"Bilmirəm necə sübut edim ki, Tofiq Qarayev
sağdı..."
Azərbaycanın dəyərli aktyorlarından
biri, Əməkdar
artist Tofiq Qarayev, uzun sürən xəstəlikdən sonra,
bugünlərdə vəfat
etdi. Doğma yurdu Ağdamın
işğalı istedadlı
sənətkara dərin
psixoloji böhran yaşatmış, bu fəlakət onun həyat və yaradıcılığında silinməz, ağrılı
izlər buraxmışdı.
Çəkdiyi mənəvi sıxıntıların
üzərinə maddi
məhrumiyyətlərlə də əlavə olunduğundan Tofiq Qarayev bir daha
əvvəlki qaynar səhnə və ekran fəaliyyətini bərpa edə bilmədi. Nəhayət, amansız ölüm
bu dərdli-nisgilli insanı haqq dünyasına aparmaqla, həm də, onu tanıyan hər kəsin inandığı kimi, doğma Ağdamına, itirdiyi əzizlərinə,
dostlarına ruhən qovuşdurdu. Mərhum
sənətkarımıza Allahdan
rəhmət diləyir
və Tofiq Qarayevin neçə il öncə
jurnalist Ceyhun Musaoğluya verdiyi maraqlı müsahibədən
bəzi məqamları,
onun xatirəsinə ehtiram olaraq, oxuculara təqdim edirik.
Tofiq Qarayev. Sehrli aktyor. Sehrkar sənətkar.
Onu tanıyanlar tanımayanlar
qədərdir. Onu tanımayanlar
çox şey itirib. Paradoksa bax: onu tanıyanlar
da itirib. O, hamının itiyidir. Adamlar itiyindən xəbərsizdir.
Ona görə Tofiq Qarayev ölür-dirilir.
İndi sağdır, amma diri deyil. Səsini eşidirsiz? Danışır, şeir deyir. Səsi ilə vücudları titrədir. Adamlar titrəyirsə, ayılır demək.
Adamlar ayılırsa, görür
demək. Görəcəklər, itirdiklərini tanıyıb,
tapacaqlar. Və bu
itkinin nə qədər qiymətli olduğunu biləcəklər.
Daha onu heç vaxt itirməyəcəklər...
- Sizdən çoxdandır
xəbər-ətər yoxdur.
Heç
bilmirəm söhbətə
hardan başlayım.
Bəlkə elə sualsız-filansız söhbətə
birinci siz başlayasız...
- Məndən heç vaxt xəbər-ətər
olmayıb. Gah ölmüşəm, gah dirilmişəm. 1990-cı ildə yanvar hadisələrində
Bakıda idim. Bir dəfə onda ölmüşəm. Xalq Cəbhəsinin
sədri Eldar Bağırov dostlarıyla
Bakıya gəlmişdi,
ona demişdilər ki, Tofiq Qarayev
ölüb. Mənim qolumda
əsgərlikdən yadigar
qalan nakolka var. Eldar əmin idi ki, həmin
nakolkadan meyidi tanıyacaq. İkinci dəfə
1994-ün yanvarında - Ağdamın
Cəvahirli kəndində,
190 nömrəli hərbi
hissədə minomyot yağışına düşdük.
Batalyona xəbər yayıldı
ki, Qarayev 9-10 əsgərlə birlikdə
ölüb. Üçüncü dəfə isə
1996-cı ilin martında
öldüm. 25-dən 26-na keçən gecə...
- Bilmək istəyirəm, üç dəfə ölən Tofiq Qarayev hazırda sağdırmı?
- Bilmirəm bu xalqa necə sübut edim ki, Tofiq Qarayev
sağdı və Tofiq Qarayev onun
boynuna biçilmiş
əsərlə nə
vaxtsa çıxacaq bu camaatın qarşısına. 1983-cü ildə Əməkdar
artist adını almışam.
Həmişə soruşurlar:
"Hansı rolu oynamısan?" Obrazlarımın adını saymağı
xoşlamıram. Sadəcə,
belə deyirəm: ağlatmışam, güldürmüşəm,
düşündürmüşəm... Ömrü boyu özümə qəsd eləmişəm.
Heç kimə gücüm çatmayıb...
Mənə öz obrazımı vermədilər...
- Obrazınız hansıdır?
- Vaqifdi, Kral Lirdi,
Otellodu, Maqbetdi, Riçarddı. Niyə Axundovun, Vəzirovun, Səməd Vurğunun, Cabbarlının əsərlərində
oynamayım?.. Niyə Oqtay Eloğlu olmayım?.. Hansı ki, rəhmətlik
Cəfər Cabbarlı
onu bəlkə məhz mənim üçün yazıb.
- Niyə böyük rollara can atırsız? Epizodik rollarla da məşhur
olmaq olar.
- Epizodik rolların ifaçıları belə
obrazları yaratmaq üçün doğulublar.
Mən epizodik rollar üçün doğulmamışam.
Pərəstiş elədiyim iki
sənətkar - Yusif Vəliyev və Səməndər Rzayevi də sənətdə layiqli yerlərini tutmağa qoymadılar.
Hər ikisi ilə dost olmuşam.
- Demək istəyirsiz, böyük aktyorlara qarşı münasibət
həmişə pis olub?
- Özümü böyük
aktyor saymıram. Həmişə özümü Səməndərin,
Yusifin tələbəsi
hesab etmişəm.
İnsan
ləkə götürər,
amma sənət götürməz. İstənilən vaxt yüz min nəfərlik stadionda camaatı 3 saat saxlaya bilərəm.
