Azərbaycanlı alim “Qızıl möhür”
mükafatına layiq görüldü
“Hakimiyyət,
cəmiyyət və
din” kitabının ingilis
dilinə tərcümə
olunmuş variantı
(“Power, Societ and Religion”, ABŞ, fevral 2013, 102 səh.) “Trafford” (ABŞ) beynəlxalq
nəşriyyat evinin medalına layiq görülüb.
“Qızıl möhür” müsabiqəsinə
təqdimatdan əvvəl bu kitab ən çox
satılan (Best Sellers)
top 10-luqda üçüncü
yerdə qərarlaşmışdır. Kitabın müəllifi,
professor Rafiq
Əliyevlə söhbətimizin mövzusu
da bu xoş
hadisə ilə bağlıdır.
Fəlsəfə elmləri doktoru, professor Rafiq Əliyevin Amerikada fəaliyyət göstərən “Trafford” beynəlxalq nəşriyyat evi tərəfindən çap olunmuş “Power, Societ and Religion” (“Hakimiyyət, cəmiyyət və din”, 102 səh.) kitabı bu ilin martında ən çox satılan kitabların ilk onluğuna düşüb. Nəşriyyat evinin www.trafford.com rəsmi saytında həmyerlimizin kitabı “Satış üzrə liderlərin top 10-luğu içərisində” (Best Sellers bölməsi) üçüncü yerə layiq görülmüşdür. Bu ilin sentyabr ayının sonunda professorun sözügedən kitabı Amerikada hər il mütəmadi şəkildə təşkil olunan kitab müsabiqəsində “Trafford Publishing” beynəlxalq nəşriyyat evinin ən yüksək mükafatı – “ədəbi ustalığ”ın rəmzi hesab olunan “Qızıl möhür” mükafatını qazanmışdır. Ən əsası isə bu barədə məlumatın ABŞ-da həftəlik kitab icmalı toplusuna daxil edilməsidir (mənbə – “The US Book Review”).
Azərbaycan fəlsəfəsi və ictimai fikri üçün olduqca mühüm uğurdur! Müasir dünyada yaşanan və postsovet məkanında özünü açıq-aydın biruzə verən mürəkkəb, eyni zamanda da maraqlı prosesləri müşahidə edib məntiqi nəticə çıxarmaq kimi dolğun faktlarla zəngin materialların çox olmasına baxmayaraq, filosoflar və siyasətşünas alimlər nadir hallarda rəqabət aparmağa və özünəməxsus konsepsiya irəli sürməyə cəhd göstərirlər.
Bu nöqteyi-nəzərdən qeyd edilməlidir ki, (“Hakimiyyət, cəmiyyət və din” (“Power, Society and Religion”) kitabı əsl məqamında işıq üzü gördü. Yaxın Şərqin və Şimali Afrikanın siyasi həyatında baş verən dəyişikliklər siyasətçiləri və alimləri din və demokratiyanın birgə mövcudluğunu təmin edən daha mükəmməl modellər axtarmağa vadar edir. Bu baxımdan, Azərbaycan Respublikasının əldə etdiyi təcrübə böyük diqqətə və dəqiq tədqiqata layiqdir. Ölkənin qlobal iqtisadi və mədəni layihələrə qoşulması isə onun bu sahədə əhəmiyyətliliyini daha da artırır.
– Rafiq müəllim, Sizi təbrik edirik və bir neçə sualımızı cavablandırmağınızı xahiş edirik. Maraqlıdır, Sizi sözügedən kitabı yazmağa hansı məqamlar vadar etdi?
– Dinlə hələ məktəbdə oxuduğum dövrdən maraqlanmağa başlamışam. O zaman müxtəlif dini tədbirlərə (xüsusilə məhərrəmliklə bağlı) qatılsam da, dindar deyildim. Mənim atam kolxozun baş mühasibi işləməsinə baxmayaraq, heç vaxt partiya üzvü olmamışdır. Ateist də deyildi. Bu isə öz növbəsində mənə dini qərəzsiz şəkildə öyrənmək imkanı yaradırdı. Universiteti bitirdikdən sonra 12 il müsəlman ölkələrində işlədim. Həmin ərəfədə artıq anladım ki, din cəmiyyətdə özünəməxsus rol oynayır və son nəticədə onu daha cəlbedici, səbrli və dövrün bir çox neqativ təsirlərinə qarşı dözümlü edir. Hələ 1973-cü ildə “Cənubi Yəməndə sosializm ideyaları” adlı namizədlik dissertasiyası üzərində çalışarkən elmi işimə “Dinin cəmiyyətdə rolu” adlı xüsusi fəsil əlavə etmişdim.
Nə qədər təəccüblü səslənsə də, həmin fəsil Moskvada Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun bəzi alimlərinin hiddətinə səbəb olmuşdu. Onların fikrincə, bizim sosialist cəmiyyətində dinə yer yoxdur.
