Bakı və Azərbaycan
tarixinə dair əsərlər
Məhəmməd
Əmin Rəsulzadə
(1918-1919)
M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan “Tərcümani-həqiqət” qəzetində Bakı ilə əlaqədar verdiyi bəyanat, 1918-ci il noyabrın əvvəllərində İstanbuldan vətənə döndükdən sonra, 1918-ci il dekabrın 2-dən başlayaraq “Azərbaycan” qəzetində “Azərbaycan paytaxtı” sərlövhəsi ilə dərc olunan elmi araşdırmaları, habelə müstəqil dövlətimizin Azərbaycan adlanması ilə əlaqədar İran iddialarına cavab olaraq yazdığı “İran və biz”, “Azərbaycan və İran”, “İran – Azərbaycan” sərlövhəli məqalələri, həmçinin Cümhuriyyətin bir illiyi ilə əlaqədar “İstiqlal” məcmuəsində dərc olunmuş “Azərbaycan Cümhuriyyəti” adlı əsəri daxil edilmişdir. Zənnimizcə, oxucular üçün faydalı olacaqdır.
Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi: Şirməmməd Hüseynov
Transliterasiyanın
redaktorları: professor Şamil Vəliyev,
elmi
işçi Samir Xalidoğlu (Mirzəyev)
Redaktor:
filologiya üzrə fəlsəfə doktoru Aygün
Əzimova.
Böyük
müharibənin və misilsiz inqilabın nəticəsində
zühura gələn növzad hökumətlərin istinad elədikləri
ən qüvvətli və ən sağlam bir məbnaları
vardır: qövmiyyət binası. Tarix,
coğrafiya, strateji mülahizatı ikinci,
üçüncü dərəcədə gəlir
mülahizələrdir. Yeni bir hökumətin
təsis üçün ən əvvəlcə yekvücud
bir milliyyət təşkil edən qövmin kəndisini
tanımasıdır. İştə Azərbaycan
Cümhuriyyəti Tehran qəzetələrinin
düşündügü kibi bir takım “xəyalpərvər”
cavanların uydurub “mülahizəsiz” qocalara qəbul etdirdikləri
bir ism degildir. Azərbaycan Cümhuriyyəti
müstəqil bir həyati-milliyyə ilə yaşamaq istəyən
və milliyyətlərini dərk etmiş bulunan Azərbaycan
türk millətinin təsis elədigi bir hökumətdir.
Diyorlar ki, “isminizi dəgişin də biz sizi
böyük bir qardaş kibi dərağuş” edək. Yoxsa biz sizdən “mükəddər və zəniniz”
(“Gülşən”, nömrə 85).
Bizdən neçün zənindirlər? Təsəvvür
etmək lazım gəlir ki, İranın bir vilayəti olan Azərbaycanın
ismini aldığımız kibi müsəmmasına da
gözümüz vardır. Cümhuriyyətimizin,
cümhuriyyətdən əvvəl Azərbaycan muxtariyyəti
həqqindəki davamızın qətiyyən Araz nəhrinin
cənubuna aid olmadığını dəfələrlə
söyləmiş, bilfel dəxi isbat eləmişiz. Buna
qarşı: “vəqtilə ermənilər dəxi məqsədimiz
Türkiyə Ermənistanıdır diyorlardı” – deyə
şübhələr bəyan ediyorlar (“İran”, nömrə
414). Bu misal, yəni Azərbaycan Cümhuriyyətinin
İran Azərbaycanı ilə işi olmadığı həqqindəki
bəyanatı ermənilərin Ermənistan həqqindəki bəyanları
ilə müqayisə eləmək bizi ismdən ziyadə
müsəmma üstündə dayanmaya vadar ediyor. Əcəba, nə düşünüyorlar? İranlı qardaşlarımız necə təsəvvür
ediyorlar? Arazın şimalında, ismindən
sərfi-nəzər, bir müsəlman cümhuriyyəti təşəkkül
ediyor. Bu cümhuriyyətin lisanı
Arazın iki tərəfində də konuşulan bir türkcə
olacaq. Hakimiyyəti “İran”ın təbirincə deyəlim,
“ətraki-müsəlmani- Qafqaz”ın mənus olduğu ruh və
ənənatdan, ülfət etdigi adat və məişətdən
doğma bir ruh və xüsusiyyətlə qüvvətlənəcək,
ismini bir fərz, qəribə olsa da Qafqaz türk hökuməti
qoyacaq. Əcəba, bunda İran
üçün bir xətər, bir zərər təsəvvür
olunuyormu?
