Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

 

(1917-aprel 1918)

IV cild

Əsirlər günü

Möhtaclara və əlamanda əsirlərə müavinətdə bulunmaq üçün təsis edilmiş olan “Möhtaclara kömək” cəmiyyətinin qərardadına görə bu gün yanvarın 19-da Bakıda möhtaclar üçün libas, yorğan-döşək və sairə kibi şeylər cəm ediləcəkdir. Şəhər bir neçə məhəlləyə təqsim və hər məhəlləyə müəyyən adamlar təyin edilmişdir ki, bunlar bu gün səhər tezdən məzkur heyətlə ianə və əşya toplamağa şüru edəcəklərdir. Bu şeylər kimlərə veriliyor?

Doğrudan canlarını əsirgəmədikləri əziz vətənlərindən, doğma yurdlarından, ailələrindən ayrı düşmüş, qərib vilayətlərdə, uzaq ölkələrdə aclıq və susuzluq, çıplaqlıq və bunların nəticəsi olan xəstəliklərə düçar olub da həkimsiz, təbibsiz, isti bucaq, rahət yer tapmayıb da yorğansız, döşəksiz çıplaq, quru bir yerdə otuzu, qırxı birdən ölən əsirlər üçündür, onlara veriliyor.

İnsanlara şəfqət və mərhəmət hissi həm də əsirlərə qarşı müsəlmanlıq və türklük vəzifəmiz bizdən tələb ediyor, bu gün mərhəmət kisələri geniş açılsın. Üzərimizə uzadılan əllər boş qaytarılmasın. Hamı qüvvəsi çatan, mümkün olan qədər borcunu əda etsin.

Heç kəs ianəsinin azlığına, çoxluğuna baxmasın, hər kəs bir sap versə, yetimə bir köynək çıxar. Bilməlidir ki, yığılan nə qədər az olsa da yenə bu adamları ölümdən xilas edəcəkdir.

Uzaq yerlərdən fəna şərait altında bizə binlərcə qardaşımız qonaq gəlmişdir. Mehmannəvazlıqla məşhur olan qafqasiyalılar ehsanları ilə tanınmış olan Bakı cəmaəti bu vəqtədək həmişə və hər dəfə böylə ianələr toplandıqda həmiyyətini göstərmiş olan qardaşlarımız bu gün mənəvi borclarını əlbəttə, əda etməlidirlər və edəcəklər. Əziz qardaşlarımız və qərib qonaqlarımızı razı buraxacaqlar.

 

“Açıq söz”, 19 yanvar 1918, ¹659

 

P.S. Qəzetin həmin nömrəsində “Türkiyə Ermənistanı həqqində əmrnamə”ni də M.Ə.Rəsulzadə ruscadan tərcümə edərək dərc etmişdir. V.İ.Leninin başçılıq etdiyi Xalq Komissarları Şurasının bu bədnam “tarixi” sənədini də oxuculara təqdim edirəm. – Ş.H.

 

 

 

Türkiyə Ermənistanı həqqində əmrnamə

 

Petroqrad – Xəlq Komissarları Şurası erməni xəlqinə elan ediyor ki, fəhlə və kəndlilər hökuməti Rusiyanın Türkiyə ərazisini ilhaq hüququnu davam etdiriyor və elani-istiqlala qədər erməni xəlqinin özünüidarəyə həqqini təsdiq ediyor. Xəlq Komissarları Şurası bu hüququn mövqei-icraya qoyulması üçün erməni xəlqinin fikrini sərbəst bilməkdən ötrü son dərəcə lazım olan bir çox hökumət təminatı gərəkdir. Bu kibi təminatdan Xəlq Komissarları Şurası zildəkiləri ədd ediyor:

 

1) Əskərlərin Türkiyə Ermənistanından çıxarılması və orada bilatəxir erməni ordusunun təşkili.

2) Qaçqınların və həmçinin müxtəlif məmləkətlərə dağılmış erməni mühacirlərin bilaməmaniət Türkiyə Ermənistanı daxilinə qayıtmaqları.

