Görkəmli alim, böyük müəllim, unudulmaz şəxsiyyət

 

“Dünyanın bir çox dillərində çap olunmuş əsərləriniz   nüfuzlu beynəlxalq konfranslardakı çıxışlarınızla, Siz, Azərbaycan elmini ləyaqətlə təmsil etmisiniz. Respublikamız və çox saylı xarici ölkələr üçün hazırladığınız kadrlar haqlı olaraq fəxr edirlər ki, Sizin tələbələrinizdirlər”.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin akademik Azad Mirzəcanzadənin 75 illiyinə təbrikindən

 

Bu günlərdə dünya şöhrətli alim, neft və qaz mədən mexanikası, texnikası, texnologiyası və işlənməsi üzrə fundamental elmi istiqamətlərin banisi, Azərbaycan Milli Elmlər Akademiyası, Rusiya Təbiət Elmləri Akademiyası,  Başqırdıstan Elmlər Akademiyası, Ukrayna Neft qaz Akademiyasının həqiqi üzvü, fəxri neftçi,  fəxri qaz sənayesi işçisi, iki dəfə Azərbaycan Dövlət mükafatı laureatı,  üç dəfə İ.M.Qubkin adına mükafat laureatı, Azərbaycan Respublikasının əməkdar elm və texnika xadimi,  Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Azad Xəlil oğlu Mirzəcanzadənin anadan olmasının 85 illiyi elmi ictimaiyyət tərəfindən geniş qeyd olunur.

Yeni informasiyanı sürətlə qəbul etmə qabiliyyətinə, aldığı məlumatı tez bir zamanda aşılayıb yeni keyfiyyətlərlə, elmi yeniliklərlə, ideyalar çoxluğuna çevirmə bacarığına malik idi Azad müəllim. Azad Mirzəcanzadə adi adamın, bəlkə də sıradan bir alimin görə bilməyəcəyi problemləri görür-duyur, hədəfləri müəyyənləşdirir, prosesləri təhlil edərək  onları riyazi üsullarla izah edirdi, amma ən başlıcası bu idi ki, o ən mürəkkəb fikirləri belə adi insan düşüncəsinə yaxın tərzdə şərh edə bilirdi. Həmçinin o geniş elmi maraqları, zəngin  məntiqi  təfəkkürü, fitri istedadı, iti yaddaşı olan şəxsiyyət idi.

Onun haqqında xatirələri əks etdirən xeyli məqalələr yazılıb və heç şübhəsiz, bundan sonra da yazılacaq. Bu yazılar əsasən, onun həyatının ikinci hissəsini-şöhrətinin ölkə hüdudlarından kənara çıxmasından sonrakı dövrü əhatə edir. Çoxları bilmir ki, o, neft-qaz mexanikası sahəsində bütöv bir elmi istiqamət yaratmaq üçün hansı çətin, mürəkkəb və şərəfli bir həyat yolu keçmişdir.

1928-ci il sentyabrın 29-da anadan olmuş Azad Mirzəcanzadə 1936-cı ildə Bakı şəhərində, 14 nömrəli məktəbin birinci sinfinə getmişdir. Onun uşaqlıq və gənclik dövrü Böyük Vətən müharibəsi illərinə təsadüf etmişdir. Sonralar həmin məktəb hərbi hospitala çevrildiyindən o, sinif yoldaşları ilə bərabər 18 nömrəli məktəbə köçürülmüşdür. Məktəbdə oxuduğu illərdə xüsusi riyazi qabiliyyəti ilə seçilən Azad Mirzəcanzadə eksternat yolu ilə imtahan verərək vaxtından əvvəl – 15 yaşında orta məktəbi bitirmişdir.

Müharibənin yaratdığı ağır şərait, anası – Asya xanım və bacısı – İradə xanımla birgə yaşadıqları çətin həyat onu hələ gənc yaşlarından zəhmətə,  mübarizəyə  alışdırmışdı. 15 yaşından axşam fəhlə-gənclər məktəbində riyaziyyatdan dərs deməklə ailəsinə kömək edən Azad, bu fəaliyyətini 1944-1951-ci illərdə orta məktəbdə dərs deməklə davam etdirmişdir.

Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Sənaye İnstitutuna sənəd vermək istəyir. Yaşı az olduğundan onun sənədləri qəbul edilmir. Gənc Azad institutun rektoruna müraciət edir. Rektor, institutun neft-mədən ixtisasında oxumaq istəyənlərin sayı az olduğundan, müstəsna hal kimi onun həmin fakültəyə qəbul olunmasına razılıq verir. Azadı dərin ağıl, böyük istedad sahibi hesab edən sinif  yoldaşları bu “ədalətsiz” qərarla razılaşmır və hətta “neftçi” ixtisasına qəbul olmağa razılıq verdiyinə görə onu qınayırlar. Azad cavabında deyir: “siz yerin təkinin hansı elmi imkanlarının olduğunu başa düşmürsünüz”.

Azad Mirzəcanzadə institutda təhsil aldığı illərdə ixtisas fənlərinə çox ciddi fikir verir,  qibtə etdiyi müəllimlərinə bənzəməyə və onlardan öyrənməyə çalışırdı. Hələ tələbə ikən elmi yaradıcılıqla məşğul olan Azadı əvvəlcə Elmi-Tətqiqat Neft İnstitutunda laborant, sonralar isə kiçik elmi işçi vəzifəsinə qəbul edirlər. 1948-ci ildə o, “Gil məhlulların lay suyunda hazırlanmasının məqsədəuyğunluğu” adlı ilk elmi məqaləsini “Azərbaycan Neft Təsərrüfatı” jurnalında çap etdirir. Böyük praktiki əhəmiyyətə malik olan bu elmi işinə görə  o, SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

 

İnstitutun son kursunda onun namizədlik dissertasiyası artıq hazır idi. 1951–ci ildə 23 yaşında “Gilli məhlulların hidravlik elementləri” mövzusunda namizədlik dissertasiyasının müdafiəsi çox gərgin keçmiş və yeddi saat davam etmişdi. Maraqlıdır ki, bu müzakirədə iştirak edən dövrünün böyük alimləri, akademiklər Yesman və İlyuşin dissertant haqqında yüksək fikir söyləmişdilər.

Namizədlik dissertasiyasını müdafiə etdikdən dərhal sonra doktorluq dissertasiyası üzərində işləməyə başlayan Azad Mirzəcanzadə Neft Kimya İnstitutunda dərs deməklə yanaşı müxtəlif elmi tətqiqat institutlarında axtarışlarını davam etdirir, aspirant və gənc tədqiqatçılarla birgə gərgin fəaliyyətə başlayır. Onun doktorluq işinin elmi məsləhətçisi akademik İlyuşin  Bakıda Azadın yaşadığı mənzillə  tanışlıqdan sonra çox narahat olur və Bakı Şəhər Sovetinin sədri ilə görüşüb deyir ki, əgər bu gənc və çox perspektivli alimə normal mənzil verməsəniz, onu özümlə  Moskvaya aparacağam. Bu müraciətdən sonra ona şəhərin mərkəzində üçotaqlı mənzil verilir və Azad müəllim ömrünün sonuna qədər həmin mənzildə yaşayır. Jurnalistlər akademik İlyuşindən birgə fəaliyyət dövründə Azadın  ondan nələr öyrəndiyini soruşanda onun cavabı maraqlı olub: “ Mən  Azaddan daha cox öyrənmişəm, nəinki, Azad məndən.”

1957-ci ildə 29 yaşında SSRİ EA-nın Mexanika İnstitutunda “Özlü və özlüplastik mayelərin hidrodinamikasının problemləri”  mövzusunda  müvəffəqiyyətlə müdafiə etdiyi doktorluq dissertasiyası həmin dövr üçün böyük yenilik idi. O, elmdə qazandığı nailiyyətlərinə görə 1963-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1967-ci ildə isə həqiqi üzvü seçilmişdir.

