Sözlər – dəvə qatarı kimi
Mətbuatda bildirildiyi kimi “Yarımçıq əlyazma”
– “Sehrbazlar dərəsi” – “Unutmağa kimsə yox...” əsərlərindən ibarət
məşhur trilogiyanın
müəllifi yazıçı
Kamal Abdullanın “Romanlar” adlı yeni kitabı bu yaxınlarda Moskvanın “Xudojestvennaya literatura” nəşriyyatında çap
edilmişdir. Rus yazıçılarının
Moskvada çıxan nüfuzlu “Literaturnaya qazeta” nəşrinin son sayında tanınmış
ədəbiyyatşünas Anastasiya Yermakovanın həmin kitab haqqında məqalə-resenziyası
dərc olunmuşdur.
Məqaləni diqqətinizə çatdırırıq.
Müasir ədəbiyyatda görkəmli
Azərbaycan yazıçısı
Kamal Abdullanın öz məxsusi yeri vardır. Təkcə
ona görə yox ki, o unikal
epik pritça janrında yazır, həm də ona görə ki, onun romanlarının
mifik kökləri lap
dərinlərə işləyərək,
təhkiyənin məna
və stilistik toxumasına da nüfuz edir və ləngərli-təsirli,
özlü, eyni zamanda sərbəst fərdi intonasiyanı doğurur. Uzun, ahəngdar, təmkinli cümlələrdə sıralanan
sözlər sanki bir-birinin boyunu oxşayır: “Karvan ləhliyə-ləhliyə gecənin
səssizliyinə batırdı.
Hərdən dörd bir tərəfdə quru torpağa çöküb bir-birinə
qısılmış dəvələrdən
kövşəyən, atlardan
kişnəyən olurdu,
hardansa, bir az uzaqdan
ya köpək, ya qurd səsi
idi, qərib-qərib gəlib dürtürdü
özünü adamın
qulaqlarına. Başqa bir
şey yoxuydu bu məşum sakitliyi pozaydı. Orda-burda ocaq çatmışdılar, yorğunluqdan
üzülmüş gün
kimi çatır-çatır
yanıb közərməyində
idi, dəvələr
yerə çöküb,
bir-birinə qısılıb
üstünü mamır
basmış daş kimi hərəkətsiz qalmışdı, atlar, qatırlar da ki donmuş kölgələri xatırladırdılar...”
(“Sehrbazlar dərəsi”).
Kitabda iki roman: “Yarımçıq
əlyazma” və “Sehrbazlar dərəsi”, eləcə də, Kamal Abdullanın yaradıcılığından bəhs edən iki yazı – Lev Anninskinin “Paralel dünyaların sayrışması”
və Lüdmila Lavrovanın “Hələ ki şam yanır”
adlı məqalələri yer almışdır.
“Yarımçıq əlyazma”
müəllifdən təkcə
güclü təxəyyül
və məşhur Azərbaycan eposu “Kitabi Dədə-Qorqud”da müraciət etməyi deyil, eyni zamanda
arxivdə ciddi iş aparılmasını
da tələb edir ki, bu
barədə əsərin
ön sözündə
kifayət qədər
müfəssəl danışılır:
“Elə bilirəm ki, “Yarımçıq əlyazma” aldadıcı yarımçıqlığına baxmayaraq Qorqudşünaslıqda
bir təbəddülat
yaradacaq. Bir çox qaranlıq
və anlaşılmaz
mətləblərin üzərinə
işıq salacaq.
Amma o da istisna edilmir
ki, bu mətnin
təqdim etdiyi reallığın özünü
də şübhə
altına ala bilərlər.
“...” Dastan yazılışının
mifopoetik qanunlarını
uyğun olaraq bir növ heykəl
kimi yaradılmış
bir çox cansız obrazlar bu “Yarımçıq əlyazma”da birdən-birə
silkələnib canlanır,
yaşamağa – sevməyə,
nifrət eləməyə,
sədaqətli olmağa
kələk gəlməyə,
aldatmağa, gülməyə,
ağlamağa, bir sözlə, yaşamağa
başlayırlar. Sən
demə, onlar hər şeydən əvvəl adi, sadə insanlardılar – bəy və bəy oğlu, xan və xanzadələr
olmaqdan əvvəl nəfəs alan,
yaşayan canlı insanlar. Beləcənə
qədim Oğuz cəmiyyəti öz həqiqi, real mənəvi
sərhədlərində görünməyə
başlayır...”