3) Müharibə vəqti Türkiyə məmurları tərəfindən cəbrən məmləkət içərilərinə nəql edilmiş Türkiyə ermənilərinin bilaməmaniət öz yerlərinə qaytarılması, bunun üçün Xəlq Komissarları Şurası Türkiyə nümayəndələri ilə vaqe bulunacaq müxabiratda təkiddə bulunacaqlar.

4) Türkiyə Ermənistanında demokratik əsaslar üzərinə intixab olunmuş erməni xəlq şurası tərzində müvəqqəti milli bir idarə təşkili.

Qafqasiya işlərinin fövqəladə müvəqqəti komissarı Stepan Şaumyana təklif olunuyor ki, ikinci və üçüncü maddələrin mövqei-icraya qoyulması üçün Türkiyə Ermənistanı əhalisinə hər növ müavinətdə bulunsun və həmçinin əskərləri Türkiyə Ermənistanından çıxarmaq vəqtini və qaidəsini müəyyən etmək üçün qarışıq bir komissiya təşkilinə şüru etsin.

Qeyd – Türkiyə Ermənistanının hüdudi-coğrafiyası erməni xəlqinin demokratik nümayəndələri tərəfindən qomşu məhal və nüqat demokratik nümayəndələrinə birlikdə Qafqasiya işləri fövqəladə müvəqqəti komissarının iştirakı ilə müəyyən edilməlidir.

 

“Açıq söz”, 19 yanvar 1918, ¹659

 

 

 

Nüqat – nöqtələr

 

 

 

İcmali-əhval

 

Rusiyada inqilab başlanandan bəri, kimsədə müharibəyə artıq maraq qalmamış; hər kəs müharibənin tezliklə bitəcəginə qənaət hasil etmiş və Rusiyanın yenidən müharibə açacağına, yəni sülh müxabiratı müvəffəqiyyətsiz olursa, Rusiyanın yenidən ordu və mühimmat toplayacağına kimsə inanmıyor. Bunun da səbəbləri məlumdur. Bir tərəfdən Rusiya xəlqi dörd il davam edən vuruşmadan usanmış, gərək maddi və gərək mənəvi düşkünlügə uğramış, məmləkətin ticarət və sənaət şirazəsi daxilində davam edən ixtilal və şurişlərdən naşi büsbütün qırılmış, digər tərəfdən iş başına keçmiş bolşevik hökumətinin şüarı və bütün millətlərin fikri müharibənin ziddinədir. Bolşeviklərin iş başına keçməsində birinci rol oynayan bunların haman Rusiya xəlqi əhval-ruhiyyəsini kamalınca dərk edərək, o yolda sülh və çörək şüarını meydana atmaları olsa gərəkdir. Bunu isə Kerenski hökuməti dərk edəmədigindən bolşeviklərin müvəffəqiyyətini mucib oldu.

 

Bolşeviklər məmləkət daxilində öz şüarları sayəsində hüsni-rəğbət qazandılarsa da, müttəfiqləri yanında bu rəğbəti qazanamadılar. Və onlardan ayrı olaraq düşmənləri ilə sülh müxabiratına girişdilər və bu sayədə Rusiyada müharibənin bitməsinə, daha doğrusu bitmək üzrə olmasına qəvi bir ümid oyandırdılar. Rusiya düşmənləri ilə sülh etmək üzrə ikən, müttəfiqlər Almaniya və tərəfdarları ilə müharibədə haman davam ediyorlar. Fəqət Rusiyanın ixtilal və şurişindənmi, yaxud nədənsə müttəfiqlərin öz düşmənlərilə vuruşmaları həqqində gərəkincə məlumat alınmıyor və Qərb meydanında hərəkati-hərbiyyənin nə surətlə gedişi həqqində qəzetələrdə müxabirat görünmüyor. Ara-sıra alınan məlumat yalnız almanların Rusiya ilə sülh etməkdən nə kimi faidələr bəklədigini və gələcək vuruşmalar üçün nə kimi planlar hazırladığını bildiriyor. Məsəla, İngiltərənin əskəri mühərrirlərindən məşhur polkovnik Reminqton “Tayms” qəzetəsində yazdığı bir məqaləsində diyor ki, Almaniya Şərq meydanından Qərb meydanına nəql etdigi əskərləri ilə Fransa meydanında qüvvəsini xeyli artırmış və get-gedə daha da artırmaqdadır. Baxalım, gələn baharda düşmən qarşısında dəvam etməgə bizim də kafi qüvvəmiz olacaqmı? deyə sualında bulunuyor və diyor ki, Almaniyanın müqabilinə çıxmaqdan ötrü hazırda meydani-hərbdə durmaqda olan ordumuzdan başqa bir milyon yarım əskər lazımdır; bizdə isə bu miqdarın yalnız altı yüz otuz mini mövcuddur ki, onun da üçdən bir hissəsi yaralanıb da sağaldıqdan sonra dübarə meydani-hərbə gələcək soldatlardır. Bu isə hökumətimizin səlah bilərək təşkil etdigi şurayi-əskəriyyənin iqtidarsızlığını göstəriyor; binaənileyh bu xüsusda ciddi surətdə düşünmək və lazım gələn tədabiri bir an əvvəl ittixaz etmək gərəkdir.

