə hazırladığı tamaşa belə adlanır. Müasir dünyada informasiya texnologiyalarının şüurlara hakim kəsildiyi bir dövrdə tamaşanın bu qədər seyirci cəlb etməsi xoş olduğu qədər də bizi heyrətləndirdi. Doğurdanmı bu gün vətənimiz Azərbaycanda elitar teatralların sayı çoxalıb, yoxsa, teatra bu axının, anşlaqın başqa bir səbəbi var?!

Teatr üçbucağı deyilən bir məhfum var. Tamaşaçı teatra ya dramaturji materiala (dramaturqa simpatiya), ya quruluşçu rejissorun təxəyyül məhsulunun zənginliyinə (rejissora etimad), ya da baş rol ifaçısı olub, olmasa belə, hansısa aktyorun məharətinə (sənətinə heyranlığa) görə gəlirlər.

Bu iki hissəli faciənin sonunda bu tamaşada hər üç faktorun başlıca rol oynadığı qənaətinə gəldik.

Bu üçbucağa xronoloji ardıcıllıqla yanaşanda ilk növbədə dramaturji materialdan başlamaq lazımdır.

Dramaturq Əli Əmirli Azərbaycan teatr aləmində tanınmış simalardandır. Müəllifin indiyədək səhnə mücəssəməsi tapmış dram əsərləri geniş tamaşaçı auditoriyası toplayıb.

Keşməkeşli və ziddiyyətlə zəngin olan tariximizin yaxın keçmişindən bəhs edən bu əsər həm milli – etnik dəyərlərimizə, həm etnoqrafiyamıza, həm də etnik xüsusiyyətlərimizə diqqət çəkmək, dünyada gedən total qloballaşmanın yaratdığı problemlərin gündəmə gəldiyi bir dövrdə çox aktual və vacibdir. Bu günümüzün də ən xoşagəlməz xüsusiyyətlərindən olan paxıllıq, dözümsüzlük, xudbinlik kimi məziyyətlər insanın ən böyük qəbahətlərinin get – gedə çoxalmasına, sonda isə faciəsinə səbəb olur. Məncə əsərin əsas qayəsini bu problemlərin gündəmə gətirilməsi təşkil edir.

Ağa Məhəmməd Şah Qacarın bioqrafiyası, tarixi zəfərləri, əhəmiyyətli işləri, faciəvi taleyi və süqutu bir çox tarixi mənbələrdə, eləcə də, fransız yazıçısı – tarixşünası Jan Gevrin “Xacə Şah” adlı tarixi romanında öz əksini tapıb. Dramaturq Əli Əmirlinin bu ibrətamiz tarixi dönəmə yenidən diqqət çəkməsi torpaqlarımızın bir qisminin düşmən işğalına məruz qaldığı, ölkəmizin yenidən öz müstəqilliyini əldə etdiyi bir vaxta təsadüf edir. Mövzunun aktuallığı, tarixi keçmişimizə ekskurs bu tamaşanın cəzbedici xüsusiyyətlərindəndir.

