Təbir
caizsə
(esselər silsiləsi)
“Kağız hər şeyə dözür”
“Kağız hər
şeyə dözür”
– Mark Tulliy Siseron bu fikri hələ
bizim eradan əvvəl deyirdi. Axmaq bir
adamın iki kəlmə sözünə
dözüb baş girələnmək olmur, ancaq əsrlərdir kağız hər cür axmaq fikrə dözür.
İnsaf
səfində dayanıb
baxmaq bəs edir ki, ölkədə
nə qədər lazımsız və mənasız kitabların
çap olunduğunu görəsən. “İnsan
neylədiyini bilmir”: ağacları qırıb
kitab hazırlayırlar.
Bu mənada yaxşı
əsər yazmamaqla yazıçı həm ədəbiyyata, həm də təbiətə ziyan vurmuş olur. Yadıma İsi Məlikzadənin
“Dədə palıd”
povestində bütün
əsərlərini palıd
ağacı haqqında
yazan, palıd kəsilən gün bütün əlyazmalarını
yandıran şair Nurcabbar obrazı düşür. Amma qəribədir
ki, indi ədəbiyyatda elə sözbatmaz, “gülləişləməz”
yazarlar peyda olub ki, onların
palıdını kəssən,
bu dəfə də bir ömür
həmin palıdın
kəsilməsindən, palıdı
kəsənlərdən yazacaqlar.
Ona görə də hələlik bizdə yazmaqdan usanan, meydandan çəkilən yazıçı
yoxdur...
Don Kixotun dünyaları
Nazim Hikmət “Don Kixot haqqında” adlı essesində yazırdı:
“Kitabın içindəki
(kitabı oxuyarkən
– F.Hüseyn) Don Kixot,
əlbəttə ki,
normal adam deyildi. Fəqət kitabın xaricindəki
(yəni kitabı oxuyub bitirəndən sonra – F.H) Don Kixot son dərəcədə normal adamdır.
Məncə, bu mətn analizi Don Kixota verilmiş ən dəqiq qiymətlərdəndir.
Bu analizi kitabın
içini – DÜNYA, kitanın
xaricini, kitabı oxuyub bitirəndən sonrakı düşüncə
məkanını – AXİRƏT adlandırsaq, belə çıxar ki, Don Kixot öz əbədiyyətinə
qovuşub. Olsun ki, F.M.Dostoyev ki fəhmi ilə
həmin axirəti duyduğuna görə məhz bu əsər
haqqında deyirdi: “Qiyamət günü Allahın insanı bağışlaması üçün
təkcə elə Servantesin “Don Kixot”unu ona göstərmək kifayətdir”.
Çexov nəyi bilirdi?
A.Çexov A.S.Suvorinə yazdığı
məktubda bir nüansa görə onunla mübahisə edirdi: “Sənətkardan işə şüurlu yanaşmağı tələb
etməkdə haqlısınız,
ancaq siz iki anlayışı qarışdırırsınız: sualın həlli və sualın düzgün qoyuluşu. Yalnız ikinci sənətkar üçün mütləqdi.
“Anna Karenina”da və “Yevgeni Onegin”də heç bir sual həll
olunmayıb, ancaq əsərlər sizi təmin edir, yalnız ona görə ki, bütün suallar düzgün qoyulub. Sulları qoymaq məhkəmənin borcudu, ancaq onları qoy iclasçılar həll eləsin”.
Klassik nəsrin
bu cür gözəl, prozanı proza edən “kvadrat qanun”ları bu gün yoxdur. Ona görə
də bir sıra əsərlərdə
yazıçı hakim, hadisələr
“cinayət işi”, oxucular “iclas iştirakçıları” deyil.
Yazıçı hakim, hadisələr tale, ictimai rəy iclas iştirakçısı
olmadığı dövrdə
postmodernizm azadlığını
hər cür vəchlə öz-özündən
ilhamlanaraq izhar etmədədir. Klassik
ədəbiyyatın bəyan
elədiyi “Çexov planı” ilə müqayisədə belə
demək olar ki, bugünkü
postmodernist mənzərə belədir: Aralıdan məhkəmə kimi görünən “ədəbiyyat
zalı”nda sual verən, iclas iştirakçıları, hakim və ən əsası sual yoxdur, amma məhkəmə
gedir.
Bugün nə Gertsen “Kimdir müqəssir” soruşur, nə Hamlet “Olum, yoxsa ölüm”
dilemması üzərində
baş sındırır,
nə də Parisdə Rodin muzeyinin qarşısındakı HEYKƏL düşünür.
