Mən Raufu beş barmağım kimi
tanıyıram...
Bəzən
elə olur ki, ilk cümləni yazmaqda çox çətinlik çəkirəm.
Bu da ondan irəli gəlir ki,
düşündüklərim pərakəndə,
dağınıq olur, onları sistemləşdirə bilmirəm.
Amma bu
düşüncələrim o qədər xoş, o qədər
səmimi olur ki, həmin pərakəndəliyin fonunda həqiqətdən
kənar, zərrə qədər də olsun yalan görünmür. İndi də eyni hissləri
keçirirəm. Yazıya başlamaq
üçün dağınıq fikirlərimi bir yerə
toplamağa çalışıram. Alınmır...
O zaman mən
də olduğu kimi – nəyi düşünürəm, nəyi
fikirləşirəm onu yazacağam. Çünki
yazımın qəhrəmanı elə-belə adam, sıradan biri deyil mənim
üçün. Otuz yeddi illik dostum, qardaşım, dərd
ortağım, sirdaşım, beş illik tələbə
yoldaşım Rauf Ağayevdi. O Rauf Ağayev ki, Azərbaycan mətbuatında
özünün xüsusi dəsti-xətti, sanbalı, çəkisi
ilə seçilən, bir
çox ilklərin müəllifi olan jurnalistdi. Bu gün isə
bu jurnalistin yarım əsrlik ömrünə tam beş il əlavə olunur. Ömrün 55-ci
baharı Raufun həyatına
daxil olur. Bununla bağlı fikirlərimi yazmaq
istəyirəm.
Rauf
haqqında yazmaq mənim üçün həm çətindir, həm
asandır. (Bu şablon cümləni heç
sevmirəm, amma bu yerdə lap yerinə düşdü).
Asandır ona görə ki, mən Raufu demək olar ki, beş barmağım kimi tanıyıram. Yüzdə yüz əminəm
ki, bizim ortaq dost-tanışlarımız, tələbə
yoldaşlarımız bu sözümə inanacaq. İnanmayanlar üçün isə
deyirəm ki,
beş barmağım qədər olmasa da
üç barmağım qədər tanıyıram. (Burada bir təbəssüm
işarəsinin yeridir). Və bu tanışlığın
fonunda, bu doğmalığın arxasında Raufla məni
bir-birimizə bağlayan o qədər xoş hadisələr, gözəl
məqamlar var ki... hamısını istəsəm də
yazım, mümkün deyil.
Əslində
mən gərək onun haqqında yazacağım qeydlərimə birbaşa bəzəksiz- düzəksiz, sadə
cümlələrlə başlayım. Çünki Rauf
özü də
bəzək-düzəkdən uzaq, pafosdan kənar,
sadə bir oğlandır (məhz sadə oğlan). Onu şəxsən tanıyanlar, yaxından-uzaqdan bələd
olanlar da bu fikrimi təsdiqləyə bilərlər. Nədir onun sadəliyi? Bu sualın
cavabını belə vermək olar ki, Rauf zövqündə,
danışığında, oturuşunda, duruşunda, ən
kiçik hərəkətində, insanlara münasibətində
çoxlarından fərqlənir. Bu fərqliliyin
kökündə səmimiyyət, dostluğa sədaqət,
diqqət,
qayğı və bunlara hopmuş incə bir yumor
hissi var. İndi bu sətirləri yaza-yaza həmin fərqliliyin
içindən daha bir sual boylandı: Rauf mənim
üçün kimdi? Rauf həyatım
boyu tanıdığım insanların içində mənə
doğmalarım qədər doğma, əzizlərim qədər
əziz olan biridir. Rauf mənim
çox yaxından tanıdığım, 37 illik bir
zaman kəsiyində dostluq, qardaşlıq etdiyim, beş il universitet
auditoriyalarında mühazirələrə birlikdə qulaq
asdığım, yeri gələndə bir partada oturduğum,
vaxt olub ki, küsdüyüm,
incidiyim, lakin bu umu-küsülərin çox da uzun çəkməyən, ötəri
vaxtlarından sonrakı illərdə, aylarda həmdərd, həmsirdaş
olduğum bir insandır. Rauf mənim çevrəmdə olan
insanlar arasında ərk etdiyim 2-3 nəfərdən biridir. Biz tələbə
vaxtı bir-birimizlə hansı münasibət çərçivəsində
olmuşuqsa, bu gün də ondan kənara
çıxmırıq.