 

Almaniyanın gələcək üçün hazırladığı plan həqqində müttəfiqlər diplomasi məhafilində diyorlar ki, Almaniya müttəfiqlərin Rusiyaya müharibə elan etməsi üçün son dərəcə çalışıyor və Rusiya ilə sülh edərək xammala olan ehtiyacını Rusiyadan rəf etməgə və gələn aprel ayında Fransa meydanında qayət ciddi vuruşmalar üçün hazırlaşmağa var qüvvəsini sərf edəcəkdir. Müttəfiqlərin Rusiyaya elani-hərb etməsində Rusiyayı onlar ilə vuruşmaya məcbur etməkdə məlumdur ki, Almaniya Rusiyanın nizamsız və yorğun ordusundan heç bir müavinət gözləmiyor və gözləmək ümidində də degildir. Fəqət müttəfiqlərin rəyincə Almaniyanın bu müharibədən bir faidəsi ola bilər ki, o da Rusiyanın Almaniya-Avstriya hərbi əsirlərindən bir milyon yarım miqdarında böyük bir kütləyi öz hesabına olaraq təslih edəcəkdir.

Almaniya və tərəfdarlarının Rusiya ilə sülh müxabiratına girişməkdən böyük faidələr götürəcəklərində şübhə yoxdur. Müttəfiqlərin Rusiya əvəzində Amerikaya ümid etmələri və Amerikanın Rusiya qədər onlara müavinət göstərəcəginə inanmaları bizcə bir o qədər də doğru olmasın gərək; zira Amerika ilə müttəfiqlər arasındakı məsafə qayət uzaq olmaqla bərabər Almaniya sualtı qayıqlarının haman məsafə arasında gəştü-güzar edərək düşmən gəmilərini bəkləməkdə olduqları münasibat və nəqliyyatı olduqca müşkülə salıyor. Müharibənin müvəffəqiyyətlə davamı üçün canlı qüvvənin və mühimmati-hərbiyyənin vəqtli-vəqtində lazım gələn yerlərində hazır olması icab etdigindən Amerikanın müavinəti bir böhran üz verdikdə müttəfiqlərə nə sayaq yetişə biləcəkdir. Bundan əlavə Fransa müstəmləkatı olan Cəzair, Tunis, Yeni Kaliforina və Hindistan Çini də üsyan və şurişlər baş göstərdigindən Fransa əhvali-hərbiyyəsi böyük müşkilat və əngəllərə uğramış qalıyor; İngiltərə ilə Fransa imdiki müharibədə canlı qüvvələrinin əksəriyyəti müstəmləkələrindən toplamaqda olduqlarından və bunları alman dəmir yumruğu altında əzdirərək məhv və tələf etdiklərindən, nəhayət, şuriş və üsyana məruz qalıyor və canlı qüvvə mənbələrini artıq qayb etmiş oluyorlar. Bütün bu şərait daxilində müttəfiqlərin bundan sonra müvəffəqiyyət qazanacaqları pək şübhəlidir: zira onların bu ilki əhvalı keçən sənələrə nisbətən xeyli ağır və mövqeləri olduqca müşküldür; Almaniya ilə Avstriya isə Rusiya tərəfindən xatircəm olduqlarından qüvvətlərini bir qat daha artırmış oluyorlar.

