Sözün közü və düzü
İyirminci yüzillik bizdən ilbəil
uzaqlaşdıqca məndə elə təəssürat
yaranmışdı ki, köhnə sistemin atributlarından
biri kimi poçt xidməti də novruzəliləri ilə
öz yerini elektron poçtlara (e-mail) təhvil verərək
ancaq ötən əsrin bədii ədəbiyyatında və
arxiv sənədlərində ömrünün arxaikləşmə
mərhələsini başa çatdırmaqdadır. Lakin bu
yaxınlarda Şəkidən ünvanıma göndərilən,
kifayət qədər sanballı bir bağlama poçt xidməti
haqqında yanlış təsəvvürlərimi
büsbütün dəyişdi. Parlaq,
şabalıdı kağıza bükülmüş
sovqatı açarkən keçirdiyim sevinc hissinin təlatümünü
uzun illər idi ki, yaşamamışdım və analoqunu
aramaqda çətinlik çəkirdim. Ovqatımı
bir anın içində kökləyən sovqatı mənə
Şəkinin Kiş kəndindən şair dostum Vaqif Aslan
göndərmişdi və bağlama onun yenicə işıq
üzü görmüş irihəcmli, dördcildlik
“Seçilmiş əsərləri”ndən ibarət idi.
Ümumi həcmi 140 çap vərəqinə yaxın olan
dördcildlik istedadlı şairin 40 illik səmərəli ədəbi-bədii
yaradıcılığının, sanballı bəhrəsi,
fədakar axtarışlarının uğurlu nəticəsi,
çağdaş ədəbiyyatımızın mənəvi
dəyərlər arsenalını zənginləşdirən
qiymətli sənət əsərləridir.
Doğrusu, respublikamızın paytaxtında yaşayan
yazarların, qələm əhlinin 3-5 cildlik
toplularının işıq üzü görməsi məni
heç vaxt təəccübləndirməyib. Əyalət
mühitində elmi, bədii yaradıcılıqla məşğul
olan qələm dostumun dörd cildliyini isə əsl ədəbi
hadisə kimi qarşıladım. Bəlkə də
Vaqif Aslan paytaxtdan uzaqlarda, kənd mühitində yaşayıb-yaradaraq 140 çap vərəqi
həcmində “Seçilmiş əsərləri” nəşr
edilən ilk Azərbaycan sənətkarı, yazarı, söz
ustasıdır.
Vaqif Aslan yaradıcılığa poeziya ilə
başlasa da özünü ifadəetmə potensialı
güclü, bənzərsiz və çoxşaxəlidir. Onun fransız dilindən tərcümələri,
elmi araşdırmaları, pedaqoji fəaliyyəti, maddi-mədəni
irsimizin təbliğində göstərdiyi fədakarlığı,
ədəbi-ictimai missiyası Vaqifi bədii
yaradıcılıqdan nəinki uzaqlaşdırmış, əksinə
poeziyasının, dram əsərlərinin mövzu əlvanlığına
yeni çalarlar və keyfiyyətlər gətirmiş, həyati
lövhələrin milli koloritini artırmış, müəllifin
bədii-fəlsəfi dünyagörüşünün təşəkkülünə
müsbət təsir göstərmişdir. V.Aslanın
çoxşaxəli yaradıcılığının bədii
keyfiyyətindən və özünəməxsus xüsusiyyətlərindən
söz açmamışdan öncə onu yetirən,
formalaşdıran ədəbi-tarixi mühitin, ictimai
epoxanın fərqli qatlarını nəzərdən
keçirmək fikrimcə yerinə düşərdi.
Vaqif Cumay oğlu Aslan ötən əsrin və ilin tən
yarısında təbiətin ecazkar guşəsi olan Şəkinin
qədim və möhtəşəm Kiş kəndində
dünyaya göz açıb. Natamam orta məktəbi
doğma Kişdə, orta məktəbi isə Fransa azadlıq
hərəkatının əfsanəvi qəhrəmanı
Əhmədiyyə Cəbrayılovun dünyaya gəldiyi Oxud
kəndində başa vurub. Məktəb
illərində dərsliklərdən əlavə ən
çox müraciət etdiyi əsərlər böyük Azərbaycan
mütəfəkkiri Mirzə Fətəli Axundzadənin “Təmsilat”ı
və Bəxtiyar Vahabzadənin poeziya külliyyatı olub.
