“Şeiri ürəklərə yazılan mənəm”

 

XALQ ŞAİRİ SÜLEYMAN RÜSTƏMİ XATIRLAYARKƏN

 

 

“Millətinin hüzurunda şair kimi baş əyən – O, mənəm” deyən bir şairimiz vardı: Xalq şairi Süleyman Rüstəm. Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, bədii təfəkkürünün, eləcə də ictimai həyatının inkişafında XX əsr Azərbaycan ədəbiyyatının klassiki, Xalq şairi Süleyman Rüstəmin əvəzsiz xidmətləri olub. S.Rüstəmin yaradıcılığı çoxşaxəli, rəngarəngdir. O, ədəbiyyat tarixinə şair, nasir, dramaturuq, qəzəlxan, satirik, tərcüməçi kimi daxil olub. Çox maraqlıdır ki, onun yazdığı “Çimnaz xanım yuxudadır” 1922-ci ildə, müəllifin 15-16 yaşı olanda tamaşaya qoyulub.

 

S.Rüstəmin yaradıcılığında vətənpərvərlik mövzusu geniş yer tutur. O, daim Azərbaycanı, doğma Bakımızı, bölgələrimizi, Xəzəri böyük iftixarla vəsf edib:

 

 

 

Bakımız, Şamaxı, Naxçıvan, Qarabağ

Tarixdə bu adla yazılıb şöhrətim.

Necə fəxr etməyim, həmişə üzüağ

Məclislər başında əyləşir millətim.

 

 

 

Çox gözəl bilirəm, qəlbimdə bircə an

Bu odu sönməyən məhəbbət nədəndir!

Həyatım, varlığım, hər zaman, hər zaman

Vətəndir, vətəndir, vətəndir, vətəndir!

 

 

 

Göründüyü kimi şair bu və ya digər şeirlərində, xüsusilə “Azərbaycana gəlsin” şeirində öz doğma Vətəninə, elinə, torpağına, dilinə bağlılığı, millətinə, xalqına, dövlətinə sədaqəti öz açıqlığı ilə diqqəti cəlb edir:

 

 

 

Vətənimin seyrinə çağırıram elləri

Sərvət görmək istəyən Azərbaycana gəlsin.

Bəzənib başdan-başa şəhərləri,kəndləri

Cənnət görmək istəyən Azərbaycana gəlsin.

 

 

 

Bu gün doğma respublikamızın inkişafına nəzər salanda, nəinki Bakımızın, həmçinin ayrı-ayrı şəhər və kəndlərimizin də gün-gündən abadlaşmasının, gözəlləşməsinin, tərəqqisinin, sözün əsl mənasında cənnətə çevrilməsinin şahidi oluruq.

S.Rüstəmin yaradıcılığından II dünya müharibəsi də təsirsiz ötüşməmişdi. Şairin müharibə mövzusunda yazdığı şeirlərin, poemaların ərsəyə gəlməsində onun həm də bir əsgər kimi cəbhədə vuruşması da xüsusi rol oynayıb:

 

 

 

Şeirlərim çoxdan geyib öz döyüş paltarını

Çoxdan dadıb ağır günün boranını, qarını.

Misralarım əsgər kimi düzülüb cərgə-cərgə,

Döyüşəcək cəbhədə onlar mənimlə birgə”.

 

 

 

“And”, “Cəbhəyə məktub”, “Ana və poçtalyon”, “Qafurun ürəyi” və s. müharibə  mövzusunda şairin yazdığı ən qiymətli əsərlərdir. “Gün o gün olsun ki” şeiri o dövrdə olduğu kimi, bu gün də öz aktuallığını itirməyib. Bu gün Qarabağ savaşı apardığımız  bir zamanda bu şeiri hər gün xatirlamaq yerinə düşür:

 

 

 

Gün o gün olsun ki, qurtarsın dava

Dağılsın buludlar, açılsın hava

Alınsın düşməndən ömürlük qisas

Torpaq nəfəs alıb dincəlsin bir az...