Bolşevik hökuməti xarici məsələlərdə müttəfiqlər tərəfindən bir çox müşkülat və əngəllərə təsadüf etdigi kibi məmləkətin daxili idarəsindən də bir çox maneələrə rast gəliyor və həm gəlməkdədir. Bolşeviklər üçün böyük əngəl çıxaranlardan birincisi – Ukrayna, ikincisi – Don, Terek və Orenburq kazakları və üçüncüsü – son məlumata nəzərən Krım müsəlmanlarıdır. Əvvəlcə Ukrayna və sonra Don kazakları muxtariyyət elan etdilər, fəqət Ukrayna daxili idarədə Ukrayna Rada məclisinə və Don nahiyəsi kazak əskəri hökumətinə itaət göstərdigindən və bolşeviklərin “hökumət şuralar əlində (fəhlə və soldat vəkilləri) olmalıdır” şüarına müxalifət göstərdiklərindən bolşevik hökuməti Rada ilə kazak hökumətini sərmayədarlardan təşəkkül əksinqilabçı hökumətləri adlandıraraq onlar ilə mübarizəyə girişdi və son günlərdə Krım müsəlmanlarilə də böylə mübarizəyə iqdam etmişdir. Bu mübarizə və əngəllər bolşeviklər üçün böyük bir zərbədir. Zira müttəfiqlər hənuz bolşeviklərin iş başına yeni keçdigi zəman bolşevik hökumətini etiraf və təsdiqdən imtina etdilər, “Və sizin hökuməti bütün Rusiya tanımadığı halda, biz necə tanıya biləriz” – deyə bəhanə gətirdilər. Bu isə bolşeviklərin həqiqi bir hökumət kibi degil, yalnız bir firqə kibi müvəqqəti iş başına keçdiklərini andırmaq demək idi.

 

lll

 

Bolşevik hökumətini tanımaq istəməyən ətraf vilayətlərdən birisi də Qafqasiyadır. Bolşeviklər sair vilayətlərdə və o cümlədən Türküstan paytaxtı olan Daşkənddə hökuməti əllərinə almaq təşəbbüsünə iqdam edib bəzilərində müvəffəq olmuşlarsa da, Qafqasiyada hənuz böylə bir təşəbbüsə iqdam etmələri görülmüyor; zira əvvəla, Qafqasiyanın yaşayış şəraiti sair vilayətlərə nisbətən bambaşqadır və ikinci, Qafqasiyada bolşeviklər yerlilərə nisbətən qayət az olmaqla bərabər, Rusiya daxilindən də Zaqafqasiyaya qüvvə yürütməkdən acizdirlər.

Bolşeviklərin Zaqafqasiyada baş qaldıra biləcəkləri iki mühüm nöqtə vardır; birisi Tiflis və digəri Bakıdır. Keçənlərdə Tiflisdə müxtəsər bir hərəkət oldusa da, öylə qəti nəticə vermədi; bundan böylə də Zaqafqasiyada ümumiyyətlə, hanki tərəfdən olur-olsun qəti çıxış imkan xaricində olmaq dərəcədə müşküldür. Bilxassə Zaqafqasiyada şəraiti-məhəlliyədən dolayı bir tərəfə qəti üstünlük verəcək qüvvə toplamaq və onun gücilə xüruc etmək çox çətin, digər tərəfdən də əfkari-ümumiyyə hər dürlü çıxışlar əleyhindədir.

Bolşevik hökumətinin bu qədər daxili və xarici düşmənləri sırasına əski Rusiya müttəfiqlərindən olan Romaniya hökuməti də əlavə olundu. Romaniya hökuməti Rusiya inqilabı başlandıqdan sonra nə qədər ki, iş başında Kerenski və Milyukov hökumətləri duruyordu, Rusiyanın haman müttəfiqlərindən ədd olunuyordu və Rusiyanın “inqilabçı” hökuməti kimi axıra qədər hərbi davam etdirmək şüarını yürüdüyordu. Lakin iş başına bolşeviklər keçəndən sonra haman əski şüarında baqi qalıb, rus əskərlərinin Romaniya cəbhəsində bolşeviklərin təlimatilə ictimai inqilab törətmək hərəkətlərinə məmaneət göstərdi və nəhayət, Bessarabiyayı zəbt etmək fikrinə düşdü və bu məqsədlə Romaniya əskərləri hücuma keçərək bir neçə yerləri zəbt və işğal etdilər. Bolşevik hökuməti əvvəlcə bir ultimatum verərək bu hərəkətlərin dayandırılmasını tələb etdi; fəqət cavabi-kafi almadığından diplomasi münasibatı kəsərək, Romaniya səfirini Petroqraddan nəfy etdi və Romaniya hökumətinin Moskvada saxlanılan bir milyard iki yüz milyondan ibarət qızıl fondunu zəbt etdi.