Çağdaşlıqla
nimdaşlığın, müasirliklə klassikliyin vəhdətinə,
rəmzinə çevrilmiş bu görkəmli sənətkarların
yaradıcılığı Vaqif Aslanın həyatına və
dünyagörüşünə təsirsiz ötüşməyib.
Hələ orta məktəb illərindən
müşahidə etdiyi mövzuları nəzmə çəkməyə,
təbiət və insan gözəlliyini vəsf etməyə
başlayan Vaqifin əsərlərinin qayəsində, ruhunda
M.F.Axundzadə, B.Vahabzadə təsiri duyulmaqdadır. Bəlkə də birincinin sehrinin daha bariz təzahürüdür
ki, V.Aslan ixtisas seçimində çətinlik çəkməyib,
daha ciddi suallarla üzləşməyib. M.F.Axundzadənin
Şahbaz bəyinin yarımçıq arzusunu
reallaşdırmağa – fransız dilini öyrənmək
üçün ali məktəbə
üz tutur. Lakin o, mövcud sovet rejiminin dəmir
pərdələrini dəlib Avropanın qədim mədəniyyət
mərkəzlərindən biri olan Parisə yox, Bakıya,
Xarici Dillər İnstitutuna yollanır. Buradakı təhsil
illərində o, İsmixan Rəhimov, Zeydulla Ağayev,
Allahverdi Tağızadə kimi milli ruhlu, istiqlal məfkurəli,
tanınmış yaradıcı pedaqoqlardan dərs alır,
onlarla sıx ünsiyyətdə
olur. Seyfəddin Dağlı, Ağacavad Əlizadə,
Söhrab Tahir və Nəriman Həsənzadənin poeziya dərnəklərində
fəal iştirak edir. İnstitutun “Birlik” qəzetində
və dövri mətbuat orqanlarında mütəmadi
çıxışlırı tələbələr
arasında böyük maraqla qarşılanır...
Ötən
əsrin 60-cı illərinin sonunda Vaqif Aslanla eyni fakültədə
oxuyan, AMEA Nizami adına Ədəbiyyat İnstitutunda
aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Bayram Ağayevin xatirələrindən bəlli olur ki, ənənəvi
1 May nümayişi zamanı V.Aslanın sovet
ideologiyasının və quruluşunun banisi Leninin portretini əlində
tutmaqdan nümayişkaranə imtina etməsi institutda ciddi
narahatçılığa və mübahisələrə səbəb
olur. Hadisə auditoriyalara yayıldıqca
“inqilabçı şair”in sürətlə gizli tərəfdarları
və açıq əleyhdarları artır. Nəhayət, olayı daha dərindən araşdırmaq
və səbəbkarı cəzalandırmaq, institutdan xaric etməklə
əlaqədar Vaqif Aslanı rektorun yanına
çağırırlar. Hadisədən
xəbər tutan tələbə yoldaşlarından bir qrupu
rektorluğa gələrək gənc şairi müdafiə
edir, onlar da nümayiş zamanı portret əvəzinə
gül-çiçəyə üstünlük verdiklərini
bildirirlər. Vaqif Aslanın tələbələr
arasında böyük nüfuz sahibi olduğunu görən
rektor əvvəlki qərarından çəkinmək məcburiyyətində
qalır və onlara xəbərdarlıq etməklə problemi
həll olunmuş sayır.
