Arzuların qanadlarında sınmış
ümidlər (elegiya)
Dünyasını vaxtsız, faciəli şəkildə
dəyişən İsgəndər və Ruslan (ata-oğul)
Quliyevlərin əziz xatirəsinə ithaf olunur.
Bəzən arzuların çiçək tumurcuğu həyatın
amansızlığına vaxtsız tuş gəlir. Bu arzuların
qanadlarında sınmış ümidlər cənnətin
isti qucağına üz tutanda ləçək-ləçək
göz yaşlarına dönən talelər Tanrı dərgahına
əl açır. Ancaq heyiflər olsun
ki, Tanrı yaratdığı insana ayırdığı
ömür payından əlavə heç nə pay vermir.
“Heç bir ümmət öz əcəlini qabaqlaya, nə
də yubada bilər” (“Qurani-Kərim”dən). Qucağına
sığındığımız qəribəliklərlə
dolu həyat. Qalın bir meşəyə
bənzəyir. Uzaqdan baxanda çox
gözəl görünür. İçərisinə
girəndə isə adama sıxıntı gətirir. Bu sıxıntılı həyatın qəribə
qanunları var. Bəxtin ağlı-qaralı günləri
onu naxışladıqca daha da nazlanır, xatirə lövhəsinə
öz yazılmamış qanunlarını həkk edir.
Hər dəfə bu lövhələri seyr etdikcə zərbə
almaqdan gözü qorxmuş adam kimi bəzən
hisslərimizin əzablarına qoşulur, onu qorumaq
üçün əlimizdən gələni edirik. Lakin bəzən
elə, elə çarəsiz qalırıq ki...
Kərim
kişinin ürək
döyüntüləri...
Kərim kişinin ailəsi ilə ailəvi dostuq. Gediş-gəlişimiz,
mehriban münasibətlərimiz sıx tellərlə, səmimi
ailə dostluğuna çevrilmişdi. Zamanında
ticarətdə ad qoymuş qətiyyətli insandı.
Son illər isə din yoluna xidmət edir, namaz qılır,
dini əsərlərlə maraqlanır... sakit həyatları
var... Son zamanlar ürəyindən şikayətlənir,
Tiflisə həkimə gedəcəyini söyləyirdi.
Lakin o gün... o gün... Kərim kişi:
“Ürəyim sözümə baxmır, sanki
döyünmür”, – deyə təlaşla bizə zəng
edib, atamın ürək həkiminin qəbul günləri ilə
maraqlandı. Səsi boğuq idi. Ümumiyyətlə dağ adamıdı, sağlam
insandı.
Lakin 15 il əvvəl (1998) gənc qardaşı –
ARDNŞ-nin məsul vəzifələrində
çalışan – Sahilin vaxtsız dünyadan köçməsi
Kərim kişinin ürəyində öz izini qoymuşdu. Hələ
qardaş dağı soyumamış illərlə nalə
çəkən anası Pürüz ananın (2007)
dünyadan köçməsi artıq son nöqtəyə
çatdırdı...Nə biləydi ki... Bu nəslin daha
böyük faciələri hələ qabaqdadı...
Kərim
kişiyə səhər zəng edib həkimə getdiyini xəbər
alanda telefonda səsi əsirdi və tutulmuş halda: “Həkimə
getmək nədi... Belimiz sındı”, – dedi, susdu. “Eterinin
(bacısı Natella xanımın) oğlu Ruslan evimizi
yıxdı, gecə qəzada dünyasını dəyişib”...
Qəfil,
gözlənilməz ölüm... ay aman... Dünyada daha dəhşətli
nə var. Eşitdiyim xəbər məni sarsıtdı... Nə qulaqlarıma, nədə xəbərin həqiqiliyinə
inanmaq istəmədim.
