Nizami Tağısoy və onun "Meyxanənin poetikası" kitabı

 

 

ONLAR NƏ DEYİBLƏR:

Aytac Rəhimova. Bakı Musiqi Akademiyasının dosenti, filologiya  elmləri namizədi

 

Məlumdur ki, işlənməmiş və yaxud az işlənmiş mövzuya müraciət edəndə müəllif böyük çətinliklərlə qarşılaşır. Meyxana janrının tarixi haqqında söz söyləmək çox qəliz məsələdir. Çünki bu barədə indiyə qədər demək olar ki, heç bir söz deyilməyib. Bu baxımdan prof. Nizami Tağısoyun “Meyxanənin poetikası” kitabı qiymətli bir əsərdir. Kitab maraqlı faktlar və zəngin materiallarla oxucunu cəlb edir. Ümumiyyətlə, bu janr nümunələrinin bu gün xarici səhnələrdə, xarici dillərdə səslənməsinə baxmayaraq, bizim folklorşünaslarımızın nəzər diqqətindən hələ də kənarda qalması təəssüf hissi oyadır. Bu tipli işlərin yaranması folklorumuzun zənginləşməsi üçün çox əhəmiyyətlidir. Prof. Nizami Tağısoy indiyəcən başqalarının görmədiyi işi yüksək səviyyədə ortaya qoya bilmişdir.

 

–Bir daha deyim: meyxana janrını araşdırmaq və onun yaradıcıları haqqında bu qədər geniş ürəklə yazmaq və heç bir altməqsəd güdmədən bu işi eləmək haqqında düşünəndə Sizə mənim sayğım daha da artıb. Siz gördüyünüz bu iş üçün peşman deyilsiz ki... Burda bir də tarixdə qalmaq iddiası var, yəqin?

– Səmimi deyirəm ki, bu kitabı yazmaqla, heç bir korporativ marağım olmayıb. Düşüncəmə yalnız bircə istək hakim kəsilib. Meyxanələri və meyxanə ustadlarının sənət nümunələrini itib-batmaqdan qoruyum və bu janra biz türklərdən başqa heç bir millətin   iddia edə bilməməsi ilə bağlı möhür vurum. Gördüyüm bu işlə  bağlı rahatam. Onu bilirəm ki, bunu mən mədəniyyətimizin, folklorumuzun, etnik-milli təfəkkürümüzün, bədii-poetik sözümüzün qorunması naminə etmişəm. Düzdür, kitab yazıldığı dövrlərdə məyusluğum da az olmayıb. Məsələn,  meyxanəçilərin (hətta ən adlı-sanlılarının) öz sənətinə laqeydliyi meyxanəyə və özlərinə xalq içində dəyər verə bilməmələri, bəzilərinin janrı gözdən salması mənə pis təsir eyləyib, onların, belə demək mümkünsə, bu sənətə düşmən kəsilənlərin “dəyirmanına su tökməsi” mənimçün təsirsiz ötüşməyib. Lakin mən yenə də xalq və onun sənəti, dühası qarşısında daim borclu olduğumu düşünüb zəhmətə qatlaşmışam, və bir də mənə ürək-dirək verən alimlərimiz sağ olsunlar. Onlardan birinin adını bir də çəkmək istəyirəm. Tarix elmləri doktoru, etnoqraf Təvəkkül Səlimov meyxanələrlə bağlı bir sıra məqalələr müəllifi Təvəkkül müəllim mənim meyxanələri araşdırmağımdan çox xoşhal olaraq mənə mənəvi dəstək olmuşdur, sağ olsun. Tofiq müəllim, bildiyiniz kimi Allah hərəyə bir ömür verib, hərə də onu  ağlı kəsdiyi kimi xərcləyir – biri mal, pul, var-dövlət yığmağa, biri eyş-işrətdə olmağa, biri müxtəlif dona girib vəzifə əldə etməyə, biri xalqa xidmət etməyə, biri ona ziyan vurmağa , biri də səhər-axşam vurmağa... Hərə öz işini, öz missiyasını yerinə yetirir bu həyatda. Mənim də alnıma yazılan öz taleyim – şifahi sözümüzə, bədii təfəkkürümüzə, onların təbliğinə ömrünü həsr etmək, ərimək, yanmaq, piltə-piltə məhv olmaq! Bax, budur mənim tarixdə, folklor-ədəbi fikir tariximizdə qalmaq iddiam.

–İstifadə olunan ədəbiyyatların sayı çox uzundur. Bu ədəbiyyatları necə əldə etmisiz?