Əgər İran hökuməti Avropa mətbuatından
anlaşıldığı vəchlə Zaqafqasiya hesabına
tovsi-ərazi etmək fikrində degilsə, bittəbii burada kəndisindən
ötrü xətərnak bir şey təsəvvür
olunamaz. Çünki yeni təşəkkül edən
hökumətin kəndisinə qarşı mütəcaviz
olmadığını bildikcə, buna yalnız müsaidət
etməsi lazım gəlir. Yox, bu
xüsusda etimadı yoxsa, o zaman ismin bu və yaxud başqa
olduğunun əhəmiyyəti qalmaz. Zira göstərdigi
misalda olduğu kibi bugünki Ermənistan Cümhuriyyəti
adına bərfərz “Ararat” deməklə Türkiyə ərazisi
üzərindəki müddəiyatından sərfi-nəzər
etmədi, yaxud Türkiyə ərazisi üzərində Ermənistan
ismi ilə degil, bir fərzi “Van” ismi ilə təsis etsəydi,
madam ki, Qarabağa qədər tovsi etmək fikrindədir, kəndisinə
Ermənistan deməməklə bundan fərağət etməyəcəkdi.
Bilməyiz təkəddür yalnız
İranın bir vilayəti ilə iltibas edən ismimizdənmi,
yoxsa İran Azərbaycanındakı xəlqin mənəviyyatına
təmas edən bir müsəmmamızdanmı iləri gəliyor?
Məsələ yalnız ismə aid olsaydı
o qədər əhəmiyyəti olmazdı. İsm
üstündə beynəldüvəl bir ixtilaf zühuri
tarixi-aləmdə görülməmiş, islam
tarixində dəxi inşallah görülməz. Bizə öylə gəliyor ki, Araz nəhri
şimalında olan azərbaycanlıların təşkil elədikləri
müstəqil bir hökuməti-islamiyyənin paydar olması
İranın mənafeindəndir. Əgər
Parisdəki İran heyəti-mürəxxəsəsinin
Zaqafqasiyadan yer almaq istədigi həqqindəki nəşriyyat
doğru isə, o zaman həqqimiz var düşünəlim
ki, İran hökuməti bizim kibi degil, başqa dürlü
düşünüyor. Çünki “İran” qəzetəsinin
də işarə elədigi kibi vəqtilə İrandan kəsilən
Azərbaycanı təkrar İrana “yəni Azərbaycana”
bitişdirərlərsə, o zaman yerdə – sərih söyləmək
lazım gəlirsə – bir Şamaxı ilə Şirvan
qalır ki, Dağıstanla bərabər qalmaqdan başqa
çarəsi qalmaz. Heyəti-mürəxxəsəmizin
vürudini təbrik edən Tehran mətbuatı o zamandan bəri
bir-iki-üç sətirlə iktifa etmiş ikən
adımızdan hasil elədikləri təkəddürlərinin
izahı üçün sütunlar degil, səhifələr
dolusu yazılar yazmaya lüzum gördüklərindən bizdə
böylə şübhənak bir hiss oyatmışlardır.
Möhtərəm “İran” qəzetəsi “Azərbaycan”
isminin və bu müsəmmadan qəsd olunan Azərbaycan məqsəd
və fikrinin müvərrici olaraq acizlərindən bəhs edərkən
əvvəldə Qafqasiya Azərbaycanından bəhs
etmişkən sonra bütün Azərbaycan üçün
istiqlal istədigini qeyd ediyorlar. Fəqət
bilməm ki, bunu hanki bəyanım və hanki bəyannaməmlə
izhar eləmiş, nə vəqt və nə yerdə söyləmişəmdir?!
Hələ Azərbaycana müqabil əvəz olaraq
İrana Mərv və Türkistandan təzminati-əraziyyə
təklifində bulunanlarımızdan dəxi bəhs olunuyor
ki, əcayib bir şeydir. İştə
iranlı qardaşlarımızın bu kibi yanlış və
bir takım iğraqlara batmış məlumatdan istifadə
etdikləri üçündür ki, onlar Azərbaycan isminə
bu qədər əhəmiyyət verib nahaq şübhələrə
və münasibətsiz gümanlara düşüyorlar.