Yaxası ordenli igid yar gəlsin

Xəbəri gəlməyən oğullar gəlsin

Gün o gün olacaq, o gün gələcək

Bəşər dincələcək, həyat güləcək”.

 

 

 

S.Rüstəmin Cənub mövzusunda yaratdığı əsərlər onun yaradıcılığında böyük silsilə təşkil edir. Məncə, şairin Cənub mövzusunda yazdığı əsərlərin sirri tam açılmayıb. II dünya müharibəsi illərində İranda, Cənubi Azərbaycanda olan S.Rüstəm qəddar şah rejiminin ölkədə törətdiyi fəlakətlərin acı nəticələrini gözləri ilə görüb, zülmə, istibdada qarşı geniş xalq kütləsinin etiraz səsini dinləyib, imperializm  əleyhinə mübarizənin canlı şahidi olub. Cənub mövzusu şairin yaradıcılığında ikinci nəfəs açıb. Sovet hakimiyyətinə inanan, rəğbət bəsləyən şair rejimin amansız siyasətinə bir vətəndaş etirazını bu mövzuda yazılan şeirlərlə birbaşa, dolayısı və sətiraltı mənalarda böyük ustalıqla qələmə alıb. Bu mövzuda yazılan şeirləri diqqətlə oxuyanda görürsən ki, şairin etiraz dolu hayqırtıları həm o taydakı, həm də bu taydakı rejimə qarşı yönəlib. O dövrdə belə səviyyədə şeirlər yazmaq böyük cəsarət, hünər və iradə tələb edirdi. Lakin S.Rüstəm öz həyatını təhlükəyə ataraq bir vətəndaş kimi, xalqının oğlu kimi bu prosesdə geridə qalmadı. “O tay, bu tay”, “O sahil, bu sahil”, “Bakılı, Təbrizli”, “Vətənin birliyi “, “Bütöv millət” və s. terminləri həm dilimizin əzbəri oldu, həm də beyinlərimizə, şüurumuza nüfuz elədi. O zaman həm İranda, həm də SSRİ-də dövlətin ana dilimizə qarşı uzanan əllərinə şair “Dilimə dəymə” şeiri ilə qarşı çıxdı:

 

 

 

Mən sənin dilinə dəymirəm, cəllad,

Gəl sən də bu ana dilimə dəymə!

Sənin də bağın var, gülün var, çəkin

Bağımda əkdiyim gülümə dəymə!

 

 

 

Həsədlərlə baxdın çəmənimə sən,

Gör bir nələr etdin vətənimə sən,

Can deyib, od vurdun bədənimə sən,

Altımda atəş var, külümə dəymə.

 

 

 

Göründüyü kimi, bu etiraz bir vətəndaş şairin fəryadı idi. “Könlümə Təbriz düşdü”, “Təbrizim”, “Ayrılıq günü”, “Vüsal həsrəti”, “Anam dilli  qardaşım” və s. şeirlər S.Rüstəmin Cənub mövzusunda yazdığı qiymətli sənət inciləridir. Xüsusilə də, şairin Məmmədhüseyn Şəhriyarla yazışmaları – məktubları diqqəti daha çox çəkən əsərlər kimi yaddaşlarda həkk olunub. Bir maraqlı fakta diqqət yetirmək yerinə düşər. Şəhriyar doğma Vətən torpağının ikiyə bölünməsində Araz çayını suçlayaraq deyirdi:

 

“Göz yaşımsan, ay Araz

                      qoyma gözüm baxsa da görsün,

 

Nə yaman pərdə çəkibsən

                                      iki qardaş arasında”.

 

S.Rüstəm isə Arazın adından bu şeirə tutarlı cavab verir:

 

Yox, yaranmamışam mən göz yaşından

Göyərçin dalğalı Arazdır adım.

