Məmməd
Araz dünyasına səyahət
Borçalıdan Bakıya təzə gəlmişdim. Azərbaycan mətbuatına təzə-təzə ayaq açırdım. Çağdaş Azərbaycan şairlərini görmək, tanımaq, duymaq istəyirdim. Sevdiyim adlar içərisində bir ad da var idi. Məmməd Araz! Əvvəllər Məhəmməd İbrahimov olan, adında və soyadında iki peyğəmbərin – İbrahim peyğəmbərin və Məhəmməd peyğəmbərin adlarını daşıyan şairimiz Məmməd Araza çevrildi, Məmməd Araza döndü. Arazı özünə təxəllüs götürdü. Araz bizim üçün göz yaşı, hıçqırıq, ayrılıq, həsrət, hicran olduğuna görə bu çay Məmməd Arazın taleyinə yazıldı. “Gələcəyə inam sarıdan dünyanın ən varlı adamı”nı görmək üçün fürsət axtarırdım. Bu fürsəti mənə Bakıda qarşılaşdığım ədəbi mühit verdi. O mühit ki, orada Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Məmməd Araz, Xəlil Rza, Söhrab Tahir, Nəriman Həsənzadə, Tofiq Bayram, Cabir Novruz kimi istedadlı şairlər nəsli yazıb yaradırdı.
Məmməd Araz öz halal ilhamının ilkini, əzəlini Naxçıvandan, Şahbuzdan, Nursdan, Batabatdan, Zor bulaqdan, ata yurdundan, anasının şairənə dünyasından, atası İnfil kişinin nəfəsindən və taleyindən almışdı. Halal ilham həmişə dediyini deyir, təmiz, pak, saf bir dünyası var halal ilhamın. Məmməd Araz ilhamı kimi!
Məmməd İbrahimovun Məmməd Araz olması çox da uzun çəkmədi, Arazı təkcə çay adı kimi götürmədi. Azərbaycanın tarixi kimi, yararlanmış və paralanmış torpağımızın taleyi kimi, o taylı-bu taylı vətənimizin dərdləri kimi “Gülüstan” və “Türkmənçay” anlaşmasına münasibət kimi götürdü.
Sahilində
küləklər,
Gəzməyib mənim
kimi.
Sularında
ördəklər
Üzməyib mənim
kimi.
... O mənim
mürəkkəbim,
Mən onun qələmiyəm.
O mənim telli sazım,
Mən onun Dilqəmiyəm.
...Yox, Araz deyəndə mən,
Təkcə çay
düşünmürəm.
...Mən Arazın səsiyəm,
Mən onun yatağıyam.
Mən onun sahiliyəm,
Mən onun ləpəsiyəm.
– dedi,
Araz çayının onun üçün nə olduğunu
poetik bir dillə xalqa bəyan etdi, mənasını, məzmununu
açdı. Araz şair üçün dərdli insanın
tərcümeyi-halı, Vətənin vəziyyəti,
torpağın həsrəti, millətin
ağrılı-acılı günləri, “bir gəlin
hörüyü, bir ana yuxusu, Qıratın yalmanı,
Bozatın tərliyi, dilsiz çöllərin nəğməkar
dilidir” deyib, Arazın yatağı kimi qəmli suları
canına çəkdi, Arazın səsi kimi qəmli-qəmli
oxudu, Arazın sahibi kimi həm o taya, həm bu taya yana-yana
baxdı, Arazın ləpələri kimi həsrətli nəğmələr
oxumağa başladı.
Şeirlərin
adına fikir verin: “Araz yadıma düşüb”, “Mən Araz
şairiyəm”, “Oxuyan Təbriz”, “Bu gecə yuxumda Arazı
gördüm”, “Araz dili”, “Araz axır”. Bu əsərlərin
hansını oxuyursan oxu, hamısında xalqın taleyi, Vətən
torpağının tərcümeyi-halı, millətin dərdi
var. Araz şairin Vətən haqqında yaratdığı,
ümumiləşmiş poetik obrazıdır.
Arazımla yol yoldaşı
olmadım,
Bu da belə bir
ömürdü, yaşadım.