Buradan keçdikdən sonra Azərbaycan kəlməsi
üstündəki tədqiqata gələlim: müqəddəmatən
söylədik, bizdən ötrü kəlmənin coğrafi
mənasından ziyadə qövmi bir mənası vardır. Məəmafiə
bir az tədqiq olunursa coğrafiyaca dəxi
Azərbaycanın mütləqa Təbriz və həvalisindən
ibarət olduğunu iddia etmək pək doğru olamaz. Azərbaycanın İrana daxil olduğunu istidlal
üçün Şəmsəddin Sami bəyin Qamusu iləlarus
kibi lüğət kitablarına müraciət olunmuş,
Yaqut Həməvi və sairə kibi coğrafiyun və müvərrixlərin
asarından alınan iqtibaslarla Azərbaycanın ayrı,
Qafqasın da ayrı olduğu isbat edilmişdir. Şirvan ilə Bərdənin dəxi Azərbaycandan
qeyri olması ayrıca istidlal olunmuşdur. Bundan 24 sənə əvvəl yazdığı
Qamusi-illaəlamində Şəmsəddin Sami bəy mərhum
Azərbaycanın İran daxilində olduğunu qeyd etməklə
bərabər Azərbaycan isminin vəchitəsmiyəsini dəxi
anlatmışdır. Bu anladışa
görə Azərbaycan ismi Təbriz ətrafındakı neft
quyuları, hava qazları və təbii atəş ilə
yanan atəşgədələrdən dolayı bu məmləkətə
ələm olmuşdur. Fəqət bir
Osmanlı mühərriri yanılsa da iranlılar bilərlər
ki, Azərbaycan təsmiyyəsinin vəchi olaraq göstərilən
əlamətlərin həpsi Təbrizdə degil,
Bakıdadır. Bir takım türk
sülalələrinin paytaxtı Təbriz olmaq üzrə Azərbaycanda
hökmran olduqları iddia ediliyor. Fəqət
bununla Azərbaycan isminin yalnız Təbriz ilə həvalisinə
münhəsir olduğu istidlal edilməz ki. Qafqas ismi ilə Azərbaycan ismlərinin ayrı
olduğu və bu ayrı ismlərin ayrı-ayrı məmləkətlər
adı olduğunda heç şübhə yoxdur. Fəqət dün rus dövlətinin təqsimati-idarisilə
Qafqas və yaxud Zaqafqasiya adlanan ərazinin Bakı, Gəncə,
İrəvan kibi adlarla təqsim olunuşu İrəvan, Gəncə
və Bakı vilayətlərindən bir qisminin Azərbaycan
olmadığını icab etdirməz. Məsəla,
eyni Şəmsəddin Sami bəy Gəncənin
yaxınında olan “Şəmkir”i tərif edərkən diyor
ki, “240 tarixində Azərbaycan valisi və Məsmək
Azadlisi (Bəğa) tərəfindən emar olunub mütəvəkkilliyə
təsmiyə olunmuşdur”. Demək ki, Azərbaycandan
qeyri-fərz olunan Gəncə quberniyası və daha qədim
təbirlə Aran ilə Bərdə həvalisi dəxi Azərbaycan
vilayəti daxilində imiş.
Qafqaz ismi ələm olub da müxtəlif nəvahi və
vilayətlərə şamil olduğu kibi, Azərbaycan ismi də
Qaradağ, Xalxal, Marağa, Muğan, Aran, Bərdə, İrəvan,
Naxçıvan, Bakı və sairə kibi idari, tarixi və
coğrafi ismləri ehtiva edə bilər. Burada cüzin
küll namını ala bilmədigi həqqindəki mülahizə
və bu mülahizəyə qiyas olaraq Bismark ilə Avstriya
arasındakı münaqişədən istidlal dəxi
doğru degildir. Çünki biz azərbaycanlı
türklərin hökumətini təşkil etmək
mövqeində ikən İrana Azərbaycan ismindən fərağət
et, desə idik, o zaman həqsiz olurduq. Müxtəlif millətlərdən təşəkkül
elədigi halda İran Azərbaycana malik olduğu kibi, Avstriya
da alman millətinə malik idi. Halbuki Avstriyanın
almanlara malikiyyəti Almaniya hökumətinin təşkilinə
mane olamaz və hələ bütün Almaniyaya hakimiyyət
sövdasına düşmək üçün kəndisinə
heç bir həqq verəməz idi. Bismark
bu nöqteyinəzərdən pək həqli idi. Bitərəfanə icra olunan müxtəsər bir tədqiqlə
görülür ki, Azərbaycan ismi cümhuriyyətimizə
İran qəzetələrinin düşündügü kibi
pək münasibətsiz bir “xam xəyal” nəticəsi olaraq
verilməmişdir. Burada İran ərazisi
həqqində heç bir suyiniyyət mövcud olmayıb,