Baş verən hadisəyə adi təsadüf və ya
bir gəncin çılğınlığı kimi baxmaq sadəlövhlük
olardı. Sovet rejiminin millilikdən uzaq marksizm-leninizm
ideologiyasının təbliğində
ifratçılığa varması, xalqa istilanın istiqlal
kimi sırınması, mənəvi dəyərlərin və
tarixi həqiqətlərin məqsədyönlü təhrif
edilməsi prosesinə qarşı cəmiyyətdə
kövrək, mülayim və eyni zamanda cəsarətli
müqavimət hiss edilməkdə, etiraz sədaları
duyulmaqda idi. Tarixşünaslıqda Azərbaycanın
Rusiyaya “könüllü, öz xahişi ilə bilməşməsi”
aberrasiyası həmin dövrdə doğru olaraq şübhə
ilə qarşılanırdı (Z.Bünyadov,
M.İsmayılov və S.Əliyarlı tandemini yadınıza
salın – A.R.), B.Vahabzadənin “Gülüstan”
poemasının əlyazma nüsxələrinin sayı qəzet
variantının tirajını dəfələrlə üstələmişdi,
toponimlərin kütləvi “müasir”ləşdirilməsinə
açıq etiraz olunurdu, min ildən çox yaşı olan
Gəncənin Kirovabad adlandırılması ikrah hissilə
qarşılanırdı və şəhərin tarixi
adının bərpası cəsarətlə tələb
edilirdi. Xüsusilə gənclər arasında
milli şüurun oyanışının sürətləndiyi
belə bir mühitdə Leninin portretinə etiraz –
dolayısı ilə onun yaratdığı quruluşa, sistemə,
ideologiyaya və rejimə etiraz idi. Vaqif
Aslan tələbə-gənclərin şüurlarında, həyata
baxışlarında alışdırdığı bu
qığılcım ilə ümumun diqqətini milliliyə,
istiqlalçılığa, vətənpərvərliyə
və mənəvi dəyərlərə yönəltməyə
cəhd göstərirdi.
Sonrakı
illərdə çılgın təbiətli şairin
ruhunda, qanında qaynayan milli duyğu və düşüncə
seli onun ictimai fəallığı, pedaqoji fəaliyyəti
ilə məhdudlaşmadı, bədii axtarışlarında
və elmi araşdırmalarında özünü daha
qabarıq büruzə verdi.
Uzunmüddətli
müşahidələrimə sığınaraq belə bir
qəti qənaətdəyəm ki, yaradıcılıq
palitrasının çoxşaxəliyinə baxmayaraq Vaqif
Aslan milli-mənəvi tariximizdən süzülüb gələn
qədim adət-ənənələrimizin, deyim və duyum
dünyamızın fəlsəfi məqamlarını, əfsanələşmiş
və əfsunlaşmış rəmzlərini poeziyaya gətirən
incə ruhlu, həssas qəlbli lirik şairdir. Sözün
külünü qoyub közü ilə oynayan, oynadıqca
könülləri, duyğuları yerindən oynadan, sərt
həqiqətləri və zərif duyğuları lirik məcraya
yönəltməyi bacaran istedadlı söz ustasının
xüsusilə Qarabağ müharibəsi dövründə,
insanlığın sınağa çəkildiyi, müqəddəs
mənəvi mirasların unudulduğu zamanda
yaratdığı əsərlər müsbət və
müstəsna məziyyətlərə malikdir. Milli mentalitetə, mənəvi dəyərlərə
sayğı hissi ilə yoğrulduğu üçün bu
poeziya nümunələri bədii keyfiyyət və sənətkarlıq
baxımından çox sanballıdır.
Min illərdən bəri türk insanı
üçün dəri papaq əlahiddə anlam kəsb edir,
qeyrət, şərəf nişanəsi, kişilik rəmzi
sayılır.
Vaqif Aslanın 1989-cu ildə qələmə
aldığı “Papaq” şeirində isə mövzuya fərqli
yanaşma var, birbaşa Qarabağ münaqişəsinə
toxunulmasa da mühitdəki anti-milli prosesin xarakterinə,
insanların mövqeyinə işarələr duyulmaqdadır.
Neyləyim,
bu dünya döşümə yatmır,
Könlümü oxşamır, xoşuma yatmır.
Özümə
yaraşmır, başıma yatmır,
Tülkü dərisindən tikilən papaq.