Ay ellər, qardaşı qan qardaşından

Ayıran ayırdı, mən ayırmadım.

 

Məntiqli və cəsarətli cavabdır, deyilmi?! Əslində şair bununla Azərbaycanı bölən Rusiya ilə İran rejimini ittiham edir, bu bölünmənin əsas səbəbkarlarının kimlər olmasını oxucuya aydın olaraq çatdırır, onu düşündürür.

S.Rüstəmin şeirlərində öz doğma respublikasının, xalqının müstəqilliyini əldə etməsi arzusunda olduğunu görmək mümkündür. Çox vaxt o, açıq mətnlə, cəsarətlə bunu şeirlərində də tərənnüm edir :

 

Mən yer oğlu insana ülviyyət istəyirəm

Dünyada hər millətə hürriyyət istəyirəm.

Öz səadətim kimi səadət istəyirəm.

Bu günümsən, ey vətən, sabahımsan, ey vətən,

Qanadımsan ey vətən, pənahımsan, ey vətən.

 

Bu misralar qəlbi Vətən eşqi ilə alışıb yanan, millətini öz səadəti kimi səadətdə bulunan, hürr görmək istəyən Vətən aşiqinin cəsarətlə yazdığı istəkləri deyilmi? Əgər bu qəbil şeirlər Cənub mövzusu silsiləsinə daxil edilməsəydi, S.Rüstəmi mütləq repressiya gözləyirdi. Bu məsələdə də şair öz vətənpərvərliyini göstərməyə nail olmuşdu. Əruz və heca vəznlərində şeirlər yazan Süleyman Rüstəm  ənənəvi formalara yeni məzmun gətirib. “Yandım” şeiri dediklərimə bariz nümunədir:

 

Mən könlümə həmdəm səni sandım.

Saymazyana keçdin göz önümdən,

Yandım, elə yandım, elə yandım!

 

S.Rüstəmin yaradıcılığı üçün səciyyəvi olan yumor, maraqlıdır ki, onun qəzəliyyatında da özünü büruzə verir. Digərlərində buna demək olar ki, rast gəlinmir. 1940-cı ildə Yazıçılar İttifaqının Plenumunda Süleyman Rüstəm qəzəlxanlığa uyub bu günün qələbələrini tərənnüm etməməkdə təqsirləndirilib. Bu o zaman idi ki, qəzələ hücumlar vardı. Əliağa Vahid təqib edilirdi. Belə bir çətin şəraitdə S.Rüstəm sinəsini qabağa verərək qəzələ müraciət etdi. Bununla o, həm köhnəlik kimi qəbul edilən qəzəli hücumlardan qorudu, həm də qəzəl janrında yeniliyə imza atdı. Şübhəsiz ki, Əliağa Vahidə qarşı olan hücumları, təqibləri də dəf etməyə nail oldu. Şairin qəzəlləri, şeirləri o qədər axıcı, şirin, yaddaqalandır ki, xanəndələr, müğənnilər daim S.Rüstəm qəzəliyyatına müraciət edirlər.

“Mosdan”, “Nasiranə bir gecə” və sair əsərləri S.Rüstəmi bir nasir kimi də tanıtdı. Dramaturgiyada da özünü sınayan şair uğurlar qazandı. Əsərləri tamaşaya qoyuldu, ekranlaşdırıldı: “Çimnaz xanım yuxudadır”, “Qaçaq Nəbi”, “Durna”, “Gəldi-gedər” kimi pyesləri tamaşaçılar tərəfindən sevildi.

Süleyman Rüstəm çox mahir, qüvvətli bir satirik şairdir. M.Ə.Sabirin satirik məktəbindən, C.Cabbarlının satirik şeirlərindən məharətlə bəhrələnən S.Rüstəm dəyərli, kəsərli, yaddaqalan satirik şeirlər yaradıb. Bu şeirlərdə S.Rüstəm bədxahları, boşboğazları, xalq, millət malını talayanları, müti, ikiüzlü və yaltaq insanları qamçılayır, məmur özbaşınalıqlarını ifşa edirdi.