O, 1952-1960-cı illərdə Azərbaycan Dövlət Universitetinin “Nəzəri Mexanika” və “Geofizika” kafedralarında rəqslər nəzəriyyəsi, əməliyyatlar hesabı, materiallar müqaviməti və nəzəri mexanika kurslarından mühazirə oxumuş, 1954-1958-ci illərdə Azərbaycan Elmlər Akademiyasının neft ekspedisiyasında şöbə müdiri vəzifəsində çalışmış, 1959-1962-ci illərdə Neft Kimya İnstitutunun “Nəzəri Mexanika” kafedrasının müdiri, eyni zamanda 1959-1969-cu illərdə Azərbaycan Elmi Tətqiqat Neftçıxarma İnstitutunda Hidromexanika laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. 1962-ci ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Neft Akademiyasında “Neft və qaz yataqlarının işlənməsi və istismarı” kafedrasının müdiri, eyni zamanda 1988-ci ildən Azərbaycan Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda “Neft və qazın qeyri-xətti mexanikası” şöbəsinin müdiri və Ufa Neft İnstitutunda “Qaz və qaz-kondensat yataqlarının işlənməsi” kafedrasının müdiri vəzifələrində işləyən Azad müəllim, reofiziki mürəkkəb sistemlər, texnoloji proseslərin riyazi modelləşdirilməsi, onlara nəzarət və idarə olunma məsələlərini tədqiq edən elmi məktəbin yaradıcısı olmuş, bir sıra neftçıxarma proseslərinin optimallaşdırılması məsələlərini həll etmişdir. O, 25 ildən çox müddətdə Moskva şəhərində Ümumrus Neft qaz Elmi Tətqiqat İnstitutunda beş laboratoriyanı birləşdirən elmi istiqamətə rəhbərlik etmişdir.

Azad Mirzəcanzadə ilk dəfə  müxtəlif  tərkibli neft axınlarının klassik Nyuton qanunlarına tabe olmadığını göstərmiş və bu tip neft yataqlarının nəzəri əsaslarını işləyib hazırlamışdır. O, qazkondensat sistemlərin süzülməsi üçün əsas differensial tənlik çıxarmış və belə sistemlərdə  verim əmsalının  işləmə müddətindən asılı olaraq artmasını göstərmişdir. Bununla da neftin istehsalı zamanı  əlavə quyuların qazılmasına ehtiyac olmadığı sübuta yetirilmiş və bu da səmərəliliyin artmasına səbəb olmuşdur.

Azad müəllimin rəhbərliyi altında məsaməli mühitdə qaz süzülmələrində qeyri- stasionarlığa  əsaslanaraq, suxurlarda sorbsiya xüsusiyyətinin təyini üçün metodika işlənib hazırlanmışdır. Bu da bir sıra böyük qaz yataqlarının ehtiyatlarının dəqiqləşdirilməsinə imkan vermişdir.

Akademik Azad Mirzəcanzadə ilk dəfə qaz və qazkondensat yataqlarının işlənməsində başlanğıc hərəkəti üçün lazım olan təzyiqlər fərqinin çox zəruri parametr olduğunu göstərmişdir. Bu fundamental əhəmiyyətli elmi nəticə lay ehtiyatlarının hesablanmasında nəzərə alınır və geniş istifadə olunur. O, neftlərdə özlü-elastiklik xüsusiyyətlərinin olmasını göstərərək   uyğun neftlərin çıxarılmasının nəzəri və praktiki əsaslarını yaratmışdır.

 

Bərk cismlərdə özlü-plastiklik nəzəriyyəsinin əsasını qoymuş akademik Aleksey İlyuşinin fikirlərini daha da dərinləşdirərək neftqazçıxarma sənayesində rast gəlinən və istifadə olunan mayelərdə özlu plastiklik xüsusiyyətlərin olmasını göstərməklə, akademik Azad Mirzəcanzadə özlü plastik mayelərin süzülməsinin fenomenoloji nəzəriyyəsini işləyib hazırlamış,  belə neftlərin çıxarılması və nəqli ilə əlaqədar bir çox məsələləri həll etmişdir.

Azad Mirzəcanzadə ilk dəfə olaraq çətin şəraitdə quyuların qazılmasının hidrodinamiki əsaslarını işləyib hazırlamışdır. Bu tədqiqatların nəticəsində quyuların qazılmasında yaranan mürəkkəbləşmələrin qabaqcadan xəbər verilməsi kimi praktik məsələlər öz həllini tapmışdır.

Həmçinin o, fiziki-kimyəvi mexanika, riyazi modelləşdirmə,  qərar qəbuletmə, avtomatik idarəetmə, öz-özünə yaranma və oyunlar nəzəriyyələrinin neftqazçıxarma sənayesində tətbiqinin təşəbbüskarı olmuşdur.

Azad müəllimin elmi tədqiqatlarının böyük bir hissəsi neftçıxarma proseslərində riyazi statistik metodların tətbiqinə, neft-qaz yataqlarının sinerqetik və dinamik analizinə həsr edilmişdir. Bu istiqamətlərdə aparılan tətqiqatların nəticələri Azərbaycanda,  xarici ölkələrin elmi mərkəzlərində, anomal neft yataqlarının işlənməsində və bir çox layihələrin hazırlanmasında istifadə olunmuş və olunmaqdadır.