Xüsusilə son beyt poetik ifadə tərzinə, dərin,
rəmzi məna qatlarına malikdir. Misralardakı gizlinlərə
vaqif olmaq üçün ötən əsrin 80-ci illərinin
sonunda Azərbaycanda baş verən hadisələri diqqətlə
nəzərdən keçirmək zərurudur.
Qarabağ münaqişəsinin qızğın
çağı... Kremldə
M.Qorbaçovun açdığı “Perestroyka”
fabrikasında xüsusilə Azərbaycan rəhbərliyi
üçün “tülkü dərisindən papaq”
istehsalı və istifadəsi üçün təlimatlar...
Şeirdə “tülkü dərisindən tikilən”
bu baş örtüyü Moskvanın “Baş
ideologiya”sının simvoluna çevrilir. Şair belə
papağı özünə yaraşdırmayan, başına
yatmayan cəsurların meydanlara sığmayan
hayqırtısını, etirazlarını göz
önündə canlandırır, tülkü papağı
altında kişiliyin, mərdliyin, millət qeyrəti çəkməyin
mümkünsüzlüyünü vurğulayırdı...
Kişi məfhumunun biçimi, məna qatları, mənəvi-əxlaqi keyfiyyətləri Vaqif Aslanın poeziyasında fərqli rakurslardan dəyərləndirilir. Onun “Kişilər” şeiri birbaşa Qarabağ müharibəsinə həsr edilməsə də həmin dövrdə qələmə alınıb. Şairin bədii ittihamnamə kimi səslənən “Kənd-kənd, şəhər-şəhər axırıq daha, axana qıraqdan baxırıq daha” – misralı suçlamasında əsərin yazıldığı vaxt, zaman haqqında informasiyanın dəqiqliyi şübhə doğurmur. Bu şeirdə çağdaş “kişi” laqeydliyinin, biganəliyinin canlı və unudulmaz obrazı yaradılıb. Keçmişlə indinin, dünənlə bu günün kişilik meyarları şairin haqq tərəzisində, ədalət mizanında müqayisə edilir, mənəvi aşınmanın çağdaş durumuna çox sərt, güzəştsiz qiymət verilir.
Vaqif Aslan əsasən dilimizdə biganə, laqeyd, qayğısız adam haqqında işlədilən “Araz aşığından, Kür topuğundan” xalq frazeologiyasını müstəqim mənada improvizasiya edərək “Kişilər” şeirində öncə ulu babalarımızın uca, möhtəşəm, əzəmətli görkəmi barədə unudulmaz təəssürat yaradır:
“Araz aşığından, Kür topuğundan”
olan kişilər!
Nə qədər ucaymış boyunuz sizin,
Əsliniz, kökünüz, soyunuz sizin,
Axıb qanımıza dolan kişilər!
Şairin düşüncələrinə əsasən torpağa sevgisi, Vətənə bağlılığı ilə əsli, kökü, soyu uca olan, “Qaya parçasından, daş qopuğundan, nağara düzəldib çalan... Ox kimi şığıyıb Yazı düzündən, düşməni atından salan” bu köhnə kişilərin, ulu babalarımızın bugünkü törəmələri, nəvə-nəticələri ilə müqayisəsi “oddan kül törər” deyimini xatırladır. Nəsillərdən-nəsillərə, əsrlərdən-əsrlərə müqəddəs əmanət kimi qorunub saxlanılan Vətən torpağının böyük bir parçasının – milli mədəniyyətimizin beşiyi, musiqi akademiyamız kimi tatınan Qarabağımızın, Şuşamızın bu gün düşmən tapdağı altında inləməsi ilk növbədə çağdaş kişiliyin mağmın və əlacsız vəziyyətinin real mənzərəsidir. Şairin sonda üzünü ulu, müqəddəs ruhlara tutaraq çılğın tonun hakim kəsildiyi acı, ağrıdıcı etirafları itkilərin səbəb və nəticəsi haqqında ciddi düşünməyə əsas verir:
Getdi özünüzlə zorunuz sizin,
Dolur gözümüzə qorunuz sizin,
Çatdam-çatdam
olsun gorunuz sizin,
Daşımız
qalmadı, daşımız üstə,
Ay
yurdu-yuvası talan kişilər!
