Şair
ilhamlı rəssam
Nadir istedad sahiblərindən
biri kimi tanıdığım və
dərin hörmət
bəslədiyim dəyərli
sənətkar Natiq Ağayev, çox təəssüf ki, artıq bu dünyada
yoxdur. Rəssamlıq istedadı ona
Allah tərəfindən verilmiş
vergi idi. Çoxlarının görə bilmədiyini,
duya bilmədiyini hiss edirdi. Onda misilsiz rəssamlıq
duyğusu var idi. Təbiətdə gördüyü hər şeyə, hər canlıya özünəxas vurğunluqla
baxırdı. Natiq hər
şeydən öncə
mahir bir portret ustası kimi yetişmişdi.
Əfsus
ki, böyük qalereyalarda, şöhrətli
salonlarda sərgiləri
keçirilmədi. İnanıram ki, nə vaxtsa
qədirbilən xalqımız
Natiqin də əzəmətli salonlarda
açılan sərgilərinin
tamaşaçısı olacaq.
Natiq Ağayev
çox nikbin bir insan idi. İnsanları, insani keyfiyyətləri olan, kövrək qəlbi olan insanların vurğunu idi. Natiq cavanlığında Ağdamın “Qarabağ” futbol klubunun öz dəsti-xətti olan futbolçularından
olmuşdu. O, Qarabağın
dilbər guşələrindən
olan Ağdamın dəli-divanəsi idi. Öz yurdunu, obasını, onun insanlarını bala anasını sevən kimi sevərdi. Erməni işğalçıları Ağdamı işğal edəndən sonra uzun müddət özünə yer tapa bilmirdi, elə bil havalanmışdı.
Kim bilir, bəlkə
də ürəyinə
ilk zərbə də
özündən çox
sevdiyi Ağdamın namərdcəsinə işğalından
sonra dəydi. Həmişə təkliyə çəkilərək
özünə qapanıb,
Ağdamlı günlərini
xatırlayıb kövrəlir,
bəzən də özünü saxlaya bilməyib, hönkür-hönkür
ağlayırdı.
Məlumdur ki, rəssamlıq bir çox sahələrə bölünür. Bu sahələr arasında bəlkə ən çətinlərindən biri
portret rəsmlər çəkməkdir. Allahın yer
üzünün əşrəfi
kimi yaratdığı
insanın şəklini
çəkmək çox
çətin və zəhmətli bir peşədir. İslam dini
uzun müddət insan şəklini çəkməyi qadağan
etdi. Bəlkə ona görə
qadağan etdi ki, “İnsan Allahın şah əsəridir, Yaradandan kamil bir əsər
yarada bilmirsənsə,
yaratma”, – deyirdi.
Natiq Ağayev sözün həqiqi mənasında Yaradanın
Yaratdığı insanın
obrazına sadiq idi və insanın
portretini çəkəndə
onun iç dünyasını, ürəyinin
işığını, heç
kəsin görmədiyi,
görə bilmədiyi
bir aləm yaratmağa can atırdı.
Natiq portretini çəkmək istədiyi
adamı uzun zaman müşahidə edərdi, onun bütün iç dünyasını kəşf
edib, sonra fırçanı əlinə
götürüb, kətan
üzərinə rəsmini
köçürərdi. Ona görə
də onun tabloda gördüyü rəsm işləri hamısı yaxından tanıdığı, daim
təmasda olduğu insanlar idi.
Natiq Ağayevin
ən çox sevdiyi, şeirlərinin vurğunu olduğu şair Şahmar Əkbərzadə idi. Ona görə də ustad şairin bir neçə gözəl,
əvəzsiz rəsmini
yaratdı. Onun “48 ölçüdə qadın
paltarı” rəsmi misilsiz bir sənət
əsəridir
Natiqin rəsmləri
bitkin bir obraz idi. “Hacı
Rövşən”, “Hacı
Vidadi”, “Hacı Ədalət” və başqa-başqa müqəddəs
yerləri ziyarət edib gəlmiş insanlarımızın kətan
üzərində dolğun
obrazlarını yaratmışdı.
Məsələn, “Hacı
Arif Babayev” portretinə baxanda elə bilirsən ki, bu dəqiqə
bir yanıqlı “Segah” eşidəcəksən,
“Qədir Rüstəmov”
portretinə baxanda qulaqlarına “Sona bülbüllər”in səsi
gəlir, Aqil Abbas elə bil “Dolu” romanını
qəhrəmanlarının taleyini əbədiləşdirir,
Şahin Rüstəmovu
Vətən xainlərinə
hökm oxuyarkən, Bəhruz Axundovu Qarabağ haqqında yeni bir kitabın
nəşrində, Vasif
Quliyevi tüstüsü
ərşə dirənmiş
Şuşanın dağlarında
təsəvvür edirsən.
Həmçinin, təvazökarlıqdan uzaq olsa da,
bəndənizin portretinə
baxanda da “Ağdamım – qibləgahım”
kitabları göz önünə gəlir.
Məşhur bir rəssamın yanına gedib deyirlər ki, sən bu qədər
rəsmləri hardan tapıb çəkirsən. O, bir söz demədən, külqabını ona müraciət edənin qarşısına qoyub deyir: “Buyur, sən də çək”. Tərəf-müqabili söyləyir ki,
bu külqabında nə məna, romantika var ki,
onun rəsmin çəkim? Cavab verir
ki, elə yaradıcılıq da budur, hər şeydə məna, romantika var, onu görmək lazımdır. Natiq də
bütün canlı və cansız aləmdə məna arayıb, romantika axtarıb. Ona görə də
onun yaratdığı
bütün obrazlar həyatidir, əbədiyaşardır.
Natiq Ağayevin
bu dünyadakı həyatı tam, bitkin bir insan taleyinin
portreti idi. Sadə, bəzək-düzəksiz,
amma işıqlı bir insan taleyinin
portreti. Onun bundan
sonrakı taleyi də mənalı və işıqlı olacaq. Əsərləri olan hər yerdə Natiq öz mənəvi ömrünü yaşayacaq,
sənətsevərlərin qəlbində əbədi
həyat sürəcək.
Ruhu şad olsun!
Surxay Əlibəyli
525-ci qəzet.-2013.- 26 oktyabr.- S.25.