Mən onların mövzuya bu cür münasibətlərini anlayırdım. Necə də olsa, biz bir cəmiyyətdə yaşayırdıq. Amma onu da dərk edirdim ki, sovet dövründə sosializmi qurub marksizm-leninizm təlimi ilə kommunizmə doğru irəlilədiyimiz bir zamanda din nəsildən-nəslə keçir və bütün qadağalara baxmayaraq, yaşayırdı. Deməli, sosializmdə də dinin olmasını zəruriləşdirən amillər vardır.
Amma mən öz mövqemi imkanım daxilində müdafiə edib dinin həm cəmiyyətdə, həm də ayrılıqda insan həyatında tutduğu mövqenin əhəmiyyətini daha dərindən tətqiq etməyə başladım. Çoxillik elmi araşdırmalar nəticəsində sonda belə qənaətə gəldim ki, din barəsində ateist fikirlərin çoxluğuna baxmayaraq, o, sosialist və ya kapitalist olmasından asılı olmayaraq, hər bir cəmiyyət üçün vacibdir. Bundan əlavə, hələ sistemli dinlər yaranmazdan uzun illər öncə ibtidai-icma quruluşunda yaşamış əcdadlarımız da nəyəsə inanırdılar. Həmin insanlar fövqəltəbii qüvvələrə – səmavi cismlərdən tutmuş daşa, qayaya, bitki və heyvanlara qədər ən müxtəlif varlıqları ilahiləşdirir və onlara sitaiş edirdilər. Deyilənləri bəşəriyyətin minillik tarixi də sübut edir, təsdiqləyir.
– Kitabınız haqda təəssüratlarınızı bəhs etdiyiniz mövzu barəsində heç bir təsəvvürü olmayan insanla bölüşsəydiniz, düşüncələrinizi bir-iki cümlə ilə necə ifadə edərdiniz?
– Kitabda həm ayrı-ayrı fərdlərin, həm də ümumilikdə cəmiyyətin həyatında dinin tutduğu mövqeyə daha real yanaşma tərzi əks olunub. Burada bütün dünya dinlərinə qarşı dözümlülük və qarşılıqlı etimadı hiss etmək mümkündür. Fərq etməz – istər zərdüştlük olsun, istər buddizm, istər yəhudilik, istər xristianlıq, istərsə də islam. Zənnimcə, dinə qarşı yüz illər boyunca aparılan mübarizəyə baxmayaraq, o, öz hiss və emosiyalarını idarə etmək, həyatda düzgün istiqamət götürmək baxımında hər bir şüurlu məxluq – insan üçün vacibdir. İnsan dinin təbii, bioloji təsirini rəhbər tutaraq həyatda çox şeyə nail ola bilər.
Bu kitab hakimiyyət, cəmiyyət və dinin sabitliyin üç əsas amili kimi təqdim edərək, insan cəmiyyətini təmsil edən fərdlər arasında qarşılıqlı münasibətlərdə imanın rolu və yeri barəsində təsəvvür yaratmaq məqsədi daşıyır. Onlar bir-birinin əksinə deyil, bir-birini tamamlayan anlayışlardır.
– Qələmə aldığınız bu kitabın müasir cəmiyyətlə nə dərəcədə əlaqəsi var?
– Cəmiyyət ayrı-ayrı fərdlərdən ibarətdir. Üstəlik, nəzərə alaq ki, cəmiyyətdə insanların hərəsinin özünəməxsus yeri, fərqli əqidəsi ola bilər və yəqin ki, bu, belədir. İnsanlar arasında fikir ayrılığının yaranmasına səbəb olan da məhz bu əqidə fərqliliyidir. Bəzən ən kiçik bəhanə belə müxtəlif din daşıyıcıları arasında qanlı qarşıdurmalara gətirib çıxara bilir. Əgər insanlar dini başqalarına təzyiq göstərmək üçün xüsusi imtiyaz kimi deyil, sadəcə, qarşılıqlı münasibətlərin bir hissəsi, insan həyatının vacib elementi kimi qəbul etməyi bacarsaydılar, bu qədər qanlı-qadalı münaqişələr yaşanmazdı. Bu, hər bir kəsin, ələlxüsus da ateizm və bütpərəstlik təsəvvürləri olan insanların bilməsi və dərk etməsi baxımından daha vacib məqamdır. Belə insanlara bir anlığa həyatı imansız və dinsiz təsəvvür etməyi məsləhət görərdim!
– Sizin kitabınız “cəmiyyətdə dinin rolu” mövzusunda yazılmış minlərlə digər kitablardan nə ilə fərqlənir?
– Təvazökarlıqdan uzaq da olsa deyim ki, məhz bu mövzuda, bu qoyuluşda hələ yeni kitab yoxdur. Qələmə aldığım bu kitab insanlar, eləcə də hakimiyyət və din arasında qarşılıqlı münasibətlərin əhəmiyyətini və bu münasibətlərə müvafiq qiymətin verilməsi ilə bağlı ideyaları bölüşmək istiqamətində ilk cəhddir.