Bu qərar ilə bolşevik hökuməti xarici cəbhələri buraxaraq daxildə Romaniya, Ukrayna, Don, Terek və Orenburq kazakları və Krım tatarlarıyla vuruşmaya başladı.

Daxildə vuruşma və çarpışmalarla keçirən bolşeviklər xaricdə də Almaniya və müttəfiqləri ilə sülh müxabiratına girişmişdir. Müxabirat həqqində bolşevik mətbuatının verdigi son məlumata nəzərən almanlar Rusiyadan işğal etdikləri yerləri özlərinə mal etməkdən əlavə bir də Rusiyadan dörddən səkkiz milyarda qədər təzminat tələb ediyorlar. Bolşevik hökuməti bu şərtləri qəbul edəcək və ya etməyəcəkmi məlum degildir; fəqət Trotski Fəhlə və Soldat Vəkilləri Şurası nümayəndələrinin Petroqradda vaqe olan yığınında almanların bu şərtlərini yığına bildirdikdən sonra əlavə ediyor ki, hər necə olursa-olsun, biz şərəfli və demokratik sülhə çalışacağız, Trotskinin böylə izharatda bulunması ilə  Almaniya şərtləri arasındakı fərqin nə dərəcədə olduğunu bəyanə hacət yoxdur. Tənbehsiz ki, almanlar güzəştdə bulunmayacaqlar, bulunsalar da bir o qədər əhəmiyyətli güzəşt etməzlər. Zira almanlar bir qalib sifətilə sülh etdiklərindən dediklərində inad göstərəcəklər və bu inadlarını da felə yürütmək üçün hər bir əsbab və qüvvəyə malikdirlər. Bolşeviklərin isə demokratik əsaslarını meydana sürsələr də almanların tələblərinə riza göstərməkdən başqa bir əlac və çarələri yoxdur. Məgər in ke bolşeviklərin amalınca Almaniyada da inqilab və ümumi tətil baş göstərə və hökumət Rusiyadakı kibi fəhlə, soldat və kəndlilər əlinə keçə; o vəqt əlbəttə ki, bolşeviklər öz arzularına qismən nail ola bilərlər. Zira hökumətin Almaniyada inqilab zühur etdikdə bolşeviklər əlinə keçəcəgini zənn etmək olmaz. Almaniyadan son gələn məlumata görə baş göstərən fəhlə hərəkatı əgər doğru isə, o vəqt demək olar ki, bolşeviklər Avropaya böyük bir zərbə endirdilər və Avropanın imperialist və sərmayədarlar hökumətlərini böyük bir təhdid altına aldılar.

Almaniya, İngiltərə və İtaliyada sülh lehinə hərəkət başlandığı, digər tərəfdən daxildə Orenburq, Kiyev və sairlərində bolşeviklərin müvəffəqiyyət qazanması hər halda sosializm inqilabı olmasa da, Avropada böyük bir fəhlə hərəkəti başlandığını göstəriyor və yeni bir tarix səhifəsi açıyor.

 

“Açıq söz”, 25, 26 yanvar 1918, ¹664, 665

 

 

 

Şirazə – nizam-intizam

Səlah – yaxşılıq

Gəştü-güzar – gəzib dolana

Təslih – silahlandırma

 

 

 

Bizim muxtariyyətimiz və Bakı bolşevikləri

 

Bənim Əmələ və Əskər Şurası İcraiyyə Komitəsində söylədigim bir nitq Bakı bolşeviklərinin vasiteyi-nəşri-əfkarı olan “B.Raboçi” qəzetəsinə “Müsavat” firqəsi ilə Müsəlman Milli Komitəsinə hücum üçün bir sərmayə təşkil etmişdir.