Axı, bu dərd mənə tanışdı. Dünyasını
vaxtsız dəyişən gənc hüquqşünas
qardaşım, həyatımın mənası, toy paltarı
ilə kəfəni dəyişik düşən Rüfətimi
(1998) elə bil ki, yenicə itirdim. Sümüklərim
yandı sanki. İçimdə olan qardaş sevgisindən
başqa onun ölümünü ürəyimə
yaxınlaşdıra bilmədiyimdən, göz
yaşlarım hər açılan gün qana dönüb
içimə axır... Ruslanın yeganə
bacısı, əzizi Könül xanımın nələr
çəkdiyi necə də mənə doğmadır...
dözülməzdir...”Ruslan dünyasını dəyişdi”
dedilər.
Öpdü
baxışlarım yolunu qardaş!
Xəbərin
ox kimi keçdi sinəmdən
Son
ümid üzüldü gözümdə qardaş!
Könül
xanım..... dərdinizə..... yanan ürəyinizə qurban... Mən isə
bilirəm ki, yolun o başında sevimli qardaşım –
Rüfətim məni gözləyir... Hələ ki, bu
dünyada öz missiyamı həyata keçirirəm... Sonra görüşəcəyik... ölümü
də mənim üçün adiləşdirən, hər
zaman dayağım, başımın tacı Rüfət
qardaşımla.
Hönkürür
misralar vərəqlər üstə,
Əzrayıl
şığıdı qəfil can üstə,
Sən
yoxsan deməyə dilim gəlməyir,
Bu dərdi yazmağa əlim gəlməyir.
(Ş.Kərimbəyli)
Sükutdan
sonra... Kərim kişi davam etdi: “Allah
keçənlərinizə rəhmət, Allah verdiyi öz əmanətini
apardı. Ancaq bizə dua etmək qalır.”
Kərim kişinin çox səbirli və
dözümlü olduğunu bir daha başa düşdüm.
Belə bir faciəvi anda Allaha qarşı üsyan etmir, Allaha
olan inamını, sevgini sarsıtmadı...Qibtə etmək
olar.... Kaş belə olsaydıq. Dar məqamda özümüzü itirməsəydik.
“Allah (Ona) iman gətirənlərin dostudur, onları
zülmətdən çıxarıb işığa tərəf
yönəldər. ( “Qurani- Kərim” dən). Allahı
həqiqi mənada dost bilmək, Onu razı etmək
üçün mühim insanların həyatındakı ən
vacib, ən mühim və ən ilkin hədəf
olmalıdır. Tam dözülməz, çıxılmaz
saydığmız anda belə,...heç
vaxt qəlbimizdən Allah eşqi əksik olmasın.
Və
İsgəndər müəllimin alovlu həyat fəlsəfəsi...
“Dilədiyinin
qədər yaşa, mütləq öləcəksən, istədiyin
kimsəni sev, mütləq ondan ayrılacaqsan”
(“Qurani-Kərim”dən)
İsgəndər müəllim el-obada hörmətlə
sayılan, cəmiyyətdə yeri və sözü olan, dəyərli
əhatəsi, səviyyəli dostları ilə seçilən
və sevilən işgüzar gözəl insan idi. Uzun müddət Bakı
şəhəri üzrə Dövlət Yol Polisi, polkovnik
rütbəsində, məsul vəzifələrə qədər
ucalmışdı. Həmkarları arasında
da böyük nüfuza malik idi. Xülasə,
bizdə deyərlər ki, “zəmanəsinin sayılan
kişilərindən biriydi”. Hər zaman
gümrah, deyib-gülən, şən olan İskəndər
müəllim son zamanlar amansız – çarəsiz xəstəliyə
tuş gəlmişdi. Ona dostları, əzizləri
tez-tez baş çəkirdilər. Sevdiyi,
hörmət etdiyi insanları gördükdə dərhal xəstəliyini
unutmağa çalışırdı. Çoxdan, bəlkə
də hər an, hər saniyə ölümünü
qürurla gözləyən bu insanı fikirləşəndə,
ondakı bu kişiliyə, bu mərdliyə az
qala qibtə edirdim. Yaxşı və xeyirxah
insan olduğuna görə onu tanıyanlar bu cür
ölümü ona qıymırdılar. Ailəsinə,
övladlarına çox bağlı idi. Həyatda
iki övladı var idi – başının tacı,
davamçısı Ruslan oğlu, namus qalası,
gözünün nuru Könül qızı. Əsasən
nəvələri ilə vaxt keçirməyi özünün
dediyi kimi: “Nəvələrim yanımda olanda həyatdan ilham
alıram”. Yaxınları bilirdi ki, hər şey bir yana yeganə Ruslan oğluna böyük məhəbbəti
var idi. Aralarında sevgi ata-oğul məhəbbətindən
daha böyük idi. Nə ürəyinə,
nə həyatına, nədə dünyasına
sığmırdı. Yurdunun barı,
arxası, dayağı yeganə nübarı Ruslan. Onun üçün nələr etməmişdi.
