Əhməd Cəmil xasiyyəti

 

 

ƏHMƏD CƏMİL – 100

 

Rəsul Rza haqqında xatirələrimi qələmə aldıqdan sonra qəti qərara gəlmişdim ki, gözəl şairimiz Əhməd Cəmil haqqında da yazı yazacağam. Lakin elə bil ki, nəsə mənə mane olurdu, xatirələrə dalmağın ağırlığımı, şirin və acı xatirələrin qonşuluğumu, gözəl günlərimizi, yaxşı insanları itirməyin təəssüfümü əlimə qələm alacağım günü xeyli gecikdirdi. Özüm texniki təhsil alsam da, həyat yoldaşım Əli Kərimə görə bütün həyatım ədəbiyyat aləminə bağlandı. Əlinin dost-tanış olduğu bir çox şair və yazıçılarla ailəvi dost olduq, bu gün də onların vəziyyətlərini, gündəlik problemlərini ən yaxın qohumlarımdan daha yaxşı bilirəm. Əli Kərimə həyat yoldaşı olmaq mənə başa saldı ki, sənətkardan bütün həyatını, tam sədaqətini tələb edən şeir-sənət aləmi gec-tez oxucuların, xalqın diqqətində, məhəbbətində onun əsl qiymətini verəcəkdir.

Əlinin şeir-sənət aləmində dost və tanışları çox idi,  onlardan bir çoxunu ölümündən neçə illər keçəndən sonra tanımışam. Ölənlərə rəhmət, yaşayanlar sağ olsunlar, hamısından mənə və ailəmizə qarşı hörmət görmüşəm. Yaşca özündən böyük olanlardan Əlinin şəxsiyyətinə və yaradıcılığına böyük hörmət bəslədiyi sənətkarlar içərisində Əhməd Cəmilin adını xüsusi çəkmək istərdim. Bir insan və şair kimi Əhməd müəllimin hansı cəhətlərini qeyd edərdim və Əli onu nəyə görə yüksək qiymətləndirirdi?

Bir gün televizorda Əhməd Cəmilin həyatdan çox gənc getmiş gözəl şairimiz Mikayıl Müşfiq haqqında xatirə söylədiyini gördüm, diqqətlə qulaq asmağa başladım. Ə.Cəmil danışırdı ki, günlərin birində o, Müşfiqin evində onunla sabah görüşmək barədə qərara gəlirlər. Əhməd müəllim oradan çıxıb evə yola düşdükdən bir müddət sonra küçədə Mikayılın onun dalınca yüyürdüyünü görür. Sən demə, sonradan Müşfiqin yadına düşübmüş ki, qərara gəldikləri vaxt danışdıqları yerə gələ bilməyəcək, başqa bir işi var. Əhməd müəllim əbəs yerə gözləməsin deyə, Müşfiq onun dalınca qaçıb xəbərdarlıq etmək istəyirmiş. Deyə bilərəm ki, onun Müşfiqdə bəyəndiyi bu xüsusiyyət – başqasına qarşı həssaslıq eynilə Əhməd müəllimdə də vardı. İstər Əlinin sağlığında, istərsə də ölümündən sonra yaxından tanıya bildiyim Əhməd Cəmilin  qayğıkeşliyi, ürəkyananlığı indi də yadımdan çıxmır. Onu da deyim ki, Əhməd müəllimin ömür-gün yoldaşı, mərhum Şərqiyyə xanımda da, həyatdan çox tez getmiş oğlu, istedadlı alim Eldar Cəmilzadədə də, mehriban münasibətdə olduğum qızı Sevil xanımda da bu xüsusiyyətləri görmüşəm.

Hələ mən Əli ilə evli olmadığım zamanlarda aralarında isti münasibətlərin  olduğunu, onun 1957-ci ildə Əhməd Cəmillə birlikdə Tiflisə, gürcü şairi İlyas Çavçavadzenin yubileyinə getdiyini bilirdim. Əhməd Cəmil o zaman Azərbaycan poeziyasının korifeylərindən biri kimi tanınır, sevilirdi. Buna baxmayaraq, həmişə təvazökar, sadə bir insan olan Əhməd müəllim heç vaxt adından istifadə etməz, bir çoxları kimi maddi vəziyyətini, həyat şəraitini yaxşılaşdırmaq üçün qapılar döyməz, dəridən-qabıqdan çıxmazdı. O, müxtəlif vaxtlarda “Ədəbiyyat qəzeti”nə, “Azərbaycan” və “Ulduz” jurnallarına, “Azərbaycan Uşaq və Gənclər Nəşriyyatı”na başçılıq etmiş, bütün bu vəzifələrdən öz ərizəsi ilə çıxmış, ya da bir pillə aşağı vəzifəyə keçmişdi. Onun bu xasiyyətindən Əlinin xoşu gəlirdi, bu barədə mənimlə söhbət etdiyi zaman görürdüm ki, Əhməd müəllimin vəzifədən, mənsəbdən qaçması Əliyə, necə deyərlər, ləzzət edir. Əli deyərdi ki, əsl şair belə olar – mənsəbpərəstliklə şairlik arasında böyük məsafə var.