Oxuyucuları əsl məsələ ilə aşina etmək üçün bolşevik qəzetəsinin isnadatını rədd etməkdən əvvəl mövzui-bəhs olan yuxarıdakı nitqimin nə kibi bir halda və nə surətdə söylənmiş olduğunu yazmaq məcburiyyətindəyəm.

Məsələ Bakı quberniyasının müxtəlif yerlərində hadis olan oğurluqlara və quldur hücumlarına aid idi. Teleqram gəlmişdi ki, Lənkəran uyezdi talan olunuyor. Şəhər qorxu içindədir. Petropavlovka ilə Hacıqabul və sair nöqtələrdən də buna oxşar teleqraflar alınmışdı. Bu qara və vəhşətli xəbərlərlə bərabər müsəlman diviziyasının naçalniki tərəfindən bir məsələdən dolayı İcraiyyə Komitəsi ünvanına bir az başqaca təhrir olunan bir məktub dəxi əlavə ediliyordu.

Burada sol eser Suxartsev söz alıb böyük bir qeyz və hiddətlə müsəlman təşkilatları üzərinə hücum elədi. Bu hücumu əsnasında “Müsavat” firqəsinə dəxi yanaşdı. Suxartsevcə bu uyezdlərdən gələn qara xəbərlərlə müsəlman divizyonu naçalnikinin məktubu arasında böyük bir münasibət vardır. Bu hadisələr sadə iğtişaş degildir. Bunlar səngərlərdir ki, gündən-günə Bakıya yaxınlaşıyor. Bu aşkarə bir hərəkətdir. Siyasi hərəkətdir. Şahsevənlər neçün qarətkarlıqlarında ancaq Rusiya kəndlərinə hücum ediyorlar? Diyorlar ki, bu hücumlardan müsəlmanlar da mütəzərrər oluyor, fəqət bu doğru degildir. Onlar zərər görüyorlarsa da cüzi görüyorlar. Ümumiyyətlə, tələf olanlar ruslardır. Bu Şərqə doğru vaqe olan bir hərəkətin səmərəsidir. Bən çayxanalarda əvamlar ağzından eşidiyorum diyorlar ki, “Bakı bizimdir”. İştə, bu “bizimdir” sözü müəyyən bir siyasi məsləkin göyərtmiş olduğu nəticədir. Əvam cəmaət bundan o mənanı çıxarıyor ki, gərək nə ki xarici varsa buradan çıxsın, kəsilsin, qovulsun. Aldığımız teleqraflar iştə, bunu xəbər veriyorlar. Bundan artıq mədara lazım degildir, vəqtdir ki, müsəlman təşkilatlarilə qəti bir dil ilə danışaq. Ölmək lazımsa qoy şərəflə ölək, qoy onlar bilsinlər ki, müvəffəq olsalar da bu müvəffəqiyyətləri daimi olamaz. Bir azdan Hacıtərxan yolu açılar, o zaman intiqam almaq asandır.

İştə, son dərəcədə fitnəkaranə bir surətdə vaqe olub da adətən qəhhar bir general qubernator dili ilə danışan bir ictimaiyyun-amiyyunun çıxışı, bütün müsəlman təşkilatlarını rus cəmaətinə qarşı siyasi bir sui-qəsddə töhmətləndirməsi bənim acığımı tutduraraq mütəqabil çıxışıma bais oldu. Dəlil və sübutlarla göstərdim ki, müsəlman quberniyalarında vaqe olan iğtişaşlar ümumi iğtişaşlardan başqa bir şey degildir; anlatdım ki, şahsevənlərin eyni zamanda Lənkəran üzərinə də hücumunu və hərəkətin yalnız ruslara qarşı icra edilmədigini göstərir. Çünki Lənkəran rus şəhəri degil, müsəlman şəhəridir. Təəssüf etdim ki, yalnız xəbərsiz qara cəmaət degil, İcraiyyə Komitəsində də öylələri var ki, müsəlmanların niyəti həqqində bədgümanlara düşüyorlar. Əlavə etdim ki, Suxartsevin ruhu, bədgümanlığı və cəmaətimiz həqqindəki niyyəti yalnız kəndisinə məxsus olmayıb başqalarında da var, hətta İcraiyyə Komitəsinin qəzetəsi olan “İzvestiya” milli qoşun əleyhində  yazarkən şayani-etina bir cümlə işlətmişdi. “Hətta türklər, onlar da milli qoşun fikrinə düşdülər”, nə qədər ki, “bu hətta türklər” zehniyyəti İcra Komitəsində hökmfərmadır – quberniyadakı iğtişaşları yatırmaq üçün alınacaq tədbirlərə lazım olan ümumi dil tapmaq çətin olacaq. Əgər bizə imkan hasil olmazsa ki, həzrəti şahsevənlərin ittihadi-islam qoşunu degil, yersiz qaldıqlarından dolayı qanuni-ictimailə quldurluğa süluk edən taifə olduqlarına inandıraq, o zaman doğrudan da qorxarım ki, Suxartsevin elan etdigi hərbi qəbula məcbur olalım. Yalnız onu sevindirə bilərəm ki, bu toqquşmada müvəqqəti üstünlük onun tərəfində qala bilər.