Azad Mirzəcanzadə musiqi melodiyalarının strukturunda riyazi məntiq elementlərinin olmasını göstərən maraqlı məqalələr toplusunun müəllifi kimi oxucuların yaddaşında silinməz izlər buraxmışdır. O, qanın kapilyarlarda və damarlarda hərəkətinin, neftin boru kəmərləri ilə axını və məsamələrdə süzülməsi ilə eyni olduğunu göstərərək, tibb sahəsində də bir çox məsələlərin həllini vermişdir.

İş rejiminin çox gərgin olmasına baxmayaraq, Azad müəllim, vaxtaşırı Neft Daşlarında, Qum Adasında, Abşeronneft, Nərimanovneft və digər neftqaz çıxarma idarələrində elmi seminarlar aparmış, elmlə istehsalat arasında sıx əlaqə qurmağa çalışmışdır. O, böyük uzaqgörənliklə deyərdi: “Neft Daşları dənizdə ilk neft mərkəzidir, orada neftin olmasını kəşf edənlər və onu tikənlər, bəlkə də zənn etmirdilər ki, o Azərbaycanın gələcəyi olacaqdır. Xəzərdə neft çoxdur, hələ olacaq da...”

Azərbaycan Neft Təsərrüfatı jurnalı onun rəhbərlik etdiyi dövrdə  beynəlxalq status almışdır, jurnalın səhifələrində neft sənayesində taleyüklü əhəmiyyət kəsb edən materiallar, Azərbaycanın, MDB ölkələrinin, Şimal dənizi, İngiltərənin, ABŞ-ın, Vyetnamın neft yataqlarında sınaqdan keçirilmiş elmi işlərin nəticələri dərc edilmişdir.

Bu böyük alim ciddi elmi tədqiqatları ilə yanaşı ümumiorta təhsilin insanın həyatında vacibliyini nəzərə alaraq, həyatı boyu təhsilin həmin pilləsini diqqət mərkəzində saxlamışdır. 1989-cu ildə Bakı şəhərinin mərkəzində Hacıbəy Mahmudbəyov adına liseyin yaradılması və sonrakı inkişafı Azad müəllimin adı ilə bağlıdır. 1998-ci ildə Bakı şəhəri Xətai rayonunda onun təşəbbüsü ilə fəaliyyətə başlayan 147 nömrəli texniki-humanitar təmayüllü lisey indinin özündə də böyük alimin işıqlı ideyalarını uğurla davam etdirir. Yaxşı xatırlayıram, Azad müəllim tez-tez həmin məktəbə gələr, şagird, müəllim və valideynlərlə görüşər, məktəbin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı Təhsil Nazirliyi qarşısında məsələ qaldırar, istedadlı şagirdlərə öz vəsaiti hesabına təqaüd verərdi. Təsadüfi deyil ki, həmin məktəb bu gün də ziyalılar arasında onun adını şərəflə daşıyır. Onu da qeyd edim ki, Azad müəllimin pedaqoji fəaliyyətində xüsusi orijinallıq və özünə məxsus mühazirə oxumaq üslubu var idi. O, tələbələrə müasir elmin ən yeni nailiyyətlərindən danışarkən, musiqidən, ədəbiyyatdan, incəsənətdən və fəlsəfədən ixtisasa uyğun misallar gətirərək, mühazirələrini daha da zənginləşdirərdi.

Özünə məxsus dəst-xətti olan Azad ətrafındakı insanları, hətta gözə çarpacaq dərəcədə elmi nailiyyətlərini görəndə belə, gələcəkdə daha böyük nailiyyətlər əldə etməsi naminə tərifləməzdi. Akademik Mirzəcanzadənin yaddaşlarda həkk olunmuş bir sıra fikirləri zənnimizcə, daim yaşayacaqdır – “Mənim arzum özümdən sonra məndən çox bilən, öz işini sevən professionallar yetişdirməkdən ibarətdir”.

 

Onun auditoriya diapazonu çox geniş idi-burada məktəblilərlə yanaşı yüksək rütbəli elmi mütəxəssislər də iştirak edərdi. Azad müəllim həmişə yeni riyazi və fiziki məsələləri, qeyri-adi effektləri və metodları seçərək öz dinləyicilərinə ustalıqla şərh edərdi.