Övladını sevən istəkli atalar
kimi... gözəl təhsil, düzgün tərbiyə, hər
cür şərait, gözəl məkan... oğluna
qarşı olan sevgisi, məhəbbəti gözlərində,
nəfəsində əks olunurdu. Ruslan həyatın
ona bəxş etdiyi sevgi payı idi. Lakin nə
biləydi ki, Ruslan bu dünyanı ondan öncə tərk edəcəkdi.
Və qəfil faciə... oğul faciəsi, oğul itkisi... 4
iyul tarixində bəndəniz – İsgəndər müəllimin
yaşadığı dəhşətli və qəfil faciədən
bu şəhərdə az-az adam tapılar
ki, xəbərsiz olsun.....
Gözünün
işığı getdi gözündən,
Dizinin taqəti
bitdi dizindən,
“Ruslanın
köçdüyünü” eşidən andan
Atanın qırıldı şah damarları.
Yas mərasimində. İsgəndər müəllim əlləri
ilə başına döyür: “mən ölməliydim,
oğul, axı mənim kəfənimi niyə əlimdən
aldın?”, – deyib yana-yana göz
yaşlarını leysan kimi axıdırdı. Bu İsgəndər müəllimin həyatının
alovlu fəlsəfəsi idi. Sən
dünyanın işinə bax. Oğul onu axirət
dünyasına yola salmaq əvəzinə, xəstə ata
oğlunu məzar yoluna göndərdi... Hər gün oğul
görüşünə qəbir üstünə tələsən
İsgəndər müəllim çox dözümlü,
möhkəm adam idi. Lakin fələk
onun ən kövrək, ən incə damarını, həyat
sevgisini qopartdı. Çox keçmədi
ki, (25 gün sonra) onunla – oğul ilə cənnət məkanda
görüşdülər. Ata-oğul iki
sevən könüllər, iki sevən ruhlar. Bu məkanda ata-oğul məhəbbətinin cənnət
qucağında özlərinə əbədi məskən
qurdular.
Ata məhəbbətinin qırılmaz telləri
Ruslanı atasından əvvəl özünün əbədiliyin
qucağına atdı. Ruslan hər yerdə birinci olduğu kimi,
ölümə də birinci qucaq açdı. Dik baxdı Əzrailin gözünə. Bilirdi ki, atası o məkanın tezliklə
qonağı olacaq. Bu dünyada
özünə bəlkə də yer tapa bilməyəcəyi
təqdirdə ondan tez tələsdi. Tələsdi
ki, atası onun qucağına baş qoyub rahat uyusun.
Və uzaqdan ..... lap uzaqdan .... göylərə bir nalə səsi
eşidilir. Bu nalə, bəli ... bu sanki Tanrıdan əzizlərini
– atasını , qardaşını
soraqlaşan, həsrətdən, dərddən
qıvrılıb yanan Könül xanımın naləsidir.
O, incə vücudu ilə böyük dərdlərin
çiynində çəkə bilməməsi
, alışıb yanmasıdır.... Allah səbrinizi
versin!
Yeriniz Cənnət,
Ruhunuz şad, dünyanız işıqlı olsun İsgəndər
ata, Ruslan qardaşım!
Dağılmış
talehin cənnət qucağı və ya “Ruslan əfsanəsi”
Gözlərimi
bağla Tanrım ,
Adəm olan bağlamasın.
Ağla mənə,
ağla Tanrım ,
Məni bəndə ağlamasın.