Dostoyevski bizi qatilə çevirir
Dostoyevskinin “Cinayət və Cəza” romanındakı cinayət hadisəsi bizi həyəcanlandırır,
qorxudur. Cinayətin necə və kim tərəfindən
törədildiyi Raskolnikov
qarını öldürən
kimi bizə – oxuculara gün kimi aydın olur. Bəs hadisələrin necə cərəyan etdiyini bilir və qatili tanıyırıqsa niyə
həyəcanlanırıq?
Mənə elə gəlir
ki, Dostoyevski oxucusunu öz usta üslubu və təhkiyəsi ilə cinayət törədilən andan “qatilə çevirir”. Ən azı oxucu bu cinayətə “şahidlik” etmiş olur. Biz “qatil”ə
və “şahid”ə çevriləndən sonra,
təhtəlşüurumuzda, qeyri-ixtiyari, istər-istəməz
həmin cinayəti gizlətməyə çalışırıq.
Ona görə də hər dəfə cinayətin üstünün
açılma, etiraf məqamı gəldikdə
biz “törətdiyimiz cinayət”imizin
faş olacağından
təlaşlanırıq. Bax, bu təlaş, bizi həyəcanda saxlayır və qorxudur.
Personajların tədqiqi
Bəzən olur, tale elə
gətirir ki, Mirzə Cəlilin və Mirzə Ələkbər Sabirin personajları, obrazları
onlar haqqında yazır və danışırlar. İşin əmma
tərəfi nədir?
Məsələnin əmma tərəfi
odur ki, Cəlilin və Sabirin obrazları bu dəfə təkcə məişət
müstəvisində yox,
imkanlı zümrə
kimi bizimlə sinə-döş olurlar.
Məsələnin yaxşı tərəfisə
odur ki, Mirzə Cəlilin, Sabirin personajları əgər bir əsr əvvəl onun başına pul qoyub öldürmək
istəyirdilərsə, bu
gün başqa şəkildə pul qoyub onu yaşatmaq
istəyirlər.
Bir də var Qızıl Orta. O qızıl orta
isə Allahla bağlı məqamdır.
Yəni,
kimin neyləyəcəyindən
asılı olmayaraq Mirzə Cəlil elə Mirzə Cəlil olaraq qalır, eləcə də Sabir. Lap ingilislər demiş: “Döyüşün nəticəsindən
asılı olmayaraq qızıl qızıldır,
odur ki, döyüşmək lazımdır”.
“Cavab”
Bir dəfə yaşlı bir yazıçıyla söhbət edirəm, sual elədim ki, “indi danışdıqlarınızı öz dövründə niyə yazmadınız?”. Dedi ki: “Fərid, mən sualına cavab verə bilmərəm, o vaxt sənin soruşduqlarını yaza bilməzdim, yazsaydım da çap eləməzdilər, ona görə gördüyüm reallıqları ölkəmiz müstəqil olandan sonra yazdım”. İndi sual edirəm, əgər yaşı əcələ dirənmiş bu adam mənə cavab verə bilmirsə, bəs nəhəng SABAHA necə cavab verəcək?! Yaxud indi kimə lazımdır, onun yazdığı həmin “həqiqətlər”, müdam o həqiqətlərlə kim yaxalaşır, haqq-hesab çürüdür, heç kim, hə vallah, heç kim. Bəs indinin reallıqlarını kim yazacaq, yazıçıların bir dövrü ötürüb, o biri dövrdə yazması, nə çox bənzəyir məclisi tərk etmiş adamın arxasınca danışan qiybətbazların söhbətlərinə. Niyə bizlər zəmanəmizi gizləməklə məşğuluq. Yenə də Vaqif Bayatlı Odərin şeirini xatırlayıram:
İndi ağlayanlar
güləcək gorda
Gorda ağlayanlar
güləcək harda?
Yaxşı, deyək ki, Sovet dövrünün reallıqlarını zamanında yazmayan yazıçı, o dövrü müstəqillik vaxtı yazdı, bəs müstəqillik dövrünü harada və nə zaman yazacaq?! Qiyamət günündəmi? Heç qiyamət gününü düşünən belə edərmi?!
Kamyuya görə mazoxizm
Alber Kamyu müharibə əleyhinə roman (“Taun”) yazandan sonra öz gündəliyində qeyd edirdi ki: “Bəşər əhli gizli sadistdir, əzaba (əslində, ölümə) heyranlığımız bizi həyata bağlanmağa qoymur”.