S.Rüstəmin yaradıcılığına nəzər salanda görürsən ki, vətəndaş şair olan ustad sənətkar torpaqlarımıza hələ o vaxtlar da göz dikən bədxah qonşularımıza etiraz edir, şeirlərində Qarabağın, Naxçıvanın əzəli, əbədi Azərbaycan torpağı olmasını vurğulayır. 1969-cu ildə “Xorenlər iş başındadır, Xudayarlar bekar gəzir” – deyən şair əslində həyəcan təbili çalır, bizi ayıq-sayıq, tədbirli olmağa səsləyirdi. Qarabağ məsələsinə etiraz edən, bəyanatlar verən, şeirlər həsr edən ilk şairlərdən biri də məhz S.Rüstəm olub. Ermənistanın Azərbaycana qarşı təcavüzünə, erməni millətçilərinin Azərbaycanın əzəli, əbədi dilbər guşəsi olan Qarabağa uzatdıqları qara əllərə etiraz olaraq, 1988-ci ildə bir vətəndaş şair kimi, nəhayət parlamentin sədri kimi, xitabət kürsüsündən televiziya ilə birbaşa yayımda bütün dünyaya özünün məşhur “Qarabağnamə”sini car çəkdi:

 

Gül-çiçək ətri hopub qızlarının dillərinə,

Yayılıb varlığının qüdrəti dost ellərinə,

Qoymaram yad əli dəysin bağının güllərinə,

Mən Süleyman səninəm,                          

                             sən də mənimsən, Qarabağ,

Vətənimsən, Vətənimsən,

                                   Vətənimsən, Qarabağ!

 

Bu hərəkət onun mübarizliyinin, cəsarətliyinin, vətənpərvərliyinin ən parlaq nümunəsi deyilmi?!

 

S.Rüstəm çox zəngin, mənalı, şərəfli, parlaq, lakin keşməkeşli, təzadlı, mürəkkəb bir ömür yolu keçib. S. Rüstəm həm də ona görə xoşbəxt sənətkardır ki, ona sağlığında ikən canlı klassik, poeziyamızın patriarxı olmaq nəsib olub. Bu heç də hər sənətkara nəsib olmayan addır. Onun insan kimi bir böyüklüyü də odur ki, bütün ad-sana, şöhrətə, vəzifələrə baxmayaraq, heç zaman övladları, ailə üzvləri üçün qapılar döyməz, zənglər, xahişlər etməzdi. İstərdi ki, onlar özləri həyatda öz yerlərin, tutsun, istəklərinə öz zəhməti, biliyi, qabiliyyəti ilə nail olsunlar. Amma digərlərinə isə həmişə əl tutar, imkan daxilində dəstək olardı. Vətənini, torpağını, elini sevən, əsl millət və sənət fədaisi olan S.Rüstəm sevilərək xatırlanan, əsərlərilə yaşayan bir sənətkar kimi Azərbaycan ədəbiyyatı tarixində öz şanlı yerini tutub. Onun məzarı daima ziyarət olunur, qəbri üstünə gül-çiçəklər qoyulur, vəsiyyətinə uyğun olaraq Araz çayından gətirilmiş su məzarına çilənir:

 

Su səpin qəbrimə, dincəlim bir az,

Təzədən başlayım sonra söhbəti.

Sizdən bir ricam da, dostlar, budur, bu –

Kürdən yox, Arazdan gətirin suyu.

Arzuma bələddir bu torpaq anam

O yaxşı bilir ki, mən Süleymanam.

Ruhun şad olsun, böyük şair!

 

 

Qafar ƏSGƏRZADƏ

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

Pedaqogika üzrə fəlsəfə doktoru

525-ci qəzet.- 2013.- 6 sentyabr.- S.7.