Bakı və Azərbaycan tarixinə dair əsərlər

 

 

 

Məhəmməd Əmin Rəsulzadə (1918-1919)

 

M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan “Tərcümani-həqiqət” qəzetində Bakı ilə əlaqədar verdiyi bəyanat, 1918-ci il noyabrın əvvəllərində İstanbuldan vətənə döndükdən sonra, 1918-ci il dekabrın 2-dən başlayaraq “Azərbaycan” qəzetində “Azərbaycan paytaxtı” sərlövhəsi ilə dərc olunan elmi araşdırmaları, habelə müstəqil dövlətimizin Azərbaycan adlanması ilə əlaqədar İran iddialarına cavab olaraq yazdığı “İran və biz”, “Azərbaycan və İran”, “İran – Azərbaycan” sərlövhəli məqalələri, həmçinin Cümhuriyyətin bir illiyi ilə əlaqədar “İstiqlal” məcmuəsində dərc olunmuş “Azərbaycan Cümhuriyyəti” adlı əsəri daxil edilmişdir. Zənnimizcə, oxucular üçün faydalı olacaqdır.

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov Transliterasiyanın redaktorları:

professor Şamil Vəliyev,

elmi işçi Samir Xalidoğlu (Mirzəyev)

Redaktor: filologiya üzrə fəlsəfə doktoru Aygün Əzimova.

 

 

 

 

 

 

 

Sisiyanov Hüseynqulu xan ilə sabiqən də tanış idi. Xana xəbər göndərdi ki: “Bakıya gəlirəm, ya Bakıyı alacağam, ya ki orada öləcəgəm”. Yol üzərində Sisiyanov Şamaxı xanı Mustafa xanın beyətini aldı. Şamaxı dağlarını enərək Bakı xanlığına daxil oldu.

1806-cı sənəsi yanvarının axırlarına tərəf Sisiyanov Bakı surləri yanında idi. Hüseynqulu xan xəbər göndərdi ki, şəhəri təslim ediyor. Kəndisi də tabe oluyor. Fevralın 8-nə şəhərin təslimi üçün gün təyin olunmuşdu. Təyin olunmuş gündə rus tarixlərinin yazdığına görə Sisiyanov yavərlərindən yalnız Eristov ilə birlikdə bir də bir kazak nəfəri ilə bərabər Bakının qapısına doğru getdi. Orduyu kəndisindən uzaq bir məsafədə buraxdı. Hüseynqulu xan da kəza kiçik bir məiyyətlə bərabər olduğu halda knyazı istiqbal elədi. Tərəfeyn yaxınlaşınca xanın nökərlərindən birisi tapança ilə vurub generalı haman oradaca öldürdü. Onun ardınca Eristov da öldürüldü. Kazak qaçdı. Generaldan sonra rus ordusunun komandanlığı vəzifəsində olan Zavalişin özünü o dərəcədə itirdi ki, bütün əskərlərini toplayıb tələsik gəmilərə oturdaraq Tariqi-Şamxallığı vasitəsilə rus cəbheyi-əsliyyəsinə çəkildi. Sisiyanovun sözü doğru çıxdı. “Bakıda öldü”. Bu vaqiə həqqində tarixdə bir “ləjan” (mənqəbə) dəxi rəvayət olunmaqdadır. Sisiyanovun başı kəsilərək Hüseyn xan tərəfindən şaha göndərilmişdi. Fətəli şah, rəvayət ediyorlar ki, qış gecələrindən birisində qarşısında manqal Qafqasiyadan alınan nagüvar xəbərlər üzərinə uyumayıb sabaha qədər əlində maşa odu, külü qurdalayaraq mükəddər və dalğın bir vəziyyətdə oturmuş, nagah sabah xoruzlarının banladığını görüncə maşayı manqala vuraraq:

– Ey xuda, ya mərabikeş, ya urra!... – deyə təğəyyür eləmişdir. Günəş doğunca general Sisiyanovun kəsilmiş başı paytaxta gəliyor – deyə xəbər alınmışdır. General Sisiyanovun bu macərasını və Zavalişinin o surətlə qayıtmasını xəbər alan general Qlazanap bu vaqiədən Rusiya etibarı üçün hasil olacaq suyi-təsiri idrakla bir qüvvə toplayıb Bakı üzərinə hərəkət elədi isə də, Tariqi-Şamxalının tədbiri və dostluğu sayəsində yalnız Dərbəndin açarlarını bilahərb və müqavimət təsliminə aldı. Quba ilə Bakıya doğru isə hərəkət edə bilmədi. Sisiyanov əvəzinə Gürcüstan komandanlığına general Qudoviç təyin olundu. Qudoviç üçüncü dəfə idi Qafqasiyaya gəliyordu. Qudoviç Qlazanapı çıxarıb yerinə Bulqakovu təyin elədi. Bulqakov Bakı üzərinə gəldi. Şəhər müqavimət göstərməyib təslim oldu. Anlaşıldı ki, general Sisiyanovun qətli Hüseynqulu xanın rizası və xəbəri olmadan qardaşının Əmir Həmzə adında bir nökəri tərəfindən xudsəranə bir surətdə icra edilmişdir. Bakı 1806-cı sənəsi sentyabrın 3-də təslim olunmuşdur. Bakıdan sonra Quba xanlığı dəxi bilahərb təslim olmuşdur. General Sisiyanovun başsız bədəni əvvəlcə gömülmüş olduğu məzarından çıxarılaraq erməni kəlisasında dəfn olunmuş, sonra da 1811-ci ildə Tiflisə nəql ilə Siyon kəlisası dairəsində dəfn olunmuşdur. Bildigimiz Sisiyanov fontanı haman məqtul generalın naminə olaraq yapılmışdır. 1812-ci ildə Gülüstan müahidənaməsi mövcibincə Dərbənd, Quba, Gəncə, Şəki, Şirvan xanlıqları ilə bərabər Bakı dəxi qəti surətdə Rusiyaya tərk edilmişdir.

 

VI

 

Qədim zamandan bəri gözünü qıcadığı Bakıya bu surətlə malik olduqdan sonra Rusiya hökuməti yüz sənəyə qədər burasını əldə bulundurmuşdur. Bu zamanda Bakı idarətən şəkildən-şəklə girmişdir. İbtidada Prikaspiyski kray denilən vilayətin mərkəzlərindən birisini təşkil edərək bədə Şamaxı quberniyasının uyezd şəhərlərindən birisi hökmündə qalmışdır. Daha sonra böyük Şamaxı zəlzələsini mütaqibən Bakı quberniya mərkəzi olub qubernator dairəsi də buraya köçürülmüşdür. 1907-ci ildə Bakının gündən-günə artmaqda olan əhəmiyyəti-fövqəladəsi nəzərə alınaraq qradonaçalstvo namilə qubernatora tabe olmayaraq bir vilayəti-mümtaza halına qoyulmuşdur. Bakı mühüm bir ticarət mərkəzi və ələlxüsus nefti ilə məruf olaraq cahanca şöhrət bulmuşdur. Neftindən əlavə ta qədimdən bəri İran, Türküstan, Rusiya yolları üzərində bir nöqteyi-müvasilə və münaqilə olduğundan əlavə burası Qafqasiya müsəlmanlarının ələlümum və

Azərbaycan türklərinin ələlxüsus mühüm bir mərkəzi-ürfanı olmuşdur. Yeni Azərbaycan məktəbi, mətbuatı, ədəbiyyatı, sənayeinəfisə və səhneyi-tamaşası həp burada nəşvü-nüma bularaq nəhayət, Azərbaycan təşkilati-ictimaiyyə, iqtisadiyyə və siyasiyyəsi dəxi burada bina tutmuşdur. Rusiya inqilabı zühur etdikdə ilk Zaqafqasiya qurultayı burada toplanıb mərkəzi müsəlman komitəsi dəxi burada təsis etmiş, Azərbaycan muxtariyyət fikri burada möhkəmləşərək muxtariyyətçilər burasını Azərbaycan bədəninin ayrılmaz bir təfləsi, paytaxtı elan eləmişlərdir. Bu fikrə qarşı mübarizə edən bütün rusiyaçı firqələr müxtəlif növ və şəkillərlə Bakının Azərbaycan paytaxtı fikrinə qarşı mübarizə eləmişlər, bu məqsədlə də Bakı türklərinin başına mart faciəsini açmışlar və bakılı müsəlmanları altı ay tamam təzyiq və əsarət altında bulundurmuşlardır. Nəhayət, Bakıyı qurtarmaq üçün yeni təşəkkül edən Azərbaycan hökuməti Türkiyə dövlətinə müraciət eləmiş, igid qardaşlarımız vaxtında yetişərək Nuru Paşa, Mürsəl Paşa və Xəlil Paşaların komandasında olaraq 1918 sənəsi sentyabr ayının 15-də qanlı bir müsadimədən sonra Bakı təkrar əsl sahibi olan Azərbaycan türklərinin əlinə keçmişdir. Bakının istirdadı Azərbaycan istiqlalının yüzdə doxsan təmyini-istiqlal elədigi gündür. Bakının əhəmiyyəti işbu müxtəsər mütaliədən gördügümüz kibi yalnız keçmişdə degil, daha böyük vəzifəsi gələcəkdədir. Müqəddimatən Bakının azərbaycanlılardan ötrü bir amal məscidi olduğunu zikr eləmişdik. Fəqət doğru və daha səhih bir təriqlə: Bakı türklügün şahrahı üzərində vaqe sınmaz atəşlərilə yanan bir amal məşəlidir ki, həpimizin diləgi onun bütün Azərbaycan və bütün türklük üçün daimi bir surətdə işıqlanmasıdır!