Bir
anlıq özümə belə bir sual versəm ki, görəsən
ömrümdən qopan illərin acısı çox olub, yoxsa şirini? Təkcə tələbəlik
illərimi desəm,
cavab hazırdı: əlbəttə şirini. Bu şirinliyi 26 nəfər tələbə dostumla birlikdə dadmışam. Mənim
qəlbimdə bu
uşaqların hər birinin öz
yeri, öz çəkisi var. (Məni qınamayın bu sözümə
görə. Yaşımız 50-ni
keçib, amma biz hələ də bir-birimizə
“uşaqlar” deyirik. Hər dəfə
görüşəndə hal-əhval tutandan sonra ilk
sualımız bu olur: uşaqlardan kimi görürsən)? Rauf isə başqadır, fərqlidir. Uşaqların
içində mənə daha yaxın, daha məhrəm,
daha mehriban olanıdır. Bunu 1976-1981 – ci
illərdə Jurnalistika fakültəsindəki 3796 – cı
qrupun uşaqlarından başqa, bizdən aşağı və
yuxarı kursda oxuyan tələbələr də yaxşı
bilirlər. O zaman Raufla dostluğumuzun,
yoldaşlığımızın səmimiyyətinin
ölçüyəgəlməzliyini fakültə müəllimləri
də bilirdilər. Bu aşırı
mehribanlığın, səmimiyyətin içindəki
davranışın gerçək dəyərlərinin
kökü aramızdakı qardaş-bacı münasibətinin
məhrəmliyində idi. Əslində o
vaxt biz hamımız belə idik. Heç
vaxt düşünmürdük ki, münasibətlərimizi
başqa bir məcraya yönəldək.
Ömrümüzün beş ilini keçirdiyimiz universitet illərində Rauf hər kəsin sevimlisi idi. Elə indi də belədi. İllər ona
zahirən təsir etsə də, gənc, qıvraq Raufun yerinə,
ağ saçlı, ağ bığlı kişini gətirsə
də, insani dəyərlərini
heç boşa xərcləməyib,
xarakterini dəyişməyib. Məhz bu səbəbdən
də onun haqqında ərklə, ürəklə yazıram.
İş elə gətirib ki, universiteti
bitirdikdən sonra biz uzun müddət bir
yerdə işləməli olmuşuq. Əvvəl “Qafqaz” İnformasiya Reklam
Şirkətində . Şirkətin prezidenti də
tələbə yoldaşımız Cümşüd İsgəndər
idi. O zaman Rauf “Arzu” dəb jurnalının redaktoru idi, sonra
isə “Xalq qəzeti”nin əlavəsi olan “Cümə” qəzetinə rəhbərlik etdi. Hər iki
iş yerində Rauf mənim redaktorum olub. Və ona görə
də istəyirəm
redaktor kimi onun işini bir balaca tərifləyim. (Yubiley günündə
adamı tənqid etməzlər. Mən
də ənənəyə sadiq qalıram və bu cümləni
xoş təbəssümlə qarşılamanızı rica
edirəm).
1990-cı ildə qəzet köşklərində görünən, qısa bir müddətdə satılan, hətta defisit dərəcəsinə çatan “Arzu” jurnalı doğma ana dilində çap olunan, Azərbaycan milli adət-ənənələrini, qədim və orta əsrlər, eləcə də bu günkü dəbi özündə əks etdirən ilk və yeganə toplu idi. Jurnalda XVIII-XIX əsr Azərbaycan xanımlarının geyimləri nümayiş etdirilirdi. Bundan başqa həmin paltarların müasir formaları da rəssam tərəfindən çəkilir və müqayisəli şəkildə oxuculara çatdırılırdı. Nə yazıqlar ki, biz “Arzu” nun cəmi iki nömrəsini çap edə bildik. “Arzu”dan sonra Azərbaycanda ötən 20 il ərzində hələ onun kimi jurnal çap olunmayıb. Qəzet köşklərində hər gün gördüyüm çoxsaylı jurnallar arasında “Arzu”ya bənzərinə rast gəlməmişəm. Rauf Ağayev bu jurnalda Azərbaycan mətbuatında olan ənənəvi rubrikanın adını da dəyişdi: “qadınlar üçün” yox, “xanımlar üçün” yazdı. Bu, bir ilk idi.