– deyən
şair əsl sənətkar ömrü yaşadı, qitələr,
ölkələr dolandı, Viktor Hüqo qitəsindən
keçdi, “Eyfel qülləsi”ni nişan verdi, “Nazimə
Türkiyə sovqatı” gətirdi, yaddaşlara səs kimi
yazıldı, vətəninə oğul oldu, “Qalx ayağa, Azərbaycan”
deyib milləti ayağa qaldırdı, Mirzə Cəlil
yanğısından, Sabir kəsərindən yazdı,
dünyanı düzəltmək uğrunda vuruşdu,
şeirin səngərində həqiqət uğrunda
döyüşdü, Xəzərin dərdindən Gülə
məktub yazdı, Vətənin daşına, torpağına
çevrildi, başının üstündə çaxan
ildırımlara “dağların çibini” kimi baxdı, ocaq
keçəndə, budaq qırılanda, bulaq susanda, düzlərdən
ceyran azalanda özünü günahkar saydı, ölə-ölə
yazmadı, yaza-yaza öldü. “Haqqın var, Məmməd
Araz!” haqqını qazandı, ənənə ilə
müasirliyi birləşdirdi. Şair, qayalara, dağlara
söykən, mənim də arzumu sən yaşat bir, – dedi, qələm
dostu Musa Yaqubu əbədiyyətə harayladı. Qaya obrazını yarada-yarada özü də qayaya
çevrildi. Daş altda yanan suda şair
varlığını göstərdi, “Üç oğul
anası”na layla çaldı, müharibəyə
nifrət yağdırdı. “Atamın
kitabı”nda Nizamini fikir dağına bənzətdi, Bethovenə,
Üzeyir bəyə, Qara Qarayevə, Fikrət Əmirova
simfoniya verən, “Qatar” verən dağlarla üz-üzə gəldi.
Homer, Dante, Puşkin zirvələrinə əl atdı,
atasının çəkdiyi əziyyətləri zəhmət
əlifbası kimi şeirə gətirdi, su ilə söhbət
elədi, torpaqla danışdı, “anadan-bacıdan gizlətdiyini,
kağızdan, qələmdən gizlətmədi”, qəbirlər
önündə diz çökdü, xatirələr yaza-yaza
özü də xatirələşdi, Məmməd Araz oldu!
Məmməd Araz deyiləndə bir də mənim
gözlərimin önünə qayalar gəlir. “Qayalara yazılan səs”,
“Daş qartal”, “Ağlayan qayalar”, “Məmməd Araz qayası”,
“Qanadlı qayalar”, “Daş harayı”, “Ərimgəldi
qayası” şeirləri təsadüfən yazılmayıb. M.Araz zirvəsi, M.Araz dağı, M.Araz
kürsüsü, M.Araz ucalığı, M.Araz bulağı
gəlir xəyalıma. Qaya Məmməd –
Məmməd qaya olmaq da hər şairə qismət olmur.
“Mən duyuram sən
olmağın ağırlığını. Ey mən
qaya, mən olmaq da asan iş deyil”, – deyən şair
qayaların taleyini insanlaşdırır,
daşların-qayaların nə çəkdiyini insanlara
xatırladır. Daş – ağlaya-ağlaya yol
gözləyən daşa dönmüş anadır, daş –
dünyanın taleyini düşünən insandır, daş
– daşlaşan dilimizdir, daş – “daşlaşan,
torpaqlaşan ulu babam”ın harayıdır. Daş – bir qayaya söykənib daşa dönmək
istəyən bir şairin ölümsüz obrazıdır.
Daş – beli sınan, tağı uçan
körpülərin, ağrı-acrısıdır. Çünki “o da elə bir gün idi, igidlərin
yaşaması daş olmaqla mümkün idi”. Çünki “Qaya kimi dayaq olub, yumruq olub, ox olublar,
qayadöşlü qəhrəmanlar qayalıqda yox olublar”.
Qaya-daş obrazı Məmməd Araz
üçün canlı həyatdır. Ona
görə də Vətənin özünü də
qayalaşdırır şair.
