Nizami Tağısoy və onun "Meyxanənin poetikası" kitabı

 

 

 

ONLAR NƏ DEYİBLƏR: Təvəkkül Səlimov.

 

Azərbaycan (Abşeron) etnqrafiyası və folklor janrlarının tədqiqatçısı,

tarix elmləri doktoru                

 

Bir müddət öncə (2011) prof. Nizami Tağısoy və Zülaim Zakariyyanın müəllifliyi ilə nəşr edilən “Meyxanənin poetikası” kitabının (elmi redaktoru AMEA-nın müxbir üzvü Nizami Cəfərov) meydana gəlmə tarixi yüzillərlə ölçülən bu folklor janrının elmi əsaslarla öyrənilməsi istiqamətində hələlik ilk və ən sanballı elmi-tədqiqat əsərlərindəndir. Bu bir həqiqətdir ki, insan fəaliyyətinin bütün sahələrində birincilik təşəbbüsündə olmaq istəyi həmişə şəxsin istedadı, cəsarəti və sahə üzrə mükəmməl peşəkarlığı ilə bağlı olmuşdur. “Meyxanənin poetikası”nın yaranması da məhz qeyd olunan həqiqətin bariz nümunəsi hesab olunmalıdır. Belə ki, uzun illər ərzində yabançı yanaşılan, bəzən təqiblərə məruz qalan, yalnız keçən əsrin 90-cı illərində, ikinci müstəqillik dövründən, yenidən dirilərək inkişaf yoluna qədəm qoyan meyxana haqqında ortaya bu dərəcədə mükəmməl bir əsər qoymaq nəinki meyxana ifaçıları, bu nadir folklor janrına maraq və həvəs göstərmələri, habelə sahə mütəxəssisləri və ədəbiyyatşünaslar üçün dəyərli bir töhfədir. On bir fəsildən ibarət olan bu əsərdə meyxanənin tarixi, nəzəri məsələləri, kompozisiyası və üslubu, özəlliyi, janr rəngarəngliyi, bu sahənin inkişafında əruz vəzninin, musiqinin, nitq mədəniyyətinin ifaçılıq məharətinin mövqeyi, rolu və özünəməxsusluğu konkret nümunələr əsasında elmi təhlillərə söykənilərək araşdırılır. Əsəri maraqlı və oxunaqlı edən cəhətlərdən biri ondan ibarətdir ki, bu və ya digər məsələlərin təhlilində müəlliflər yerinə düşən çoxsaylı nümunələrə tez-tez müraciət edirlər. Digər yanaşma isə tanınmış söz ustadlarının arxivlərdə, ayrı-ayrı şəxslərdə qorunub saxlanılan, lakin bu günə qədər geniş oxucuya məlum olmayan bir çox meyxana nümunələrini ilk dəfə nəşr etdirmələridir. Əsərin daha təkmil nəşrini gözləməklə bərabər,  güman edirik ki, “Meyxanənin poetikası” kitabı folklor janrının bu sahəsi ilə məşğul olan, ona maraq və həvəs göstərənlərin, habelə gənc tədqiqatçı və ədəbiyyatşünasların stolüstü bir vəsaitinə çevriləcəkdir. 

 –Kitabdakı bölmələrdən belə başa düşürük ki, meyxana sənətinin bizim məişətimizdən tutmuş ədəbiyyatımıza qədər bir çox sahələrə birbaşa təsiri olub. Bu sahəni araşdırmaq çox müşkül işdir, məncə. Bu işdə Sizə yardımçı olan insanlar və alimlər barədə nə deyə bilərsiniz?