“Cümə” qəzetində işləyəndə də Rauf bu qəzetin oxunaqlı və fərqli olmasına çalışırdı. O, “Xalq qəzeti”nin həftədə bir dəfə çıxan əlavəsi olsa da əsla ona bənzəmirdi, materiallar quru, sxolastik və rəsmi deyildi. Ölkədə baş verən neqativ halları, problemləri kəskin tənqid edən məqalələr bu qəzetin oxunaqlı olmasını təmin edirdi. Çox heyif ki, qəzet sona qədər missiyasını davam etdirə bilmədi. Raufun peşəkar jurnalistikadan uzaqlaşmasının, mətbuatdan getməsinin əsas səbəbi bəlkə də məhz bu ab-havanın kəskin dəyişməsi oldu.
Bu gün Rauf bank sistemində çalışır. Beynəlxalq Bankın mətbuat xidmətinin rəhbəridi. Əslində o, jurnalistikadan uzağa gedə bilməyib, yenə də dolayısı ilə mətbuatın içindədir. İndi mən ona “bankir” deyirəm. Bu müraciətin kökündə zarafat olsa da, həqiqət daha çoxdur. Bank işini qısa bir müddətdə öyrənən Rauf Ağayev illərlə bankda çalışanlardan az bilmir. Əgər belə olmasaydı o boyda bankın mətbuat məsələlərini təkbaşına idarə edə bilməzdi. Deməli “çörəyi ver çörəkçiyə, birini də artıq”.
Tale bəzən insanı arzulamadığı, arzulasa belə əlinin çata biləcəyinə ümid etmədiyi bir yüksəkliyə qaldırır. Bəzən də əksinə. Odur ki, insan taleyin qismətinə, qəzavü-qədərinə boyun əyməli, onunla barışmalı olur. İnsan bu dünyaya nə üçün gəlir? Onun üçün ki, yaxşı əməlini, gözəl işlərini çevrəsindəkilərdən əsirgəməsin. Tanrı yaratdığı hər insana bir missiya yükləyir. Demirəm Rauf tarixi bir şəxsiyyət, gələcəkdə insanların yaddaşına hopa biləcək düha, yaxud da ixtiralar, kəşflər müəllifidir. Amma mənim tanıdığım Raufa Allah yaxşı əməllər, gözəl münasibət, səmimi davranış, xeyirxah işlər görmək və daha neçə-neçə insanlıq missiyası yükləyib. O da bu missiyanı 55 ildi çox rahatlıqla daşıyır – yorulmadan, usanmadan...
Rauf bu gün 55-in qapısından
içəri girir. Görəsən onu içəridə nə
gözləyir, yaxud
da o, içəridə
nəyi görmək istəyir? Mən onun yerinə bu suala cavab vermək
istəmirəm. Amma yəqin hər kəs kimi Rauf da hərdən
düşüncəyə dalır, keçmiş günlərini anır, ömründən ötüb-keçən aylara,
günlərə boylanır. Ötən günlərini tökür
qarşısına və görür ki, hər şey
yaxşı olub, amma yaxşı olmayan məqamlar, çətinliklər
də ömründən yan keçməyib. Rauf, məncə,
sənin ən
gözəl günlərin
hələ
yaşamadıqlarındı. Əslində
55 gəlib ömür qapından boylanmır, o sənin
çiyinlərindədi. Ötən günlərin, ayların, illərin
yadda qalanlarını bir yerə
toplayanda 55 edərmi? Bilmirəm, bəlkə az, bəlkə də çox edər. Hər halda bunu sən hər kəsdən
yaxşı bilirsən. Mənim bildiyim isə odur ki, illər elə
qovhaqovla keçib gedib ki, bu
gün qocalığın qapısına doğru uzanan cığıra düşdüyünü
hiss etmirsən. Sanki qoca dünya başını
aldadıb alnına 55 yazıb.
