Boluda I Beynəlxalq Koroğlu festivalı
Türkiyənin Bolu şəhərində I
Beynəlxalq Koroğlu festivalı keçirilib. Festivalda Azərbaycanın
millət vəkilləri Qənirə Paşayeva, Aqil Abbas da
iştirak edib. Qənirə Paşayevanın APA-ya verdiyi məlumata
görə, Bolu Bələdiyyəsinin təşkilatçılığı
ilə adı çəkilən şəhərdə
keçirilən festivalda türk dünyasının 5 ölkəsi
ilə ortaq hərəkət edilib.
Tədbirdə Türkiyə baş nazirinin
köməkçisi Bəkir Bozdağ, Bolu bələdiyyə
başçısı Ələddin Yılmaz, müxtəlif
türk topluluqlarından gəlmiş şəxslər də
iştirak ediblər. Koroğlunun adını daşıyan
festivalın təşkil olunmasında məqsəd türk
dünyasının qəhrəmanı Koroğlunun dünyaya
tanıdılması olub.
Festivala Türkiyənin Mehtər musiqi qrupunun
çıxışı ilə start verilib. Türkiyə
prezidenti Abdullah Gülün festival barədə məktubu
oxunduqdan sonra Bolu Bələdiyyə başçısı
Ələddin Yılmaz Koroğlu kimliyi haqqında məlumat
verib.
Almaniyadan olan millət vəkilləri Arif
Ünal və Raymond Roys, Bolu valisi Mustafa Kamal Kəskin, Bolu
millət vəkili Fəhmin Küpçü və başqaları
Koroğlu festivalında çıxış ediblər. Onlar
ortaq dəyərimiz olan Koroğlunun Bolu ilə bütünləşdiyini
bu işin davamında daha böyük uğurların
olacağını deyiblər.
Festivalda çıxış edən millət
vəkili Qənirə Paşayeva
bayramın Cümhuriyyətin qurulması ilə eyni ərəfəyə
təsadüf etməsinin sevindirici hal olduğunu söyləyib.
Türk köklərinin birliyi məsələsinə
toxunan Qənirə Paşayeva Koroğlunu bütün türk
dünyasını birləşdirən böyük dəyər
adlandırıb.
Açılış mərasiminin sonunda
çıxış edən baş nazirin müavini Bəkir
Bozdağ Koroğlunu ədalətin səsi adlandırıb:
“Koroğlu dünyanın bir çox qəhrəmanları
kimi məzlumun yanındadır. Fərqi isə bizə məxsus
olmasındadır”. Koroğlunun yardımsevərliyinin
xalqın yardımsevərliyi, xalqın dəyərləri
kimi qiymətləndirən nazir müavini bu ənənənin
davamı olaraq Türkiyənin də Dağlıq Qarabağ məsələsində
Azərbaycana hər zaman olduğu kimi dəstək
olacağını bildirib.
“Koroğlu” abidəsi
qarşısındakı məşəli
alovlandırmasının ardından dövlət rəsmiləri
və festival iştirakçıları orkestrin müşayiəti
ilə Atatürk abidəsinə doğru yürüş ediblər.
525-ci
qəzet.- 2013.- 31 oktyabr.- S.7.