Əgər saxlaya bilməsəm, Allah məni
zəlil eləsin... Mən onları yeri gələndə güldürəcəm
də, ağladacam da, düşündürəcəm
də. Boş yerə deyilməyib
ki, incəsənət
qurban tələb edir. Hər şeyimi incəsənətə
qurban vermişəm.
Bir canım qalıb, bir də sənətim.
Mən sənətə olan məhəbbətimi tamadalıqda
öldürdüm. Bir də
görürsən, toyda
tamaşa göstərirəm.
Amma zaldakıların bundan xəbəri olmur.
- Yeni nəslin təmsilçiləri sayılan
aktyorlara münasibətiniz
necədir?
- Bəzi şeylər həddini aşıb. Kişi nə qədər səhnədə
qadın paltarı geyər?.. Quranda
yazılıb ki, qadın kişi
qiyafəsinə girməsi
qiyamətin əlamətlərindəndir.
Bəlkə biz dünyanı
sona çatdırmağa
çalışırıq... Mən heç vaxt belə adamlara qoşula bilmərəm.
İstəyirəm dünya həmişə
yaşasın.
- Hətta siz səhnəsiz qalsaz belə?..
- Mənim səhnəsiz qalmağımda hamının
günahı yoxdu ki. Bir-iki nəfərə
görə başqaları
niyə əziyyət
çəkməlidir?..
- Səhnəyə qayıda
bilmirsiz. Başqa sənətlə məşğul
ola bilməzsiz?
- Bütün Ağdam camaatı bilir ki, usta Sərdarın
şəyirdi olmuşam.
Yaxşı "QAZ-21", "Moskviç" yığıram...
- İndi nə
"QAZ-21", nə də
"Moskviç" var. Təsəvvür
edin, sizə səhnədə də yer vermirlər, təmir etməyə
"Moskviç" də
yoxdur...
- Gəlin səhnəni yeməklə müqayisə
edək. Səkkiz tikə antrikota
öyrəşmişəm, mənə bir boşqab mannı verirlər. O mannının
içində heç
yağı da yoxdur, heç olmasa o yağdan ləzzət alaq.
- Cəmi bir obraz
seçməli olsaz, hansını götürərsiz?
- Oqtay Eloğlunu. Ən çox arzuladığım
obrazlardan biri də Şeksprin Otellosudu. Yaqonu da oynamaq istəyirəm.
- Əminsiniz ki,
Oqtay Eloğlu bu gün dilənçi
üçün çörək
saxlayar?
- Oqtay Eloğlular
çoxdur bu məmləkətdə. Başqasını düşünənlər olmasa,
dünya çoxdan dağılar. Dünya yaxşı
adamların çiynində
durub.
- Yaxşı adamlardan hər hansı kömək görürsüz?
- Bəli. Allah dostların
canını sağ eləsin. Onlar olmasa, acından
ölərəm. Quranda yazaılıb
ki, ey, bəni-adəm
övladı mən həddindən çox istədiyim bəndəmə
əzab verirəm.
Allahın əzabına qurban
olum. Mənə ləzzət edir
onun əzabı.
- Səhnəyə qayıtsaz,
əzabdan qurtaracaqsız.
Bəs əzabın ləzzəti
necə olacaq?
Əzabdan müvəqqəti qurtaracam. Amma əzab
mənimlə əkizdi.
- Ən çox
hansı obrazınıza
alqış almısız?
- Çingiz Aytmatovun "Qırmızı yaylıqlı
qovağım mənim"
əsərində. İlyas obrazını
oynayırdım. Həmin tamaşadakı
alqış səsləri
qulaqlarımdan getmir.
Mehdi Məmmədov, Adil İsgəndərov, Şəmsi Bədəlbəyli
hamısı zalda idi. Tamaşada "oğlumla görüş"
səhnəsindən sonra
göz yaşları içərisində monoloqumu
dedim. Oturdum pilləkənin üçüncü
pilləsində, düz
tamaşaçıların yanında. Siqareti damağıma qoydum.
Zaldan yüz yerdən alışqan gətirdilər
ki, siqaretimi yandırsınlar. And olsun Allaha, Mehdi
müəllim qalxdı
ayağa. Səsindən
tanıdım onu, dedi əhsən, bravo, Tofiq. Bütün zal əl çaldı.
- Riqqətə gətirdiyiniz
tamaşaçılar sizi
axtarmırlar...
- Onların özlərinin problemləri başlarından
aşır. Dedim axı, məni dostlarım saxlayır. Çoxlu naxçıvanlı, ağdamlı,
sabirabadlı, salyanlı,
şuşalı dostlarım
var.
- Danışırsız, səsinizin
seyrinə düşmüşəm.
Bu səsi oxuculara
eşitdirməmək insafsızlıq
olar. Bir şeir deyin, oxucular necə səs sahibi olduğunuzu duysun.
- Qəribədir. Oxucular qəzetdən səsimi
necə eşidəcəklər?
Nə bilim vallah. Deyim də:
Canım
Vətən, axır qaldın yadamı,
Görən dağlar saxlayırmı sədamı?
Görmüşük ki, dərd ağladar adamı
Dərdə bax ki, mənim
dərdim ağlayır.
Çiçək gedir, yarpıq gedir, gül gedir,
Çəmən gedir, çiçək
gedir, gül gedir,
Bu tərəfdə öz
gözümdən sel
gedir.
O tərəfdə yuvam, yurdum, ağlayır.
Sücaət ürəyim bir
qırılan sim,
Nələr çəkdiyimi kim anlayar, kim?
Yurdun göz yaşını silə bilmədim,
Yatdım, yuxumda da gördüm,
ağlayır.
525-ci qəzet.-2013.-
29 oktyabr.- S.7.