(Z. Fəxri)
1981-ci il təvəllüdlü, mehriban, dostcanlı,
hüquqşünas... daha nələr... Tam həyat
dolu bir insan. İş yerində – Fövqəladə
Hallar Nazirliyinin Təhlükəsizlik şöbəsində
– məsul vəzifədə çalışırdı.
Həm də elmi yaradıcılığı
ilə məşğul olurdu. Gənc
olmasına baxmayaraq, elmə öz dəyərli
imzasını qoyub getdi. Hüquq üzrə fəlsəfə
doktoru... Neçə-neçə Beynəlxalq elmi
konfransların məruzəçisi, diplomantı... Mehriban
oğul, sevimli qardaş, qayğıkeş həyat
yoldaşı, əziz ata... daha neçə-neçə...
çox təəssüf...
Sevimli
xanımı Güneli bir an belə
qayğısız, diqqətsiz qoymazdı. Ancaq
amansız fələk Ruslanın ailə səadətinə
son qoyub, onun öz əli ilə əziz Günelinə qara
örpəyi pay göndərdi.
Yolumuz
üstünə çıxarsan qəfil,
Evləri
uçurub yıxarsan qəfil,
Sən dərd
karvanını çəkərsən qəfil,
Yoxdur səadətlə
heç aran, fələk,
Doğmanı doğmadan ayıran fələk.
(Ş.Kərimbəyli)
Ruslan atasının xəstə olmağı ilə
barışmırdı. Xarici ölkələrdə müəlicəyə
qədər əl atırdı. Ailəsini tam bir arada
görmək istəyirdi... Yaxşı deyiblər
sən yazdığını yaz, görək fələk nə
yazır. Amma nə yaxşı ki, min dəfə
şükürlər olsun ki, “Ruslan əfsanəsi”dən bizə
qalan iki dünya payımız – 6 yaşlı Kənan
oğlu, 2 yaşlı Aydan qızı – kitabəmiz var. Bu
Talehin hökmü ilə var olan “ Ruslan əfsanəsi” nin Kənan
və Aydan qoxulu iki qönçələri.... Heç
şübhəsiz ki, inşallah, zaman- zaman nəsillərə
örnək olası, böyük nüfuza malik, incə qəlbli,
xeyirxah, gözəl insanların – Ruslan atasının
, İsgəndər babasının layiqli
davamçıları kimi fəxr edəcəyik. Ancaq hələki,
dua edək ki, Tanrı öz zülfünü, öz nurunu , öz mərhəmətini bu cüt
qönçədən əksik etməsin.....
Və
ana... Natella xanım...
Dərdimi
deməyə daş axtarıram,
Desəm
parçalanar daş quma dönər...
Taleh 15 il əvvəl axı qardaş dağı
çəkmişdi Natella xanıma, fələk necə
qıydı. Hər il 16 dekabr (ad
günü), 6 may (anım günü) tarixlərində
dünyadan vaxtsız köçən Sahilin fəryadını
edərdi. Daha sonra ana itkisini də gördü.
Bəs deyildimi! Bu nə qismət, bu nə taleh!
Bəzən belə dərdləri yaşadıqca, əlimdəki
qələm titrəyir, dilimdəki sözlər burulğana
dönür.
Ömür
boyu Sizə arxa olan ömür-gün
yoldaşınızın və oğlunuzun faciəsi bir-birinə
elə qarışdı ki, inanın ana olan hər kəs, bu
hadisəni bilən hər kəs, sizi
tanıyıb-tanımayanlar belə bu faciəyə
acıdı, ağladı...
Natella
ana, dözə bilsən,
Döz bu dərdə, sən əsilsən.
Sən
ağlama, desəm də mən,
Özüm
gedib ağlayırdım,
Gedənə yas saxlayırdım.