–İstifadə edilən ədəbiyyatların əksəriyyəti heç də birbaşa meyxanələrə aid deyildir. Lakin onlarda olan bəzi mülahizələr və məqamlar meyxanələrin araşdırılmasında köməkçi vasitə kimi istifadə olunmuşdur. Azərbaycan və rus dillərində olan ədəbiyyatların hamısını mən zərrə-zərrə, qətrə-qətrə kitabxanalardan, ayrı-ayrı adamlardan əldə etmişəm. Lakin ərəb və fars dilində olan mənbələrin tapılıb ortaya qoyulmasında Qorxmaz Əlilicanzadənin rolu son dərəcə böyük olmuşdur. O, bir Azərbaycan oğlu, sənətşünas alim kimi kitabın ədəbiyyat baxımdan zəngin olmasında və onun nəşrində köməyini əsirgəməmişdir.

–Biz Sizinlə daha bir söhbət də eləyəcəyik. Çünki bu kitabdan başqa Siz həm də gözəl tərcüməçi və türk ədəbiyyatı, xüsusilə, Şimali Qafqaz türk xalqları ədəbiyyatı üzrə də çalışan bir alimsiz. Bunu saxlayaq sonraya və bir şey də soruşum: Siz bu kitabı tam bir kitab hesab edirsizmi?

–Oxuculara təqdim etdiyim “Meyxanənin poetikası” kitabı bu sahədə ilk təşəbbüsdür və heç şübhəsiz ki, burada çatışmazlıqlar da mövcuddur. Onu daha da  mükəmməlləşdirmək, cilalamaq, daha yüksək kondisiyaya çatdırmaq olar və bu, zəruridir. Mən  bu barədə kitabın giriş hissəsində öz mülahizələrimi bildirmişəm. Və bu işi, heç şübhəsiz, davam etdirmək istəyənlər də, dərinləşdirmək,genişləndirmək və təkmilləşdirmək əzmində onlar da tapılacaq. Və bunu hər hansı etmək istəyəsi mütəxəssisə də mən qabaqcadan təşəkkür edir və ümidvaram  ki, bu işin davamı o qədər də uzaqda deyildir.

–Yeri gəlmişkən, Nizami müəllim, bir sual da ortaya çıxdı. Bu gün meyxanələri tədqiq edən, araşdıran alimlər vardırmı və onlar Sizinlə görüşüb məsləhətləşirlərmi?

–Azərbaycanda meyxanələrlə bağlı indiyədək konkret tədqiqat işlərini Aytac Rəhimova istisna olunmaqla, heç kim aparmayıb. Bakı Musiqi Akademiyasında çalışan bu xanım folklorşünaslarımızdan fərqli olaraq ilk dəfə “Azərbaycan musiqisində meyxana janrı” adlı tədqiqat işini yerinə yetirib və onu 2003-cü ildə müvəffəqiyyətlə  müdafiə edib. Bundan başqa AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda da bir nəfər neçə illərdir ki, meyxanə janrına aid tədqiqat işi yazır. Lakin hələ heç bir nəticə yoxdur. Əvəzində ölkəmizdən kənarda bu janrla daha yaxından maraqlanırlar. Müsahibənin əvvəlində adını çəkdiyim Berlin Universitetinin doktorantı Zülaim xanım meyxanələrin tədqiqi ilə məşğul olur. Çox saylı görüşlərimizdə o, mənə söylədi ki, Norveç, İsveçrə və Avstriya radiosu  ilə meyxanələrin ifa olunması və janrın özü ilə bağlı bir neçə çıxışlar etmiş və bu zaman o, janra avropalıların marağını hiss etmişdir. Avropalılardan söz düşmüşkən bir nəfər haqqında xüsusilə danışmaq istəyirəm. Bu ilin aprel ayının əvvəllərində universitetdə ikən mobil telefonuma bir nəfər zəng çalıb anlaşılmayan şəkildə özünü təqdim edərək, görüşmək istədiyini bildirdi. Dedim, gəlin, görüşək. Gəldi. Özünü təqdim edərək gəlişinin məramını açıqladı və bildirdi ki, o, milliyyətcə polyak qızıdır. Varşava Dövlət Universitetinin Antropologiya və Etnoqrafiya fakültəsini bakalavr və magistr pillələri üzrə bitirdikdən sonra Rusiya Elmlər Akademiyasının Sankt-Peterburq şöbəsindəki Antropologiya və Etnoqrafiya İnstitutunda doktorantdır. Tədqiqat işinin mövzusu Azərbaycan meyxanələrinin özəl xüsusiyyətləri, forma, məzmun, janr keyfiyyətləridir. Aprel ayında onunla dörd saatlıq söhbətimizi o, öz diktafonuna yazdı. Bu qızın adı Aneta Vaşkeviçdir. Bir sıra məsləhətlər aldıqdan sonra Aneta yenidən Sankt-Peterburqa qayıtdı. Bundan sonra mənimlə bir neçə dəfə əlaqələr saxladı və nəhayət, iyul ayının əvvəllərindən avqustun 20-nə qədər Bakıda oldu. Mənimlə yenə də dəfələrlə görüşüb meyxanələrlə bağlı məsləhətlər aldı və demək olar ki, bu istiqamətdə səmərəli şəkildə materiallar toplamaqdadır. Aneta bu məqsədlə Azərbaycan dilini öyrənir. Ona Azərbaycan dilini Sevər xanım öyrədir və o, öz müəlliminin ona qayğısından və tələbkarlığından olduqca razıdır. Aneta indi Varşavadadır. Mənə söylədi ki, Bakıda o, dəfələrlə meyxanəçilərlə görüşüb onların sənətinin necə təzahür etməsi ilə maraqlansa da, meyxanəçilərin sənətini toylarda və şənliklərdə canlı izləməyə daha böyük üstünlük verir. Elə bu məqsədlərlə o, yenidən Azərbaycana gələcək. Bütün bunlar göstərir ki, Avropanın Azərbaycan meyxanələrinə marağı bizdəkindən daha yaxşıdır.