 

M.Ə.Rəsulzadə “Azərbaycan”, 2, 6, 19, 31 dekabr 1918,

 

7 fevral 1919, ¹55, 57, 68, 75, 108,

 

“İstiqlal” məcmuəsi, 28 may 1919, ¹1

 

Rüəsa – rəislər

Müzayiqə – çətinlik

Sur – qala divarı

Təəbbüd – ibadətlə məşğul olma

Münqəbə – sərt, qaba, sıxılmış

Müsəmma – adlanma

Müərrib – tərcümə edən

Məvadd – maddələr

Həvali – ətraf

Zair – ziyarətçi

Məcus – atəşpərəst

Mücaviz – pir, məscid xidmətçisi

Mötəkif – ibadətlə vaxt keçirən

Etikaf – təklikdə yaşama

Xövf – qorxu

Zahib – gedən, yoxa çıxan, məhv olan

Müxəffif – yüngülləşdirən, asanlaşdıran

Bilad (bələd) – ölkə

Məmurə – tikintili, abad

Müqəyyid – qeyd edilən

Mülhəqat – qatılmış, ilhaq edilmiş

Zikr – adını çəkmə, söyləmə

Cədd – ata, baba

Mumaileyn – yuxarıdakı, həmin

Müfrəz – dəstə, hissə

Üzar (izar) – yanaq

Ribat – möhkəm bina, bağ

Nəhb – çapobul

Əsəl – bal

Ruğən – yağ

Səmur – dərisi qiymətli bir heyvan

Zübdə – seçilmiş hissə

Mürəbbə – kvadrat, dördlük

Hədid – dəmir

Təndürüst – boylu-buxunlu

Suri – şadlıq, sevinc

Suri-zifaf – gəlinlə bəyin görüşdüyü ilk gecə

Hədoya – hədiyyələr

Ehraz – qazanma

Tariq – dan ulduzu, zöhrə

İtab – məzəmmət, danlaq

Reyət – icazə, tabe olma

Mənqəbə – hədsiz mədh, mədhiyyə

Ləjan – şişirtmə, mədhiyyə

Xodsəranə – özbaşına

Təsmiyə – adlandırmaq

Kan – mədən; mənbə

Dər – qapı

 

Qeyd: M.Ə.Rəsulzadənin “Azərbaycan paytaxtı” məqalələrinin 5 hissəsi “Azərbaycan” qəzetində (¹55, 57, 68, 75 – 1918, ¹108 – 1919), axırıncı hissəsi isə Azərbaycan Xalq Cümhuriyyətinin bir illik yubileyi ilə əlaqədar 1919-cu il mayın 28-də işıq üzü görmüş “İstiqlal” məcmuəsinin 1-ci nömrəsində dərc edilmişdir – Ş.H. Tarix elmləri doktoru, “Bakının tarixi” əsərinin müəllifi Sara Aşurbəylinin rəyi Məhəmməd Əmin Rəsulzadənin 1918-ci ilin axırları, 1919-ci ilin əvvəllərində1 çap olunmuş “Azərbaycan paytaxtı” adlı məqaləsi Bakı – liman şəhərinin qədim zamanlarda çar Rusiyası tərəfindən 1806-ci ildə istila edilənə qədərki tarixinin işıqlandırılmasında ilk təşəbbüsdür. Müəllif məqalənin başlanğıcında Bakının coğrafi mövqeyini göstərməklə onun qədim zamanlardan yanar qazların sayəsində atəşpərəst zərdüştlərin və hinduların müqəddəs ziyarətgahı olmasından, kapitalizm dövründə neft maqnatlarının diqqətini cəlb edən sənaye mərkəzinə çevrilməsindən söhbət açır.