Natella xanım ata-övlad məhəbbətinin sonunda
faciəli bir ölümü qəbul edə bilmədiyi bir
ayrılıq içinizdəki qəzəblə üz-üzə
durur. Bu qəzəbi göz yaşlarına çevirincə,
siz də öz dünyanızı sanki dəyişir,
onların yatan məkana dəfələrlə üz
tutmalı olursunuz. Həyat belədir... Hər
saniyə ölümlə üzbəüz. Ağrı və əzabla dolu yol. Bu çınqıllı, daşlı-kəsəkli,
dünyanın ən ağır yolunu getməyə məcbursan.
Gedirsən, çiynində dərd yükü,
ürəyində ölümüylə barışa bilmədiyin
əzizlərinin ölüm kabusu. Natella
xanım bu talehi anadanmı aldınız? Yox...
axı oda sizə bu faciələri heç rəva bilməzdi.
Bu qədər xeyirxah Natella xanım... Qohum- əqrabanın hər
zaman işinə əl atan, əl tutan, gözəl insan.... İsgəndər
müəllim ilə sanki xeyirxahlıqda “
yarışa” girmişdiniz. Eldən- elə adınızı
deyib qohumlar gəlirdilər..... Əhatənizin
həmişə ümid nöqtəsi idiniz “İnsanlıq məlhəbi”
adlandıra bilərik. Amandı, həyatın bu
böyük, faciəli sınağı sizi
çaşdırmasın,...
küsdürməsin... El –obanız yaxşı bilir ki, siz
özünüz də gözəl xeyirxah ailənin
övladı, davamçısı kimi əhatənizdə
seçilmisiniz. Natella xanım, nə qədər
acınacaqlı, nə qədər əzablı olsa da,
özünüzdə təpər tapıb
yaşamalısınız ki, geridə qalan nəsliniz,
gözləri sizdə olan əzizləriniz bu həyatı
yaşaya bilsin.
Hamıdan
uca Allah buyurur ki: “Kim ki, ölümlə barışmaq istəmir,
əziz adamının ölümünə görə
özünü döyür, o kəs “əlinə nizə
alıb mənimlə savaşa girir”.
Allah rəhmət
eləsin, Ruhları şad, yerləri Cənnət olsun!
Taleh
yüklü Rəşad qardaş...
Çox
göynətdi bu dərd məni
Allah deyib
nalə çəkdim
Sirkələmə
fələk məni,
Çiynimdəki
dərdlər düşər....
Bəli,
zamanında sizləri daha yaxından tanımayanlar: “İsgəndər müəllimin
oğludu, yoxsa kürəkəni?”,- deyə
soruşardılar. İsgəndər müəllimə isə
çoxları: “qızı bizə
vermədiniz, dostunuzun oğluna verdiniz ”,- deyənlər də, gileylənənlər
də az deyildi.....İsgəndər müəllimin qohum
seçimi tam düz olduğu zaman sübut etdi. Hər zaman məclislərdə : “ Döyünən
ürəyim Ruslandır, baxan gözüm Rəşad”
deyirdi. Bu igidlərini bir-birindən
ayırmazdı. “Sənətimin davamçısı
, Rəşad oğlum” da deyirdi. Böyük- kiçik
hörməti, böyük pərdə vardı aralarında
... Bəli Rəşad- Bakı şəhəri üzrə
Dövlət Yol Polisində məsul vəzifədə
çalışır, qaynatası İsgəndər müəllim
həmişə onunla fəxr edirdi. Zamanında Türkiyə
bölünəndə Atatürk “Vətən dardadır”,- deyə el-obaya səslənir....Ölkəsini
xilas edir.
Rəşad qardaş ... Sizin çiyninizdə olan dərd, qarşınızdakı məsuliyyət bu cavan yaşda sizi tez ağsaqqal etdi. Hamıdan uca Allah buyurur ki, “Sənə möhtac olanlar, mənim əmanətimdir. Mənəvi qayğı, diqqət yükünü düzgün bölüşdürəcək, həmişəki kimi Allahın ən istəkli bəndələrindən biri olacağınıza heç şübhəmiz yoxdur. Qara örpəkli Natella anaya, qəlbi küskün, gözü yaşlı əzizin Könül xanıma, gözündə dünya işığı mənasızlaşan Günel xanıma, hələ “ata qayğısının ümmət , məlhəb dadını daha heç vaxt duymayacaq o cüt qönçəyə – Kənan və Aydan balalarımıza.... Onları sizə.... sizi Allaha əmanət edirik.