Olduqca mürəkkəb xarakterli kəskin, çılğın olan bu dahi insan eyni zamanda böyük pedaqoq idi. Hətta onu sevənlər arasında belə bir rəvayət də dolaşırdı: “ Azad müəllimə yaxın düşərsən yandırar, uzaq düşərsən dondurar”.  Ondan soruşanda ki, tələbələrinizin təhsilinə çox üstünlük verirsiniz, yoxsa intizamına? O, belə deyərdi: “ Nə oxumaq, nə də intizam əsas deyildir, bunlar ancaq nəticədir. Əsas isə, insanın mənlik və talantının olmasıdır. Bu iki amil olduqda təhsil də, intizam da öz-özünə əmələ gəlir. Amerikalıların belə bir kəlamı var: – “ Self esteem ” yəni insanda həm daxili mənlik, həm də xarici mənlik olmalıdır. Daxili mənlik – mən ətrafdakılara qarşı nəyi edə bilərəm, xarici mənlik – mənə qarşı nəyi edə bilməzlər”.

Akademik Azad Mirzəcanzadə Qərbi Sibirdə, Tümen vilayətində, Tatarıstanda, Almaniyada, Başqırdıstanda, Əlcəzairdə, Vyetnamda və Çin Xalq Respublikasında geniş elmi-pedaqoji fəaliyyətlə məşğul olmuş, 1962, 1965, 1966 və 1972-ci illərdə Polşada, 1965 və 1966-cı illərdə Almaniyada, 1967-ci ildə Azərbaycan SSR-nin hökumət nümayəndə heyətinin tərkibində Kanada EKSPO-67 sərgisində, 1969-cu ildə Yaponiyanın Kioto şəhərində “Beynəlxalq Hidravlik Tədqiqatlar Assosiasiyasının XIII konqres”-ində, 1969, 1972 və 1986-cı  illərdə Almaniya Demokratik Respublikasının Frayberq şəhərində keçirilən konfranslarda,  1991-ci ildə Yaponiya, Kanada, Ruminiya, Norveç və İngiltərədə keçirilən Beynəlxalq Elmi konqreslərdə iştirak etmiş və  həmin illərdə Əlcəzair, Suriya, Türkiyə, Bolqarıstan və Vyetnamda neft sənayesi işçilərinə mühazirələr oxumuş və məsləhətlər vermişdir. Azad müəllim 1973-1987-ci illərdə Başqırdıstan Dövlət Universitetində, 1979-cu ildən ömrünün sonuna qədər hər il Ufada Neft və neft məhsullarının nəqli, yığımı və hazırlanması Ümumittifaq Elmi Tədqiqat İnstitutunda “Neft və neft məhsullarının boru kəmərləri ilə nəqlində hidrodinamika, texniki diaqnostika və təhlükəsizlik məsələləri” və 1967-ci ildən başlayaraq Almetyevsk, Kiyev, Tümen, Bakı, İvano-Frankovsk, Krasnodar və s. kimi şəhərlərdə hər il  “ Yuyucu mayelərin və tanponaj  məhlulların hidravlikası” mövzularında elmi seminarlar keçirmiş və mühazirələr oxumuşdur. 1975-1985-ci illər ərzində Tümen şəhərində keçirilən “Neftqaz mexanikasının problemləri” seminarlarına rəhbərlik etmişdir.

Fikrimizcə, Akademik Azad Mirzəcanzadə dünyanın yeganə alimlərindəndir ki, 60 illik elmi fəaliyyəti ərzində 100-ə yaxın elmlər doktoru, 300-dən çox elmlər namizədi yetişdirmişdir. Onlar Azərbaycanın, Rusiyanın, Özbəkistanın, Tatarstanın, Türkmənistanın, Ukraynanın, Əfqanıstanın, Almaniyanın, Bolqarıstanın, Suriyanın, Misirin, Əlcəzairin, Koreyanın, Vyetnamın, İordaniyanın, Yəmənin, Sudanın və digər ölkələrin elm və təhsil müəssisələrində yüksəkixtisaslı kadrlar kimi müəllimlərinin elmi irsini uğurla davam etdirirlər. Şübhəsiz onun tələbələrinin böyük əksəriyyəti azərbaycanlılar olmuşdur. Azad müəllimin rəhbərliyi ilə yalnız Başqırıstanda 34 nəfər elmlər namizədi, 18 nəfər elmlər doktoru hazırlanmışdır. Ondan soruşanda ki, bir rəhbərin 300-dən çox alim yetişdirməsi nə qədər realdır? Cavabında belə deyərdi: “Mənim yüzlərlə ideyalarım olmuşdur ki, həmin ideyalar həm geologiya, həm qazma, həm neft və qazın hasilatının,  nəqlinin, mədən mexanikasının və s. elm sahələrinin əsaslarının formalaşmasına xidmət etmişdir. Beləliklə, bir ideya bir neçə istiqamətin elmi bünövrəsini təşkil edərsə, onda burada qeyri-adi bir şey yoxdur”. 