Daha sonra M.Ə.Rəsulzadə türk müəllifi Şəmsəddin Şami bəyin lüğətinə istinad edərək “Azərbaycan” sözünü izah edir və onun izahını Təbriz şəhəri ilə yox, Bakı və Şimali Azərbaycanla bağlayır. Müəllif “Azərbaycan” sözünü odla əlaqələndirir və həmin sözü “Odu qoruyan” kimi şərh edir. M.Ə.Rəsulzadə məqaləsinin bu hissəsində həqiqətə daha çox yaxındır. Məqalənin ikinci hissəsində müəllif fars, ərəb, türk müəlliflərinin Bakı haqqında müxtəlif məlumatlarını misal gətirir və belə bir fikrə gəlir ki, həmin sözün mənasını fars və türk dillərinin lüğət tərkibi əsasında izah etmək yanlışdır. O, “Azərbaycan” sözünün mənasını hind-qucarat ləhcəsi ilə bağlamağı daha düzgün hesab edir.

M.Ə.Rəsulzadə “Allahlar şəhəri”, “Allahlar şəhərinin odları” kimi izah edilən “Baqavan”ın “Atəşi baqavan”ın və “Atəşi Baqua”nın adları xatırlanmış V-VIII əsr mənbələrindən misallar çəkmir. Bunlar Bakı toponiminin daha qədim və daha dəqiq adlarıdır.

(Bax. S.B.Aşurbəyli, “Orta əsərlər Bakısının tarixi haqqında oçerklər”, Bakı 1964, səh.35-46).

Daha sonra müəllif Qız qalası haqqında yazır və onu Bizans memarlıq üslubu ilə bağlayır. İçərişəhərin qapılarındakı rəsmlərin islama qədərki dövrə aid olduğunu qeyd edir. Bu fikir yanlışdır. Belə ki, həmin rəsmlər Şirvanşahların gerbidir və çox qədim deyildir. Qız qalasının isə Bizans memarlıq üslubuna aidiyyəti yoxdur və onun üzərində XII əsrdə tikilməsi göstərilmişdir.

 

Fəslin sonunda o, Bakının kim tərəfindən təməli qoyulduğunun məlum olmadığını yazır. Və şəhərin qədimliyi (bizim eradan əvvəl 978-ci il) haqqında rus lüğətlərindən misallar gətirməklə yanaşı, onun tarixini təxminən 1500 il bundan qabağa aid edir. Son məlumatlara əsasən, Bakı şəhərinin tarixi (Ş.Aşurbəylinin “Bakının tarixi” əsəri çapa hazırlanır) bizim eranın I əsrinə, onun yaranmasını isə Abşeronun başqa məskunlaşan əraziləri kimi tunc dövrünə aid etmək olar.

Üçüncü fəsildə müəllif Bakının liman kimi əhəmiyyətindən söhbət açır. Və eramızın VI əsrində hökmranlıq etmiş Şirvanşahlar haqqında qısaca məlumat verir. Həmin məlumatlar düzgündür. O, misal gətirir ki, Cümə məscidi üstündə qeyd olunduğu kimi hicri tarixi ilə V əsrdə tikilmişdir. Lakin fars mənbələrinə görə ərəb istilasına qədər Cümə məscidi zərdüştilərin məbədgahı olmuşdur. Sonra müəllif Bakının Şah İsmayıl tərəfindən zəbt edilməsi, onun məğlubiyyəti və Şirvanşahın öldürülməsi haqqında məlumat verir, ardınca isə türk mənbələrindən dəqiq faktlar misal gətirməklə səfəvi-türk müharibələrinin Azərbaycan şəhərlərinin və Bakının osmanlılar tərəfindən istila olunmasını təsvir edir. Müəllif dördüncü fəsildə 1647-ci ildə və sonralar Bakıda olmuş Evliya Çələbinin Bakı şəhəri haqqında dəqiq məlumatları barədə xəbər verir. Bakı və onun neft mədənləri haqqında verilən bu məlumatlar olduqca maraqlıdır. Və onlara öz dövrünün tarixi ədəbiyyatında ilk dəfə M.Ə.Rəsulzadənin məqaləsində rast gəlmək olar.

Beşinci fəsildə müəllif rusların Bakıya hücumlarından, Stepan Razinin gəlişindən söhbət açır. Sonra beş səhifə rus çarlarının Bakını almaq cəhdlərindən bəhs edərək I Pyotrun, general Zavalişinın, daha sonra Sisiyanovun Bakıya yürüşlərindən danışır.

