Çudak

 (povestdən parça)

 

 

 

Yazıçı Elçin Hüseynbəyli “Çudak” və “Mən nejə qəhrəman oldum” adlı iki yığjam povestini bitirib. Həmin əsərlər “Azərbaycan” jurnalının gələsək saylarında nəşr olunacaq. İndi sizə “Çudak” povestindən bir hissəni təqdim edirik.   

 

“Axmaq adam xəyalları ilə zəngindir”.

Yəhudi atalar sözü. 

 

Mənim bir dostum var. Qəribə adamdır. Ruslar belələrinə “çudak” deyir. Təxminən “macərapərəst” deməkdir. Bu cür adamlar günün günorta çağı göydə ulduz, gecənin zülmətində günəş axtarırlar. Filosof olsaydılar, Dioqenə bənzədərdim. İntellekt sahibi olsaydılar, Ostap Benderə oxşadardım və onun “12 stul” kinosundakı məşhur mahnısını əsərimə epiqraf seçərdim. Təxminən belə: Mən dəryada yeləknini açmış azad gəmiyəm. Hara istəsəm, ora gedirəm...

Onlar real həyat həqiqətinə öz bildikləri kimi yanaşırlar. Ağılları necə kəsir elə. Kimyagərlikdən başları çıxmadıqları halda misdən qızıl düzəltmək, kosmos haqqında bəsit təsəvvürləri olsa da, kəhkəşana uçmağı arzulayırlar. Səsboğucusu dağılmış maşını vertalyota bənzədirlər və and içirlər ki, bir həftə məşq eləsələr, cırcıramaya bənzər səma maşınını sürə bilərlər. Əlləri hər şeydən üzüləndən sonra yerə enirlər. Prezident, baş nazir, ya da adicə dövlət məmuru olmağı arzulayırlar. Lap axırda zavod direktorluğu ilə kifayətlənirlər. Sonda “cek” müdirliyinə razı olurlar.  Buna da nail olmayanda yaxşı pul qazanmaq üçün planlar cızırlar. Tez olsun və çox olsun xəyalları ilə yaşayırlar.

Müqəddimə uzun oldu, deyəsən. Mən belə bir adam haqqında danışmaq istəyirəm.

O, mənim qohumum, həm də uşaqlıq dostumdur. Pan Şalom Aleyxum (Salam Əleyküm) demiş, müqəddəs kitablarda yazıldığı kimi “can bir, qəlb birik”. Amma pul və həyat haqqında düşüncələrimiz tamam fərqlidir. Mən ömrü boyu öz məvacibim hesabına, o isə təsadüfi qazanc hesabına həyat sürüb. “Bir işin qulpundan yapış ki, hər zaman pulun olsun”, deyiminə qəti etiraz edir. Özü də kükrəyir, cuşa gəlir. “Mən,-deyir,- indiyə qədər dözmüşəm ki, sonra qəpik-quruşa işləyəm! Xeyr, ola bilməz! Mən ən azı bir milyon qazanmasam, sakitləşmərəm!”

Dostunun cibini öz cibi bilir, amma özünə gələndə deyir ki, “cibim evdə qalıb”, ya da “çayın o biri üzündədir”. Demərəm ki, xəsisdir, əksinə, pulu olanda sağa-sola xərcləməyi  xoşlayır. “Də” ədatını elə-belə işlətmədim, arifə bir işarə də bəsdir.

Düzdü, telefonla danqışmağa bəzən konturu olmur, amma səxavətə nə pul. Əsası təmiz ürəyin olsun. Məsələn, qəfil sənə zəng edib bunları deyir: “Tez ol, mənə zəng elə, kontrum yoxdur, söhbət milyonlardan gedir”.

“Milyonlardan ha!”

Bax belə çudakdır mənim dostum.Həkimliyi də var. Hərdən deyir:

–Təbabətin açarı məndədir!

–Nə açardır, elə? – soruşuram.

Əvvəl demir, öz həkimlik məharətindən gen-bol dəm vurur. Məni intizarda saxlıyır. Bəs nə, təbabətin açarı “zapı” açarı deyil ki... Axırda:

–Banka, – deyir, – bel bankası. Bütün dərdlərin dərmanı bankadır.

Bir dəfə yaxın dostumuzun soyuqlamış və daim qıcqıran mədəsini sağaltmaq üçün onun tüklü qarnını günəbaxan yağıyla o qədər ovxalamışdı ki, yazığın göbəkliyi suluqlamışdı. İki həftə qarnı açıq evdə gəzdi, axırda qıcqırması getdi. Düşərli əli də var. Necə deyərlər, Allah bir tərəfdən alırsa da, o biri tərəfdən verir.