Əlinin Cəmilin şeirlər kitabı haqqında yazdığı “Sevimli nəğmələr” məqaləsində Əli onun yaradıcılığı ilə şəxsiyyəti arasındakı əlaqəyə xüsusi diqqət yetirmişdi. Məqalədə Ə.Cəmilin şeirləri haqqında belə sözlər yazılıb: “Əzbər bildiyimiz bu lirik nəğmələri nə üçünsə sevinclə oxuyanda, hər gün açılan səhərin, doğan günəşin ömrümüz boyu gözümüzü yormadığı yada düşür. Bu şeirlərdə gurultu yerinə insan səsi, parıltı yerinə ürəyi qızdıran bir hərarət vardır. Onlarda xılt, yerinə düşməmiş kəlmə tapmaq çətindir.

Əhməd Cəmil bu cəhətdən bizim ədəbiyyatımızda nadir sənətkardır. Yağışdan sonrakı bahar havası kimi şəffaf, ətirli şeirlər müəllifi olan şairin kəmiyyətcə az yazmasının səbəbi də budur... Bir vaxtda həm kədər, həm də intiqam hisslərini oyatmaq, insan ürəyinin bir yox, bir neçə qütbünə nüfuz eləmək hər sənətkara qismət olan səadət deyil. Bu xoşbəxtliyə tam ürəklə yazan şair yetişə bilər”.

Məqalənin başqa yerində isə belə deyilir: “Bu misralarda şairin öz təbiəti görünür”. Doğrudan da, Ə.Cəmili tanıyanlar onun şeirləri ilə xasiyyəti arasındakı bənzərliyi görməyə bilməzlər.

Oxuculara çatdırmaq istərdim ki, Əhməd Cəmil də Əli Kərimi sənəti ilə şəxsiyyəti arasındakı vəhdətə görə sevirdi. Yaxşı yadımdadır, Əlinin ölümündən sonra onun Bakı Dövlət Universitetində keçirilən yubileylərindən birində bir çox gözəl, odlu-alovlu nitqlər söyləndi. Məclisin axırına yaxın söz alan Əhməd müəllim Əlinin “Fəhlələr” şeirini oxudu və dedi ki, bu şeirdə Əli Kərim poeziyasının mahiyyəti əks olunub. Şairin özü də, poeziyası da bu şeirdə olduğu kimi, oxucunu əsas mətləbdən uzaqlaşdıran hay-küydən kənar, sadə və məzmunlu olub. Ustad sənətkarın çıxışı bizə güclü təsir bağışladı, hamını dərindən düşünməyə vadar etdi. Doğrudan da, aralarında yaş fərqi olmasına baxmayaraq, bu iki şair bir-birini gözəl anlayırdı.

Əli rəhmətə getdikdən sonra bir çox çap edilməmiş əsərləri, şeirləri və poemaları üzə çıxdı. Onları tərtib edib kitab halında çap etdirmək mənim öhdəmə düşdü. Mənə əvvəlcə çox çətin gələn bu vəzifənin öhdəsindən Əhməd müəllimin köməyi ilə gəldim. O, qayğıkeşliklə, səbrlə şeirləri mövzularına görə bölməyi, kitabın tərtib qaydalarını mənə başa saldı. Əlinin oxucularının həsrətlə gözlədiyi yeni kitabları işıq üzü gördü. Taleyin işinə bax ki, 1977-ci ildə Əhməd Cəmil dünyasını dəyişdikdən sonra onun çap ediləcək şeirlər kitabının üzə çıxmasında mən də şairin həyat yoldağı Şərqiyyə xanıma kömək etməli oldum. Kitaba daxil olacaq əsərlər içərisində “Son misralar” bölməsinə düşmüş şeirləri oxuduqca, gözlərim dolurdu. Bu misraların müəllifini necə də yaxından tanıyırdım, bu şeirlər necə   onun özünə oxşayırdı. Qayğıkeş, mehriban Ə.Cəmil bir şeirində qadınına, övladlarına müraciətən deyirdi ki, ölümündən sonra da onların hər bir həyəcanını hiss edəcək, XX əsrin sonlarında ixtiyarlaşmış həyat yoldaşını, yaşa dolmuş oğlunu və qızını, böyümüş nəvəsini görəcək. Çox təəssüf ki, bu gün həyatda nə şairin  həyat yoldaşı Şərqiyyə xanım var, nə də çox cəhətləri ilə atasına oxşayan oğlu Eldar Cəmilzadə. Hər ikisinə Allahdan rəhmət diləyirəm, ümid edirəm ki, onların ruhu haqq dünyasında artıq qovuşmuşdur.