Olunca,
dünyada olmasa yeymiş,
Qalınca,
dünyada qalmasa yeymiş,
Sizin
yerinizdə qalan kişilər!
İndiki
kişilər – yalan kişilər!
Sözün közünün körükləndiyi,
düzünün sərgiləndiyi bu misralardakı sərt
gerçəkliyin etirafı nə qədər ağır
olsa da qaçılmazdır.
Vaqif Aslanın Qarabağ mövzusunda yana-yana yazdığı şeirləri ifadə tərzinin hiss və duyğulara təsir gücü, fikrin, mənanın üzü qarsalayan odu-alovu düşünüldüyündən və gözlənildiyindən daha şiddətli özünü büruzə verir. Onun ürəkləri duyğulandıran, yaddaşlara ağrılı-acılı iz salan Qarabağ qoxulu əsərlərindən “Kərbəla faciəsi”, “Gəlmədi”, “Ay səni”, “Qaçqın mahnısı” və s. şeirlərini ayrıca vurğulamağa ehtiyac duyulyr. Şairin eyni mövzuda yazdığı “Şəhid köynəyi” müharibə dövrünün “arxa cəbhə”sindəki mənəvi-psixoloji, milli-əxlaqi durumun dözülməzliyindən bəhs edən, sarsıdıcı, ironik üslubda qələmə alınmış dəyərli bədii sənət nümunəsidir. Cəmiyyətdəki aşınmalar, baqqal psixologiyasının müqəddəs mənəvi qatlar üzərindəki hökmranlığı, and yerinin alqı-satqı məkanına çevrilməsi, şəhid köynəyinin, şəhid ruhunun bazar məzənnəsi ilə dəyərləndirilməsi itkilərin, məğlubiyyətlərin başlıca səbəblərini və əsas ünvanını nişan verir. Şair “Didərginin tikəsini yeyənlərə”, “Qandan baha, candan baha” şəhid köynəyini vəzifə, varidat üçün əldə bəlgə edənlərə üz tutaraq deyir.
Mənsəb
gəzən, taxt axtaran taxtabaşlar,
Gəzdiyiniz hal qurtarıb.
Şirin
nağıl, yalan vədə,
Heç dəyməyib, kal qurtarıb.
Doğru
sözə, düz ilqara qismət olan
Buxov,
noxta, nal qurtarıb
Satılmayan
namus, həya,
Satlıq qoyun, mal qurtarıb.
Şor
quruyub, yağ tükənib, bal
qurtarıb.
Bircə şəhid köynəyi var, o da mənim.
Qalan nə
var... Sizin olsun!...
Şeirin nikbin ruhundan, rəmzi məna qatlarından bəlli bir ideya aşılanır; nə qədər ki, şəhid məzarları ziyarətgahlara, şəhid köynəkləri işğal altında inləyən ərazilərin azadlığı uğrunda döyüşə atılan cəsurların, mübarizlərin zəfər bayrağına çevrilməyib mənəvi düşkünlüyün nicat yolu, baqqal psixologiyasının və harınlıq sindromunun qarşısının alınması mümkünsüzdür.
Vaqif Aslanın bütövlükdə ədəbi-bədii yaradıcılığını dünənimizlə bu günümüz, qədim və zəngin keçmişimizlə fikir, düşüncə pürealizminin intişar tapdığı çağdaş zəmanəmiz arasında məntiqi əsaslara dayalı, milli-mənəvi və bədii-estetik ornamentlərlə süslənmiş körpüyə bənzətmək olar. Misralarında tarixin nəhri çırpınan, nəbzi döyünən şeirlərinin mayasında, nüvəsində sirli-sehirli suallar, müəmmalar yuvalanmış, zamanın dumanlığına bürünmüş örtülü mətləblərin ecazkar cazibəsi dünənimizə boylanmağa, keçmişimizdən gələn səsləri dinləməyə vadar edir. Qobustanı Azərbaycanın daşlaşan əlifbasına bənzədən şair “Daş əlifba” şeirində yazır:
“Qaval daş” çalınır nə vaxtdan bəri?
