“Siz teatrı
sevirsiniz?”
O gün
məni “Səyyar xəyal” (S.Vurğun) tələbəlik illərimə
aparmışdı. Siyasət adamı
olmadığım üçün hərdən sentimental
ovqatda yaşamağı özümə rəva bilirəm.
Çox məqamları xatırladım; maddi
sıxıntılarla bərabər, müəllimlərim, təhsil
illərim, uğurlu, uğursuz imtahan günləri, əlimə
düşən kitabları acgözlüklə, yuxuma haram
qatmaqla oxuduğum, tələbəlik dostlarımızın
dadlı sərgüzəştləri yadıma
düşdü. Bir də V.Belinskinin o zaman oxuduğum və
uzun zaman unuda bilmədiyim, düşüncəmdə iz
qoymuş “Siz teatrı sevirsiniz?” adlı məqaləsini
xatırladım... O zaman da, indi də, bunun sadəcə sual,
yaxud teatra xəyanət edən şəxsə ünvanlanan
ittiham olduğu barədə düşünməli oluram.
Axı, teatrı sevmədən, hətta onun Məcnunu
olmadan necə yaşamaq, yaratmaq olar?! Bizim müəllimlərimizin
ən böyük xidməti qəlbimizdə,
düşüncəmizdə həmin sevgi toxumlarını
cücərtmək olub. Və bizlər
teatra, “gəldik ki, olaq qəmin hərifi” (M.Füzuli).
Teatr sənəti bütün əsrlərdə, bütün
ölkələrdə qınaq və təqib obyekti də
olub, heyrət və heyranlıq obyekti də. Bu gün də
belədir. Amma fərq burasındadır ki, bu gün, istər
MDB-də, istərsə də Avropa ölkələrində
teatr ciddi və xüsusi əhəmiyyət kəsb edən
sahə olduğu üçün nadan və
qaragüruhçu ünsürlər, bilgisi az
olan qeyri-professionallar ora daxil ola bilmirlər.
Son vaxtlar Azərbaycan teatr sənətinə dövlət
qayğısının artması sayəsində bu sahədə
ciddi addımlar atılır, ayrı-ayrı teatrların sənət
uğurları əsl mədəniyyət faktına
çevrilir.
Bu, uzun illik ətalət halından sonra, milli
teatr sənətimizin dirçəlmə prosesi
yaşadığının sübutu kimi teatrsevərlərin
əksəriyyətində fərəhli hisslər oyatsa da, nədənsə,
bəzilərini qıcıqlandırır, qərəzli hikkələrin
doğurduğu qərəz dolu ittihamlar mətbuat səhifələrinə
çıxarılır. Qaşınmayan
yeri qaşımaq, stəkanda fırtına yaratmaq cəhdləri
ilə daha çox nadanlıqlarını ortaya qoyan belələri,
reytinq həşirində olduqları üçün
gülünc vəziyyətə düşmələrinin belə
fərqində deyillər. Vicdanlarının
lüğətində “ayıbdır” sözü olmayan belələrindən
biri teatra cırmaq atır, digəri çirkab, bir
başqası isə ona nəyi etməli və necə etməli
olduğunu öyrətməyə cəhd edir.
Akademik Milli Dram Teatrı bu baxımdan daha böyük
hücumlara məruz qalır. Və bu,
dünyanın çağdaş prosesindən xəbərsiz,
intellektual araşdırma niyyəti olmayan kəslər tərəfindən
edilir. Həmin hücumlar, ittihamlar, təhdidlər
nə üçündür və kimə lazımdır?
Bunu təşkil edənlərin,
icraçıların istəkləri və hədəfləri
nədir? Mahiyyətcə yaramaz olan bu əməllərin
milli teatr mədəniyyətimizə təəssübkeşlikdən
qaynaqlandığını ehtimal etmək belə
mümkün deyil. Çünki həmin
müəlliflərin hansı mənəviyyat sahibi olduğu
çoxlarına məlumdur.
Şəxsən mən bu yazılara əhəmiyyət
vermir, onların müəlliflərinə hər hansı
şəkildə cavab verməyi lazım bilmirəm. Ən azı, ona görə
ki, qalmaqal yaratmaq, ara qarışdırmaq,
imzasını tanıtmaq üçün canfəşanlıq
edən belələrinin nə özlərini, nə
yazılarını ciddi hesab etmirəm. Amma “525-ci qəzet”in 5 oktyabr
2013-cü il tarixində tanınmış
teatrşünas, sənətşünaslıq elmləri
doktoru, professor İlham Rəhimlinin “Məramsız
addımlar” adlı yazısı mənə qəribə gəldi
və məyus etdi.
