“Aramızda
yer tapmırdı, qəsdən itdi...”
Dünən zəngləşib telefonda
səsini eşitdiyim əziz bir dost haqqında, elə həmin günün səhəri sənə telefon açan başqa bir dostdan eşitdiyin xəbər necə də ağır olarmış.
Şənbə günü telefonla danışdığım şair
Ələkbər Salahzadənin
ertəsi günü ölüm xəbərini
eşitdim. İstər yaradıcılığında, istərsə də şəxsi həyatında
kənək qoz kimi möhkəm, bərk olsa da çox ürəyiyumşaq,
yuxa, nazik adam idi.
Çoxuna xırda görünsə
də bəzən adi bir sözü
də ürəyinə
salıb inciməyi vardı. Ancaq öz incikliyini,
umküsüsünü heç
vaxt üzə vurmazdı. Yalnız yaxın dostlar
arasında müxtəsərcə
giley-güzar edərdi.
Lakin nə yazıqlar ki, “dostlar”dan biri haqlı-haqqsız, aşkar-örtülü öz
şəxsi incikliyi ucbatından mətbuatda ara-sıra onu sancmaqdan belə çəkinməzdi.
Ələkbər Salahzadəni altan-altdan
sancan, belə yazılarında öz ürək ağrılarından
söz açan, onunla yaşıd “dostumuz” qoy bilsin
ki, əsl ürək sahiblərinin qəlbi beləcə qəfil dayana bilir...
Ölümün atı çaparaq olar, deyirlər. Eşitdiyim xəbərə
inanmayıb Ələkbər
müəllimlə bir
binada yaşayan tənqidçi dostumuz Vaqif Yusifliyə telefon açdım.
Telefonda səsimi eşidən Vaqif müəllimin səsi titrədi: – Bu gecə Ələkbər müəllimi
itirdik,- dedi.
Bəli,
Vaqif Yusifli sevimli qonşusunu, mən isə ən əziz dostlarımdan birini, Azərbaycan oxucusu isə... Sevimli şairimiz Ramiz
Rövşən televiziya
ilə çıxışlarının
birində açıq
bəyan etmişdi ki, Azərbaycan oxucusu Ələkbər Salahzadəni tanımır.
Bu şairin yox,
xalqın faciəsidir.
Bəli, Ələkbər Salahzadə
heç vaxt tanınmaq istəmirdi. O, yalnız
dostlarının arasında,
qəlbən özünə
bağlı yaxın adamların arasında poeziyasından çox dostluğa etibarı, səxavəti, əli açıqlığı, səmimiyyəti
ilə tanınmaq istəyirdi.
62 illik ömrümün
40 ilindən çoxunun
xatirələri onunla
bağlıdır. Yaşca məndən
böyük olsa da, bəzən mənə cavan qardaş olub. Xeyir-şər məclislərində məndən qabağa düşüb. O qədər
ciddi, ağır
batman insan sevincimə
qoşularaq ilk nəvəm
dünyaya gələndə
ona şeir də qoşub:
Lamiyə,
ay Lamiyə
Salam olsun hamıya...
Qardaş, yeni ünvanında tanıyanların hamısından
sənə də salamlar olsun.
Şair və yazıçı dostlarla bizim Şabranda hər görüşdən mənmunluq
duyan, özü də əhli qələm, hörmətli
İcra Başçımız
Novruz Novruzov onu dəfələrlə
rayona ədəbi görüşlərə, dəvət
etmişdi. Keçən il avqust
ayının son günlərində
60 yaşımın tamamında
səhhəti ilə bağlı ad günümdə
iştirak edə bilməmişdi. Lakin aradan heç
bir ay keçməmişdi
ki, anam dünyasını dəyişəndə
səhhəti ayaq üstə durmağa imkan verməsə də kədərimə şərik olmaq üçün durub Bakıdan Şabrana hüzrə gəlmişdi.
Kimlərə isə şeir ithaf eləməkdən uzaq olan, yan
qaçan Ələkbər
Salahzadə baş sağlığından sonra
özünə xas utancaqlıqla mənə bir parça kağız verdi.
“Ad gününə yazdığım şeirdir,
– dedi, – o vaxt ad günüdə iştirak
etsəydim zaldakılara
oxuyacaqdım.” Mən
indi o əlyazmanı əziz şairimizin bir yadigarı kimi “525-ci qəzet”in oxucularına təqdim edirəm:
Adı Aydın
özü aydın
Sözü bəlli,
izi bəlli.
Ürəyi gen,
əliaçıq,
yola çıxsan
arxayın çıx.
Bir bölgənin
sinonimi.
Gülər üzü
qəm qənimi.
Öz qisməti,
bəxti,
yarı.
Şəhriyarı,
Bəxtiyarı.
Hər məclisə.
Yar-yaraşıq,
Başına çox
yığışmışıq...
Əyrisi
yox,
düzü aydın
Ayrısı yox
On illəri
yarıb
gəlib.
yolda-rizdə
hərdən az-az,
vurub gəlib!...
Qoy bir gün də
sözü bəlli,
özü aydın
pyedestal tək
dizi altda
qoyub qalxsın
yüzü Aydın!...
Təbii
ki, sağlığında
istər Özünə,
istərsə də Sözünə layiqli qiymətini vermədiyimiz,
yubiley günlərini
keçirmədiyimiz digər
görkəmli sənətkarlarımız
kimi Ələkbər
Salahzadənin də Özü, həm də Sözü bundan sonra ədəbi
ictimaiyyətin diqqətində
olacaq. Oxucular nə qədər
böyük bir söz ustasının aramızdan qəfil getməyinin fərqinə
varacaqlar.
Elə bil Ələkbər Salahzadə bu misralarını neçə
il bundan
qabaq sanki bu gün üçün
yazıbmış:
Elə getdi –
Yolu ötdü,
Getdi, getdi,
Gözdən itdi!
Düşündülər:
“Aramızda yer tapmırdı,
qəsdən itdi...”
Aydın TAĞIYEV
525-ci qəzet.-
2013.- 4 oktyabr.- S.7.