Xədicə Abbasova: “Bəlkə də
Emin indi məni görsə, deyər ki, bu qız dəli
olub...”
“Payızda
doğulduq, payızda tanış olduq,
payızda sevdik bir-birimizi... Amma elə payızda da
ayrıldıq... İndi bilmirəm payızı sevim, ya
yox?!...”
Həyatının ən önəmli hadisələrini məhz bu fəsildə - payızda yaşadığını deyən müğənni Xədicə Abbasova ilə bu görüşümüz də payız fəslində gerçəkləşdi. Bir zamanlar məşhur olan Xədicə Abbasova yaddaşlarda daha çox sevgisi ilə qaldı desək, yanılmarıq. Mərhum bəstəkar Emin Sabitoğlunun ikinci həyat yoldaşı Xədicə xanım illər sonra sevgi dəftərçəsini vərəqləyir.
Evli kişi bəyənmədiyi “qara-mara” qıza vuruldu...
- İstəyirəm lap əvvəldən başlayaq. Necə tanış oldunuz?
- O gün heç yadımdan çıxmır. Çox gülməlidi. Bir gün müəllimim Rəşid Behbudov dedi ki, sabah bəstəkar Emin Sabitoğlu gələcək. Bəyəndiyi ifaçıya mahnı verəcək. İnanın, o gecə demək olar ki, gözümə yuxu getmədi. Səhərə qədər onunla ilk görüşümüzü fikirləşdim. Həyəcandan birtəhər olurdum ki, Emin Sabitoğlunu görəcəm, mənə mahnısını verəcək. Səhər dəhlizdə o başa-bu başa gedib onu gözləyirdim. Bir də gördüm ki, balacaboy, qıvrımsaç, qəribə yerişli bir kişi gəldi. Onda mənim uzun, qara saçlarım var idi. Oğlan rolu verildiyi üçün saçımı yığıb başıma papaq qoydular. Emin müəllim məni görəndə dönüb Rəşid Behbudova dedi ki, budu sənin ifaçın?! Bu nədi, qara-mara bir qızdı ki... Bundan müğənni olar?! İnanın, bu cümləni eşidəndə bütün həyatım darmadağın oldu. Gecəni yatma, onunla bağlı xəyallar qur, o da gəlib desin ki, bu nədi, qara-mara bir qızdı. Üzünə deyə bilməsəm də, ürəyimdə deyinirdim ki, sən bir buna bax, mənə tülkü ilə bağlı mahnı gətirib sonra da deyir ki, bundan müğənni olar?!
- Bəs necə oldu ki, o kişi “qara-mara” dediyi qızı bu qədər çox sevdi?
- Hər zaman bunu demişəm və ölənə kimi də deyəcəm. Bəziləri inanır, bəziləri isə yox. Amma mən özüm də bilmədən, göstərdiyim diqqət sayəsində Emini özümə aşiq etdim. Heç vaxt ağlıma da gəlməzdi ki, bizim aramızda bu cür münasibət olar. Çünki onu bir bəstəkar kimi çox sevirdim. Həyat yoldaşım olacağını düşünmürdüm. O ki qaldı “qara-mara qız”a, ikinci görüşümüzdə artıq o qızdan əsər-əlamət qalmamışdı (gülür). Çünki mən artıq çox sevilən, hamının diqqət mərkəzində olan bir müğənni idim. Böyümüşdüm, bir az da qəşəngləşmişdim. Yəni uşaq görünüşünü gənc xanım görünüşü əvəz etmişdi. Bir çox ölkələrə qastrol səfərinə gedirdim. Axırıncı dəfə İsveçrədən qayıdanda mənim üçün kokteyl təşkil olunmuşdu. Emin Sabitoğlu ilə ikinci dəfə orda görüşdük. İçəri girən kimi hamıya göstərməyə çalışırdı ki, mən bu qızı öncədən tanıyıram. Yaxınlaşıb: “Ay Xədicə xanım, bu, sizsiniz? Necə gözəlləşmisiniz”, - dedi. Mən də bilərəkdən özümü elə apardım ki, guya onu tanımıram. Dedim, bağışlayın, siz kimsiniz ki, tanımadım. O vaxtkı təhsil naziri də Emin müəllimin pərt olduğunu görüb dedi ki, Xədicə xanım, necə ola bilər ki, siz tanımayasınız, bu, bəstəkar Emin Sabitoğludur. Mənsə cavabında eyhamla: “Həə, yadıma düşdü, siz mənə qara-mara qızdı deyən şəxssiniz. Xatırladım sizi” - dedim. Emin Sabitoğlu da qayıtdı ki, Xədicə xanım, hesab 1:1 oldu” (gülür).
- Bəs ilk sevgi etirafı necə alındı?
