Azərbaycan idealı və dövlətçilik amalı
“HEYDƏR
ƏLİYEV ADINA FOTO-ALBOM” HAQQINDA
DÜŞÜNCƏLƏR
Tanrının insanlığa bəxş etdiyi elə
nadir şəxsiyyətlər var ki, bunlar öz
xalqlarının həyatında tarixə çevrilir,
böyük əməlləriylə əbədiyyət
ömrü qazanır, təkcə yer üzündə yox, həm
də yaddaşlarda heykələ dönürlər. Azərbaycan
xalqının ümummilli lideri, ulu öndər Heydər
Əliyev belə şəxsiyyətlərdən idi. Allah onun taleyinə mənsub olduğu xalqın
xilaskarı missiyasını yazmışdı. Və bu
böyük tarixi missiyanı yerinə yetirmək
üçün səxavətlə hər şey vermişdi:
fenomenal yaddaş, yaraşıqlı sima, böyük dövlətçilik
təfəkkürü, insanı bir anda fəth edən nitq
qabiliyyəti, monolit şəxsiyyət, hüdudsuz cəsarət,
dönməz siyasi iradə...və ən başlıcası
öz xalqına və vətəninə sonsuz məhəbbət!
Bütün bu cəhətlər Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin ulu öndərimizin 90 illiyi münasibəti
ilə “Renessans” nəşriyyatında çap etdirdiyi
möhtəşəm “Heydər Əliyev adına
foto albom”da öz əksini tapıb. Layihənin rəhbəri
və “Zamanın fövqündə” adlı məzmunlu ön
sözün müəllifi, Azərbaycan Respublikasının mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev, məsləhətçi
nazirin birinci müavini Vaqif Əliyev, mətnin müəllifləri
Vaqif Bəhmənli və Ələddin Əsədzadədir. Kitab həm ictimai-siyasi, həm də mənəvi-fəlsəfi
çəkisinə, poliqrafik gözəlliyinə görə
möhtəşəmdir. Burada öncə
Azərbaycan Respublikasının Prezidenti, Heydər Əliyev
yolunun layiqli davamçısı İlham Əliyevin
imzaladığı iki tarixi sənəd yer alır.
“Azərbaycan xalqının
ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin xatirəsinin
ədəbiləşdirilməsi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 10 mart 2004 –cü il tarixli fərmanı
və “Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin 90 illik yubileyi haqqında” Azərbaycan
Respublikası Prezidentinin 21 yanvar 2013-cü il tarixli sərəncamı.
Bu iki sənəd və Azərbaycan Respublikası Prezidenti
möhtərəm İlham Əliyevin yüksək nəzəri-tarixi
məzmunlu fikirləri foto-kitabın konsepsiyasını müəyyən
edir: “Azərbaycan xalqının ümummilli lideri, müstəqil
Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev Azərbaycan
tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən
biridir. Azərbaycanın son 30 ildən artıq bir
dövrünü əhatə edən tarixi taleyi bu illər ərzində
xalqın ictimai- siyasi, iqtisadi və mədəni həyatının
bütün sahələrində dirçəlişi Heydər
Əliyevin adı ilə sıx bağlıdır. Heydər Əliyev rəhbərlik etdiyi bu dövr ərzində
Azərbaycanı bir dövlət kimi zamanın ağır və
sərt sınaqlarından çıxara bilmiş, ölkənin
gələcək inkişaf strategiyasını müəyyən
etmiş və onun həyata keçirilməsi
üçün mühüm addımlar atmışdır.
Azərbaycanın 1969-cu ildən bəri
yaşanan dövrü xalqımızın tarixinə Heydər
Əliyev dövrü kimi əbədi həkk olunmuşdur.
Tarixi bu dövrdən etibarən başlayan Heydər
Əliyev idarəetmə fəlsəfəsinin başlıca
ideya fəlsəfi istiqaməti xalqın milli
özünüifadəsinin bütün forma və vasitələrinin
geniş vüsət alması, milli qürur hissinin güclənməsi
və milli şüurun yüksəlişinə təkan verən
sürətli inkişaf strategiyasının gerçəkləşməsi
ilə səciyyələnmişdir”.