Azərbaycan qayalarda bitən bir
çiçək,
Azərbaycan çiçəklər
içində qaya
– deməklə vətəni bir daha müqəddəsləşdirir
şair.
Bir qayanın dibindəcə süfrə
açdıq,
Kürsümüz də, mizimiz də
daşdan idi.
Məmməd Arazın havasında, suyunda, süfrəsində,
çörəyində, təbiətində, xarakterində
bir qaya təbiəti var. Məmməd Araz
yaradıcılıqda neylədisə, “Vətəni sevmək
naminə, ucaltmaq naminə” elədi. Sözlə həm vətəni
ucaltdı, həm də özü ucaldı.
Məmməd Araz istedadlı, “ağıllı ürəkdən,
ürəkli ağıldan” doğuldu. Onun poeziyası qələmə
qardaş, varaqlara şumlanmış torpaq dedi, yazı masasını
Mil-Muğan, Qarabağ düzünə bənzətdi,
yaradıcılığı sirdaş bacı, həmdəm
qardaş bildi, ürəyin yarpaq dilini, bənövşə
nisgilini duydu, ürəksiz başlardan, başsız ürəklərdən
uzaq oldu. “Bir zərrənin
işığına milyonlar şərik olan dünyada,
Yüz il qoşa atılsaq da qoşa düşmərik” –
şeirdən bir dünya yaratdı.
Füzulidən Allah nişanı, Səməddən
vurğunluq aldı. Sevgi nəğməsi oxudu. İlham
pərisi ilə həmişə dost oldu. Babək
qılıncına söykəndi.
Məmməd
Araz olmaq üçün nurlu suda yuyunmalısan, şeirin
çətin yollarında addımlamalısan, torpağın
dilini bilməlisən, kotandan, xışdan
yapışmalısan, holavar oxumalısan, ana ürəyinin
qubarından, ata əlinin qabarından doğulmalısan, bir
qayaya söykənib qayaları, daşları daş dilində
dilləndirməlisən, səndən-məndən
ötüb vətənə dəyən zərbələri
öz üzərinə götürməlisən, “Günəşi
ittiham edənlər”ə cavab vermək üçün
çox sualları cavablandırmalısan, qara sazın tellərində
“bəlkə bu yerlərə bir də gəlmədim” deməlisən,
eyni zamanda sən bu dünyadan getsən də, dərələr,
dağlar, meşələr, çəmənlər, qarlı
zirvələr, əsən yellər, ötən dillər səndən
deməli, səndən danışmalıdır. Ürəksiz bir kəlmə də olsun
yazmamalısan. Dünəni döşdən
asmamalısan, dünəninə qəbir qazmamalı, tarixi
tarix kimi göstərməlisən. Ürək
elə deməlidir ki, əl öz yazdığını dəyişməsin.
Budur Məmməd Araz olmağın çətinliyi!
Məmməd Arazın yolu Nizamidən başladı,
Füzulidən keçdi, Aşıq Ələsgərdən,
Səməd Vurğundan qüvvət aldı.
Hər külək ağzında bir
səmtə varsam,
Açılmaz şeirimin
qızıl dan yeri.
Əgər yer üzündə Nizami
varsa,
Fikir dartımıdır
fırladan yeri.
– dedi, Nizamiyə söykəndi. Yolunu heç çaşmadı, fikrini, əqidəsini
parçalamadı, dar cığırları böyük
yollara qovuşdurdu.
Bu yollarda öləcəyəm,
özüm bilirəm,
Bu ölümü ən
şərəfli ölüm bilirəm.
– deyib şeirin-sərvətin
yolunda yeni bir işıq yandırdı. Elə
bir işıq ki, o heç vaxt sönməyəcək.
Məmməd
Araz əkinçi ömrü yaşadı:
Bir ömür yaşadım – əkinçi
ömrü,
Öz ömrümü şum elədi
öz əlim.
Varaqları
qara şum elədi. O şumda Məmməd Araz
karandaşı göyərdi. Varaqlara söz
toxumu səpdi, bərəkət göyərtdi, sünbül
yetişdirdi, unu, dəni, çörəyi evləri, süfrələri,
könülləri bəzədi. Onun
söz süfrəsində hər cür nemət oldu.