Və onun Hüseynqulu xan tərəfindən öldürülməsini, nəhayət, 1806-cı il sentyabrın 3-də general Bulanovun Bakını tutmasını qələmə alır. Məqalə Dərbəndin, Qubanın, Gəncənin, Şəkinin, Şirvan xanlığı ilə bir yerdə Bakının həmişəlik Rusiyaya birləşdirilməsini göstərən Gülüstan müqaviləsi barədə mülahizələrlə bitir. Elmi cəhətdən müəyyən əyər-əskiyinə baxmayaraq, M.Ə.Rəsulzadənin bu işi Bakının tarixini işıqlandıran ilk məqalə kimi çox maraqlıdır. Məqalənin məzmunundan görünür ki, onun müəllifinin Azərbaycan tarixi haqda ətraflı məlumatı olmuş, türk, ərəb, fars mənbələri haqda dərin biliyə yiyələnmişdir. Belə hesab edirəm ki, həmin məqalənin çapı indi böyük marağa səbəb ola bilər.

 

Sara Aşurbəyli

 

AMEA-nın Tarix İnstitutunun aparıcı

elmi işçisi, tarix elmləri doktoru

Qeyd: S.Aşurbəylinin bu rəyini

mənə 1989-cu ilin noyabrında

ADU-nun Riyaziyyat fakültəsinin baş müəllimi Səfər İbrahimov

vermişdi– Ş.H.

 

İran və biz

 

Hökumətimiz tərəfindən bu günlərdə İran paytaxtı Tehrana bir heyəti-mürəxxəsə göndərilmişdir. Heyəti-mürəxxəsənin məqsədi yeni təşəkkül etmiş Azərbaycan Cümhuriyyətini İran hökumətinə məriflik edib də bu iki müsəlman dövləti arasında hüsni-münasibat təsis və təmin eləməkdir. İran ilə dini, mədəni və tarixi münasibatımızdan əlavə sıxı bir müqəddərati-siyasiyyəmiz vardır.

İranın səlaməti bizim üçün, bizim səlamətimiz İran üçün son dərəcədə mühümdür. Daima zərbələrini yedigi cahangir Rusiya yerində, iləridə yenə inkişaf etmək həvəsinə düşəcəgi mühəqqəq olan Rusiya ilə öz arasında müstəqil bir Qafqasiya görmək İranın əxsi-amalını təşkil eləməlidir. Müstəqil Qafqasiya içərisində müstəqil və nüfuzlu bir müsəlman hökumətinin vücudi isə bilxassə İran vətənpərvərlərini sevindirməlidir. Biz əminiz ki, dərin düşünür İran mütəfəkkirləri bu sevincə yabancı degildirlər. Burada İranı təmsil edən siyasi nümayəndələrin hər münasibət kəsbincə ibraz etməkdə olduqları dostluq və qardaşlıq hissiyyatları bizə bu əmniyyəti veriyor. Araz nəhrinin yuxarısında təşəkkül edən məhəlli bir islam cümhuriyyətinin hər halda İran üçün faidəli olacağı İran siyasiyyunundan ötrü şübhəli bir məsələ halında olmasa gərək. Dini və mədəni münasibatdan əlavə İran ilə Cümhuriyyətimiz miyanında hər bir münasibatdan daha qüvvətli bir rabitə vardır: iqtisadi rabitə, İran bizimlə külliyyətli surətdə ticarət etməkdədir.

 

Bakı bəndəri ta əski zamandan bəri İran ticarətinin ən mühüm bir qapısını təşkil edər. Bakı mədənləri Şimali İrandan gələn əmələlərlə işlər, Bakı və Gəncə vilayətlərinin pambığı, buğdası və sair hübubatı İran Azərbaycanının əmələsi olmazsa toplanmamış qalır. Bundan əlavə, cümhuriyyətimiz ilə şahlıq arasında ədəbi və tərbiyəvi böyük bir qərabət və münasibət vardır. Ədəbiyyatımız, ədiblərimiz, şairlərimiz, mühərrirlərimiz – bilxassə əski məktəbdən yetişənləri – İran feyzi ilə pərvəriş bulmuşlardır. Firdovsi, Sədi, Hafiz, Ömər Xəyyam, Mola Rumi və sair İran səramədani-süxəni bizimkilər tərəfindən adətən bənimsənilmişlərdir. İçərimizdə İran üsuli tərbiyə almışlarımız, fars ədəbiyyatı ilə aşina mürafiələrimiz az degildir. Hələ Nizami, Xaqani, Məhsəti kibi İran ədəbiyyati-qədiməsinin axırki dövrəsinə adlı şairlər yetişdirməklə də iftixar edəriz. Azərbaycan ədəbiyyatının ustadi-əvvəli Şeyxüşşüəra Füzuli bu türk Hafizi bu gün Arazın şimalından ziyadə cənubunda mərufdur. Nəbati, Raci, Məhəmməd Baqir, Dilsuz, Ləli və sair kibi Azərbaycan gülşəni-ədəbiyyatına başqa bir rəng və ruğən verən ədiblər İranın yetişdirmiş olduği güllər, çiçəklərdir. Qafqasiya Azərbaycanı İrandan aldığı borcu mümkün olduğu qədər iadə etməgə dəxi çalışmışdır.