Məsələnin müzakirəsi uzağa çəkmişdi. Müzakirə əsnasında bənə sual vermişlərdi ki, “ermənilərlə gürcülər milli qoşun düzəltdikdə heç olmazsa dəlilləri var ki, Qafqasiya cəbhəsini müdafiə edəcəklərdir. Sizdən ötrü ki, böylə bir bəhanə yoxdur”. Əcəba, müsəlmanlar neçün qoşun düzəldiyorlar.

Buna cavabən bən müsəlman quberniyalarının iğtişaş içində olduğunu göstərib əgər imdi burada səfərə mühəyya iki müsəlman rotası olseydi, Lənkəran atəş içində qalmazdı, dedim. Əlavə etdim ki, müsəlman polklarının təsisi müsəlman topraqlarındakı iğtişaşın qabağını saxlamaq üçün təşkil olunuyor. Əgər siz təmin edə bilsəniz ki, əlinizdəki beynəlmiləl qüvvətlərlə bu asayişi təmin edərsəniz, o zaman varsın müsəlmanlar qüvvə tədarük etməsinlər.

İştə, bənim söylədigim nitqin müxtəsərən tərcüməsi ki, “B.Raboçi” qəzetəsi bu nitqdən adətən əksinqilabdan bəhs edən kibi bəhs ediyor.

Şahsevənlərin hərəkətini quldur hərəkəti dedikdə və Bakı quberniyası ilə Gəncə quberniyasındakı müxtəlif hadisələrə iğtişaş adı verdikdə görünüyormuş ki, bən burjualarla mülkədarlara məxsus əksinqilabçı bir nəzəriyyə söylüyormuşam. Görünüyor ki, Lənkəran uyezdindəki iğtişaşlar iğtişaş degil, vətəndaş müharibəsi imiş, görünüyor şahsevənləri dəf etmək – iğtişaşı yatırmaq və asayişi bərpa etmək degil, inqilabı təpələmək və istibdad nizamını bərpa etmək imiş. Çünki “B.Raboçi” qəzetəsinin fikrinə görə başda Tağıyev ilə Nağıyev olan bir komitə bundan başqa nizam qoymağa qadir degilmiş. Milli Müsəlman Komitəsi bu günlərdə milli qoşunun inqilab nizamını müdafiə üçün təşkil olunduğunu elan eləmişsə də, bolşeviklər “uşaq degildirlər ki, Tağıyev ilə Nağıyevə inansınlar”. İş böylə bir yerdə olunca bitəbii isbat etmək belə lazım degildir ki, Tağıyev ilə Nağıyevin Milli Komitə başı ilə heç bir əlaqələri yoxdur. Çünki bolşevik siyasiliginin “durbinligini” kim aldada bilər?

Görünüyor ki, bu durbin siyasiləri “Müsavat”ın inqilabdan yalnız muxtariyyət degil, topraqların bilaəvəz kəndlilərə keçməsi, səkkiz saətlik iş günü və əmələlərin dövlət hesabına sığorta olunması və ələlümum bütün həyati-siyasiyyə və ictimaiyyənin demokratik əsaslar üzərinə qurulmasını gözləməkdə olduğuna da heç bir vəchlə inandırmaq olamaz.