Teatr üçbucağının ikinci qütbündə rejissor durur. Tamaşanın müəllifi, quruluşçu rejissoru, eləcə də rəssamı, Xalq artisti Azərbaycan Teatr Xadimləri İttifaqının sədri Azər Paşa Nemətovdur. Səhnə quruluşunun lakonik həlli tamaşanı daha baxımlı, daha cəzbedici edir. Səhnədə görsənən hər şey – seçilmiş məkan, dekorasiya, rekvizit və bufatoriya hamısı yerli – yerindədir. Xüsusilə də aktyorların geyimləri (kostyumlar) həm tarixi etnoqrafik, həm də bədii estetik  baxımdan  öz mükəmməlliyi ilə seçilir. Tamaşanın ilk hissəsində şah sarayını əks etdirən dekorasiya, ikinci hissədə çox asanlıqla döyüş meydanındakı sərkərdə çadırına çevrilir. Sözsüz ki, bu tamaşa müəllifi Azər Paşa Nemətovun istedadlı rəssam təxəyyülünün yaradıcı təzahürüdür. Teatrallara yaxşı məlumdur ki, tamaşa bir oyundur. Bu oyunun qurucusunun məharəti ondadır ki, oyunun əvvəlindən sonunadək seyrçini öz əfsununa sala bilsin, tamaşaçı axırda anlasın ki, artıq olan – olub, oyun bitib. Bu, tamaşanı araya – ərsəyə gətirənlərin danılmaz nailiyyətidir. Tamaşaya baxarkən əmin olduq ki, bu maraqlı, maraqlı olduğu qədər də cəzbedici səhnə əsəri mədəniyyət tariximizdə bir hadisə kimi yadda qalacaq. Özündə tarixi mövzunu ehtiva edən bu quruluşda klassisizmin üç vəhdət qanununun elementləri də öz əksini tapıb:  Zaman – Məkan – Hərəkət.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Azər Paşa Nemətov hadisələrin nə zaman, harada və necə cərəyan etməsi həllini çox ustalıqla yozub. Tamaşa müəllifinin digər uğuru da “Şah Qacar” ömrünün üç dövrünə lirik – romantik şəkildə diqqət çəkməsidir. Uşaq Qacar necə idi, yeniyetmə Qacar necə, ahıl, qaniçən, qardaşına belə qıyan tiran Qacar necə?! Tamaşada bu üç faktoru bir araya gətirən müəllif, tamaşaçını agah edir ki, uşaqlıqda hər kəs təmiz, saf, günahsız olur. Yeniyetməlikdə qəza törədib, suç işlədib, cəza çəkə bilir. Ancaq yetkinlik yaşına çatmış insanın  törətdiyi cinayət də böyük olur – aldığı cəza da, üzləşdiyi fəlakət də, faciə də ...

Bu üçlü paralel tamaşanın leytmotivini, ana xəttini təşkil edir. Uşaq Qacar pak, ülvi bir istəklə qonşu qıza aşiq olur, yeniyetmə Qacar adət – ənənələrimizə xilaf çıxaraq, sevgilisinə xəyanət, təcavüz edir. Nəticədə qızın qardaşları tərəfindən axtalanaraq cəzalandırılır. İçində insanlara, insanlığa qarşı baş qaldıran kin-küdurət artaraq onu bir tirana, qaniçənə çevirir. Tamaşanın finalında öz əməllərinin qurbanı kimi o, faciəli sonuna qovuşur.

Bütün cərəyan edən hadisələr tamaşanın ilk səhnəsindən son anınadək tanınmış bəstəkar, Azərbaycanın Xalq artisti Səyavuş Kəriminin ecazkar musiqi yozumu ilə vəhdət təşkil edir.

Teatr üçbucağının sonuncu, üçüncü qütbündə aktyor durur. Əgər bu üçbucağa XX əsr Azərbaycan teatr kontekstində yanaşsaq görərik ki, bir vaxtlar Mirzə Cəlilin, Hüseyn Cavidin, Cəfər Cabbarlının dram əsərlərinə tamaşa etməyə gələn tamaşaçılar sonralar Adil İsgəndərovun, Tofiq Kazımovun və adlarını çəkmədiyimiz neçə – neçə tanınmış rejissorların quruluş verdiyi, Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Yaşar Nuri və adlarını çəkmədiyimiz onlarla virtouz aktyorun və aktrisanın ifa etdikləri rollara görə teatrlarımıza  axın edərdi.

Azər Paşa Nemətovun quruluş verdiyi “Şah Qacar” tamaşasındakı obrazların ifasına gəlincə, həvəskar ifaçıların da, peşəkarların da aktyor oyunu öz nizamında, yerli – yerindədir. Ağa Məhəmməd Şah Qacar rolunun ifaçısı Azərbaycanın Xalq artisti və Dövlət mükafatı laureatı Fuad Poladovun ifasına ayrıca diqqət çəkəcəyimiz üçün ilk öncə digər rolların ifaçılarından söhbət açacaq.

“Şah Qacarın” anası Ceyran xanım obrazının ifaçısı – Xalq artisti Laləzar Mustafayeva öz məharəti ilə bir sifətdə iki sima yaradıb. O, bir tərəfdən tamaşaçı rəğbəti qazanan, şir ürəkli, cəngavər oğullar böyütmüş, at belində qılınc çalıb, şücaət göstərmiş bir Azərbaycan qadını obrazı ilə yanaşı, hakimiyyət hərisi olan, bu yolda övladlarını biri – birinə qırdırmağa belə qadir olan dişi canavar obrazı da yaradıb. Bu rolu ilə hörmətli aktrisamız Azərbaycan teatr səhnəsində yaratdığı rəngarəng obrazlar qalereyasında yeni səhifə açıb.