Dostumun cibində bir-birindən yaraşıqlı vəsiqələr var. O gah çörəkçilərin, gah da çörək yeyənlərin hüquqlarını müdafiə edir; gah korrupsiyaya qarşı hücuma keçir, gah da rüşvətxorlara bəraət qazandırmaq üçün diskussiyalar açır, ucuz bir qonaqlığa üçüncü növ qəzetlərdə məqalələr yazdırır. Təbii, hamısı da öz xeyrinə. Çoxları onun tezliklə tutulacağını gözləsələr də, heç nə baş vermir. O, gopçular və xəyalpərvərlər Tanrısının himayəsi altındadır.

Mobil telefon əlindən düşmür, illah da ki, yanında işi düşdüyü adam ola, ya da kiməsə iş düzəldə. Telefonda basıb-bağlayır, asır-kəsir, bəzən qılıqlanır, şirin dilini işə salır. Guya ki,  hansısa rayon prokuroru ilə danışır, ya nazir müavini ilə laqqırtı vurur. Onünçün düzəlməyən iş yoxdur. Təki pulun olsun. Elə bilir ki, hamıdan bic və ağıllıdır, əslində sadəlövhdür. Ona görə də bəzən o yox, əksinə, kimlərsə onu ələ salır.

Düzü, Çudak haqqında yazmağa bir az tərəddüd edirəm. Fikirləşirəm ki, oxusa, məndən inciyər, arada qohum-əqrəba da var. Heç kim də olmasa, elə onlar özləri küyləyəcəklər. O da məndən küsəcək. Amma orası da var ki, hər adamın adını kitaba salmırlar. Gərək xarakter olasan, nə iləsə başqalarından fərqlənəsən ki, sənə uzun-uzadı əsərlər həsr edələr. Mənasız adama kimdi əsər qoşan.

Bir sözlə maraqlı adamdır. Qışda qarla alver eləyən görsəniz, təəccüblənməyin. Yəhudi fırıldaqçıları kimi,  bir qoyub, iki götürənlərdəndir”.

Allah onu boy-buxunla gen-bol mükafatlandırıb. 400 kiloluq liftə onun kimi 3 adam ancaq yerləşər. Tfu, tfu, göz dəyməsin, evdə lampanı dəyişmək üçün stuldan, kətildən istifadə eləmir, eləcə əlini uzatsa bəsdir. Yeyib-içməklə arası sazdır. Qonaqlıq onunçün müqəddəs ritualdır, hesab ödəmək texniki bir şeydir. Əsası aramla döyünən ürəyin, sevən qəlbin ola...

Mən onun haqqqında həm də ona görə yazmaq istəyirəm ki, son zamanlar Qarabağ haqqında bir-iki hekayə yazmışam. Hamısı da zığıltıdan ibarətdir. Anasından ayrı düşmüş uşaqlar kimi zığıldayıram. “Ah yazıq Vətən, ah yazıq Qarabağ!” deyə ah-nalə edirəm. Heyf deyildi öz kəndimiz. Arazın qırağında, söyüd ağacının altında oturub balıq tutasan. Ya da tut ağacının kölgəsindəki taxtda uzanan babanın belini ovxalayasan, quluncunu qırasan. Eh, keçən günlər! Nəysə, mənim o zığıldamaqlarım haqqında “Gözünə gün düşür”, “Qocanın axdığı gün”, “Çıxılmazlıq” hekayələrimdə oxuya bilərsiniz. Amma sadəlövhlüyümə gülmək istəsəniz “Boz eşşəyin məktubları” oxuyarsınız. İşə bax, eşşəyimizi də tarixə saldım.

Şəxsən mən kefimi açmaq üçün dostumun sərgüzəştlərini xatırlayıram.

Nəysə, indi də şahzadə qızı qoyaq və keçək şahzadənin özünə...

Bir gün o, yəni dostum məndən soruşur:

–Gömrükdə tanışın var?

Yay günü. Ağacın altı. Qarşımızda buz kimi pivə. Rus arağı, buğlanan yağlı kabab da bizi gözləyir.

–Sən Allah, qoy çörəyimizi yeyək! – deyirəm.

–Ciddi soruşuram, – deyir, – gömrükdə adamın varsa, bir neçə min qabaqsan.

–Mən qabağa düşmək istəmirəm, – deyirəm, –dala düşməsəm bəsimdir.

O mənə qulaq asmır və öz bildiyini edir:

–Ukraynadan 200 min ton daş kömürü İrana keçirmək lazımdır.

–Bizə nə dəxli? – gözlərimi döyürəm və kababdan bir tikə ağzıma alıb çeynəyə-çeynəyə onun üzünə baxıram.

O, sifətinə müdrik görkəm vermək üçün susur.

–200 min daş kömürü olan, onu İrana keçirməyin də yollarını bilir,- deyirəm.

–Onlardan çox pul istəyirlər. Bizim adamımız olsa, qiymətdə aşağı düşərlər, bizə də qalar.

–Min dəfə demişəm ki, bu cəfəng işlərin başını burax.