Fəqət burada bir şey anlaşılmayıb qalıyor. Bolşevizmcə biz müsəlmanların şübhəsiz ki, muxtariyyətə həqqimiz var və ozümüz öz müqəddəratımızı təyin və təşxis edə biləriz. Fəqət “B.Raboçi” diyor ki, bu o demək degildir ki, “Qafqasiya qüruni-vüsta qaidələri bərpa edilsin”. Bizim muxtariyyətimizdən yalnız qüruni-vüsta qaidəsi çıxacağına isə “B.Raboçi”nin əqidəsi kamildir. Bu da oradan görünüyor ki, diyor: müsəlman dövlətliləri ilə bəylərinin muxtariyyəti, daha Rusiya inqilabına təmas etməmiş olan müsəlman cəmaətinin muxtariyyəti demək degildir”.

Demək ki, rus inqilabı daha müsəlman cəmaətinə çatmamışdır. Buna görə də onun hər növ muxtariyyət istəməsi özünün degil, müsəlman burjuaziyası ilə mülkdarlarının muxtariyyətindən ibarət olub qalacaqdır. Buna isə “Rusiya demokratiyası qətiyyən razı olamaz”.

Əcəba, nərədə qaldı bolşeviklərin bütün dünya qarşısında elədikləri elan ki, “dərəceyi-mədəniyyətlərinə baxmayaraq bütün dünya millətlərinin muxtariyyət və istiqlal həqləri vardır” – dediniz.

Rusiya millətlərinin həqqi-muxtariyyətləri o demək degildir ki, Rusiya millətləri velikorus dvoryanlarının keyfindən qurtarıb velikorus əmələlərinin keyfinə tabe olsunlar.

Bolşevik inqilabı bütün Rusiya millətlərinə Rusiyadan ayrılmağa varıncaya qədər muxtariyyət həqqi elan eləmişdi. Qafqasiya millətləri bu vədələrin nəticəsini gözlədilər, müsəlmanlar da gözlədilər. Fəqət nəticədə tamamilə başqa bir şey çıxıyor: Türkiyə Ermənistanı muxtariyyət dekretinə (fərman) nail oluyor. Ermənilər “Daşnaksütyun” firqəsi tərəfindən təyid olunan böyük amallarına yaxınlaşıyorlar. Qafqasiya türklərinə gəlincə, Bakı bolşevikləri diyorlar ki: “siz inqilabçı bir millət olmadığınız üçün heç növlə muxtariyyət alamazsınız. Qoy “Müsavat” firqəsi də bu xüsusda artıq çalışmasın. Çünki Qafqasiya muxtariyyətinə nə Rusiya demokratiyası, nə də Rusiya burjuaziyası razı ola bilər”.

Türk ədəmi-mərkəziyyətçilərinin siyasəti bizim bolşeviklərə görə Qafqasiyayı xarabəzara döndərə bilər, necə ki, daşnaksaqanların siyasəti Türkiyə ermənilərini döndərdi.

Fəqət qəzetə yenə də ümidvar oluyor ki, “bütün Qafqasiya demokratiyasının əlbirligilə bu bədbəxtligi saxlamaq olar”.

Aşkardır ki, bu “demokratiya əlbirligində” Rusiya inqilabına “daha yanaşmamış olan” demokratiyanın hissəsi çox az təsəvvür olunuyor.

Bəlkə də müqəddərdir ki, biz muxtariyyətimizi xarabəzarlar qiymətinə alalım. Müqəddərati-tarixiyyədən əlbəttə ki, boyun qaçırmaq olmaz. Fəqət bununla bərabər biz həqliyiz gözləyək başqa bir Lenini ki, o da Qafqasiya müsəlmanlarının muxtariyyətinə aid bir “dekret” (fərman) çıxarsın.

 

M.Ə.Rəsulzadə

 

“Açıq söz”, 29 yanvar 1918, ¹667

 

 

 

Mədar – səbəb, əsas

Qəhhar – qüdrətli, güclü

Qüruni-vüsta – orta əsrlər

 

Hüseynov Şirməmməd

525-ci qəzet.- 2013.- 7 sentyabr.- S.26-27.