- Əslində bu suala cavab vermək çox
çətindir. Çünki
bu, zamanla baş verdi. Mənə tamaşada rol
vermişdilər. Ona görə də Emin
müəllimlə tez-tez görüşürdük, birlikdə
işləyirdik. Hər zaman içkili
olurdu, geyimi səliqəsiz idi. İstəməzdim
ki, dediyim sözlərlə kiminsə ürəyini
qırım, amma bu, bir faktdır. Hər dəfə
Emin müəllimə deyirdim ki, içməyin, evinizə
gedib normal yeməyinizi yeyin. Axı nə
vaxta kimi “buterbrod” yeyəcəksiniz. Tez-tez
bizim evin pəncərəsinin altındakı skamyada oturub
gözləyirdi ki, nə vaxt eyvana çıxacam, məni
görəcək. Axırda bir gün anam dedi ki, Emin
müəllim, bu, düzgün deyil, hər gün məhəlləmizə
gəlirsiniz, qızım haqqında müxtəlif fikirlər
yaranacaq. Həm də axı sizin ailəniz var,
gedin evinizə. Onda Emin anama dedi ki, mənim Xədicə
kimi həyat yoldaşım olsaydı, heç vaxt evdən
çıxmazdım. Həqiqətən də
belə oldu. Biz ailə qurandan sonra o mənim yanımdan
bir an da ayrılmırdı. Deyirdim ki, nə
olar, get dostlarınla görüş, mən də evdə
işimi görüm.
“Mən
Eminə ikinci həyat, isti yuva bəxş etdim”
-
Aradakı 20 yaş fərq və üstəlik də evli biri kişi... Bu, heç də
asanlıqla qəbul olunacaq bir məqam deyil. Valideynləriniz necə oldu ki, bu evliliyə
razılaşdı?
- Əvvəl-əvvəl razı olmadılar. Biz 1974-cü ildə tanış olduq. Mən onda
uşaq idim. 5 ildən sonra isə yenidən
görüşdük. Amma bu
görüşdən sonra artıq yavaş-yavaş sevgi
yarandı. Və 1987-ci ilə qədər
mübarizə apardıq. Atam qəti şəkildə
etiraz edirdi. İllər sonra o da razılaşdı və
Eminə dedi ki, sən ailə məsələni həll et, sonra bu barədə danışarıq. Çünki o vaxtlar Emin hələ də rəsmi
şəkildə ailəli idi. Deyirlər,
Xədicə ailə dağıtdı. Amma
bu, əsla belə deyil. Əksinə, mən
Eminə ikinci həyat, isti yuva bəxş etdim. 13 il birlikdə xoşbəxt yaşadıq. Baxmayaraq ki, çoxları bunu qəbul edə
bilmirdi. Hətta bir dəfə çox məşhur bir
xalq artisti mənə dedi ki, əgər vaxtında səni
tanısaydım, bu cür yaxşı olduğunu bilsəydim,
onda heç vaxt sizi ayırmağa çalışmazdım
və indi çox peşmanam ki, Eminin ilk həyat
yoldaşı ilə birlikdə falçıya getmişəm.
- Bəs Emin Sabitoğlunun anası sizi gəlini kimi qəbul
edirdi?
- Yox, əvvəl
o məni gəlini kimi qəbul etmirdi. O, Eminin ilk həyat
yoldaşını daha çox istəyirdi. Eminlə
həyat yoldaşı ayrılandan sonra da birinci gəlini
onunla birlikdə qalırdı. Bir-birinə
çox öyrəşmişdilər. Əlbəttə,
belə olan halda mənə münasibət heç də
ürəkaçan olmamalı idi. Amma
zamanla hər şey dəyişdi. Çünki
oğlunun xoşbəxt olduğunu görürdü. Bundan sonra o, məni gəlini kimi qəbul etməyə
başladı.
- Emin Sabitoğlunun birinci xanımı ilə hansısa
münaqişəniz olurdu?
- Yox, biz
ikimiz də səviyyəli xanımlarıq. Heç vaxt belə
şey ola bilməzdi. O da başa
düşürdü ki, onların ailəsi məndən
öncə dağılmışdı. Hətta
illər sonra Emini məcbur etdim ki, birinci xanımı ilə
barışsın. Çünki
onların bir övladı var idi.
- Bəs
qısqanclıq hissi?
- Yox, qətiyyən.
Niyə qısqanım ki?! Bilirdim
ki, artıq hər şey keçmişdə qalıb. İndi o mənim həyat yoldaşım idi. Heç vaxt mənə xəyanət etməzdi.
“Oğlan uşağı dünyaya
gətirmişdim”
- Hamı
elə bilir ki, sizin övladınız olmayıb. Əslində
isə...
- Mənim
uşağım Emin oldu. Corabını da
geyindirdim, ayaqqabısını da. Əslində
iki dəfə ana olmaq sevincini yaşama ehtimalım oldu. Birinci uşaq dünyaya gəlmədən ana bətnində
öldü. İllər sonra yenidən bu
sevinci yaşadım. Bu dəfə bir
oğlan uşağı dünyaya gətirdim. Lakin o da çox yaşamadı.
- Hər
bir ailədə problem, anlaşılmazlıq olur. Adətən nəyə görə mübahisə
edirdiniz?