Yazının
elə əvvəlindən
teatrşünaslığımızda yer almayan “Soltan
Dadaşov teatrı”, “Vəli Babayev teatrı”, “Azər
Paşa Nemət teatrı”, “Mehdi Məmmədov teatrı”,
“Hüseyn Sultanov teatrı” kimi ifadələr
işlətməsi mənə qəribə gəldi. Ona
görə qəribə gəldi ki, qırx il çörək
kəsdiyim, dostluq etdiyim İ.Rəhimli, mənə
bağışladığı kitablarındakı
avtoqraflarında dostum, qardaşım sözləri yazan, bir
sıra kitablarına məni redaktor seçən İ.Rəhimli,
Akademik Milli Dram Teatrına rəhbərlik etdiyim ötən
üç il ərzində bir dəfə də olsun mənə
heç bir irad bildirməyən, əksinə, fəaliyyətimi
təqdir edən İ.Rəhimli hiddətini mətbuat vasitəsilə
çatdırır və məni dostu kimi yox, tələbəlik
illərindən tanıdığı, onlarla yaxın-uzaq
tanışlarından biri kimi təqdim edir. Halbuki, ötən
qırx il ərzində biri-birimizin xeyrində,
şərində fəal iştirak etmişik, ailə üzvlərimiz
də bir-birilərini yaxşı tanıyırlar.
Azərbaycan
folkloruna yaxşı bələd olan professor İ.Rəhimli
aşığın “dost arası sözsüz olmaz” deyimini
xatırlamalı, münasibətləri ekran və mətbuat
vasitəsi ilə müəyyənləşdirməməli
idi. Rəhbərliyində
çalışdığı “Mədəniyyət”
kanalında apardığı teatrla bağlı silsilə
verilişlərdə müsahibinin hansı mövzuda
danışmağından asılı olmayaraq, söhbəti
ona rahatlıq verməyən baş rejissor məsələsinin
üzərinə gətirməklə, İ.Rəhimli,
subyektiv qənaətləri ilə bərabər, mənim
ünvanıma hədyanlar söyləməyi də unutmurdu.
Nə etmək olar, görünür, onun belə
münasibəti üçün ciddi əsası var. Olsun.
Amma ondan fərqli olaraq, mən qarşıma
süfrə açan, ən azı bir stəkan çay qoyan
anasının (Allah rəhmət eləsin)
bacılarının və qardaşlarının (Allah qorusun)
boynumda haqları olduğunu heç vaxt unuda bilmərəm.
Mənə qəribə gələni dedim,
məyus edən səbəbi də deməliyəm.
Azərbaycan teatr tarixinə aid neçə-neçə
samballı kitabların müəllifi olan professor İ.Rəhimlinin
elmi-nəzəri dünyagörüş baxımından
ötən illər ərzində bu qədər gerilədiyini
görməyim mənə ağır gəldi.
Təəssüf
ki, bu yazı, mətbuatda ilk addımlarını atan, ağına-bozuna
baxmayan təcrübəsiz bir gəncin, iradlarının məsuliyyətini
dərk etməyən bir diletantın müştəbehliyi təsiri
bağışlayır. Onu oxuduqca düşünürsən
ki, bu müəllifin çağdaş teatr prosesindən, o
cümlədən, bu gün qonşu Gürcüstan,
qardaş Türkiyə, Polşa, İtaliya, İngiltərə,
Rusiya, bir küll halında götürsək, dünya teatr həyatında
baş verənlərdən xəbəri yoxdur. Yəni
yazı müəllifi az qala unudub ki, Azərbaycan
müstəqil dövlətdir və onun çağdaş mədəniyyət
oriyentirləri bir vaxtlar Sovet İttifaqında “işləyən”
meyarlara uyğun deyil. Unudub ki, indiyədək bildikləri,
istinad etdiyi yanaşma tərzi o qədər köhnəlib ki,
onların perspektivsizliyi açıq-aşkardır.
