"Bu qız ay istəyir"- YÜZ
GÖZƏL SEVGİ ŞEİRİ
PƏRVİNin təqdimatında
Bir
otağa girib təkcə oturmaq, yaxud adamsız yerdə
özünlə baş-başa qalmaq tənhalıq deyil. Tənhalıq
doğmaların arasında, əzizlərinin yanındakı təklikdi. Yüzlərin
əhatəsində kimsəsizsənsə, tənhasan... Elə
hər yanından ötən, həyatından keçən
“cavansan, atıl-düş, şənlən...” – deyir.
Amma yaşıdlarının
maraqları sənə bəsit, mövzuları dayaz gəlirsə,
onlarla ünsiyyətdə naqolaysansa, əylənməyi
heç bacarmırsansa, neyləyəsən?!
...Hələ
uşaqlıqdan hiss etmisən bunu. Başqasan! Və bu
başqalığınla heç də üstün deyilsən
adamlardan. Hər halda özün belə hesab eləmirsən.
Kiminsə səni səhv anlayacağına, inciyəcəyinə
görə çox qorxursan bəzən... Elə bu səbəbdən
əsasən öz qabında, qınında yaşayırsan!
Sıxılanda başını çıxarıb ətrafa
baxırsan, insanlara qaynayıb – qarışmaq istəsən də,
alınmır.
...Həmyaşıdlarına
necə izah edəsən ki, könlündən tonqal
üstündən atılmaq keçmir Novruz bayramında?!
Sakitcə ocağa baxıb tüstünün, qoxunun beynində
oyatdığı xatirələrə dalmaq istəyirsən...
...
Axı qəbul eləməzlər beləliyini!
Hay-küylü məclisdə susmağını, bir nöqtəyə
baxıb fikrə getməyini, özünə çəkilməyini
necə başa düşsünlər?! Hansısa “yasxana”
janrında (onların düşüncəsində!) musiqidən
kövrəlməyinin səbəbini nə cür anladacaqsan?!
Heç cür... Sadəcə qınayırlar səni...
“Qapalısan, belə olmaz...” – deyirlər. Amma kimsə bilmir
ki, sən ÖZÜNü axtardıqca, hər dəfə xəyal
qırıqlığına uğradıqca qapanmısan.
Dopdolusan boşluqlarla! Ürəyin boşdu ona görə!
Yarımçıqsan! Məhz
yarımçıqlıqdı ən böyük dərdin...
Ardınca düşüb izləyən, qapını pusan gənc
heyranların çox adidilər səndən ötrü.
Özün də başqasan, istəyin də başqa...
Və bir
gün bütün ehtiyaclarının cavabı,
arzularının adamı çıxır qarşına...
Heç bilmirsən necə baş verdi bu?! Elə dünən
bədbindin, təkdin, ətraf bomboz, dünya bomboş idi.
Amma bu gün doludu həyatın, için, hamı
yaxşı adamdı, hər yer gözəldi... Vurulmusan! Nə
deyim sənə?! Məhəbbətin də özünə bənzəyir,
anlamaq olmur nədi istədiyin, qorxduğun nə?!
Amma...
Heç vaxt sənin olmayacaq birini sevməyin
acısını təsəvvür edirsənmi? Çərçivələrə
sığmayan, qanunları sındıran məhəbbətin
baha başa gələcək sənə. Kimlərinsə qeybət
mövzusuna, gülüş hədəfinə çevrilə
bilərsən! Bəzən hissindən özün də
hürkürsən... Sadəcə sığınmaq istəyirsən
onlara – sevginə və sevdiyinə... Ürəyindəki
duyğuya, söykəndiyin çiyinə arxayınsansa,
qarayaxmalar nə edəcək?!
Məhz
belə qadındı Eldar Baxışın Sərçə
balası! Zərif, ürkək! Bəlkə də
özünü yeni-yeni dərk
etməyə başlamış balaca qızdı. Ya da sevgidən
başı gicəllənmiş, dünyanı unutmuş
sanballı bir Xanım.
Hər nədisə,
Eldar Baxışdan ötrü Sərçə
balasıdı!!!
Şair
sevgidə yaş fərqini fərqli üsulla ifadə edir. Və
şeirdə aşiqin itmiş
gəncliyinə, ürəkdolusu sevən vaxtlarına görə
təəssüf hissi ilə yanaşı, məhəbbətin
qeyri-adi tərəflərindən biri – Qorumaq duyğusu təsvir
olunub.
Şeiri
kiçik poema da adlandırmaq olar. Maraqlıdı ki, lap elə
klassik poemalarda olduğu kimi, əsər Allaha müraciətlə
başlanır... Amma şair heç kimi tərif eləmir,
sadəcə danışır, başına gələnlərdən
danışır... Yalvarışları, arzuları, gileyləri,
qorxuları, əsəbləri, duyğuları, hamısı
var misralarda, bir az qarışıq, pərakəndə... Amma
elə bunun özü də sevən adamın ovqatıdı!