–Bir sual da verim. Siz bu kitabda bütün meyxana ustadlarının yaradıcılığını araşdırmısınızmı, yoxsa kitab çıxandan sonra bəziləri deyib: filan şey və filankəs yaddan çıxıb?

–Kitab çıxandan sonra kimlərin yaddan çıxıb, diqqət mərkəzindən kənarda qalması ilə bağlı heç nə deyə bilmərəm. Çünki mən sənət baxımından layiq olanları kitaba salmağa çalışmışam. Lakin digər sənət sahələrindən fərqli olaraq meyxanəçilərin bəziləri öz sənətinə qiymət verməkdə maraqlı deyillər. Çünki meyxanəçilərin bəzilərini sənət yox, sənətdən gələn pul-para maraqlandırır. Bu isə sənətə həm də digərlərinin dəyər verməsini azaldır. Belə etmək olmaz. Onları mərtəbəyə qaldıran meyxanə sənətinin özüdür. Bəs belə laqeydliyə nə ad vermək olar?

 

–Bir daha etiraf edim ki, mən meyxana sahəsində bir o qədər də savadlı deyiləm. Buna baxmayaraq Sizin işinizə çox böyük məhəbbətlə, sayqıyla yanaşmışam və bir çox bilmədiyim şeylər vardı ki, bu kitabdan əxz etdim. Daha nəyi soruşmağımı istərdiniz?

–Bu gün bəzi psevdomeyxanəsevərlər nə onun tarixindən, nə etimologiyasından, nə leksik tutumundan, nə semantik çevrəsindən, nə ifa xüsusiyyətləri və çalarlarından xəbərdar olmayanlar  meyxanənin bədiyyə ilə əvəzlənməsinə çalışırlar. Mən məsələ ilə bağlı kitabda əsaslı obyektiv izahlar verərək göstərmişəm ki, meyxanə bizim dövrümüzə minilliklərin dolanbaclarından boylanır və bu, şifahi söz sənətinin orijinal janrı, abidəsidir. Bədiyyə isə yalnız improvizasiya, təqlid və əsasən söyüşlə fikrini digərlərinə çatdırmaqdır. Xalqımız kifayətqədər müdrik və uzaqgörəndir.O, heç vaxt özünü bədiyədəki kimi bayağılaşdırmağa çalışmaz. Siz bunu da bilirsiniz ki, ləntərani, kobud danışanlara  xalq həm də “bədyə-bədyə” danışanlar deyir. Belə olduğu və meyxanə adını bu janra xalqın özü verdiyi halda meyxanə adını bədiyyə ilə əvəzləməyə çalışsaq, görəsən bizə nə deyərlər?! Deməli, meyxanəyə belə münasibət yaramaz işdir və xalqımız, linqvistlərimiz, leksikoloq və leksikoqraflarımız buna yol verməzlər. Axı onun leksik mənası və semantik çaları lüğətlərdə özünə çoxdan vətəndaşlıq hüququ qazanıb. Xalq anlayışlarının dəyişdirilməsi ilə alver etmək ayıbdır və absurddur.

 

Ardı var

 

Tofiq ABDİN

 

525-ci qəzet.-2013.- 19 oktyabr.- S. 23.