Zənnimcə, “hakimiyyət-cəmiyyət-din” üçlüyü ilə sıx bağlı olan müasir dövrün həyati əhəmiyyət daşıyan suallarının hamısını da olmasa, xeyli hissəsini cavablandıra bilmişəm. Sözügedən kitab dövrümüzün gerçəklikləri istisna olmaqla, heç bir siyasi və ya digər maraq daşımır. Bir vacib məqamı da qeyd etmək istərdim ki, haqqında bəhs etdiyim gerçəkliyə dinin həm cəmiyyət, həm də insan həyatında iştirakını, mövcudiyyətimizin mühüm ünsürü, cəmiyyətdə birgə yaşayışımızı nəzərdə tutur. Din və siyasət, hakimiyyət və sırf din mövzusunda olan kitablarda, təəssüf ki, din həmişə siyasətlə təzad təşkil edir. Onların təbii və bizdən asılı olmayan bağlılıq və bunun həyati vacibliyi məsələsi tədqiqatdan kənarda qalır. Əksər müəlliflər – alimlər, din üləmaları dini və siyasəti ayrılıqda tədqiq edir və birinin digərindən üstünlüyünü təsdiqləməyə çalışırlar. Eyni zamanda onlar məntiqdən kənara çıxaraq, bu iki vacib amilin mütləq toqquşacağı proqnozlaşdırılır. Mənim müəllifi olduğum kitabda bu ənənəvi yanaşma özünə yer tapmayıb. Hesab edirəm ki, bu amil də xarici mütəxəssislərin diqqətini cəlb edib, onların marağına səbəb olub. Bunu kitaba müsbət rəy verən amerikalı alimlər də dəfələrlə qeyd ediblər. Güman edirəm ki, məhz elmi yanaşma reallığa daha yaxın tədqiqat üslubudur.
– Oxucularınızın bu kitabdan hansı nəticəni çıxartmasını istərdiniz?
– İstərdim oxucular anlasınlar ki, şəxsi istəklərimizlə yanaşı, həm də bizim düşüncələrimizdən asılı olmayan, izaha və təsdiqə ehtiyac duymayan başqa gerçəkliklər də var. Hakimiyyət, cəmiyyət və din münasibətlərinin sirləri, görünməyən tərəfləri məhz belə gerçəkliklərdəndir. Onların mövcudluğu, hətta mən deyərdim ki, birgə mövcudluğu və taleyi bizdən və bizim birbaşa fəal iştirakımızdan asılı deyil. Bu üçlük təbii qanunauyğunluqdur. Həmin üç ünsür bizim mövcudiyyətimizi vahid orqanizm şəklində nizamlayan sistemin ayrılmaz hissəsidir.
– Kitabınızda haqqında
bəhs etdiyiniz mövzu ilə bağlı biliklərə
harada yiyələnmisiniz
– şəxsi təcrübəniz,
təhsiliniz sayəsində,
yoxsa tamam başqa üsulla?
– Kitabda ifadə etdiyimiz fikirlər bir neçə mühüm təməl əsaslara söykənir: a) dinin mahiyyətinin formalaşması və inkişafının səbəbləri; b) müsəlman ərəb ölkələrində olduğum zaman, eləcə də Vətənimdə din, cəmiyyət və hakimiyyət problemlərinə həsr etdiyim iyirmiillik araşdırma nəticəsində əldə etdiyim şəxsi təcrübə; c) sonda həm özümə, həm də kitabımda yazdıqlarıma inamım. Çıxartdığım nəticə cəmiyyətin üzvlərinin dini və etnik mənsubiyyəti ilə bağlı bir sıra suallara cavab tapmaqda, həmçinin bizim eyni ölkədə, eyni siyasi-ideoloji və dini məkanda birgə yaşayışımıza aydınlıq gətirməkdə mühüm rol oynaya biləcəyinə ümidlərimdir. Gəldiyim son qənaət ondan ibarətdir ki, kitabda özünə yer tapmış fikirlər hakimiyyət uğrunda siyasi mübarizə çərçivəsindən kənarda (siyasi mübarizənin şərtləri həmişə adi məntiq çərçivəsinə sığmır) bütün digər insanlararası əlaqələrdə neqativ məqamları aradan qaldırmağa yardım edə bilər.
Kitabın söykəndiyi əsas müddəa Azərbaycan Respublikasında daha çox tətbiq olunan hazırkı “Dövlət və din” konsepsiyasıdır. Bu konsepsiyanın xeyli sayda müddəaları mənim 2003-cü ildə hazırladığım 32 mühazirəlik “Dinin əsasları” adlı tədris vəsaitinə daxil edilmişdir. Orta məktəblərdə dinin tədrisinə rəsmi razılıq olmasa da, bir çox müəllimlər, şagirdlər və tələbələr bu kitabdan faydalanırlar.
Güman edirəm ki, haqqında danışdığımız yeni kitab dinə münasibətdə daha səbrli və dözümlü olmağa təkan verəcək qədər əhəmiyyətli ola bilər. Təki belə olsun. Cəmiyyətə, insanlara faydası olmayan kitab yazmağa dəyməz. Bu, mənim şəxsi qənaətimdir.
Müsahibəni
hazırladı: Nigar QULİYEVA
525-ci qəzet.-2013.-
23 oktyabr.- S. 4.