Bəlli həqiqət olsa da, bir daha xatırlatmalı
oluram ki, hər hansı yazı müəllifi mövzusunu və
predmetini mükəmməl bilməlidir. Yəni bu
gün sovet dövrünün ənənələrini
yaşatmaq mənasızdır. Belə ki,
rastla cahargahı, bayatı-şirazla humayunu fərqləndirə
bilməyənin muğamat barədə danışması, ərəb
dilini bilməyənin hədisşunaslığa aid məsələlərdən
söhbət açması vaxtları çoxdan ötüb.
Odur ki, çağdaş teatr prosesindən xəbərsiz
olub, yeni ictimai-mədəni reallıqlar müstəvisində
teatr işinin idarəetmə mexanizmi barədə məsləhət
verməyin adı nədir?
M.Qorkinin qəhrəmanlarından birinin sözləri ilə
desək “Keçmişin karetasında uzağa gedə bilməzsən”. Başqa sözlə,
çağdaş elmi-nəzəri səviyyə baxımdan
dostum (o məni dost hesab eləməsə də), professor
İ.Rəhimlinin belə geriləməyi məni məyus
etdi. Onun çağdaş teatr
düşüncəsi ilə uyuşmayan mülahizələri
sanki məlumatsız auditoriyaya hesablanıb.
Əvvəla,
o məsələni ki, professor İ.Rəhimli qabardıb, az
qala, problem kimi qaldırmağa cəhd edib, dünya teatr həyatının
gündəliyində belə bir problem yaxın otuz ildir ki,
yoxdur və dünyanın sağlam düşüncəli
heç bir teatrşünasının bu mövzunu çeynəmək
ağlına belə
gəlmir. Sonrası, yazının əvvəlində
professor İ.Rəhimlinin örnək hesab edib
sadaladığı tanınmış rejissorların əksəriyyətinin
öz teatrı olmadığı üçün, onların
adı ilə tanınan teatr da olmayıb. Yəni
L.Viskonti, B.Brext, İ.Berqman və başqaları barədə
yazanda bir qədər səliqəli olmaq lazımdır. P.Bruka gəlincə (mən qabaqcıl Avropa
teatrlarının digər rəhbərləri kimi onunla da
şəxsən tanışam), onun başçılıq
etdiyi “Teatr mərkəzi” İngiltərədə yox, Parisdədir.
Bunları bilmək üçün (qəribədir ki, o,
dünya teatrındakı son 10-15 illik proseslərdən xəbərsiz
təsəvvürü yaradır) professor İ.Rəhimli, ya
çağdaş dünya teatrının
yaradıcılıq həyatını öyrənməli
idi, ya da məndən (lap elə telefonda) soruşmalı idi,
çünki O, Aşqabad, Dərbənd, Tənqid-təbliğ,
İşçi, Kolxoz, Sovxoz teatrlarını yaxşı
bildiyi kimi, mən də antik dövr, Avropa və ABŞ teatr
tarixinə bələdəm. Azərbaycanın milli teatr tarixinə aid məsələlərlə,
o dövrün ayrı–ayrı sənət hadisələri və
illəri ilə bağlı faktları mən professor İ.Rəhimlinin
kitablarından, bəzən də özündən öyrənib,
minnətdarlıqla öz tədqiqatlarımda
istifadə etmişəm.
Yazısının
bir yerində professor İ.Rəhimli yazır ki; “Moskvada MXAT,
Satira, Vaxtanqov, Mayakovski, Malı Bronnı, Taqanka, Peterburqda
Böyük Dram, Tiflisdə Rustaveli, Marcanaşvili, Litvada
Panevejis... teatrlarının yaradıcılıq sərkərdələri
həmişə baş rejissorlar olublar və indi də bu ənənə
davam edir”. Belə görünür ki, onun, qeyd
etdiyi teatrların bu günü, o cümlədən,
oradakı yaradıcılıq ab-havası barədə məlumatı
yoxdur. Çünki müəllifin istinad
etdiyi örnəklər ötən əsrin 70-80-ci illərinin
məlumatlarıdır. Halbuki mən (qeyri-təvazökar
görünsəm də) onun, haqqında ordan-burdan
götürdüyü “faktlar”dan fərqli olaraq, yuxarıda
qeyd etdiyim kimi, istər MDB məkanındakı teatrların,
istərsə də Avropanın tanınmış
teatrlarının rəhbərləri ilə təmasdayam, bəziləri
ilə şəxsi yaradıcılıq və dostluq əlaqələrim
var. Deməliyəm ki, nə bir zamanlar G.Tovstonoqovun, nə
Y.Miltinisin, nə Y.Qrotovskinin, nə A.Efrosun, nə Y.Lyubimovun,
nə də K.Simonovun teatr əfsanəsindən bir şey
qalmayıb.