Və yas mərasimi... Başını atasının sinəsinə qoyan Ata-Oğul portreti...
Yas mərasimində iştirak edən yüzlərlə insanın xəyalında son günədək yaşayacaq bu Ata-Oğul portreti. Bu nədir, tarix təkrarlanırmı? Tarixən də əzizlərini itirən, böyük məhəbbətlər yaşayan insanlar müxtəlif üsullarla bu məhəbbətin nişanəsini qoymağa çalışmışlar...
Azərbaycan milyonçusu Musa Nağıyevin yeganə oğlu İsmayılın gənc yaşda dünyasını dəyişməsi... onun şərəfinə “İsmaliyyə” (İstiqlaliyyət küçəsində) tikilisini yadigar qoydu. Hindistanda tikilən İstanbullu türk memarlarının yaratdığı Tac Mahal... Dünyanın ən gözəl, ən möhtəşəm türbəsini hökmdar Cahan şah sevimli həyat yoldaşı Ərcümənd banunun (Mümtaz Mahal da deyilirdi) vaxtsız vəfatının şərəfinə inşa etdirmişdi. Hökmdar 8 gün mənzildən çıxmamış, sonra bütün saçların ağ-appaq olduğu, xeyli qocaldığını görürlər. Bu böyük məhəbbətin, sonsuz sevginin tərənnümüdür.
Tac Mahal bir sənət əsəridirmi? Yoxsa divarlarındakı daş-qaşların tərənnümü kimi bir xəzinədir.? Xeyr. Tac Mahal bu gün insanlığı sevdirən, bu “müvəqqəti dünyamızda” yaşayan qarşılıqlı, əbədi məhəbbətin gözəl tərənnümüdür.
Ölüm var ki, həyat qədər dəyərli
Həyat var ki, ölümdən də zəhərli.
( H. Cavid)
“Ata-Oğul”- İsgəndər müəllim, Ruslan müəllim..... Onların xeyirxah əməlləri haqqında dostları, həmkarları, əzizləri o qədər ürək dolusu, yana-yana danışırdılar ki.... Hətta bu xatirələrdən böyük bir kitab bağlamaq olar..... Talehin hökmünə bir bax.... iki dövlət məmurunun, məsul vəzifə sahiblərində, bu insanlıq , bu əxlaq , bu dünyəvi keyfiyyətlər necə və haradan ilhamlanıb? Bu suala cavab tapmaq istəyənlər o qədər oldu ki.... Deyəsən, qismət mənə –onların əziz xatirələrinə elegiya bağlayana düşdü.... Sonsuzluqla yaşadığımız bu həyat...Hər şeyin sonu olduğu kimi, hər sonun bir başlanğıcı var. Bu başlanğıc “ Ruslan əfsanəsi” oldu. Əməlləri ilə insanlıq var olduqca yaşayacaq, itib batmayacaq, zaman- zaman ehtiramla anılacaq, nəsillərə nümunə olacaq....
Bu ağır günlərdə hüzürdə iştirak edən yaxın və uzaq ellərdən axın- axın gəlmiş, dərdimizə şərik çıxmış, dərdimizi paylaşan yüzlərlə insanın hər birinə bu nəslin adından “Dostlar sağ olsun” deyirik. Əzizimiz İsgəndər müəllim! Sinən üstə baş qoyub yatan, nakam ömürlü, əziz-xələf oğlun Ruslanı səndən ayırmaq qeyri-mümkün oldu. Bu itki hər birimizin – sizi sevənlərin ürəyində qaysaq tutmaz, sağalmaz yaraya dönüb. Bu yaralar bizim, eləcə də bizim kimi yüzlərlə sizi sevənlərin əbədi dərdidir!
Rahat yatın, əzizlərim! Qoy əbədi məkanınız cənnət olsun!
Aytən Aydınqızı
filologiya üzrə fəlsəfə
doktoru
525-ci qəzet.-
2013.- 4 sentyabr.- S.8.