Yeni Azərbaycan ədəbiyyatının bərəkətli səhnəsini təşkil edən Bakı mətbuatı heç bir zaman İrana yabançı qalmamışdır. Burada nəşr olunan mətbuati-mövqutə hər zaman İran qüssələri ilə qüssələnmiş, onun sevincləri ilə sevinmişdir. Bunun üçün də o, İranda rəğbət qazanmış, bilxassə Təbriz Bakı mətbuatının ikinci mərkəzi-tovzii olmuşdur. “Molla Nəsrəddin” məcmuəsinin müvəffəqiyyəti isə İranın yalnız türkcə danışan şəhərlərinə degil, bütün mühüm mərkəzlərinə qədər şamil olmuşdur. Nəbati bizdə olduğu qədər, Seyid Əzim də İranda mərufdur. Biz Ləliyi bildigimizdən ziyadə İran mərhum Sabiri tanır, “Hop-hop”un “Mən deyən oldu, sən deyən”ini hamı çocuqlar əzbərdən oxur. Musiqimiz kəndinə məxsus bir xüsusiyyəti mühafizə eləməklə bərabər əsas etibarilə İran musiqisidir. Böylə ikən opera və operettalarımız vasitəsilə biz bu xüsusda dəxi müqabil bir təsir yapmaqla borcumuzu verməkdəyiz. Dramaturqlarımızın yazdığı faciə və komedilər isə yalnız Təbrizdə degil, Rəştdə, Qəzvində, hətta Tehranın özündə belə müvəffəqiyyətlə tamaşa ediliyor. Aktyorlarımız, kəmaliməmnuniyyətlə qeyd ediyoruz, Tehranın bütün ədəbi məhfillərində məzhər qəbul olaraq hətta şah həzrətlərinin sarayına belə hülul eləmişlərdir. Möhtəşəm bir tarixə, parlaq bir mədəniyyətə malik olan Şirü-Xurşid məmləkəti kəndinə müstövli olan istibdad sayəsində uzun bir inhitat dövrəsi keçirdi. Bu dövrəyə bir intəha vermək qəsdilə İran milləti məşrutiyyət bayrağını qaldırdı. Cihada başladı. Bakı mətbuatının bu yoldakı xidməti inkar ediləməz. Qafqasiya türklərinin fikri-hürriyyətlə məşbu olanları bir an əvvəl İrana atıldılar, dindaşlarına kömək etməyi bir vəzifəyivicdaniyyə bildilər. Kəndi səadətini təmin üçün icra elədigi böyük mübarizədə, bir az da olsa, İran millətinə – bildigim və bacardığım qədər – yardım edənlərdən olmaqla iftixar elərəm. Bu sənələrin, iranlı vətənpərvərlərlə bərabər çalışdığımız illərin, məhsulu olaraq iranlıların Qafqasiya müsəlmanları xüsusunda pərvərdə etdikləri hissiyyat və təmniyyat həqqində iyi xatiratım vardır. Bu xatirat bənə həqq veriyor düşünüm ki, cümhuriyyətimiz tərəfindən İrana göndərilən heyəti-mürəxxəsə ümid etdigimiz hüsni-qəbulə məzhər olacaq. İranlı mütəfəkkir arkadaşlarımız, Bakıdan gələn bu heyətin dost və əqrəba bir milləti təmsil elədiginə qane olacaqlar və kəndisinə o surətlə müamilə edəcəklərdir. Mütəfəkkir arkadaşlarımız – diyoram, çünki hər məmləkətdə olduğu kibi – bittəbii – İranda da səthi düşünür, fəqət mütəfəkkir keçinər adamlar yox degildir. Meydanda bir az da qəsdən suyi-təfəhhümlər və suyi-tavillər yayan və məxsusi məqsədlərlə düşmənanə fikirlər nəşr edən adamlar bulunursa – ki, böylələri məəttəəssüf az degildir – o zaman bu qəbildən olan mütəfəkkirlər haman mütaliələr yürütməgə başlar, nəticədə səmimiyyət və istilik əvəzinə quru bir rəsmiyyət və soyuqluq çıxar.