yalnız bu gün kəndisini bir millət olaraq bilən sabiq
rus təbəələri – Azərbaycan türklərinin
müqəddəratı
düşünülmüşdür. Böylə
ikən yeni təşəkkül edən bəzi – Polşa,
Ukrayna kibi dövlətlərə qiyasən bizi də macəracuyanə
bir siyasət təqibi ilə məlul təsəvvür etmək
doğru olamaz. Madam ki, yeni bir
hökuməti-islamiyyənin vücudi İranca da mətlubdur,
o halda tehranlı rəfiqlərimiz ism üzərindəki
mübahisəyi coğrafiya və qövmiyyət mütəxəssislərinə
buraxıb da müsəmmadan bəhs etsəydilər,
aramızda mətlub olan hüsni-münasibatə daha ziyadə
xidmət edərlərdi, zənn edəriz. “İran”
qəzetəsi Gürcüstan, Ermənistan hökumətləri
ilə hüdud münaziələrimiz mövcud olduğunu və
sair bir çox əsaslı müşkilatə məruz qala
bilməmizi ixtar edərək cümhuriyyətimizin
böyük qardaşı olan İranla
hüsni-münasibatın son dərəcədə səmimiləşdirilməsini
arzu ediyor. Öylə olursa, o zaman iranilər
bizə hər növ maddi və mənəvi müsaidələrini
vəd ediyorlar. “İran” bir az da tarixə
müraciət ediyor. Böyük Nadirin İran
padşahı olaraq Türkiyə Sultanına ittihad həqqindəki
təklifini xatırlıyor. O təklifin qəbul edilmədiyi
üçün bugünki İslam aləminin xəsarətinə,
bilxassə Türkiyə fəlakəti-hazirəsinə təəssüfi-xəvan
oluyor. Sonra da “nəşəyi-hürriyyət”lə sərşar
olan “Ətraki-müsəlmani-Qafqaz” cavanlarından bir-ikisinin
“xam xəyallarına” uymamayı heyəti-mürəxxəsə
əzamızın əql və dərayətlərinə
etimadən “xatiri-nişan” ediyor. Görünüyor
“təkəddür” yalnız “Azərbaycan” ismindən degildir.
“Nəşəyi-hürriyyətlə
sərşar olan cavanlar”ın “xam xəyallarından” da əndişələr
edilməkdə və həm bu xəyallar mövcud kibi
görülməkdədir. Biz buna ciddən
mütəəssüfüz. Nadir
şahın fikri-ittihadını zənn edirsəm “Nadir
şah” əsrini təmsil edən azərbaycanlılar
yalnız tərvic degil, tətbiq də etmişlərdir.
Yalnız oğlunun gözü müqabilində
çıxaracağı batmanlarla göz təhdidi ilə
degil, eyni zamanda da məəttəəssüb və dar
mollalara qarşı işlətdiyi siyasətə qurban olan
Nadirin fikrini – məzhəb qovğalarının ortadan
qaldırılmasını – qövldən-felə gətirənlər
yenə “Ətrakimüsəlmani-Qafqaz”dır. Fəqət unutmamalıyıq ki, Nadir şah kibi
Sultan Süleyman da ittihad güdüyordu. Birisi bunun
üçün məzhəbləri ortadan qaldırıb da
siyasi bir hakimiyyət təsisini lazım görür ikən,
digəri “rafiziləri” tənkil ilə “həqqə” təslim
etdirmək və bu vasitə ilə “tovhidi” əldə etmək
istiyordu.
Felən ikisi də cahangir ikən şübhəsiz ki, əvvəlinci
nəzəriyyə daha doğru olub, ittihadə yetişmək
üçün daha səlim vasitədir. Fəqət
bu dəsturi məzhəb dövründən
çıxıb da milliyyyət əsrinə girmiş
olduğumuz bu zəmanə tətbiq edərsək, rabitəyiislamiyyəyi
ibqa etməklə bərabər hüquqi-milliyyəyə
ehtiramkar olmalı, bu xüsusdakı təaliati-təbiiyyəyə
fəna bir nəzərlə baxmamalıyız. Zəmanımızda demokratik əsaslara istinad etməyən
bir hökumət yaşayamaz. Xəlq
lisanı, adatı, ənənatı ilə mənus və məluf
olmayan bir hökumət isə demokrat olamaz. Buna görə dəxi tamamilə milli və demokrat
bir əsasat üzərinə təşəkkül edən
cümhuriyyətimizə iranlı qardaşlarımız kəndi
münasibətlərini təyin edərkən ismimiz samiələrinə
xoş gəlmiyorsa da, müsəmmamıza baxsınlar. Müsəmmamızı məqbul və kəndi
nöqteyi-nəzərlərindən mətlub gördükdən
sonra ismin o qədər əhəmiyyətə malik
olmadığını kəndiləri də təqdir edərlər.
