Yazıçı Rəfiqə Məmmədova:
“Yaşadığım ömürdən razıyam”
Dəyərli yazıçımız Rəfiqə
Məmmədovanın bu
yaxınlarda 75 yaşı
tamam olub. Yubilyarı təbrik
etmək, arzu və düşüncələrini
bölüşmək məqsədilə
həmsöhbət olduq.
Rəfiqə Məmmədova 1938-ci ildə
Cəbrayıl rayonunda
anadan olub. Atası Böyük
Vətən müharibəsinə
getdikdən sonra ailəsi ilə birgə Füzuli rayonunda məskunlaşıb.
1955-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinin
İqtisadiyyat fakültəsinə
daxil olub. Ali məktəbi bitirdikdən
sonra 12 il Bakı Yeyinti Sənaye Texnikumunda pedaqoji
fəaliyyət göstərib.
70-ci illərdən dövri mətbuatda, radioda çıxış
edir. Yubilyarın
indiyədək “Dolu”,
“Uğurlu ov”, “Şəfəq müğənnisi”,
“İnam”, “Könül”,
“Mənim şahinim”,
“Dostluq”, “Güllü
kəpənəkli bağ”,
“Ardımca gəl”, “Nəciblik duyğusu”, “Bizim bağ”, “Zər çiçəklər”
kimi 14 kitabı işıq üzü görüb. “Əsərlərinizin
əksəriyyətini böyüklər
üçün yazdığınıza
baxmayaraq niyə sizi daha çox
uşaq ədəbiyyatının
nümayəndəsi kim xarakterizə edirlər?” sualımıza
cavab olaraq yubilyar bildirib ki, bu onun
üçün də
maraqlıdır: “Mənə
də maraqlıdır
ki, niyə belədir? Hətta 1-2 il bundan
əvvəl “Ulduz” jurnalında yazıblar ki, Rəfiqə xanım rəssam kimi sözdən lövhə çəkir:
“Onun böyüklər
üçün yazdığı
əsərlərin tədqiqata
ehtiyacı var”. Mənim böyüklər üçün
yazılmış xeyli
sayda roman, povest və hekayələrim var.
“Könül” romanım
Türkiyədə, İranda
da məşhur olub. “Mənim şahinim” romanının
ikinci hissəsini də yazmağı
təklif edirdilər.
Bu müharibəyə aid tarixi bir əsərdir.
Məni uşaq yazıçısı kimi
tanısalar da, əslində böyüklər
üçün daha çox əsərlər
yazmışam”.
Yubileyini
necə keçirdiyi ilə bağlı sualımıza Rəfiqə
Məmmədova cavab verib ki, bu
il qardaşının
vəfatının ildönümü
ilə bağlı yubiley tarixinin geniş qeyd olunmasını istəməyib:
“Qardaşım vəfat
etdiyinə görə
bu il nə
restoranda, nə də başqa məkanda doğum günümü qeyd etməyə razı olmadım. Elə evdəcə qohum-əqrəba,
dostlar, yaxınlar yığışıb qeyd
elədik. Elə bu
səbəbdən Yazıçılar
Birliyində də qeyd olunmasını istəmədim. Bu qurumdan söz düşmüşkən, məni
buraya heç ərizə verməmiş,
zəmanətsiz qəbul
ediblər. Belə hesab
ediblər ki, mən yaxşı yazıçıyam, ona görə də üzv seçiblər”.
İxtisas sahəsi kimi iqtisadiyyatı seçən yazıçının bu tam fərqli iki sahəni necə uzlaşdırması ilə də maraqlandıq: “Hələ gənclikdən yazırdım və yazıçı olmaq istəyirdim. Bir dəfə tələbə vaxtı Filologiya fakültəsində təhsil alan rəfiqələrim yazdıqlarımı mərhum Bəxtiyar Vahabzadəyə oxumağa vermişdilər. Bəxtiyar müəllim poemalarımı oxuyub dedi ki, çox istedadlısan, səndən yaxşı yazıçı olacaq. Çox insanlar var ki, ixtisasca fərqli sahədədirlər, dilçi, filoloq deyillər, amma yazıçı kimi tanınırlar. Mərhum Xudu Məmmədov da bir neçə əsərimi oxuyub mənə öz kitabını göndərmişdi. Çox belə sanballı şəxsiyyətlər kitablarıma görə mənə öz kitablarını bağışlayıblar. Demək istəyirəm ki, məni kitablarıma görə tanıyıblar, kitablarımı mənə görə yox. Amma mən heç vaxt şan-şöhrət, titul arxasınca qaçmamışam. İndi fikirləşirəm ki, təvazökarlıq hissi də qədərində olsa yaxşıdır. Fikrimcə, həddindən artıq təvazökarlıq da düzgün deyil. İndi hədsiz təvazökarlığıma görə çox peşmanam. Bu, bəzən adamı fəaliyyətsizləşdirir, çarəsizləşdirir, unutdurur”.
Sonda R.Məmmədova yubiley arzularını da bölüşüb: “Yaşadığım ömürdən razıyam. Tanrı mənə yaxşı həyat yoldaşı, qibtə olunası ailə bəxş edib. Amma ürəyimdə bir nisgilim var. Torpaqlarımızın işğalı azərbaycanlı, qarabağlı olaraq həmişə ürəyimi göynədən bir sızıltıdır. Bu, pafos, şüarçılıq deyil, qəlbimdən qopub gələn nisgilli ahdır, əsərlərimdə də özünü göstərir. Qarabağ ağrısını çəkə bilmirəm. Ən böyük arzum gələn doğum günlərimi Qarabağda qeyd eləməkdir”.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 3 sentyabr.- S.7.