 

İştə quru rəsmiyyətlə iktifa etmədigimiz üçün biz burada kəndilərindən şikayət etdigimiz “mütəfəkkir”lərin cümhuriyyətimizin ismi həqqindəki tənqidlərinə bir az nəqli-kəlam etmək istəriz.

 

Bəzi İran mühərrirləri Azərbaycan Cümhuriyyətinin vücudunda İranın təmamiyyəti-mülkiyyəsindən ötrü “ələni” bir təhdid görüyorlarmış. Və Azərbaycan İranın bir vilayəti ikən bunu cümhuriyyətimizə “ələm” etdigimizə etirazları varmış. Biz bu xüsusda vəqtilə – bir münasibətlə – izahat vermişdik. Azərbaycan derkən qəsdimiz Şimali Azərbaycan və yaxud Qafqasiya Azərbaycanıdır ki, əski Aran ilə Şirvan və Muğanı ehtiva edər. Azərbaycan ismi isə coğrafi bir istilah olmaqdan ziyadə qövmi bir məna ilə işlənmişdir. Biz kəndimizi Azərbaycan dili ilə (ki türkcənin bir növüdür) mütəkəllim məxsus bir qövm ədd edəriz. Bu qövmün ismi nə Aran, nə Şirvan, nə də Muğandır. Yalnız Azərbaycandır. Bu təbir, bu məna ilə Rusiya inqilabının Rusiyadakı millətlərə istiqlali-milli verdigindən sonra degil, daha əvvəlcə mövcud idi. Bundan otuz il əvvəl Petroqrad darülfünunlarında təhsil edən Bakı, Gəncə və İrəvan vilayətlərindən gedən müsəlman tələbələr milliyyət əsası üzrə təşkil elədikləri cəmiyyətlərinə “Azərbaycan cəmiyyəti” demişlərdir. Bu ənənə olaraq rus paytaxtında təhsil edən tələbələrimiz “Azərbaycan gecəsi” namilə hər il bir müsamirə tərtib edə gəlmişlərdir. Qafqasiya türkcəsindən ruscaya bir lüğət tərtib edən əski müəllimlərimizdən Qənizadə cənabları kəza lüğətlərinə “Azərbaycan istilahı” namını vermişlərdir. Mətləbi kəlmə ilə münaqişə etdirmək doğru olamaz. Çünki məsələ yalnız bir isim üzərinə müncər olursa, o zaman o qədər bir məsələligi də qalmaz. Fəqət qorxulur ki, bu ismin müsəmmasına da hüsni-təvəccöh bəslənilməsin. Ola bilər düşünülsün ki, başqa bir isimlə olsa da məxsus bir qövm olmaq əsası və xüsusiyyəti üzərinə təsis ediləcək cümhuriyyət, İranın şimalında o əsas və xüsusiyyətə uya bilər bir kütlə olduğu üçün mətlub degildir. Böylə bir düşüncənin əlbəttə ki, ciddi mütəfəkkirlərcə beş para qiyməti olamaz. Çünki o zaman cümhuriyyətimizi təşkil edən qövmin qövmiyyətini inkar etmək, ona kəndi müqəddəratını təyin həqqini verməmək icab edər. Böylə bir vəziyyətə ruslar, ingilislər, firəng və sair xristian millətlər durmadığı halda dindaş bir dövlətin duracağını qətiyyən təsəvvür etməyiz. Böylə olunca Azərbaycanın nə ismi, nə də cismi iranlı qardaşlarımızda şəkk və şübhə hissi oyatmamalı, yanı başlarında bir Ermənistan, bir Gürcüstan hökuməti təşəkkül etdigi bir zamanda, bir də həmkeş və əqrəba bir Azərbaycan cümhuriyyətinin təşəkkül edib kəsbi-qüvvət etməsini səmimanə bir surətdə arzu etməlidirlər. Heyəti-mürəxxəsəmizin ən böyük müvəffəqiyyəti iştə bu arzunun İran əfkari-ümumiyyəsində mövcud olduğunu bilmək və bunu bizə bir an əvvəl təbşir etmək olacaqdır.

 

İntizardayız!