Fikir verirsinizsə, ölərək qəhrəman olanlar daha urvatlı olur, çünki hər bir kəs digərinin ölümünə qorxu və ehtiyat gücü ilə də olsa “pusquda dayanıb”. Biri ölərkən, digərinin ondan gözlədiyi məsələlərin hamısı “həll olur”. İnsan şüuraltı olaraq dərk edir ki, insanın canından özgə bir varidatı yoxdur, ölüm bu dünya ilə bağlı bütün yarımçıq və bütöv məsələləri “çözür”. Ona görə də təhtəlşüurumuzda bütün yaşamlıların süqutunu, ölümünü “gözləyirik”.
Biz asılan, güllələnən, həbs olunan insanları daha çox sevirik, ona görə ki, başqasının ölümü və əzabı bizə maraqlı gəlir (= acıdır). İnsan yaşadıqca “ikrah doğurur”, gücləndikcə süqut edəcəyi müddəti uzadır və bu gizli şəkildə ətrafdakıları “əsəbiləşdirir”. Biz tez ölərək insanların qəlbini yumşaldırıq. Olsun ki, qədim insanların 20-21 il yaşaması həmin dövrün kəslərin daha ürəyiyumşaq edirdi. İnsanın ömürü artdıqca “şüurlu müharibələr”i kəşf edildi.
A.Kamyunun “Bəşər əhli “gizli sadist”dir” deyimi müsəlman mədəniyyətində həm də bir ayrı cür təzahür etmədədir. Belə ki, Avropada insanı soyundurmaqla, lüt şəklini çəkməklə kimsə bir başqasını tənqid və təhqir etmiş sayılmır. Amma bizim müsəlmanlarda “çılpaq fotoları yayıldı” məsələsi ağır mövzudur. Ona görə yox ki, biz daha erotikik və istəklərimiz bu cür məsələlərə yönəlib, bu ona görə belədir ki, biz başqasını lüt görəndə onun alçaldığını, təhqir edildiyini düşünürük və bu səbəbdən də həmin adama marağımız artır, bu həm də gizli heyranlıqdır. Biz soyunanın bədən ölçülərindən, görünüşündən zövq almırıq, onun necə soyundurulduğu, atasının-qardaşının bu lütlükdən utanıb-utanmadığını, soyunanın ailəli olub-olmadığını düşünürük – daha çox sayda təhqir olunmuş insan varmı-yoxmu deyə bilmək istəyirik. Amma yuxarıda danışılanlar haqda hökmən nəzərə alınmalıdır ki, söhbət şüuraltı sadistlikdən gedir.
İnsan “bəşərin əşrəfi”
hayıl-mayıllığında
“Qurani-Kərim”də insana yüksək qiymət verilməsi, bəşəriyyətin əşrəfi kimi təqdim edilməsi, nədənsə çoxlarında bəzən qanaraq, bəzən qanmazcasına özündənrazılıq yaradır, amma dini kitabımızda dəfələrlə insanın nütfədən yaradıldığı da deyilir. Dini misalların insan-təbiət eyniləşdirilmələri ilə şərhi çox gözəldir. Amma əşrəf taxtına əyləşmiş insanın “iyrənmək” sindromuna qarşı oxuduğum ən gözəl nümunə İbn Sinanın “Səadət iksiri” əsərindəndir. Deməli:
“Günlərin bir günü, Şeyx Əbu Səid sufilərlə yol gedirmiş. Necə olursa, onlar, çirkablı suların üzəri ilə nəcis üzən tullantı çalasının üstünə gəlib çıxırlar. Bu mənzərəni görənlər burunlarını tutub kənara qaçırlar. Bircə Şeyx bu üfunətdən çəkinmir, yerindən tərpənmədən dayanıb bir müddət nəcisə baxır, sonra üzünü yanındakılara tutub deyir:
– Ay camaat, bilirsiz bu nəcis indi
mənə nə deyir?...
– Nə deyir?..
– o birilər soruşur.
– O deyir ki, “Dünən
mən bazarda, piştaxtanın ən hündür yerində idim... Siz pul kisələrinizin
ağzını açdınız,
məni almaqdan ötrü yarışa girdiniz. Mən, sizinlə bircə gecəni keçirdim və görün nə günə düşdüm... İndi
deyin, kim-kimdən qaçmalıdı: siz məndən, ya mən sizdən?..”
Bu misalı oxuyandan
sonra başqa bir məsələ də məni düşündürdü: Təkcə,
meyvə kimi yox, insan kimi
də bəzən elə adamların yanında olursan ki, onlarla bir
gün bir yerdə olmaq murdarlanmağa bəs edir. Ən pisi də odur ki, bu
murdarlıq da təbiət hadisəsi kimi təbii baş verir.
Fərid Hüseyn
525-ci qəzet.-2013.-
19 oktyabr.- S.15.