Məni məyus edən səbəblərə
qayıdıb, onu da deyim ki, sənətşünaslıq elmləri
doktoru, professor İ.Rəhimli yazısında bütün məqalə
boyu elmi-nəzəri meyara, alim yanaşmasına, intellekt
işartısına rast gəlməməyim təbii ki, məni
məyus etdi.
Yəni bu, həmin professor İ.Rəhimlidir ki,
yazılarındakı obyektiv mövqe, elmi-faktoloji biçim,
predmetə səriştəli baxış onu
başqalarından fərqləndirərdi. Axı, bir
zamanlar Azərbaycan teatr tarixinə aid, ayrı-ayrı sənət
adamlarının həyat və
yaradıcılığına həsr edilmiş
çoxsaylı kitabların, monoqrafiyaların, elmi-nəzəri
məqalələrin müəllifi kimi professor İ.Rəhimli
milli teatrşünaslığımızda özünəməxsus
yeri olan alim idi. Xüsusi olaraq qeyd edim ki, gərgin
zəhməti, uzun illik elmi araşdırmaları sayəsində
ərsəyə gətirdiyi cild-cild kitablar professor İ.Rəhimlinin
simasında teatrşünaslıq elmimizin şəksiz
uğurlarıdır. Belə ki,
teatrşünaslardan ibarət böyük bir qrupun görə
biləcəyi işləri, professor İ.Rəhimli təkbaşına
görməyi bacarmışdı. Bəs,
indi nə olub ona? Tükənib? İnanmıram. Fikrimcə, o,
ömrünü kiçik işlərə “xərcləyir”.
Dayazda üzüb, məharətli görünmək
təkəbbüründən əziyyət çəkir.
Amma mən onu belə tanımırdım.
O bu yazısında elə zəif görünür ki, mülahizələri
miqyaslı estetik düşüncələrə yox, teatrətrafı
qeybətlərə əsaslanır. O səbəbdən həmin
mülahizələr bacarıqlı jurnalist bükməsində
təqdim edilsə də, içərisi yalanla, böhtanla və
qərəzlə doludur.
Professor İ.Rəhimli teatrın praktik həyatında
bilavasitə şahidi olmadığı, konkret faktlara söykənməyən
məsələlər barəsində, şəxsən mənim
barəmdə qara yaxmağı özünə
sığışdırır. Dəvət olunan
rejissorların rol bölgüsündən başlamış,
repertuar tərtibinə qədər, fəxri adlara təqdimatlardan
tutmuş, teatra rəhbərlik işindəki fəaliyyətimə
qədər böhtan və yalan dolu ittihamlar söyləyən
professor İ.Rəhimli teatrşünas olduğunu unutmayıb
ki? Unutmayıb ki, on ildən artıq bu
kollektivdə çalışıb və necə
çalışdığının şahidləri onu
yaxşı tanıyırlar.
“Akademik Teatrda repertuar siyasətini (ötən əsrin
50-cı illərindən qalan bu ifadəni, təkcə o
işlədə bilərdi – İ.İ.) direktor qurur”. Maraqlıdır, görəsən,
onun teatrda ədəbi hissə müdiri işlədiyi illərdə
repertuarı kim qururdu? Görəsən,
professor İ.Rəhimli görkəmli rejissor Tofiq Kazımovum
Akademik Dram Teatrında baş rejissoru olduğu dövrdə
repertuarın necə qurulduğunu bilir? Görünür,
bilmir. Mən prosesdə iştirak edən adam kimi deyə
bilərəm ki, hər rejissorun, yəni Mehdi Məmmədovun,
Ələsgər Şərifovun, Əşrəf Quliyevin və
Tofiq Kazımovun özü seçdikləri “pyesi” teatrın
o zamankı direktoru – Bədii Şuranın sədri Əli
İsmayılova təqdim edir və həmin əsərlər
Şuranın təsdiqindən sonra repertuara daxil edilirdi. Yəni
Tofiq Kazımovun baş rejissor olduğuna baxmayaraq, “Canlı
meyit”, “Məkr və məhəbbət”, “Dəli
yığıncağı”, “Şeytanın şagirdi”,
“Qılınc və qələm” kimi digər tamaşalar da məhz
Bədii Şuranın qərarı ilə repertuara daxil
edilmişdilər. Mənim Akademik Milli Dram
Teatrının Bədii Şurasının sədri olaraq, onun
üzvləri ilə bərabər repertuar tərtibi
işimizdə qüsurumuzu nədə görür İ.Rəhimli?!