 

M.Ə.Rəsulzadə

 

“Azərbaycan”, 8 nisan (aprel) 1919, ¹152

 

Mərif – tanışlıq

Tar – güc, zor, tab

Qərabət – yaxınlıq,qohumluq

Tovzi – paylama, paylaşdırma

Ruğən – yağ

Həmkeş – dindaş, məzhəbdaş

Təfəhhüm – dərindən anlama, dərk etmə

Ələni – açıq, aşkar

Məşbu – doymuş, tox

Təbşir – şad xəbər gətirmə

Ələm – bayraq, əlamət, nişan

 

Azərbaycan və İran

 

Tehran qəzetələri cümhuriyyətimiz naminə Tehrana gedən heyəti-mürəxxəsənin vürudini təbrik etməklə bərabər, “İran və biz” məqaləsində bəhs etdigimiz mövzui təcdid edərək “Azərbaycan”ın özündən degil, ismindən uzunuzadıya bəhs etməgə başlamışlardır. Başda möhtərəm “İran” qəzetəsi olduğu halda Tehran qəzetələri “Yeni doğmuş islam hökumətinin” adından “dilgir olduqlarını” qeyd ediyor, iki qardaş millətin arasına soyuqluq düşməməsi üçün “Azərbaycan” isminin dəgişməsini təklif ediyorlar. İran qəzetələrincə bizim, Qafqasiyanın bir qismindən ibarət olan məmləkətimizə Azərbaycan ismi verməgə həqqimiz yoxdur. Bu, İranın minəlqədim vilayəti kibi tanınan Azərbaycan əyalətinin həqqidir. Biz burada tarix, irq və coğrafiyaca Azərbaycan ismini daşımağa haqlı olub-olmadığımızı isbat və bu münasibətlə “İran” rəfiqi-möhtərəmimizin adla və istidlalatı həqqindəki mülahizələrimizi bəyan etmədən əvvəl bir mütaliə dərmiyan etmək istəriz:

Biz istərdik İran mətbuatı burasına diqqət etsin ki, Qafqasiyadakı azərbaycanlılar Azərbaycan kəlməsini coğrafi mənasından ziyadə qövmi bir mənada istemal ediyorlar. Dünyada yalnız bir Azərbaycan qitəsi degil, bir də Azərbaycan cəmaəti vardır. Bu cəmaət kəndisinə məxsus bir ləhcə ilə qonuşur türk əqvamından bir millətdir ki, “İran” rəfiqimiz bunlara “ətrakimüsəlmani-Qafqaz” diyor. “Ətraki-müsəlmani-Qafqaz”ın bir ədəbiyyatı var ki, adına Azərbaycan ədəbiyyatı denilir. Şairləri o dildə, Azərbaycan dilində və yaxud təbiri-mərufilə, şivəsində yazarlar. Məktəblərində o dili tədris edərlər. Mətbuatları o dildə yazılır. Teatrları, operaları o şivədə tərtib edilir. “Ətraki-müsəlmani-Qafqaz” ilə azərbaycanlı təbirinin eyni mənanı ifadə elədiklərini coğrafiya nöqteyi-əzərindən cərh eləmək mümkün olsa da, qövmiyyat nöqteyi-nəzərindən bunu inkar etmək mümkün degildir. Zira İrəvan, Gəncə və Bakı quberniyalarındakı “ətrak” ilə Ərdəbil, Marağa, Xalxal, Təbriz və Qaraca Dağ mahallarındakı “ətrak”ın biribirindən nə ilə ayrıldıqlarını bən iyi fərq edəmiyoram. Eyni lisan, eyni adət, eyni məzhəb, eyni ənənat burada da, orada da hökmfərma, ortada yalnız yüz sənəlik digər bir həyatisiyasiyyə ilə yaşamanın təsiratı mövcud. “Ətraki-müsəlmani-Qafqaz”ın “ətraki-müsəlmani-İran”

Kibi daha məruf bir ismi vardır – Azərbaycan türkü. Əski Şirvan, Muğan, Aran, Bərdə, Albaniya, Bəqrcan, nəhayət, Gəncə, Bakı, İrəvan vilayətləri ilə adlanan bugünki Azərbaycan Cümhuriyyətinin coğrafiya nöqteyi-nəzərindən bu ismə haqlı olduğu inkar olunsa da, burada böyük bir əksəriyyətlə yaşayan türklərin Azərbaycan türkcəsi ilə mütəkəllim bir millət olduqları cərh olunamaz.

 

(Ardı var)

 

1. “Azərbaycan qəzeti” 1918-ci il dekabrın 2-dən 1919-cu il fevralın 7-nə qədər ¹ 55, 57, 68, 75, 108

 

Şirməmməd HÜSEYNOV

525-ci qəzet.- 2013.- 12 oktybar.- S.26-27.