Biz böyük qardaş iddiai mühitində
bulunan Tehran mətbuatından şəkildən ziyadə mənaya
aid nəşriyyata intizar edəriz. Çünki
zəvahirlə fəzlə məşğul olmaq hər halda
böyüklərin şüunundan olmaz, deyə
düşünüyoruz. M.Ə.Rəsulzadə
“Azərbaycan”, 28 nisan
(aprel) 1919, ¹168
Təcəddüd – təzələmə,
yenilətmə
Məruf – məlum, tanınan
Ətrak – türklər
Mütəkəllim – danışan
Cərh – sancma, yaralama
Zənin – şübhəli,
etibarsız
Müsəmma – adlandırılan ərazi
Sərfi-nəzər – vaz keçmə
Ülfət – yekdillik, hüsn-rəğbət
Tovsi – genişləndirmə
Müsaidə – izn, icazə,
yardım
İltibas – dolaşıqlıq,
aydın olmama
İğraq – mübaliğə
Məəmafiə – bununla belə
Həvali – ətraf, civar
Müddəiyat – haqsız iddialar
Ələm – nişan,
işarə, əlamət
Mütəvəkkil – bel bağlayan,
ümid verən
Nəvahi – nahiyə, vilayət
Məlul – kədərli
Rafizi – rafizə təriqətinə
mənsub, inkar edən, kafir
Tənkil – başqalarına ibrət
olacaq cəza vermək
Mənsus – alışmış,
öyrənmiş
Təkəddür – burada,
rahatsızlıq
Münaziə – mübahisə
Fərağət – vaz keçmə,
əl çəkmə
Məluf – yemlənmiş
Samiə – eşitmə duyğusu
Şüun – şan-şöhrətlər
İstidlal – bir dəlilə əsaslanaraq
nəticə çıxarmaq
İran – Azərbaycan
Bu mövzuda qəzetəmiz ilə Tehran mətbuatından
möhtərəm “İran” qəzetəsi arasında bir
münaqişə vaqe olduğunu qarelərimiz biliyorlar. İran qəzetəsi
cümhuriyyətimizə Azərbaycan ismi vermək həqqində
olmadığımızı, biz isək bunun əksini isbat
ediyorduq. “İran” qəzetəsinin tərəfimdən
yazılan son məqaləsinə cavab yazmaq üzrə ikən
posta məzkur qəzetənin 454-cü nömrəsini gətirdi.
Bu nömrədə “Qəzavat tarixi”
ünvanı ilə İsmayıl Əfşar Tarəmi-Azərbaycanı
imzasilə müfəssəl bir məqalə nəşr
ediyor. “Elmi intiqad və azadi mətbuat”
naminə dərci təqaza olunan bu məqalə Bakı ilə
Tehran arasında olan mübahisəyə iştirak edərək
kəndisi iranlı ikən həqqin biz tərəfdə
olduğunu tarixi və elmi bir surətdə isbat ediyor. Bu
müfəssəl məqaləyi tərcümə ilə
aşağıya dərc ediyoruz:
İştə
“İran” qəzetəsində mündəric məqalənin
eynən tərcüməsi: 439 və 440 nömrələrinizdə
ədibi-maarifpərvər M.Ə.Rəsulzadə əfəndinin
qələmi ilə yazılmış Azərbaycan həqqində
bir məqalə dərc edilmişdir. İran qəzetəsi dəxi
haman məqalənin zeylində bəzi mətləbləri
tənqid eləmişdi. Bu münaqişəyə
bən də iştirak etmək istədim. Fəqət bu iştirakımla bən Azərbaycan
hökumətinin İran üzərində siyasi təsiratından
sərfi-nəzər yalnız bir həqiqəti-tarixiyyənin
kəşfi üçün səy edəcəyəm. Çünki məşhur müvərrixlərdən
Qustel Dokulanır der ki, tarixi ehsasati-vətəniyyə ilə
qarışdırmaq hər zaman möhlikdir. Onlardan birisi elm, digəri isə fəzilətdir.