Eldar
Baxış bu əsərdə təcrübəli, dünyaya
açıq gözlə baxan, həyatın üst
qatını da, dibini də görmüş aşiqin düşüncələrini
yazır... Axı ilk sevginin qığılcımlarından
ağlını itirmiş adam hardan bilərdi ki, kişilər, arvadlar bu qıza
güləcək, bir böyük şəhər ondan
danışacaq, dilə-dişə düşəcək... Məhz
burdan gəlir Qızı qorumaq istəyi...
Böyüklükdən! Əvvəlki
qanadını, inadını, istəyini itirmiş aşiq
balaca sərçəni yuvasından eləmək istəmir.
Və burda ağılla hisslərin qəribə mübarizəsi
hiss olunur: “Lap belə tərpəndik, lap belə getdik, Sən deyən, mən deyən
olası deyil...” Şair hər halda, “tərpənməyin”,
“getməyin” mümkünlüyünü də inkar eləmir!
Sadəcə sonu bildiyindən, ondan ötrü mübarizə
mənasızdı... Yenə də günahı sürətlə
uçub gedən vaxtın üstünə atır. Sanki
üsyan edir, taleyinə, zamana, Allaha... Sərçə
balasını gec göndərdiyinə görə! “Səni də
düşəsən mənim günümə!” – deyərək.
Yenə də
Bu Qızı qorumaq arzusu hər şeyin fövqündədir...
Aşiqin “Bu qızla işin
olmasın” sözləriylə şeirin
başlanğıcındakı ovqat
tamamlanır.
Amma
İlahinin Bu Qızla işi olub artıq, Başqa yaradıb
onu, Sevgi salıb ürəyinə! Qadağan Sevgi!
Eldar
Baxış: “İlahi, neyləsən, sən mənə eylə”
İlahi,
mənə yox, mən istəmirəm,
İlahi,
yazığın gəlsin bu qıza.
Elə eləmə
ki,
oğlanlar,
qızlar,
Kişilər,
arvadlar gülsün bu qıza.
Elə eləmə
ki,
vüsal
yerinə
Göz
yaşı danışsın, qəhər
danışsın.
Bir
qızdan bir bölük adam danışsın,
Bir
qızdan bir böyük şəhər danışsın.
Elə eləmə
ki, bu qız bu eldə,
Dilə-dişə
düşsün məndən ötəri...
Sərçə
balasıdı bu qız bu saat,
Boynunu
uzadıb dəndən ötəri.
Bu
qızın
bu saat məndən
umduğu,
Məndən
istədiyi dən məndə yoxdu.
Bu qız
ay istəyir, ay yoxdu məndə,
Bu qız
gün istəyir, gün məndə yoxdu.
Sevgi yoxdu
məndə sevəm bu qızı,
Elə
axan suyu belə döndərəm.
Çevirəm
özümü kəpənəyə mən,
Bu
qızı çiçəyə, gülə döndərəm.
Səndən
çiçək olmaz, səndən gül olmaz,
Məndən
də kəpənək, sərçə balası.
Durduğumuz
yerdə biz niyə duraq,
Biz niyə
tərpənək, sərçə balası?
Lap belə
tərpəndik, lap belə getdik,
Sən
deyən, mən deyən olası deyil.
Sərçə
balasısan sən bu dünyada,
Şair
ki, kəpənək balası deyil.
Kəpənək
olmuşam dünyada bir vaxt,
Qanadım
da olub bilmək istəsən.
İstəyim
də olub özümə görə,
İnadım
da olub, bilmək istəsən.
O qanad,
o inad,
o istək
hanı?!
O qanad,
o inad,
o istək
öldü.
Bircə
gün çəkmədi gəlib-getməyi,
Kəpənək
doğuldu, kəpənək öldü.
Ağca
pambıq kimi,
ağca
yun kimi,
Diddilər,
diddilər o kəpənəyi.
Daraşıb
qanadlı, əlli-ayaqlı,
Yedilər,
yedilər o kəpənəyi.
Hanı o
kəpənək, hanı o sevgi?-
Yaşamır,
yaşamır, sərçə balası.
Bu ağ
kəpənəklər o kəpənəyə,
Oxşamır,
oxşamır, sərçə balası.
...Sən
ey yeri, göyü yaradan kişi,
Uzaq
görünürmü ordan yer sənə?!
Bu
qıza bu boyda sevgi vermisən,
Mənə
də bir azca sevgi versənə.
Səni də
düşəsən mənim günümə,
Sənin
göyün olsun,
quşun
olmasın.
İlahi,
neyləsən, sən mənə eylə,
İlahi,
bu qızla işin olmasın...
PƏRVİN
525-ci qəzet.-
2013.- 7 sentyabr.- S.21.