–Bir daha təkrar edim ki, kitabın araya-ərsəyə gəlmək məramı ilə onun ideyası, konsepsiyası, problematikası və mahiyyəti arasında xeyli fərqlər vardır. Əvvəl yalnız ayrı-ayrı meyxanəçilərin yaradıcılığından portret nümunələr kimi təqdim edilməsi nəzərdə tutulan bu kitab getdikcə meyxanənin öyrənilməsi ilə bağlı səmtə üz tutdu. Bunun səbəbini yuxarıda aydınlaşdırdım. Belə olduqda qarşımda tamamilə yeni  çətinliklər meydana çıxdı. Ən böyük çətinlik ondan ibarət oldu ki, meyxanələr bir janr kimi nə folklorşünaslığımızda, nə də ədəbiyyat tariximizdə öyrənilməmişdi. Və burada, hər şeydən əvvəl, plan-prospekt, konsepsiya ortaya qoymağa ehtiyac vardı. Bunu necə etmək lazım idi?! Bu barədə daha çox düşünməli oldum. “Meyxanənin poetikası” kitabına qədər mən iki  – “Səməd Vurğun dramaturgiyası rus dilində” (namizədlik),  XX əsr rus poeziyasının Azərbaycan dilinə tərcüməsi problemləri (20-80-ci illər)” (doktorluq) dissertasiyaları ilə yanaşı, həm də tədqiqat xarakterli “Karakalpakskaya literatura” dərsliyini yazmışdım (Tofiq müəllim bu kitabla tanış olmağa dəyər, hələ 2008-ci ildə Bakı Slavyan Universiteti ilə Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfirliyi bu kitabın prezentasiyasını keçirərkən onun elmi, nəzəri, tarixi, tədrisi və metodik cəhətləri yüksək qiymətləndirilmiş, Moskva, Özbəkistan və Qaraqalpaqstan ədəbiyyatşünasları ona böyük dəyər vermişdilər). Demək istəyirəm ki, 1986-cı ildə namizədlik, 1992-ci ildə doktorluq, 2007-ci ildə “Qaraqalpaq ədəbiyyatı” kitabının (hər onilliyə bir tədqiqat işi) ortaya qoyulması “Meyxanənin poetikası” əsərinin doğru-dürüst metodoloji konsepsiya əsasında işlənməsinə zəmin yaratdı. Problemə daha dərindən müdaxilə göstərdi ki, doğrudan da meyxanələr özünəməxsus bir janr olub həyat və məişətimizin müxtəlif sahələrini çevrələyən maraqlı nümunələrdir.

–Şübhəsiz bu uzun və ağır araşdırmalar zamanı bir çox mənbələrə müraciət olunub.Bu haqda bir iki kəlmə demənizi xahiş edərdim.

–Kitabda yer alacaq materialları sistemləşdirərkən mən əvvəl meyxanələrdən bəhs edən nümunələri nəzərdən keçirdikdən sonra onların konkret problematika əsasında təhlilini aparmağı zəruri hesab etdim. Bununla belə, Siz doğru qeyd edirsiniz ki, məsələnin özünü araşdırmaq kifayət qədər ağırdır. Çünki meyxanə və meyxanəçiliyin tarixini izlədikcə mən gedib qədim mənbələrə, adət-ənənələrə çıxdım. Meyxanəçiliyin şamanizmə, şamanların söylədiyi “kam katukanı” adlandırdıqları şeir parçalarına dirəndiyini gördüm. Müəyyən etdim ki, ruhlarla bağlı olan şamanlar ritual yerinə yetirərkən “kamlama  edir, əlləri ilə qavala döyür, ekstatik bir vəziyyətə gəlib düşürdülər. Belə olduğu hallarda şamanlar ruh çağırma, qurban kəsmə, şeytan qovma mərasimlərində rol oynamaqla bərabər, türkəçarəlik, falçılıq və xəstələri müalicə edər, nağıl söyləyər, şeirlər qoşar, məclislərə xoş ovqat gətirərdilər. Türklər islamı qəbul etdikdən sonra şamançılıqla islam arasında bəzi ziddiyyətlər yaşandı. Bununla belə şamançılıq islamı qəbul etmiş türklərdə tamamilə aradan çıxmadı. Onun bəzi elementləri xalq arasında ömrünü bir qədər simbioz şəkildə davam etdirdi. Ələvilik və sufi-dərvişlik təriqətlərinə öz təsirini göstərdi. Çünki sufilər (Əbu Reyhan Biruniyə görə “sufi” – “müdrik” deməkdir) öz mistik sevgisi ilə Allahı dərk edir, ona qovuşur, nurani-pirani vəziyyətə çatdıqdan sonra pirə çevrilirdilər. Buna görə sufilər intuitiv təfəkkür və dərkə can atmaqla xüsusi rəqs və yaxud saysız-hesabsız dua formullarını təkrarlamaqla ekstaza çatırdılar. Bu göstərir ki, islamiyyətin qəbulundan sonra şamanlıq öz yerini dərvişliyə verdi. Şamanlıq, sufi-dərvişlik, ozan-aşıqlıq, baxıcılıq – baxşılıq (yəni aşıqlıq) və falçılıq get-gedə meyxanəçilərdə özünü əks etdirirdi. Meyxanələrin tarixən qeyd etdiklərimlə bağlılığına həm digər çoxsaylı mənbələrdə, həm də prof. M.Qasımlı, prof. M.Hacıyeva, dos. M.Rıhtım və başqalarının əsərlərində yetərincə təsdiqlər tapmışam. Bu günün özündə Borçalı mahalında mövcud olan meyxanə məclislərinin sufi-dərviş ritualları, Maştağada fəaliyyət göstərib xəstələrə şəfa verən “Çıldağ”la bağlı olması da dediklərimi də təsdiqləyir.  Gördüyünüz kimi, meyxanələrin etimologiyasının, onların semantikasının sonrakı dövrlərdəki transformasiyasını   bu transformasiyanın bizim dövrümüzdə bir sıra incəsənət və sənət sahələrinə transfer olunmasını da göstərdikdə bu nümunələrin  heç də sıradan bir janr olmadığı sübut olunur.