Azərbaycanda
Heydər Əliyevin 90 illiyinə həsr olunmuş III beynəlxalq
kitab sərgisi kontekstində Gənc Tamaşaçılar
Teatrında geniş təqdimatı keçirilən “Heydər
Əliyev adına foto albom” ulu öndər
haqqında yazılmış kitablardan fərqlənir.
Çevik və aydın dildə yazılmış bu kitab
Heydər Əliyevin sevimli nəvəsi, bu gün Rusiya kimi nəhəng
bir dövlətdə onun ideallarını, xüsusilə azərbaycançılıq
fəlsəfəsini dönmədən təbliğ edən
Leyla Əliyevanın babasına həsr etdiyi şeirlə
açılır. Munis bir qəlbin dərin məhəbbətini
ifadə edən bu şeir kitaba səmimiyyət gətirir,
onun romantik pafosunu və cazibədarlığını
artırır.
Yeni foto kitab olduqca canlıdır. Burada Heydər
Əliyevin həyatı, taleyi, böyük əməllərini
əks etdirən foto şəkillər elə bir məntiqlə
yerləşdirilib ki, onlara baxanda ümummilli lideri sanki
canlı olaraq görür, onunla təmasda olursan.
Kitabda
Heydər Əliyevin adı ilə bağlı Heydər
Əliyev Fondunun və onun rəhbəri Azərbaycanda və
bütün dünyada ulu öndərin ideallarını, Azərbaycan
həqiqətləri və mədəniyyətini böyük
sevgi ilə təbliğ və təqdim edən ölkənin
birinci xanımı Mehriban Əliyevanın fəaliyyəti
geniş və məzmunlu tərzdə
işıqlandırılır. Mehriban
Əliyeva qloballaşan dünyanın intellektual ledisi, Azərbaycan-türk
xanımlıq ənənələrinin qəhrəmanlıq
və zəriflik simvoludur. O qəlbində Azərbaycan
sevgisi ilə bütün sivil dünyanı fəth edir.
Heydər Əliyevin adını əbədiləşdirmək,
bununla bağlı tarixi zaman-zaman canlandırmaq, milli mənəvi
və dövlətçilik ideallarımıza böyük
xidmətdir.
“Heydər
Əliyev böyük azərbaycanlıdır, böyük
tarixi şəxsiyyətdir, müstəqil Azərbaycanın
qurucusudur” – möhtərəm Prezidentimiz İlham Əliyevin
bu sözləri kitabın leytmotivini müəyyənləşdirir
Layihənin rəhbəri Əbülfəs Qarayev və
müəlliflər adı və əməlləri yüzlərlə
kitaba sığmayan Heydər Əliyev fenomeninə mədəniyyət
prizmasından yanaşıblar. Onun isə düsturu belədir: “Xalq
bir çox xüsusiyyətləri ilə tanınır,
sayılır və dünya xalqları içərisində
fərqləndirilir. Bu xüsusiyyətlərdən
ən yüksəyi mədəniyyətdir”. Həqiqətən də mədəniyyət
xalqın tarixdəki rolunun ən bariz göstəricisidir.
Ona görə də Heydər Əliyev qədim
və zəngin Azərbaycan mədəniyyətini, onun ədəbiyyatı
və incəsənətini dərindən bilir, dövlətçilik
mənafelərinə tətbiq edirdi. Ulu
öndərin azərbaycançılıq fəlsəfəsinin
ən etibarlı mənbələrindən biri və birincisi
Azərbaycan ədəbiyyatı və incəsənəti
idi.