Mən gözəl bir süfrə
açdım,
sözdən əhli-aləmə,
Onda bir zövq artıran
hər dürlü nemət düzmüşəm.
– deyən babası Füzuli kimi,
sözün süfrəsində dürlü-dürlü nemətlər
düzdü. Oxucuların ürəyinə
hopdu. “Gündoğandan günbatan mənzilim”
deyən şairin vətəni Azərbaycan qədər
böyüdü, dünya qədər genişləndi,
türk dünyası qədər ucaldı, ən uca zirvələrlə
baş-başa dayandı.
Gənc qələm yoldaşlarına:
Dünyada
bir damla olmaq istəsən,
Dünyaya bir ümman həvəsiylə
gəl
– deyib onları yaradıcılıq sevgisinə
çağırdı. “Şəhriyar gəlmədi”
şeiriylə ayrılığa, həsrətə, hicrana qəzəbini,
nifrətini bildirdi, silləsini vurdu, yumruğunu endirdi.
.
“Şəhriyar gəlmədi” – Güllər güllüklərdə
dərili qaldı,
Çiçəklər
yollara sərili qaldı deməklə həm də o tayın qələm
adamlarına tükənməz məhəbbətini ifadə
etdi.
Sevdiyi şairlər çox olsa da, ən çox
Füzulini, Aşıq Ələsgəri və Səməd
Vurğunu sevdi, Füzuliləşdi. “Nədənsə,
şairim, adın gələndə çox şairin adı
yadımdan çıxır”, – deyib Füzuliyə əbədi
sevgisini, şirin-şəkər qoşmaları ilə Ələsgər
yoluna sədaqətini dilə gətirdi.
Sazına Vaqifin səsimi gəldi,
Səsindən baharın nəsimi
gəldi.
Alqışa Füzuli, Nəsimi gəldi,
Eşqə gətirəndə qəzəllər
səni
– deyib, Səməd Vurğuna
vurğunluğunu göstərdi.
Bilirsən, təzə bir əsər
yazıram,
Eh, nələr
düşünüb, nələr yazıram.
Hər sözü incidir, hər
sözü haqdır,
Adımı göylərə
qaldıracaqdır.
– deyən şair dostluqdan yazdı, dostdan
yazdı, dünyanı dostluğa çağırdı. Dilinə yalan qonan dostları dilindən salıb
itirdi, “dərdini öz dərdi bilən dostları” sevdi, əzizlədi.
Onu ölməyə qoymayan dostlarını minnətdarlıqla
yad elədi.
Ömründə bir kəsə dost
olmayan kəs,
Hansı bir dostluqdan əsər
yazır bəs?
– deyib, sualları ilə insanı
düşündürdü. İnsan sevgisinə böyük
önəm verdi. “Vətən
daşı olmayandan olmaz ölkə vətəndaşı”
hökmünü də Məmməd Araz imzaladı.
Məmməd
Arazın şeirləri – indi də bir çox
parçalarını əzbər bildiyim “Üç oğul
anası” poeması gündəlik söhbətlərdə,
dost məclislərində, oxucularla görüşlərdə,
ədəbi müzakirələrdə həmişə səslənirdi,
təhlil olunurdu, yüksək qiymətləndirilirdi.
Üç oğul böyüdən
oğul anası,
Özgələr
çiynində gora gedirdi.
– deyən
şair,
Qəlbimin bu sadə şeiriyyətindən,
Bir ana heykəli qoyulsun bu
gün.
– deyib ananın ölməz ruhuna bir poetik abidə
qoymuşdu.
Məmməd Arazın dostları çox olsa da, iki
ziyalının adını çəkməyi özümə
borc bilirəm.
Biri xalq şairi, hamımızın çox istədiyimiz,
“əmi” dediyimiz Söhrab Tahirdi ki, o, Məmməd Arazın gənclik,
cavanlıq dostu olub. Söhrab Tahir o taydan gələndə
Məmməd Araza yazmışdı:
Sən məni bir axşam qonaq
saxladın,
Yaramı yaranla yayıb
bağladın.