 

–Ay axmaq, – deyir, nəinki deyir e, qışqırır, bağırır, əsir, coşur! – Bəs siz nə vaxt pul qazanacaqsınız!?

O, “siz” deyəndə vəzifədə olan əfəl qohumları nəzərdə tutur.

–Axmaq özünsən, – deyirəm, – qışqırma! Tutalım ki, gömrükdə tanışım var, bəs mal hardadır?

–Kömür?

–Hə, – deyirəm, daş kömür hardadır?

–İndi öyrənərəm, – deyir,  mobilini çıxarıb zəng edir və məlum olur ki, daş kömür Ukraynadadır, əgər biz onu İrana keçirməyə söz versək, alıb göndərəcəklər Azərbaycana.

Razılaşıram və bilirəm ki, nə o kömür gələcək, nə də mən gömrükdə adam axtaracam.

Yaxud bir dəfə, kefimin kök vaxtında soruşur:

–Sənin bankda tanışın var?

–Var, – deyirəm və dostumun növbəti avantürasını gözləyirəm.

–Bir iranlı var, Əliməmmədgildə görmüşəm, Məmişin tələbə yoldaşını deyirəm. Bank axtarır ki, bura bir milyard 200 milyon dollar köçürsün. İranda işləyə bilmir, imkan vermirlər. Münasib bank tapa bilmir. İstəyirəm ki, biz tapaq, özümüzə də nəsə qalsın.

–Bir milyardı olan iranlının Bakıda tanışları bizimkinnən çoxdu.

–Amma heç kim risk eləmir, – deyir.

–Sən eliyəsdən?

–Məndən nə gedir? Əsası odur ki, biz pulumuzu alaq. Sonrasını iranlı özü bilər.

Mən onun növbəti yalanını ifşa eləmək üçün bankda işləyən tanışıma zəng edirəm. Bir milyardın adını eşitcək deyir:

–O axmaq kimdi elə!? Varsa, qoy köçürsün, sən də, mən də, elə bütün nəslimiz də kasıblığın daşını ataq. Faizi bizə bəsdi.

Aradan iki həftə keçir, nə dostumdan, nə də iranlıdan xəbər çıxır...

Qoy, birini də danışım, keçək daha böyük mətləblərə.

Bir dəfə dostum mənə deyir:

–Sənin Rabitə Nazirliyində tanışın var?

–Yoxdur, – deyirəm.

–Eh, papağı günə yandırırsan ki. Bu qədər ad-san, ancaq heç yerdə tanışın yoxdur.

–Sənin istədiklərini yerinə yetirə biləcək tanışım yoxdur, – deyirəm.

–Mən istədiyim iş elə də çətin deyil, – deyir və mənim narazılığıma baxmayaraq davam edir: – Yaxşı kabel var, bahalı. Üçqat ucuz qiymətinə satırıq.

Bu zaman telefonuma zəng gəlir. Hal-əhval tutmamış dostum böyürdən çığırır:

–Ondan soruş, bəlkə tanışı var.

–Bəlkə sənin Rabitə Nazirliyində tanışın ola? Dostum kabel satır. Bahalı kabeldir, –bu arada dostum əl-qolunun hərəkətilə məni yönləndirir, üç barmağını gözümün önündə qovzayır, az qalır bəbəklərimə soxa, –üç qat ucuz qiymətə.

–Mal hardadır? –tanışım soruşur.

Mən də onun dediyini təkrar edirəm.

–Ambardadır, – dostum deyir.

–Ambardadır, –mən qışqırıram.

–Nümunələrdən gətirə bilərsən?

–Əlbəttə, – dostum deyir və gözləri işıqlanır, –sabah çatdıraram.

Aradan bir-iki gün keçir. Telefona zəng edən həmin tanışım məni axtarıb tapır və kabeli soruşur.

–Mən də əvəzində dostuma zəng edirəm.

–Kabel? – o təəccüblənir, –nə kabel?

–O bahalı, üçqat ucuz qiymətə.

–Hə, onu deyirsən? Dəllalar kabellərdən nümunə kəsib o qədər adama göstəiblər ki, ambarda kabel qurtarıb....

Əsəbimdən telefonu qapayıram.

Tanışım başını bulayıb deyir:

–Mən də o yekəlikdə kişini tovlayıb boynuna qoymuşam ki, o kabeldən 7-8 min manatlıq alsın. Mənə də pul lazımdı axı...

Əlqərəz. Mənim həmin çudak dostum bu ölkədə 20-lik imperial, civə, ilan zəhəri qalmayıb ki, axtarmasın. Həmişə də əli ətəyindən uzun geri qayıdıb. Əli ətəyindən uzun nədi, e, az qala başını da qurban versin.

Bir dəfə isə... Yox bunu əməlli-başlı əhvalat kimi danışmasam, maraqlı olmaz. Beləliklə, aldı görək nə dedi...

 

Elçin Hüseynbəyli

525-ci qəzet.- 2013.- 12 oktybar.- S.28.