Ona görə də 55-in qapısından içəri girəndə sənin ömrünü əlindən
almağa başı qarışan
dünyanın daha da
gözəl olduğunu görmək istəyəcəksən.
İnanıram ki,
qapısından
içəri girdiyin ünvan taleyinin sonu
olmayacaq. İnanıram ki, bu
zamana kimi yaşadığın ömürdə hansısa bir iz
qoymusansa, bundan
sonrakı həyatında
da bunu davam etdirəcəksən.
İllər
nə tez keçdi, Rauf?! Yaşın
55 oldu. Adam inanmaq istəmir (halbuku mən də
sənin yaşıdınam). Sanki dünən,
srağagün idi
universitetdə
oxuduğumuz zamanlar. Sanki dünən,
srağagün idi tələbəlik illərimiz. Tələbəliyimizin unudulmaz, heç zaman yaddan
çıxmayan günləri, ayları, illəri harda
qaldı? Əslində 55 yaş nədir ki, Rauf?! Hələ
ömrün uzun yolları
var, bu yollarda addımlamaq var. Bu
yolda yıxılsan da,
büdrəsən də yenidən ayaqda durmaq var. İnsan nə
axtarır ki?! İnsan nəyi gözləyir ki?! Xoşbəxtliyimi, səadətimi? Bəlkə insan ömrü boyu
özünü
axtarır?! Bəlkə də insan xoşbəxtlik
axtarır. Amma onu tapmaq üçün düz- dünyanı gəzib
– dolaşmağa gərək yoxdu. Heç bir təyyarə,
heç bir gəmi, digər bir nəqliyyat vasitəsi
insanın özünü özündən uzaqlaşdıra
bilməz. Xoşbəxtlik də, bədbəxtlik də
insanın öz içindədir. Onu yük kimi
özü ilə daşıyır – belədən beləyə,
elədən eləyə. Bu, çox etibarlı
yükdür, hara gedirsə getsin nə itəcək, nə
batacaq, nə azalacaq, nə də
ki, artacaq. Rauf, qardaşım, sənə yalnız həmin
xoşbəxtlik yükünü daşımağı
arzulayıram!
Mənim üçün xatirə yazmaq çox çətindir. Yazıçılardan
biri deyib ki, xatirə xüsusi növ ədəbiyyatdır.
Məncə, doğrudur. Xatirə insanın iç
dünyasına səyahət deməkdir. Xatirə yazmaq insanın heç vaxt unutmadıqlarını,
qəlbinin ən işıqlı yerində
saxladıqlarını yenidən göz önünə gətirmək
və yaşamaqdır. Xatirələr acı
olur, xatirələr şirin olur, uzaq olur, yaxın olur.
Bir sözlə, xatirələr bəzən insan dərdinin dərmanı,
bəzən də insana yenidən yara vuracaq qədər kədərli
olur. Ona görə də ən əsas və
çətin məsələ hardan başlamaq yox, necə
başlamaqdır. Eləcə də hadisələrə düzgün
yanaşmaq, olanı doğru, olduğu kimi təqdim etmək
şərtdir. Mən də
bu şərtilik daxilində Raufun
55 illik yubileyində bir
daha keçmişə qayıtmaq, ötən günlərin
xoş xatirəsinə işıq salmaq, doğmalarım, əzizlərim
qədər sevdiyim tələbəlik dostumla,
qardaşımla
bağlı xoş məqamları
paylaşmaq istədim. Amma deyəsən
düşündüklərimi yaza bilmədim, qəlbimdən
keçənləri kağıza köçürməkdə
çətinlik çəkdim.
Rauf haqqında yazmağın əvvəldə dediyim çətinliyi
də məhz budur. Bir şey düşündüm, amma
başqa şey yazdım...
Züleyxa NADİR
525-ci qəzet.-
2013.- 3 sentyabr.- S.6.