Mənim gözlərimlə bəzən
ağladın,
Qoymadın gözlərim dola,
qardaşım.
Toyuna gəlmişəm, hər yan
xonçadır,
Boş əlim
bükülmüş qanlı qonçadır.
Bircə ürəyim var,
parça-parçadır,
O sənə çatacaq, ala,
qardaşım.
Məmməd Araz Söhrab
Tahirdən, onun şairliyindən, insanlığından,
dostluğundan həmişə ürəklə
danışdığı kimi, Söhrab Tahir də Məmməd
Arazın böyüklüyündən həmişə
ürəklə danışır. Ömrünün
müdrik çağlarını yaşayan Söhrab Tahir bu
gün də Məmməd Araz deyir, Məmməd Araz
eşidir. Bir də Cəfər Quliyevi (xalq
arasında ona Cəfər həkim deyirlər) böyük
sevgilərlə xatırlayıram. Mən
həmişə Cəfər həkimi Məmməd Arazla
görmüşəm. Məmməd
Arazın gərəkli, lazımlı günlərində Cəfər
həkim həmişə onunla bir yerdə olub. Sevincinə, dərdinə şərik olub. Məmməd Araza həsr olunan şeirlərdən
ibarət bir kitab da nəşr elətdirib. “Haqqın var yaşamağa” adlı bu kitab
oxucuların stolüstü kitabına çevrilib.
Məmməd Arazın vətəndaşlığı
çox yüksək səviyyədə idi. Vətən Məmməd
Araz üçün kitablara sığışmayan bir
mövzu idi. Onun əbədi ünvanının adı Vətən
idi:
“Vətən
mənə oğul desə nə dərdim”,
“O, dərman
istəmir, Vətən istəyir,
Dərdli, yoxsul olsun, tək vətən
olsun!”
“Bir-iki yarpaqlı sözüm
vardısa,
Vətəndən
almışdım, Vətənə qaldı”,
“Vətən daşı olmayandan,
olmaz ölkə vətəndaşı”,
“Sənə inanıram, keşikdə
duran,
Ayıq Vətən oğlu, Vətən
əsgəri”,
“Bu gün gərək hər
anımız Vətən desin”.
Vətənlə bağlı bu cür misallar Məmməd
Araz yaradıcılığında çoxdur. Nə qədər
desən misal gətirmək olar. Ancaq
söhbət ondan gedir ki, bütün
yaradıcılığı Vətən yanğısı
üstündə köklənib. Vətənin
torpağı da, daşı, qayası da, ağacı,
yarpağı da, qarışqası, arısı, kəpənəyi,
böcəyi də, canlı-cansız təbiət də Vətən
deyir, Vətənlə nəfəs alır. Bu da şairin yaradıcılığında ən
işıqlı səhifələrdən biridir, – deyib,
yanılmadıq.
Məmməd Araz insan kimi də böyük idi. Bütün qələm
dostları onu insan kimi çox yüksək qiymətləndirir,
xətrini həmişə əziz saxlayırdılar. Mən onu dostların əhatəsində, oxucularla
görüşlərdə, ayrı-ayrı insanların taleyi
ilə bağlı işlərdə çox müşahidə
eləmişəm. Çox diqqətcil,
xeyirxah, alicənab, qayğıkeş idi. Heç
nə gözündən yayınmırdı. Yaxşılıq eləmək, qayğı göstərmək,
sahib durmaq onun üçün ən böyük mükafat
idi. Unudulmaz sənətkarımız
Mikayıl Mirzə onun şeir və poemalarını çox
ilhamla, ehtirasla oxuyurdu. “Mikayılın
oxuduqları yalana, böhtana, riyakarlığa,
nadanlığa qarşıdır. Onları
daşıyanlara qarşıdır, onlara sillədir,
qılıncdır Mikayılın şeirləri. Onları dinləməmək mümkün deyil”, –
deyən Məmməd Araz öz nəfəsindən,
ilhamından Mikayıla pay vermişdi. Mikayıl
da Məmməd Arazın şeirlərini, poemalarını
oxuyanda göydə ildırım kimi çaxırdı.