Sufi müdrikliyi hopdurulmuş hər
iki romanda, iştirakçı şəxslərdən
tutmuş (şahlar, karvanbaşılar, cəlladlar,
cəsuslar), uzun pritça havasına qədər, hər şey güclü şərq kaloriti ilə süslənmişdir:
“...Bütün məhdud
və nəhayətsiz
olanlar bircə andan ibarətdir. Bu an həm keçmişi,
həm də gələcəyi ehtiva edir”, “Ölüm yaxşı şeydir – əgər onun yaxınlaşdığını hiss etmirsənsə...”, “Ruhlarımız
bizdən çox-çox
uzaqdırlar. Orada,
uzaqlarda onlar bizim kölgələrimizdir”,
“Zülmətdən keçən
yol bizi Tanrıya qovuşduran yoldur”, “Sonsuz İşıq zəifləmiş,
gücdən düşmüş
zülmətin arxasındadır”.
“Yarımçıq əlyazma” qismən sənədli əsər sayıla bilərsə, “Sehrbazlar dərəsi” – heyranlıqla oxunan, lirik, fəlsəfi fantaziyadır. Əsl sehrbazların (onlardan biri ölmüş insanların ruhunu çağırmağa qadirdir) məskunlaşdığı Vadi, karvanın ləng və uzun yolçuluğu, cəllad Məmmədqulunun və onun sevgilisi gözəl Pərnisənin faciəvi fiqurları, qəddar şah, kainatın müəmmalarına bələd olan sirli Ağ Dərviş, öz cəllad atasının ruhu ilə ən vacib məsələ haqqında söhbətləşən Karvanbaşı...
K. Abdulla romanının əsas toxumasını reallıqla təxəyyülün, miflə fantaziyanın gərgin hərtərəfli müşahidə ilə, eyni zamanda dolayı, mücərrəd hikmətlə çulğaşması təşkil edir. Müəllifin müraciət etdiyi ən sevimli və güclü bədii vasitələrdən biri – müqayisədir. “Pişik əski-üsküdə gizləndiyi kimi, sən də sükuta gizlənmisən”, “...Soluxmuş xatirələr köhnə xalçaların naxışlarına bənzəyir”, “...Cümlədəki sözlər eynən dəvə qatarını xatırladır”.
Sonuncu müqayisə müəllifin üslubi manerasını əks etdirən ən gözəl nümunədir – sözlər karvanda dəvələr kimidir, öz nizamlı, ağır, səbatlı yürüşləri ilə çoxqatlı, çoxmənalı bədii dünya yaradırlar.
Kamal Abdullanı modernist yazıçı adlandırırlar, bu qismən gerçəyi əks etdirir – “Yarımçıq əlyazma” romanı bunun sübutudur. Ancaq belə də demək olar: müəllif eyni zamanda həm realist, həm də mistikdir. Bu mümkündürmü? Kamal Abdullanın işlədiyi janrda tamamilə mümkündür. Təkrar edirəm, bu – epik pritça janrıdır. Müasir realiyalar çərçivəsində deyil, metafizik kateqoriyalar müstəvisində dərindən idrak edilən, real tarixlə, eyni zamanda sərbəst müəllif təxəyyülü ilə lehimlənmiş eposdur.
Kamal Abdullanın pritçaları şəksiz cazibəyə malikdir. Cərəyan edən hadisələrin qabarıq, gözlə görünən mənzərələri, sözü zövqlə yarıda saxlamaq məharəti məna genişliyi və fikrə dalmaq imkanı yaradır, oxucu uzun müddət bu həzzin sehrində qalır.
Yazıçı, filologiya doktoru və “Xudojestvennaya literatura” nəşriyyatının elmi məsləhətçisi Abuzər Bağırovun uğurlu giriş məqaləsini və Kamal Abdulla nəsrinin təkrarolunmaz kaloritini gözəl rus dilində ifadə etmiş Lüdmila Lavrovanın peşəkar tərcüməsini (“Sehrbazlar dərəsi” romanı) ayrıca qeyd etməliyik.
Anastasiya Yermakova
525-ci qəzet.-
2013.- 12 oktybar.- S.16.