Biz uzun müddət Vaqif küçəsindəki (indiki Həsən Seyidbəyli küçəsi) 30 saylı evin birinci mərtəbəsində, yarı zirzəmi şəraitində yaşadıq. Bu, uşaqların səhhətinə mənfi təsir göstərir, onlar tez-tez xəstələnirdilər. Əli rəhmətə getdikdən sonra onun dostlarından bir neçəsi nə qədər çalışdılarsa da, bizə kömək edə bilmədilər. Mənzil şəraitimizə laqeyd qala bilməyən Əhməd Cəmil bizim normal evlə təmin olunmağımız üçün Əlindən gələni etsə də, heç nəyə nail ola bilmədi. Yaxşı yadımdadır, binanın o biri tərəfindən birinci mərtəbə olan ikinci mərtəbədən evimizə enən Əhməd müəllim aşağı düşərkən 28 pilləkən saymışdı. Yazıçılar İttifaqına yazdığı xahiş məktubunda da bildirmişdi ki, Əli Kərimin evinə düşmək üçün birinci mərtəbədən iyirmi səkkiz pilləkən enmək lazım gəlir, şairin ailəsinin normal ev şəraitinə ehtiyacı var. Əhməd Cəmilin bu xahişinin cavabsız qalmasına baxmayaraq, mən bu gün də bu gözəl insanın diqqət və qayğısını minnətdarlıqla yad edir, onun xatirəsi qarşısında baş əyirəm.

Yadıma düşən xatirələrdən biri də odur ki, böyük oğlum Paşa ali məktəbə daxil olarkən Əhməd müəllim çox həyəcanlanmışdı. Onun məni bir ağsaqqal kimi sakitləşdirməyini minnətdarlıqla yad edirəm. Ortancıl oğlum Azəri M.Lomonosov adına Moskva Dövlət Universiteti nəzdindəki riyaziyyat sahəsində istedadlı uşaqlar üçün açılmış məktəbə qəbul imtahanları vermək üçün Moskva şəhərinə apardığım zaman Əhməd müəllimin qızı Sevil də mənimlə getdi. Birlikdə çox həyəcanlar keçirdik. Oğlum məktəbi də, MDU-nu da bitirdi, alim oldu, hal-hazırda Ankaradakı Bilkənd Universitetinin müəllimidir. Sevil xanıma, övladına, Eldar Cəmilzadənin qızlarına uzun ömür, cansağlığı diləyir, Ə.Cəmilin torpağı sanı yaşamalarını arzulayıram.

Bir hadisəni də xatırlamağı özümə borc bilirəm. Aramızdan vaxtsız getmiş gözəl insan və şair Vaqif İbrahimlə (onu da deyim ki, rəhmətlik V.İbrahim həm Ə.Cəmilin, həm də Ə.Kərimin ən etibarlı, sadiq dostu olub, onların xatirələrini həmişə uca tutub) birlikdə Əli Kərimin arxivini araşdırarkən Ə.Cəmilə həsr edilmiş bir şeir görüb çox sevindik. Şeir yarımçıq qaldığından şairin seçilmiş əsərlərinə daxil edilməyib. Bu yazıda onu oxucuların diqqətinə çatdırmaq məncə, yersiz olmaz:

 

 

 

İstedadı adından böyük

Əhməd Cəmilə 

 

Çap olunmuş hər sətir

Toya gedən adamdır.

Sənəsə yaddır hər toy

haray,

atəşfəşanlıq.

Toyda məst olub hamı

qoçaqlıq da göstərər.

Səninki tufan dolu,

sükutlu qəhrəmanlıq.

Evdə görürəm sənin

dəftər-dəftər tomun var.

Çapa? Xeyr! – deyirsən, –

 

bunlar evindir çünki.

Başqalarısa tökür

oxucunun gözünə.

Arxivlərin tozundan

silib əşari-küncü.

Baxıram,

evin sənin – kainatın güşəsi.

Hər sətrin – bir parçası şeir

meridianının.

Deyirəm: bu şeirlər ev masştablı

deyildir.

Deyirsən ki, uymayın.

mərd yazın,

mərd dayanın...

 

  

 

Bu yarımçıq qalmış şeir bir daha Ə.Cəmilin hansı şəxsi keyfiyyətlərinin Ə.Kərim tərəfindən yüksək qiymətləndirildiyini göstərir...

Ən son şeirlərindən birində yaxın vaxtlarda həyatdan  gedəcəyini hiss edən Ə.Cəmil ölümündən sonrakı dünyamıza xəyali bir nəzər salıb deyir:

 

İnanıram, bilirəm

Orda mən olmasam da,

qəlblərdə

qalacağam.

Bir xəyala çevrilib

buluda dolacağam.

Onların başı üstdən

Uçduqca

uzaq,

şirin

xatirə olacağam!

 

Əhməd Cəmilin ölməz poeziyası bu gün də bizimlədir, dilimizin əzbəridir. Bu gözəl, qayğıkeş insanın əziz xatirəsi isə onu tanıyanların yaddaşından heç vaxt silinməyəcəkdir.

 

Elza KƏRİM

525-ci qəzet.- 2013.- 7 sentyabr.- S.29.