Əgər həqiqətən işimizdə
qüsurları görürdüsə, çoxsaylı
görüşlərimizdə, saatlarla çəkən
söhbətlərimizdə bunu niyə söyləmirdi mənə?
O İ.Rəhimli ki, 2011-2012-ci illərdə mənim
teatrdakı fəaliyyətimi təqdir edirdi. Məgər on
bir il teatrda ədəbi hissə müdiri
vəzifəsini tutan İ.Rəhimli bilmir ki, dövlət
sifarişi ilə hazırlanan tamaşaların Bədii
Şura tərəfindən təqdim edilən
siyahısının təsdiqi Mədəniyyət və
Turizm Nazirliyi tərəfindən həyata keçirilir?
Maraqlıdır ki, bir abzasda İ.Rəhimli lap
birbaşa teatr direktorunun işinə qarışır, guya
aktyorların halına yanır, guya onların günlərlə,
həftələrlə direktorun qəbuluna düşə
bilmədiklərinə acıyır. Sonrakı abzasların
birində isə, aktyorları kollektivdən
uzaqlaşdırmağın “müdrik” üsulları barədə
tövsiyələr verir.
Akademik teatrın beynəlxalq teatr festivallarında
qazandığı uğurlardan bəhs etdiyi məqamda İ.Rəhimli
qəzəbini gizlətmir. “Bu tamaşalar
direktorun deyil, ondan əvvəlki rejissorların, truppanın
qabaqcıl aktyorlarının yaradıcılıq nailiyyətidir”
yazır.
Məni tanıyanlar yaxşı bilir ki,
çalışdığım dövr ərzində
heç vaxt etdiklərimi dilə gətirib qürrələnməmiş,
bir qayda olaraq, hər dəfə verdiyim müsahibələrdə
teatrın kollektivinin uğurlarını qeyd etmişəm. Bu həqiqətdir,
çünki Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi,
kollektivin səyləri olmasaydı, heç bir uğur qazana
bilməzdik. Amma burasını deyim ki,
bizim ölkədən kənardakı üç tamaşadan,
təkcə “Xəcalət”in məndən əvvəl
hazırlandığını bildiyi halda, Professor İ.Rəhimli
nahaq danışır. Axı, ay hörmətli professor,
məsələ nəyin nə vaxt və kim
tərəfindən edilməsində deyil, milli
teatrımızın ümumi uğurundandır. O biri məsələyə,
yəni mənim kimisə günlərlə, həftələrlə
qəbul etməməyimə gəlincə, bu, İ.Rəhimlinin
alimlik iddiasına yaraşdırmadığım iftiradır.
Sonrası, İ.Rəhimli öz işləri ilə, “Mədəniyyət”
kanalının verilişlərinin keyfiyyəti və səviyyəsi
ilə məşğul olsa, daha doğru iş görər. Mən onun “Mədəniyyət” kanalındakı fəaliyyətini
təftiş etmirəm.
Məni məyus edən abzasları oxuduqca, professor
İ.Rəhimlinin yalnız özünə aydın olan,
praktik teatrın yaradıcılıq həyatına dəxli
olmayan söz yığını onların müəllifinin
savad səviyyəsini aydın göstərir. Truppaya yeni qəbul edilən
aktyorlar barədə İ.Rəhimli yazır ki; “onlar
tamaşalarda hərəkət plastikaları, (?) səhnə danışığı prinsipləri,
(?) mizanların icrası, (?) yöndaşlarla səmimiyyət
(?) qurmaq baxımından ansamblda yad görünürlər”.