- Əlbəttə, hər bir ailədə problem olur. Amma inanın
ki, bizim ailədə cəmi bir dəfə münaqişə
oldu, o da ölümündən öncə. Atası Sabit Rəhmanın yubileyinə görə
Azərbaycana gələcəkdik. Dedim ki, getmə,
gözlə 5 gün sonra birlikdə gedərik. Sanki
əcəl onu aparırdı. Mənimlə
dalaşdı, əlini stola çırpıb: “Gedəcəm,
vəssalam”, - dedi. İşdən mənə
icazə verilmədiyi üçün tez gələ bilmədim.
O, noyabrın 12-də gəldi. Hətta hava
limanında bir-birimizdən heç ayrılmaq istəmirdik.
Sanki hiss etmişdik ki, bu, sonuncu
görüşdü. Dəfələrlə
dönüb bir-birimizə baxdıq. Noyabrın
17-si sonuncu dəfə gecə saat 1-də onunla
danışdım. Bir az şikayətləndi.
Dedi ki, çay istəyirəm, amma verən yoxdu. Deyəsən evdəkilər deyiblər ki, gecə
vaxtı çay dəmləmirik. O isə buna öyrəşməmişdi.
Mən onun hər istədiyini edirdim. Dedim,
narahat olma, səhər gəlirəm. Mənim
üçün gül bağlatdırdığını
dedi. Amma qismət olmadı, 3 saat sonra
dünyasını dəyişdi. O songörüşə
gecikdiyim üçün özümü hələ də
bağışlaya bilmirəm. Baxmayaraq ki, mənim
edə biləcəyim bir şey yox idi.
- Hələ
də bir qisim insanlar düşünür ki, siz Emin
Sabitoğlu ilə onun şöhrətinə, puluna görə
ailə qurmusunuz...
-
Düzdür, Emin Sabitoğlu qədər məşhur
deyildim. Amma o vaxtlar mən də çox
sevilirdim, tanınırdım. Söhbətin
əvvəlində ikinci görüşümüzlə
bağlı danışdıqlarım yəqin bunu bir daha
sübut edir. O ki qaldı puluna, onun evləri ola-ola biz
kirayədə qaldıq. Əgər madiyyata
görə ailə qursaydım, onda heç vaxt özümdən
20 yaş böyük insanla ailə qurub kirayədə
qalmazdım. Əksinə, mən
özüm Emin Sabitoğlunun evlərindən imtina etdim.
Və o ev Eminin birinci həyat
yoldaşına qaldı. Mənsə Türkiyədə
çıxartdığım kasetin pulu, bir də Eminin hədiyyə
etdiyi qızıllarla ev aldım.
“Emin xəyanət ediləcək
kişi deyildi...”
- Bəs
o evlərin aqibəti necə oldu? Niyə Azərbaycanda
yox, Mərakeşdə qalmağa qərar verdiniz?
-
Noyabrın 18-də Emin dünyasını dəyişdi. 25-də isə sanki şeytana uymuşdum, gedib evimizi
satdım. Əslində indi çox
peşmanam. Amma neyləyim, buralarda qala bilmədim.
Bu gün Mərakeşdə musiqidən
çox uzaq bir işlə məşğul oluram. Bəlkə
də Emin indi məni görsə, deyər ki, bu qız dəli
olub: qapı-pəncərə hara, Xədicə hara? Amma neyləyim, başqa yolum yox idi. Eminsiz musiqi
ilə məşğul ola bilməzdim. Heç burda qala da bilməzdim. Çox
çətin idi. Gözüm hər yerdə
onu axtarırdı. Bəlkə də elə
bu səbəbdən vətənimi tərk etməli oldum.
Uzaq bir ölkədə - Mərakeşdə tək
qalmağı seçdim.
- Bəzən
insan kiməsə sadiq olmaq istəsə də, bu,
mümkün olmur. Ən zəif anında qarşısına
çıxan biri hər şeyi dəyişir...
-
Qarşısına çıxan biri dediniz... Axı
ikinci Emin yoxdu. Bəlkə də mən
istəmirəm ki, ikinci Emin olsun. Mən Eminə necə
xəyanət edə bilərəm?... Heç bu barədə düşünmək belə
istəmirəm. Çünki Emin xəyanət ediləcək
kişi deyildi.
- Yenidən
sənətə qayıtmağınızı istəyənlər
çoxdur. Açığı, sizdə də bu həvəs
hiss olunur. O halda sizə nə mane olur?
-
Düzdür, mən də hərdən oxumaq istəyirəm.
Amma inanın ki, alınmır. Oxumağa başlayan kimi Emin gözümün
önünə gəlir və sanki mane olur. Əslində o, mənim sənətçi kimi fəaliyyət
göstərməyimə heç vaxt narazı olmayıb.
Amma başqaları ilə işləməyimə də
razı olmurdu. Yalnız onun
mahnılarını oxuyurdum. Kimsə mahnı təklif
edəndə də müxtəlif üsullarla mane olurdu
(gülür), bir də görürdüm ki, iş
alınmadı.
Aysər Həsənli
525-ci qəzet.-2013.-
30 oktyabr.- S.8.