Əmi hər dəfə Mikayıla qulaq
asdıqca cavanlaşır, qartal kimi uçmaq istəyirdi.
Məmməd Arazın Mikayıl Mirzəyə
yazdığı şeirlər şair ürəyinin
çırpıntıları, döyüntüləridir.
Səsi salonları titrədən, zalları ayağa
qaldıran Məmməd Araza görüşlərdə
çox qulaq asmışam. Coşqun, havalı,
sinəsi sözlə dolu olan Məmməd Arazı bu gün də
həmin duyğularla xatırlayıram. İlk
dəfə onu APİ-də (indiki Pedaqoji Universitet)
görüşdə Söhrab Tahirlə birlikdə
görmüşəm. Sonradan
çoxsaylı görüşlərimizdə şairi həmişə
ilhamlı, çılğın, ehtiraslı
görmüşəm.
Bir dəfə Astaraya gedirdi. Məni də
özü ilə götürdü. Onda
orada İnşallah adlı bir dostu işləyirdi. O dəvət
eləmişdi. Mən Məmməd Arazın
böyüklüyünü, insanlığını,
geniş ürəkli bir insan olduğunu, dostluğunu, sədaqətini
onda kəşf etdim ki, mən adi bir insanla yox, böyük Azərbaycan
şairi ilə yola çıxmışam. Aradan otuz ildən çox vaxt keçsə də, o
görüşləri, Astarada keçirdiyimiz Məmməd
Arazlı günləri böyük ehtiramla xatırlayıram.
Bir xatirəm köçəcəkmi
xatirələrə,
Min xatirə köçəcəkdir
mənimlə, əfsus.
– deyən ustad şairimiz bu gün xatirələrdə,
ürəklərdə, yaddaşlarda yaşayır. Şeirimizdə, şeiriyyətimizdə,
poeziyamızda yaşayır.
Ana yurdun hər daşına üz
qoyum,
Hər dərəndə
çaldığım saz yaşayır.
...Sıx gözünü, hansı
daşda su yansa,
O daş altda Məmməd Araz yaşayır.
– deyən ustad sənətkarımız
yaşayır və yaşayacaq nə qədər söz var,
Azərbaycan xalqı var, Məmməd Araz da var olacaq!
Əziz
oxucu! Bilirsən, Məmməd Arazı duyursan,
sevirsən, tanıyırsan, oxuyursan, öyrənirsən.
Ancaq indi onu “Bir Şuşa bürcü”, “tamaşa
bürcü”, şeirimizin “Məmməd Araz bürcü” kimi
yenidən oxu, sev, əzizlə, yaddaşlara yaz, ürəklərdən
ürəklərə, gözlərdən-gözlərə
köçür, sözlərini el-el, kitablarını əl-əl
dolaşdır.
Ürək
xəzinəndə “Bu da belə bir ömürdü
yaşadım”, “Dünya sənin, dünya mənim, dünya
heç kimin”, “Vətən mənə oğul desə nə
dərdim”, “Şair, qayalara, dağlara söykən”, “Bəlkə,
bu yerlərə bir də gəlmədim”, “Ya Rəbbim, bu
dünya sən quran deyil”, “Sən kimə gərəksən,
mən kimə gərək”, “Fillərin ömrünü
qoruyun”, “Nobel mükafatı”, “Anamdan yadigar nəğmələr”,
“İki ömür yolu, bir dəmir yolu”, “Atamın kitabı”,
“Məmməd qaya, qaya Məmməd”, “Nə günah”, “Tək
səni özümlə aparacağam”, “Unut məni, aldat məni,
at məni”, “Professor Gülə məktub”, sevgi nəğmələri,
Araz dünyası ilə bağlı əsərlərindən
ibarət bir Məmməd Araz dünyası yarat! Qoy bu dünya səni həmişə
işıqlı yollarla gələcəyə doğru
aparsın. Elə bir gələcəyə ki, orda Məmməd
Araz var
Məmməd
Araz deyiləndə
ayağa
dur ki,
Ana yurdun
ürəyinə
toxuna bilər.
Zəlimxan Yaqub
525-ci qəzet.-2013.-
26 oktyabr.- S.24-25.