Mülahizələrinin
mütləq həqiqət, alternativsiz arqumentlərlə zəngin
olması qənaətindən, ya nədənsə, professor
İ.Rəhimli məişət xarakteri daşıyan populist
ifadələrlə, son illər teatr truppasına qəbul edilən
aktyorların (Elşən Rüstəmov, Ayşad Məmmədov,
Hikmət Rəhimov, İlahə Həsənova nəzərdə
tutulur) guya “teatrın yaradıcılıq yolunun estetik incəliklərini
(doğrusu bu ifadənin mənasını bilmirəm –
İ.İ.) tuta bilmədiklərini qeyd edir” və onun konkret
olaraq kimdən bəhs etdiyi oxucuya bəlli olmur.
Məqalənin əvvəlində olduğu kimi sonunda da
professor İ.Rəhimli həmin suala qayıdır. Teatrın
yaradıcılıq simasını direktor müəyyənləşdirir,
yoxsa baş rejissor? Bu, yuxarıda qeyd
etdiyim kimi, vaxtı ötmüş sadəlövh sualdır.
Teatrın təşkilatlanma və struktur məsələlərinə
toxunan professor İ.Rəhimli bu sahədə öncül
mütəxəssislərdən olan sənətşünas
alim Ədalət Vəliyevdən məsləhətlər
alsaydı, bu qədər səriştəsiz görsənməzdi.
Şəxsən mən müxtəlif məsələlərlə
bağlı tez-tez ona müraciət edirəm. Yeri gəlmişkən, onu da qeyd edim ki, “Azərbaycan
Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramında nəzərdə
tutulan kompleks tədbirlərin Mədəniyyət və Turizm
Nazirliyi tərəfindən həyata keçirilən prosesinə
məhz Ə.Vəliyev başçılıq edir. O da
təsdiq edər ki, ölkəmizin teatr sistemində uğurla
həyata keçirilən islahatların tərkib hissəsi
olan əməkdaşlarla kontrakt əsasında münasibətlərin
qurulması, quruluşçu rejissorların təhkimçilikdən
qurtulub, qonorar əsasında çalışması, onlara sərbəst
yaradıcılıq imkanlarının yaradılması,
ölkəmizdə teatr işini ətalətdən
inkişafa yönəldən olduqca əhəmiyyətli
addımlardır.
Qədim hind müdriklərinin belə bir kəlamı
yadıma düşdü; “Düz sualın bir cavabı var, əyri
sualın çox. Sualı verəndən asılıdır... ”. Yazıda
C.Cabbarlının qəhrəmanı Ocaqqulunun sualı
yadıma düşdü: – Hər binanın bir ustası, hər
məxluqun bir xaliqi var, ya yox? – sualına bənzəyən
ritorik suala professor İ.Rəhimlinin gözlədiyi cavaba gəlincə,
deməliyəm ki, repertuar teatrın yaradıcılıq
simasıdır və dünya teatr təcrübəsinə
istinad edib deyə bilərəm ki, onu professional müəyyənləşdirir.
O professional ki, müasir dünyadakı mədəni prosesləri,
o cümlədən, səhnə sənətinin qanunauyğun
inkişaf tendensiyalarını, multikulturizm prinsiplərini dərk
edir. O professional ki, milli teatr ənənələrinin
inkişafını təmin etməyi bacarır, nə edəcəyini
aydın bilir və onun tətbiqini təmin edir.
Dünya teatr prosesindən bəhrələnmənin nəticəsi
olaraq, teatrın praktik həyatında innovasiyaların tətbiqi,
təbii olaraq, bədii yaradıcılığa əhəmiyyətli
təsir göstərir, qarşıda yeni inkişaf perspektivləri
açır.
Bu sadə həqiqət nəzərə alınmalıdır
ki, artıq milli teatrımızda dünya teatr prosesinin qəbul
edilmiş meyarları ilə uzlaşan yaradıcılıq
mühitinin yaradılmasına ehtiyac var. Və həmin
yaradıcılıq mühiti professor İ.Rəhimlinin istinad
etdiyi ötən əsrin 60-cı illərindəki teatra rəhbərlik
metodları ilə deyil, prinsipcə yeni ideya-estetik tələblərlə
nizamlanan yaradıcılıq strategiyası ilə realizə
edilir. Odur ki, biz “Teatr və teatr fəaliyyəti
haqqında” Qanunda nəzərdə tutulan prodüsserlik və
teatr menecmenti üzrə mütəxəssislər cəlb
edilməsinə, bununla da səhnə sənətinin funksional
həyatını canlandırmağa yönələn tədbirlər
həyata keçiririk.