“Heydər
Əliyev adına foto albom” kitabının
layihə rəhbəri, Azərbaycanın mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev “Zamanın
fövqündə” adlı ön sözdə bu məsələyə
xüsusi önəm verir. “Ədəbiyyata, incəsənətə,
bütövlükdə mədəniyyətə sıx
bağlılığı bu böyük şəxsiyyətin
fitri istedadından, yaradıcı təbiətindən və
milli irsə olan diqqətindən qaynaqlanırdı. Dahi şəxsiyyət Heydər Əliyev həm
Allah vergisi, həm gözəllik duyumu, həm də fəhmi
ilə əsl sənəti qiymətləndirməyi
baçarır, hər hansı sənət əsərinə
ilk növbədə bir sənət sərrafı kimi
yanaşa bilirdi. Ölkənin ictimai-
siyasi, sosial-iqtisadi cəhətdən çox ağır durumda
olduğu zamanlarda belə Heydər Əliyev mədəniyyət
və incəsənətin xalqlar və millətlər
arasında heç bir tərcüməyə ehtiyacı
olmayan ən yaxşı ünsiyyət vasitəsi kimi rolunu nəzərə
alaraq Azərbaycanın zəngin mədəniyyətini
dünyaya inteqrasiya və onun təbliğində mühüm
addımlar atırdı”.
Əlbəttə, Heydər Əliyevin Azərbaycan
dövlətinin tarixdə qalması, xalqımızın
dünyadakı yerinin və nüfuzunun möhkəmlənməsi
naminə gördüyü cahanşümul işlər
cild-cild kitablara sığmaz. Barəsində söz
açdığımız möhtəşəm kitabın
müəllifləri də ulu öndərin gördüyü
işlərin əhatə olunması iddiasında deyillər.
Kitabı ərsəyə gətirənlər
çalışıblar ki, onun fəaliyyətinin kardinal
istiqamətləri barəsində təsəvvür
yaratsınlar.
Kitabdakı
mətnlərin və fotoşəkillərin
çıxış nöqtəsini belə bir mənalı
və məntiqli deyim müəyyən edir: “Heydər
Əliyev tarixi dəyərləndirdi, bu günü
yaratdı, gələcəyə yol göstərdi”.
Kitabın ilk bölümü “Keçmişə ehtiram
dövlətin ləyaqətidir” adlanır. Və bu bölmədə
Heydər Əliyevin tarixi xidmətlərini əks etdirən
nəzəri müddəalar yer alır.
Kitabın
“Heydər Əliyev adına” adlı digər
bölümündə ulu öndərin adını əbədiləşdirən
onun tarixi əməllərini yaşadan ünvanlardan bəhs
olunur. Foto-kitabın “Dünya ondan
danışır” bölməsində ulu öndərin
dünya dövlətlərinin rəhbərləri ilə
görüşlərini əks etdirən foto şəkillər
və bu görüşlərin məzmunu, tarixi və siyasi,
diplomatik əhəmiyyəti haqqında məlumatlar yer
alır. Əsərin “Yaxın –uzaq ünvanlar” hissəsində
onun adını əbədiləşdirən ölkələr:
Gürcüstan, İsrail, Qazaxıstan,
Qırğızıstan, Rumıniya, Rusiya, Ukrayna, Türkiyə,Özbəkistan haqqında müxtəsər
qeydlər verilir. Kitabda deyildiyi kimi burada həmin ölkələri
üç söz birləşdirir: Heydər Əliyev adına...!
Canından artıq sevdiyi Azərbaycanın elə bir
regionu, rayonu, tarixi güşəsi yoxdur ki, Heydər
Əliyev orada olmasın, xalqla görüşməsin, təsərrüfat,
mədəniyyət obyekti tikdirməsin. Haqqında
danışdığımız 500 səhifəlik, iri
formatlı, möhtəşəm kitabın
yarısını əhatə edən “Hər qarışda
izi var” hissəsi ulu öndərin regionlarda əbədiləşmiş
xatirəsinə ehtiram ifadə edən parklardan, Heydər
Əliyev Mərkəzi adlı muzey məkanlardan bəhs edir. Burada hər bir rayon haqqında tarixi, coğrafi və
demoqrafik məlumat verilir.
