Qala Qoruğunda regional təlim keçirilib

 

Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “Muzey xidməti, ziyarətçilərə keyfiyyətli qulluğun əsası və muzeyin sosial rolunun gücləndirilməsinin faktoru kimi” mövzusunda regional təlim keçirilib.

Tədbiri giriş sözü ilə açan UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva iştirakçıları salamlayıb və bildirib ki, təlim Müstəqil Dövlətlər Birliyinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHƏF) və UNESCO-nun birgə layihəsi çərçivəsində MDB ölkələrinin muzey mütəxəssisləri üçün “Muzeylərin idarə olunması - XXI əsr: UNESCO/İKOM-un tematik regional treninqləri və muzey menecmenti potensialının inkişafı sahəsində MDB ölkələri ekspertlərinin görüşü” regional təlimlərinin davamı olaraq təşkil edilib.

İçərişəhər Dövlət Tarix-Memarlıq İdarəsinin rəisi Samir Nuriyev, Azərbaycanın mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, AMEA-nın vitse-prezidenti, akademiyanın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibi, akademik Akif Hacıyev, Azərbaycan, Belarus, Ermənistan, Moldova Respublikası və Rusiya Federasiyası üzrə UNESCO-nun Moskva ofisinin mədəniyyət proqramı mütəxəssisi Moreva Lyubava və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva çıxış edərək regional təlimin əhəmiyyətindən söz açıblar: “Regional tematik təlimin məqsədi yerli tarixi-etnoqrafiya muzeylərinin sosial rolunun gücləndirilməsi, muzeylərin ekspozisiya-sərgi fəaliyyətinə müasir standartların tətbiqi və muzey işçilərinin işinin yaxşılaşdırılması, keyfiyyətli muzey xidmətlərinin verilməsidir”.

Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Ukrayna, Moldova və Rusiya Federasiyasının muzey direktorları iştirak ediblər.

 

S. ABDULLAYEVA

 

525-ci qəzet.- 2013.- 31 oktyabr.- S.7.