O ana qəlbini
necə ovudum?
Bəlkə
ası düşən bəy ərənləri,
Qarğışı tutubdur Dədə Qorqudun?
Bu yığcam misraların bələdçiliyi ilə
tarixin sübh çağına xəyali səyahət,
asiliklə mərdliyin, zərifliklə sərtliyin vəhdətində
təcəlla tapan daşlaşmış rəmzlərin məna
qapıları önündə düşüncələrə
dalmaq məziyyəti Vaqif Aslan poeziyasının vüsətindən,
hikmətindən və qüdrətindən qaynaqlanır. Onun oğuz bəylərinə,
Dədə Qorqud qəhrəmanlarına həsr etdiyi şeirlərində
yalnız tiplərin xarakterinə, mədəni və mənəvi
keyfiyyətlərinə deyil, eyni zamanda dövrün,
mühitin mürəkkəb, qaranlıq məqamlarına da
tam aydınlıq gətirilir, obrazlar fərqli baxış
bucağından dəyərləndirilərək yeni təqdimatda
poeziyasevərlərə çatdırılır. Vaqif Aslan
“Oğuz bəylərinə və xatunlarına salam”, “Qanlı Qoca”, “Dəli Domrul”, “Qazan
Xanın yuxusu”, “Dəli Ozan”, “Təpəgöz”, “Aruz
qoca”, “Dirsə Xan”,
“Yalıncıq”, “Oğuz alqışı” və b. əsərlərində
“Qamus və namus kitabımız” (Prof.Y.V.Qarayev) olan “Kitabi-Dədə
Qorqud”un tarixi-etnoqrafiq mənzərəsini, mənəvi-əxlaqi
meyarlar sistemini poetik düşüncə müstəvisində
obyektiv qiymətləndirməyi bacarmış, tədqiqatçı-şair
statusunda layiqli mövqeyini daha da möhkəmləndirmişdir.
V.Aslanın polemikaya, ciddi təhlilə dayanaqlı,
mötəbər poetik düşüncələrinin
daşıyıcısı olan, məhəbbət, təbiət,
sənət və həqiqət mövzusunda
yazdığı lirik-fəlsəfi şeirləri yetərincədir. Onun görkəmli tənqidçi,
türkoloq və ictimai xadim Aydın Məmmədova həsr
etdiyi “Aydın”, təfəkkür tariximizin dərin
qatlarından söz açan “Ruhlarla söhbət”
poemaları, “Qan üzərində rəqs”, “Kötük”
pyesləri, çoxsaylı elmi-tənqidi əsərləri,
XVII əsr fransız səyyahı Jan Şardənin (“Parisdən
İsfahana səyahət”), Pol Verlenin, Erve Bazənin, Öjen
Potyenin irsindən – birbaşa orijinaldan bədii tərcümələri,
səmərəli pedaqoji fəaliyyəti etiraf edək ki, ədəbi
tənqidimiz tərəfindən indiyədək həssaslıqla
qarşılanmayıb, sənətkarın fədakar və təvazökar
əməyi təəssüf ki, müvafiq səlahiyyətli
orqanlar tərəfindən layiqincə dəyərləndirilməyib.
Bununla belə əminliklə vurğulamaq olar ki,
çağdaş ədəbi prosesdə fəallığı
ilə seçilən, bədii ədəbiyyatımızın
barınmasında müstəsna xidmətlər göstərən,
mayası istiqlal məfkurəsi ilə yoğrulan milli ruhlu,
istedadlı şair Vaqif Aslanın zəngin bədii
yaradıcılığı ədəbiyyatşünaslığımızın
indiki təkamül mərhələsində ciddi elmi
araşdırmaların obyektinə çevriləcək, mənəvi
irsimizin təbliğində mötəbər mənbə
missiyasını ləyaqətlə daşıyacaqdır.
Asif RÜSTƏMLİ
filologiya elmləri doktoru, professor
525-ci qəzet.-
2013.- 5 sentyabr.- S.7.