Şərq və Qərb müvərrixləri ilə
coğrafiyunlarının rəylərinə görə Azərbaycan
Zaqafqasiyanın qismi-şərqisindən, İrəvan,
Naxçıvan və bütün İran Azərbaycanı,
bütün Xəmsə vilayətləri, Tarəm,
Talış, Gilan həvalisindən bir qismi ilə Həmədan
və Qəzvindən ibarət olmuşdur. Rzaqulu xan Lələbaşı
ki, rus-İran müharibəsinin müasirlərindəndir,
Rövzeyi-Lisfanın 10-cu cildində diyor ki: Azərbaycan
keçmiş zamanlarda Bakı bəndərindən Xalxalə
qədər tula 95 fərsinin və Macirvan qəsəbəsindən
Cəbəli-Sinayə qədər ərza 55 fərsinin bir məsahədə
vaqe olmuşdur. Eyni məzmunda təfsilat
Büstanülsiyahə ilə digər əsərlərdə
dəxi məzkur ki, mətləb uzanmasın deyə zikrindən
sərfi-nəzər ediyoruz1. Bu həqiqəti-tarixiyyə
kəşf olunursa, İran qəzetəsinin vətənlərinin
əski nami-müqəddəsini ehya etmələri
üçün azərbaycanlıları həqli görəcəgini
ümid edərim. Əxlaq, adat və dil
barəsində də dəxi bir takım şeylər zikr
edilmişdi. Bunun doğru olduğunu dəxi
isbatə lüzum yoxdur. Zira Qəzvindən
birisi qalxıb da Qubaya müsafirət eləsə yalnız əxlaq,
adat və dil birligində degil, şivə və ləhcənin
dəxi eynilə bir olduğunu görər. Bu gün bir tehranlı ilə bir şümranlı
ləhcələri arasında fərq vardır. Mazandaranlı ilə dəvmandlının şivələrindəki
fərq isə daha bəllidir. Bu böylə
ikən aya, azərbaycanlıların bir cinsdən və bir
irqdən olmadıqlarını iddia etmək qabilmidir? Şimdi görəlim, Amerika və İngiltərənin
bitərəf üləması bu xüsusda nə diyorlar.
Professor Nikela Qrabils diyor ki: 1907-ci ildə Amerika asari-ətiqə
mütəxəssislərindən bir heyət Azərbaycanı
tədqiq üçün getmiş idi. Bu heyət kəndi məruzəsində
diyor ki: “Türküstan ilə Kürdüstan arasında Azərbaycan
mahallarında çini və zürüfat kibi qədim
türk asari-ətiqəsinə təsadüf edildi. Hətta bəzi sikkə və kətəbələr
üzərində uyğurca yazılar vardı”. (Uyğur əski Azərbaycan hökumətinin rəsmi
lisanı olmuşdur). Eyni professor ingilis üləmasının
əsərlərindən irisindən nəql ediyor ki: Turan həqqindəki
tədqiqat getdikcə genişləniyor, Asiyayi-vüstanın
hər tərəfində bu millətin əsərlərinə
təsadüf olunuyor. Burası bizcə mühəqqəqdir
ki, İranın ətrafı türklərlə mühat olub
qədim iranilərin (arini-qədim) ilk müharibəsi Azərbaycan
türkləri ilə vaqe olmuşdur. Məzkur
professor diyor ki, türklərin iranilərdən daha əvvəl
Azərbaycanda sakin olduqları adla və bir ahin ilə sabitdir.
Professor Nikela Qrabilsin təlif elədigi “Məsələyişərqiyyə”
nam kitabında (61-64-cü səhifələr) ariyənlərin
Azərbaycandakı ərzi və ati olduğu həqqində
bir çox sübut və dəlillər vardır və Azərbaycan
həmişə türklərin olmuşdur. Bunu tarix asanlıqla isbat edər. Tarixi-qədimdən əldə mövcud olan nə
varsa yunanlılardan nəql olunmadır. Tövrat
ilə bəzi ortadan itmiş İran və hind asarından sərfi-nəzər
yunanlılar müfrit bir təəssübi-milliyyə bəslədiklərindən
və şərqi-qədim lisani-tarixiyyəsinin ədəmimüsaidəsindən
dolayı tarixi bir çox əfsanələr və yalanlarla
doldurdular. 19-cu əsrə qədər
tarixi-qədim həqqində yunan asarından başqa əldə
bir vəsiqə yoxdur. 19-cu əsrin
tüluində bir çox ingilis, firəng və alman üləmasının
himməti ilə keçmişin ölü dilləri həll
olunaraq bu vasitə ilə asari-qədimədən mövcud
olmayan bir çox tarixi həqiqətlər
açılmış oldu. Kətəbələr
kəndisinə heç bir əl sürülmədən samit
və sabit bir halda qədim dövrlərin sərgüzəştini
bizə nəql ediyorlar. Avropa üləması
kəşf olunan bu kətəbələr sayəsində
bilmişlər ki, Kildə və Assur dövlətlərinin təşkilindən
əvvəl və aryanilərin qərbə doğru olan hərəkətlərindən
daha müqəddəm Orta Asiyada digər millətlər sakin
olmuşlardır. O millətlərin dilləri tədqiq
olunduqda türk cinsinə mənsub olduqları və bu
günlər türklərlə həmcins olduqları
aşkar oluyor. Bu millətlərdən akkad-sumer
denilən bir qismi Beynəlnəhrində, hitlər Anadoluda,
uradhular Azərbaycanda mütəvvətən olmuşlar.