Bütün
bu cəhətlər “Heydər Əliyev adına
foto-albom”a ensiklopedik xarakter verir, ulu öndərin
obrazını canlandırmağa imkan yaradır.
“Heydər
Əliyev adına foto albom” Heydər
Əliyevə olan ümumxalq məhəbbəti və onun
xalqa, vətənə sevgisini əks etdirir: “Heydər
Əliyev irsinin dəyərini ən mükəmməl ifadə
edən iki kəlmə söz – Vətən sevgisi” – bu
sözlər kitabın leytmotivini ifadə edir. Onun
Vətən sevgisi isə hüdudsuz idi, hələ ki, bu
sevginin nə dərinliyini, nə də hüdudlarını
müəyyən edən meyar icad olunmayıb. Heydər Əliyevin ömrü mənsub olduğu
xalqa sədaqətlə xidmət nümunəsi idi. Azərbaycan dövlətinin tərəqqisinin monolit
təməlində onun dönməz şəxsiyyəti,
tarixləri adlayan dühası dayanır.
Dünyanın
məşhur siyasi xadimləri Heydər Əliyev şəxsiyyətinə,
onun öz xalqının tarixindəki və dünya siyasətindəki
roluna böyük dəyər vermişlər: “Qeyri-adi şəxsiyyət”
(Jak Şirak) olan “Heydər Əliyev Azərbaycanın
böyük lideri idi. O, böhranlar dövründə öz
ölkəsinə sabitlik gətirdi. Azərbaycan
xalqı onun qoyduğu irs ilə fəxr edə bilər” (Toni
Bleyer). “Heydər Əliyev bütün
dünyada layiqli hörmət və böyük nüfuz
qazanmış görkəmli dövlət xadimidir” (Vladimir
Putin). “Türk xalqı heç vaxt onu
unutmayacaqdır. Azərbaycan xalqı Heydər Əliyev
kimi dahi şəxsiyyət ilə hər zaman fəxr etməlidir”
(Süleyman Dəmirəl)... Milli qürur hissi doğuran belə
mülahizələr “Heydər Əliyev adına
foto-albom”u zənginləşdirir, onun qəhrəmanının
ümumdünya şöhrətindən soraq verir. Heydər
Əliyev haqqında yazanlar ona məxsus olan bir keyfiyyət də
həmişə ön plana çəkirlər: Onun nəzərləri
tarixin uzaq üfüqlərinə şəfqət
saçır. Bu ona görə belədir ki, ulu
öndər böyük tarixilik duyğusuna malik idi, o tarixin
addım səslərini eşidir, tarixin hansı istiqamətə
getdiyini təyin edə bilirdi. Təfəkkürün
tarixiliyi, həm də yüksək tarixilik duyğusu onu
heç vaxt yanılmağa qoymamışdır. Onun idealları yeni tarix yaradır və hər yeni
tarix onu təzə yöndən dərk edir, ona güvənir
və yaşadır. “Heydər Əliyev adına
foto albom” bu dahi şəxsiyyətə yeni tarixi yanaşma
nümunəsidir. O, yeni təfəkkürə
ünvanlanıb.
Bu kitab Vətən
sevgisi, millət və xalq təəssübü, böyük
siyasi iradəsi, fenomenal təfəkkürü, parlaq nitq mədəniyyəti,
hakimiyyət əzmi, monolit şəxsiyyəti, qələbədən-qələbəyə
aparan dövlətçilik strategiyası tarixi
keçmişimizə, ana dilimizə və mədəniyyətimizə
tükənməz hörməti ilə dünyada nüfuz,
xalqda məhəbbət qazanmış qeyri-adi bir insan
haqqında əbədiyyət simfoniyasıdır. Səsi-sədası
tarixin uzaq ünvanlarına, gələcək nəsillərin
milli yaddaşına ərməğan edilib. O həm qalın,
həm də qalan kitabdır.
Gülşən
ƏLİYEVA-KƏNGƏRLİ
525-ci qəzet.-2013.-
26 oktyabr.- S.22.