Bu səhnə əsərində tələbəlik dostlarım, Azərbaycanın Əməkdar artistləri Sabir Məmmədov – (Sadıq Xan) və Məmməd Səfa – (Kərim Xan Zənd) ifa etdikləri obrazları çox böyük ustalıqla tamaşaçıya çatdırırlar. Əməkdar artist Anar Heybətov da Cəfərqulu Xan obrazını məharətlə ifa edir.

Xəbisliyin, hərisliyin, xudbinliyin, etibarsızlığın və satqınçılığın müxtəlif çalarlarını öz ifaları ilə əks etdirməyin öhdəsindən layiqincə gələn aktyorlar: – Əməkdar artist Mətləb Abdullayev (Məhəmməd Əli Xan Bəylərbəyi), Əməkdar artist Kazım Abdullayev (Əli Xan Cocuq), Əməkdar artist Elşən Rüstəmov (Əli Xan Sambatai) və Elnar Qarayev (Məhəmməd Vəli Xan) kimi qiyamçı kvartetin xarakterik xüsusiyyətlərini tamaşaçıya tam dolğunluğuyla  çatdırırlar.

Məkrli vəzir Şeyx Cəfər Tonkabuni – obrazına maraqlı ştrixlər tapan Əməkdar artist Vidadi Həsənov bu rolu ilə öz teatr və kino qəhrəmanları qalereyasını daha da zənginləşdirib.

Bu tamaşada Axund Hacı Babək rolunu ifa etməklə Əməkdar artist Ayşad Məmmədov öz yaradıcılıq palitrasının rəngarəng, bənzərsiz olduğunu bir daha isbatladı.

Ağa Məhəmməd Şah Qacarın uşaqlıq dövrünü canlandıran Oğlan – Canəli Canəliyev, Qız – Samirə Xanlarova, Yeniyetmə oğlan – Adil Dəmirov, Yeniyetmə qız – Fəridə Əliyeva öz səhnə mədəniyyətləri və aktyorluq məharətləri ilə öz peşəkar həmkarlarından fərqlənmirdilər. Sanki onlar da xüsusi aktyorluq məktəbi keçmişdilər.

Milli Teatr tariximizdə əlamətdar hadisə kimi yaddaşlarda yaşayacaq bu baxımlı tamaşanın möhürünü öz virtouz ifaçılıq məharəti ilə Şah Qacar obrazının  yaradıcısı Fuad Poladov vurub. O, öz qəhrəmanının həyat eşqini, qəlb çırpıntılarını, ruhi sarsıntılarını elə ustalıqla açır ki, heyrət etməyə bilmirsən. O, anası Ceyran xanımla görüşdüyü hər səhnədə gah yenicə şöhrətə yetmiş hərdəmxəyal bir şaha, gah da ana nəvazişinə, adi bir insani qayğıya möhtac olan bir biçarə körpəyə çevrilir. O, həyatda çox şeyə nail olan, ancaq sevgiyə həsrət qalan bir insanın nəinki ölkələri, elləri viran qoymağa hətta, öz doğmalarına, yaxınlarına belə qəsd etməyə qadir olduğunu elə incə ştrixlərlə əks etdirir ki, heyran qalmaya bilmirsən. Ağa Məhəmməd Şah Qacarın çox mürəkkəb olduğu qədər də sadə, keşməkeşlərlə zəngin olan həyatını iki saatdan bir qədər çox çəkən tamaşa əndazəsində məharətlə cilalayır. Budur aktyor ifasının əlçatmaz, ünyetməz zirvəsi. Belə yüksəklikləri fəth etmək hər aktyora nəsib olmur. Fuad Poladov dühasının və yaradıcılığının incəliklərinə vaqif olmaq üçün gərək onun oynadığı tamaşalardakı, filmlərdəki rollarını dəfələrlə seyr edəsən. Teatr üçbucağının bu əsas qütbü həm müəllif ideyalarını, həm rejissor yozumunu, həm də aktyorluq məharətini özündə ehtiva edir.

Sözsüz ki, hər bir teatr tamaşası haqqında son söz, son mühakimə tamaşaçınındır. Belə tamaşa isə hər vaxt araya – ərsəyə gəlmir.

Əhsən onun yaradıcılarına.

 

Saleh Salahzadə

Teatrşünas

525-ci qəzet.- 2013.- 12 oktybar.- S.15.