Kilikiya, Beynəlnəhrin və Azərbaycanda
bir çox kətəbələr bulunmuşdur ki, üləma
onlardan bəzisini oxuya bilmişlərdir. Bu
kətəbələrdən sabit olmuşdur ki, məzkur millətlər
böyük bir mədəniyyətə malik olmuşlar.
Vəqta tarixi müəyyən olmayan bir zamanda
övladi-sam cəzirətülərəb akkadsumerə həmlə
edib onlarla ixtilat edərək Hammurabi-Ak76 kad mədəniyyətinin
əsasını vəz etdilər. O zamanlarda ariya millətləri
şərqdən hücum edərək nagəhani bir istila nəticəsində
urarduhu və heyət millətlərini məhv edərək
ermənilər Azərbaycanda, frakiyalılar da Anadoluda sakin
oldular. Oksford darülfünununun aliqədr professorlarından
Says diyor ki: “Turanilər bu böyük mədəniyyətin əsasını
vəz etdilər, məqsəd növi-bəşərin mədəniyyət
övliyasıdır ki, əgər iranilər onu məhv etməsəydilər
bizə ondan böyük yadigarlar qalacaqdı. Fəqət
İran istilası bu təməddünü məhv elədi.
İranilər ancaq kəndi məmləkətlərində
bir əsəri-təməddün göstərə bildilər.
Yoxsa mütəvaliyən icra olunan hərblər
nəticəsində müştərək bir Urarduhu-İran
mədəniyyətini vücudə gətirəmədilər.
Üləmanın bəzisinin əqidəsi bu mərkəzdədir
ki, kürd, gürcü, talış urarduhu nəslindəndirlər.
Urarduhu ləfzi ilə kürd ləfzi
arasında şəbahəti-tammə vardır. Bu millətlər kəndi istiqlaliyyətlərini
qeyb etdikdən sonra İran mədəniyyətinin
qarşısında duramayıb məhv olmuşlar. Sitlər daima Azərbaycanı fəth eləmək
qəsdində olmuş, yeni təərrüzlərdə
bulunmuşlar. Onlardan bir qismi Azərbaycana
daxil olub İran din və əxlaqını qəbul eləmişlərdir.
Bu mütaliədən məlum oluyor Turan millətləri
mütəməddin idilər və Avropanın məruf üləmasının
dediginə görə Babil mədəniyyəti Turan mədəniyyətinin
bir surəti-mütəkamili idi.
Böylə ikən “İran” qəzetəsinin bu üstə-vürudi
moğol – deyə yazması mucibi-heyrətdir. Görünüyor
ki, qəzetə bu xüsusda Mətinülsəltənəyə
nəzirə yapmışdır. Mərhum
Mətinülsəltənə qeyrətinin şiddətindən
xuddarlıq edəməyib vəhşi türklər islamı
məhv və nabud etdilər – deyə yazmışdı.
Halbuki münsiflər təsdiq etdilər ki,
türk millətinin islama olan xidməti heç bir zaman
unudulmaz. Türklərin səlibiyyunə
qarşı müdafiəsi, Təbristanı islavlardan təmizləmələri
(6-cı əsr Kamil cild, 11 və 12) (Batu) bu xüsusdakı qəhrəmanlıqları
ki, onun sayəsində islavlar bir boyuna 5 yüz sənə
artıq hərəkət edəməz oldular. İslam
hüdudunun Kiyev, Varşu, Krakov, hətta Vyana hasarlarına qədər
dayanması və səkkiz milyon hindlilərin müsəlman
edilməsi ki, bu gün dəxi onlar müsəlman aləmi həqqindəki
dad və fəryadlarının nə dərəcədə
müəssir olduğunu görüyoruz, əcəba, bunlar
türklərin xidməti degilmidir? Oğuz, Tümən,
Atilla, Çingiz, Teymur, Fatih-Səlim, Süleyman, Nadir, Ağa
Məhəmməd xan kibi sərdarlar, Çingizin yasası,
Teymurun tüzükü kibi qanunlar, səlimlər qanununun əsəri
əcəba unudulurmu?
lll
Ərəb istilasından sonra Azərbaycan; ərəblərin
istilası zamanında Azərbaycandakı türklər
sutublarla urarduhu bəqasından ibarət idilər. İran məzhəbi
ilə adat və əxlaqi onlara nüfuz eləmiş idi.