Teatrsevərlərə
məlumdur ki, kollektivimiz teatrın yeni təmir edilmiş
binasında 2011-ci il mart ayının 10-da fəaliyyətə
başlayıb, yəni
ötən 2 il 6 ay ərzində 22 tamaşa hazırlanıb. Teatrımız 5
Beynəlxalq teatr festivalında iştirak etmiş, 3
qastrol səfərində olmuş, 18 yubiley tədbirini
keçirmişdir. Ötən iki il ərzində teatra təcrübəli
rejissorlar, Azər Paşa Nemətov, Vaqif İbrahimoğlu, Mərahim
Fərzəlibəyov, Bəhram Osmanov, Mehriban Ələkbərzadəylə
bərabər Tural Mustafayev, Mikayıl Mikayılov, Nicat
Kazımov, Loğman Kərimov, Firudin Məhərrəmov,
Gümrah Ömər, Namiq Ağayev kimi cavan rejissorlar
quruluş üçün dəvət edilmişdir.
Teatrımızın baş rəssamı Nazim Bəykişiyevlə
yanaşı, gənc teatr rəssamları Mustafa Mustafayev, Ülviyyə Zərbəliyeva
və başqaları teatra cəlb edilmişdir.
Truppanın
yaradıcılıq keyfiyyətlərinin
təkmilləşməsi məqsədi ilə vokal və
plastika, trenaj zalında mütəxəssislərin rəhbərliyi
ilə fiziki hazırlıq məşğələləri təşkil
edilmişdir. Bundan başqa, aktyor sənəti, səhnə
danışığı, səhnə texnikası üzrə
treninqlər, ingilis dili məşğələləri, teatr
və teatr tənqidi əlaqələrinin formalaşması məqsədi
ilə teatrda gənc teatrşünasların
laboratoriyasının fəaliyyəti təşkil edilmiş,
truppanın sağlamlığını təmin etmək məqsədi
ilə xüsusi müalicə kompleksində truppanın
müayinə və müalicə məsələləri həll
edilmişdir.
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq teatr konfranslarının, ayrı-ayrı ölkələrdə iştirak etdiyimiz Beynəlxalq teatr festivallarının müstəsna əhəmiyyəti oldu. Məhz bu bəhrələnmələr milli teatrımızın XXI əsrdəki estetik fəaliyyət strategiyası haqqında perspektivli layihələr həyata keçirmək niyyətimizi labüdləşdirdi.
İnkişaf edən dünya ölkələrinin teatrlarının əsas götürdükləri fəaliyyət modellərindən olan Şərqi Avropa modelini daha münasib hesab edib, hazırda “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının tələblərinə uyğun olaraq, milli teatrımızın yaradıcılıq istiqamətlərinin perspektivinin prinsipləri üzərində işləyirik.
Qurani-şərifdə Allahu Təbərük Təala buyurur ki, “Biz cəza olaraq onların qulaqlarını və gözlərini qapatdıq”. Bizim addımlarımızın hansı mərama doğru getdiyini görənlər çoxdur. Məni tələbəlik illərindən tanıyan professor İ.Rəhimliyə gəlincə, onun bizim məramımızı görmədiyinə təəssüflənir, hansı tərəfə baxdığını, nə axtardığını bilmirəm. Bu əməlindən nə qazandığını da bilmirəm. Amma 60 yaşını ötmüş bir insanın, bir alimin nəyi itirdiyini, kimi itirdiyini yaxşı bilirəm. Onu da bilirəm ki, 11 il çalışdığı teatra diş qıcırtmaq yaxşı iş deyil. Teatrı sevmək lazımdır. Onu, orada çalışanları nəyə görəsə yox, sadəcə, təmənnasız sevmək lazımdır.
“Mən teatrı çox sevirəm. Bu ötəri hiss deyil. İçimdən gələn bir məhəbbətdir”. Bu sözlər Ulu Öndərimiz, unudulmaz Heydər Əliyevə məxsusdur. Bax, teatrı belə sevərlər, İ.Rəhimli.
İsrafil İsrafilov
akademik Milli Dram Teatrının
direktoru, Sənətşünaslıq elmləri doktoru,
professor
525-ci qəzet.-
2013.- 12 oktyabr.- S.24-25.