–Yeri gəlmişkən, meyxanələr  hansı sənət və incəsənət sahələri ilə əlaqəlidir? Bunu da cavablandırmağı Sizdən xahiş edirəm.

–Meyxanələr, demək olar ki, həyatımızın bütün sferaları ilə əlaqəli olsa da, sənət və incəsənətə gəldikdə o ozan-aşıq sənəti (siz, yəqin ki, aşıqlarla meyxanəçilərin birgə ifalarını radio, televiziya və müxtəlif mədəni-kütləvi tədbirlərdə izləmisiz), bundan başqa meyxanələr estrada, xor, teatr, operetta, musiqili komediya və kino sənəti ilə də sıx əlaqədədir. Meyxanənin ifasında bu gün faktik olaraq iki janrın – meyxanənin və estradanın sintezindən istifadə olunur. Meyxanələrin xorla əlaqələrinə gəldikdə isə bəzi hallarda bu və ya digər nəzm parçalarının bir nəfər tərəfindən solo kimi, digər parçaların xorla təkrar olunmasında  rast gəlinir. Bundan Ü.Hacıbəylinin “Arşın mal alan” filminin çəkilişləri gedən zaman daha çox istifadə etmişlər. Meyxanələrin teatrla sıx əlaqələrini XX əsrin ilk iki onilliklərində səhnələrarası antraktlarda istifadə olunduğunu Q.Məmmədlinin “Azərbaycan teatrının salnaməsi” kitabında, Hacağa Abbasov və Əhməd Anatollunun “Xatirələr” və “Çuvalduz”unda, Əli İslam və Mirpaşanın “Hal-hazıra dair meyxanə”, Əli Ağa Vahidin “Satiragit Tyatrosunda deyilmiş meyxanələri”ndə geniş istifadə olunduğu göz önündə dayanır. Meyxanələrin opera və musiqili komediyada Ü.Hacıbəylinin “O olmasın, bu olsun”, “Koroğlu”, F.Əmirovun “Sevil”, V.Adıgözəlovun “Cütcülər”, M.Quliyevin “Aldanmış ulduzlar”, S.Rüstəmovun “Durna” operettasında, E.Sabitoğlunun “Hicran” musiqili komediyalarında istifadə olunduğunu da hamı görüb. Meyxanələrdəki satirik, sarkastik, ironik dil, yumorlu məzmun musiqili teatra xüsusi özəllik verdiyindən, müəlliflər və rejissorlar onlardan istifadəyə meyllidirlər. Bakı Musiqi Akademiyasının dosenti Aytac Rəhimovanın meyxanələrlə musiqinin uyğunluğuna ayrıca kitab həsr etməsi, onlar arasındakı yaxınlığı sübut edir. Meyxanə ilə kino sənətinin yaxınlığına gəldikdə isə müxtəsər olaraq onu söyləyim ki, bir sıra Azərbaycan kino-filmlərində “Bizim Cəbiş müəllim”, “Qəzəlxan”, “Nəsimi”, “Rəqiblər”, “Yuxu”, “Göy qurşağı” və d. Ramiz Mirişli, Aqşin Əlizadə, Xəyyam Mirzəzadə və başqa bəstəkarlarımız meyxanələrin köməyindən yetərincə yaralanmışlar. Bax, görürsünüzmü, meyxanələr, heç də bəzi psevdo mütəxəssislər dediyi kimi, gərəksiz bir janr deyildir.

 

    (Hər iki hissə davam edəcək)

525-ci qəzet.- 2013.- 12 oktybar.- S.23.