Bu böyük alimin elmi irsində dünyanın nüfuzlu jurnallarında çap olunmuş 500-ə yaxın elmi məqaləsi, 100-ə yaxın monoqrafiya, dərslik, dərs vəsaiti, 50 ixtirası  və elmi kütləvi əsərləri də xüsusi yer tutur.

Müstəqilliyimizin ilk illərində akademik Azad Mirzəcanzadə Azərbaycan Respublikasının Prezidenti yanında  Ali Attestasiya Komissiyasının sədri vəzifəsinə təyin edilir. Onu da qeyd edim ki, Sovet dövründə müttəfiq respublikalarda belə bir qurum fəaliyyət göstərmirdi. Həmin dövrdə  SSRİ məkanında elmi adlar və elmi dərəcələrin verilməsi mərkəzləşmiş formada Moskva şəhərində Ali Attestasiya Komissiyası tərəfindən həll olunurdu. Məhz onun rəhbərliyi dövründə komissiyanın əsasnaməsi hazırlanmış, Elmi Müdafiə Şuraları günün tələbləri səviyyəsində formalaşdırılmış,  dissertasiyaların keyfiyyətinin yüksəldilməsi istiqamətində ciddi işlər görülmüş, saxtakarlıq və proteksionizmə qarşı mübarizə aparılmışdır.

Müstəqil Azərbaycanın Dövlət Elm və Texnika Komitəsinin yaradılması və fəaliyyəti də onun ilk sədri Azad Mirzəcanzadənin adı ilə bağlıdır. Onun 10 il ərzində rəhbərlik etdiyi Elm və Texnika komitəsi Azərbaycan elminin dünya elminə inteqrasiyasını sürətləndirmiş, ölkəmizdə Patent Agentliyinin əsasını qoymuşdur.

Akademik Azad Mirzəcanzadənin elm qarşısında əvəzolunmaz xidmətləri istər sovet dövründə, istərsə də dövlətimiz müstəqillik əldə etdikdən sonra hökümət səviyyəsində layiqincə qiymətləndirilmişdir. O, 1959-cu ildə  SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Şərəf Nişanı Ordeni ilə,  1966-cı ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. 1970-ci ildə Azərbaycan SSR Əməkdar Elm və Texnika xadimi fəxri adına, 1975 və 1986-cı illərdə  Azərbaycan Respublikasının Dövlət,  1986-cı ildə SSRİ Nazirlər Sovetinin mukafatlarına layiq görülmüşdür. Lakin onun sovet dövründə aldığı mükafatlar bununla bitmirdi. O, 1982-ci ildə ikinci Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmiş, müxtəlif illərdə, neftçıxarma sahəsindəki xidmətlərinə görə üç dəfə Qubkin adına mükafata  layiq görülmüşdür.

1998-ci ildə isə müstəqil Azərbaycanın ən ali mükafatı olan “İstiqlal” ordeni ilə təltif edilmişdir. Onu da qeyd edək ki, yuxarıda sadalananlar akademikin aldığı makafatların, orden, medal, fəxri adların yalnız bir hissəsidir.

O, ilk dəfə olaraq “İdarəçilikdə riyaziyyat” fənninin vacibliyini vurğulamış və məhz onun təklifi ilə bu fənn Azərbaycan Prezidenti yanında İdarəçilik Akademiyasının  tədris planına daxil edilmişdir.