Rəşid və Mamun zamanlarında iranilər
xüləfa dərbarında böyük nüfuz
qazandılar. Bu nüfuz bir dərəcəyə
qədər iləriləmişdi ki, əgər Mötəsim
tədbir görməsə bütün ərəb hökumətinin
iranilərə intiqal etmək qorxusu vardı. Türklərdən ibarət məxsusi bir qoşun təşkil
edərək bu vasitə ilə Mötəsim farsların
nüfuzunu kəsr eləmişdi. Fəqət
ərəblər bundan müstəfid olamıyaraq aralarına
əvvəlkindən daha ziyadə bir ixtilal düşdü.
Bir dərəcədə ki, türklər istəmədikləri
xəlifəni əzl ediyor, yerinə istədiklərini nəsb
eliyorlardı. Buna görə də xüləfa
məcbur oldular ki, türk qoşununu paytaxtdan
uzaqlaşdırıb sərhədlərə göndərsinlər.
Bunlardan bir qismini islav qıpçaq
qabağını saxlamağa göndərdilər. Bunlardan bir qismi Azərbaycanda qalaraq Xistənyan və
sairə kibi Azərbaycan hökumətini təşkil etdilər,
o zamanlarda səlcuqilər Xorasandan gəlib Azərbaycanı
tutdular. Azərbaycan bu sülaləyə
intiqal elədi. Səlcuqilərin
intiqrazında səlcuq şiələrindən olan Atabəylər
Azərbaycanda səltənət etdilər. Ülfi və Kamil tarixlərindən məlum oluyor
ki, Atabəylər zamanında türk xanəvadələrindən
bir çoxu Türkistandan Azərbaycana gəlib burada sakin
olmuşlardır. Qıpçaq səfərində
bu müsəlman olmuş türklərdən bir çoxu ərəb
ordusunda idi. Fəqət məlum idi ki, Azərbaycan
düşmənləri bulunan ermənilərlə debilməlilərə
qarşı müqavimət edəmiyəcəkdi. Bu sıralarda idi ki, Azərbaycan yarlığı
Qaani-əzim tərəfindən Hülaküyə vagüzar
olundu. Hülakü müxtəlif türk
qəbiləsindən 32-ni ayıraraq Bağdad ilə Azərbaycan
səmtinə rəvanə qıldı. Bütün
Turanda zəfər təranələri çalındı.
Car çəkildi ki, Purçəkin xanəvadəsinın
ən şücaətli bir cavanı Qərbi Turanı
mühafizə eləməgə gediyor. Elxani-əzim
Bağdaddan Azərbaycana gəldi. Türk
qəbilələrindən ötrü qışlaq və
yaylaqlar təyin elədi. Bu günlər
Azərbaycan milləti təşkilatının ovci-əlaya
yetişdigi günlərdi. Elxan Marağada
ikən dari-əqbayə rəhlət etdi. Nəvələri Qazan xan ilə İlcaytu Azərbaycan
millətinin rüknini möhkəmlədərək onu
dini-islamla qüvvətləndirdilər. Xacə
Rəşidəddinin yazdığına görə bir dəfə
200.000, digər dəfə 400.000 türk islama müşərrəf
oldu. İslavların (rusların), ermənilərin,
gürcülərin, sonra da Cəbə və Səvidi nam cəngavərlərin
istilası ilə hasil olan qətliamlar vasitəsilə Azərbaycanın
farsları məhv olmuşlardı. O gündən bu
günə qədər bir ovuc ermənidən savayı
bütün Azərbaycan əhalisi türk və müsəlmandır.
Sultan İlcaytu Azərbaycanda bir takım təcəddüdlər
vacudə gətirdi. O cümlədən olaraq Azərbaycan
paytaxtını Marağadan Soltaniyyəyə
köçürtdü. Məəttəəssüf
ki, sindibad həvadisə qarşı bu bina davam edəməyib
məhv oldu. Bu gün Azərbaycanın o
böyük o paytaxtından bir məzariqübbə
qalmışdır. Bu qübbə illərin
təsirinə müqavimət edərək qalmışsa,
ixlafın naxələfligi üzündən o əsər dəxi
xərabəyə üz tutmaqdadır.
1. Bu
xüsusda şübhələri olanlar İstaxiri, Müqəddəs,
Yaqut, Əbuülqəda, Sədulla, Hafiz, Kitabi-Cəlaliyə
rücu buyursunlar.
əvvəli və ardı var
Şirməmməd Hüseynov
525-ci qəzet.-2013.- 19 oktyabr.- S. 26-27.