Akademik Azad Mirzəcanzadə “Neft və qazın geotexnoloji problemləri və kimya” Elmi Tədqiqat İnstitutunun, Beynəlxalq Şərq Neft Akademiyasının, AMEA Riyaziyyat və Mexanika İnstitutunda  “Neft və qazın qeyri-xətti mexanikası” şöbəsinin və  Moskva Dövlət Universitetində mexanikanın problemləri laboratoriyasının yaradıcısı olmuşdur. Onun rəhbərliyi ilə həmin müəsisələrdə aparılan elmi tətqiqatların nəticəsində neft və qaz yataqlarının işlənməsi,  istismarı, quyuların qazılması, neftqaz məhsullarının nəqli və saxlanması, neft-mədən mexanikasında bir sıra həll olunmamış məsələlərə aydınlıq gətirilmişdir. O, bu problemlərin həllində “qeyri bircinslik”, “qeyri tarazlıq” və “qeyri xəttilik” kimi üç xüsusiyyətin əsas olduğunu göstərmişdir. Azad müəllim fikirlərini üçlüklərlə ifadə etməyi xoşlayardı. O, bundan istifadə edərək tətbiqi riyaziyyatın nailiyyətlərində və informasiyanın müasir metodlarla təhlilində olduğu kimi, mürəkkəb təbiət sistemlərində  də – “qeyri dəqiqlik”, “qeyri tarazlıq” və “qeyri səlistlik” kimi üçlüyün uyğun olaraq nəzərə alınmasını vacib sayardı.

Maraqlı və ibrətamiz haldır ki, bu il, Azad müəllimin doğum günündə – sentyabrın 29-da Almaniyanın paytaxtı Berlin şəhərində  böyük alimin şərəfinə elmi seminar keçirilmiş, seminarda onun həmin ölkədə yaşayan tələbələri, Azərbaycan diasporunun nümayəndələri, Almaniya universitetlərində təhsil alan azərbaycanlı tələbələr və alman ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Həmçinin Akademik Mirzəcanzadənin xatirəsini yad etmək üçün Başqırdıstan və Komi Respublikalarından Bakıya gəlmiş bir qrup tələbələri onun məzarını ziyarət  etmişlər.

Bu məqamda  Azərbaycan xalqının böyük ziyalısı Mirzə Fətəli Axundovla bağlı  bir hadisə yada düşür.  Tanınmış alim Vilayət Quliyevin araşdırmalarına görə, general İsrafil bəy Yadigarov  həyatının son anlarında Tiflisdəki evində Mirzə Fətəliyə baş çəkir və nə qədər ağır olsa da ondan soruşur: “Mirzə, siz nə sayaq dəfn olunmağınızı istərdiniz?”. Mirzə Fətəlinin cavabı təxminən belə olur, “öləndən sonra necə və harada dəfn olunmağımın  mənim üçün heç bir mənası yoxdur, istədiyiniz kimi dəfn edərsiniz”. Bu gün Mirzə Fətəli Axundov Tiflisdə azərbaycanlıların məzarlığında özünə layiq yerdə uyuyur. Azərbaycan hökumətinin dəstəyi ilə məzarının üzərində bu unudulmaz şəxsiyyətə layiq qəbirüstü abidə ucaldılmışdır.  Hər gün onun məzarını ziyarət edənlərin belə bir böyük şəxsiyyət yetirdiyinə görə xalqımıza hörmət və rəğbəti artır.

 

Səmimi etiraf etsək, bu faktlar insanı xeyli təsirləndirir. Azad müəllim kimi ziyalılarımız, alimlərimiz bizlər üçün yüzlərlə kitab, alim, kəşf, yenilik qoyub gediblər. İndi bizim üzərimizə düşən əsas vəzifə belə böyük insanların xatirəsini əziz tutmaq, irsini davam etdirmək, dünyada daha yaxşı tanıtmaqla  millətimizi və müstəqil Azərbaycanımızı daha yüksəkliklərə qaldırmaqdan ibarətdir. 

Akademik Azad Mirzəcanzadə  məhz belə ziyalılarımızdandır. İnanırıq ki, Azad müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq, ölkəmizin hazırki inkişaf mərhələsində  yaratdığı yüksək elmi potensial, elmi məktəb və qiymətli əsərlər Azərbaycan Respublikasının iqtisadiyyatının inkişafına bundan sonra da xidmət edəcək.

 

 

Misir MƏRDANOV

AMEA-nın Riyaziyyat və

Mexanika İnstitutunun

direktoru, professor

   

Qeylani PƏNAHOV

Maye və qaz mexanikası

şöbəsinin müdiri,

texnika elmlər doktoru

 

Aynurə CƏFƏROVA

Hesablama riyaziyyatı və

informatika şöbəsinin

dissertantı

 

 

525-ci qəzet.-2013.- 26 oktyabr.- S.14-15.