Əlli yaşın ömür məqamları
“İgid əsgər,
möhkəm dayan!” mahnısının müəllifi Şahin Musayevə
Hər bir vətəndaşın öz ölkəsində
yaşamaq haqqı olduğu kimi, Vətənini, millətini
sevmək haqqının olmasını başa düşməsi
də vacibdir.
İnsan həyatında ən çətin və
şərəfli məqam xalqın problemləri ilə
yaşamaq istəyindən başlayır. Hər hansı bir fərd
adi bir mövcudluq mərtəbəsindən şəxsiyyət
mərtəbəsinə də bu yöndəki
çalışmaları ilə ucala bilir. Problemlər içində yaşayan bir milləti,
onun gerilik və ya cəhalətini tənqid etmək,
suçlamaq elə də qəhrəmanlıq sayılmaz.
Bunu hər kəsin bacarması
mümkündür. Fədakarlıq odur
ki, millətini sevib, bütün əxlaq və əqidənlə
onu çətinliklərdən xilas etməyə
çalışasan.
Böyük
öndər M. Ə. Rəsulzadə hələ 24
yaşlarında qələmə aldığı “Mütaliələrimdən”
adlı yazısında qeyd edirdi: “Ah... nə vaxt bir mücahid
özünü fəda etdi ki, cəmaət onun qədrini bilmədi?
Cəmaətə qədr bilməyi fədakarlığın
ilə gərək öyrədəsən. Əvəzsiz heç nə alınamaz. Fəda
ol! Qədr gör!”
Böyük
alim İsaak Nyuton isə inteqral hesablamaların kəşfi ilə
bağlı məhkəmədə (o, alman alimi Leypsiqlə bu
kəşfi eyni zamanda, lakin bir-birindən xəbərsiz
etmişdilər) iddia
qaldırmışdı ki, Leypsiq bu kəşfi ondan hansı
yollasa əldə edib.Məhkəmə prosesində qalib gələ
bilmədikdə jurnalistlər ondan nə üçün bu
addımı atdığının səbəbini
soruşmuşdular. O, belə cavab vermişdi: “Mən bunu
özüm üçün etmədim. Mən
bunu İngiltərə və gələcək ingilislər
üçün etdim. Düşündüm
ki, qoy onlar fəxr etsinlər ki, bu kəşfin də Vətəni
İngiltərə olub və ingilislər edib!”
İndi qarşımda 50 yaşı tamam olan bir dostumun
ömür yaşantıları dayanıb. Bu əlli ilin iyirmi beş ilinə yaxın bir dövrün
şahidi həm də özüməm (Onunla başlanan
dostluq tariximizi nəzərdə tuturam). Odur ki,
bu yazını həm rahat, həm də sıxıntı
keçirmədən, ürəklə yazıram.
Qızılağacda Musa müəllimin məktəbi. Şahin
Masallının Qızılağac bölgəsində
dünyaya göz açıb. Amma burada
orta məktəb təhsili ilə yanaşı atası Musa
müəllimin zəngin həyat və elm dərslərini də
öyrənib. El-obanın hörmətli
ziyalısı olan, orta məktəbdə müəllim
işləyən Musa müəllimlə mən də
görüşmüşdüm. Və elə
ilk söhbətimizdən Şahində olan vətənpərvərlik
duyğularının haradan qaynaqlanması mənə
aydın olmuşdu.
Həkim Şahin Musaoğlu. 1987-ci ildə Bakıdakı Tibb
Universitetini bitirdikdən sonra, 1987-1991-ci illərdə Biləsuvar
rayon Mərkəzi Xəstəxanasında Təcili Yardım həkimi
və şöbə müdiri vəzifəsində
çalışıb, 1991-2010-cu illərdə Mərkəzi
Dənizçilər Xəstəxanasının həkimi,
2010-cu ildən isə “Medservis” özəl Tibb Mərkəzinin şöbə müdiri vəzifəsində
çalışır.
1992-1994-cü
illərdə könüllü olaraq Qarabağ
savaşında, Ağdam – Ağdərə döyüş
bölgələrində həkim – jurnalist kimi fəaliyyət
göstərib, Müdafiə Nazirliyi Hərbi – Elmi Tədqiqatlar
və Müdafiə Nazirliyi Tibb İdarəsinin əməkdaşı
olub. Eyni zamanda o, Hərbi Hava Qüvvələri
və Hava Qüvvələri və Hava Hücumundan Mühafizə
Xidməti poliklinikalarında həkim – diaqnostik işləyib.
1992-1993-cü
illərdə Ş. Musaoğlu bir əhəmiyyətli iş
də görür – Operativ Müstəqil Tibbi Qərargahın
yaradılmasına nail olur. O zaman müxtəlif
döyüş bölgələrində yaralanan əsgərlərin
yaxınları onları tapmaqda, hansı xəstəxanada
olduqlarını müəyyənləşdirməkdə
çətinlik çəkirdilər. Məhz
bu işi təşkil edən, sistemləşdirən
Şahin oldu. Onun o zaman bir-bir xəstəxanaları
gəzib, xəstələrin adlarını qeyd etdiyi jurnalı
biz dostları indi də xatırlayırıq. Bu jurnalın bir əhəmiyyəti də onda idi ki,
burada əsgərlərin nədən və necə
yaralandığı, xəsarət aldığı ayrıca
qeyd olunurdu.
Həmin illərdə ordu sıralarında idim və “Azərbaycan
Ordusu” qəzetinin baş redaktoru kimi çalışırdım. Qəzetimizlə əməkdaşlığa
başlayan Şahin üçün burada “Əsgərlərə
ilk tibbi yardım” rubrukası açdıq və o, burada
özünün ilk həkim məsləhətlərini verməyə
başladı: yəni qanaxma, şokdan çıxma
halları, xəstəxanaya çatdırılanadək
yaralıya ilk kömək və s. Hətta yadımdadır
ki, Şahin yalnız sözlə yox, həm də müəyyən
rəsm çəkilişlərindən istifadə edərək
məsləhətlərini verirdi. Və yenə
xatırlayıram ki, redaksiyamıza gələn məktublarda əsgərlər
və zabitlər bu məsləhətlərin böyük
faydası olduğunu yazırdılar.
Hərbi mahnıların müəllifi, bəstəkar. Bu gün
çoxlarının sevərək hərbi diktor Şəmistan
Əlizamanlının ifasında dinlədiyi mahnıların
çoxunun müəllifi Şahin Musaoğludur. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin
xatirəsinə həsr edilmiş mahnı ilə hərbi və
vətənpərvərlik mövzusu tarixində yeni mərhələ
başlandı (əlbəttə, bəstəkar Cavanşir
Quliyevin “Əsgər” marşı istisnadır. Lakin bu
mövzunu sistem halında inkişaf etdirən Şahin
Musaoğludur).
İndi həmin mahnının yarandığı tarixdən
20 ildən çox zaman keçir. Bu mahnı yazılanda
isə Vətən torpağı uğrunda qanlı savaş
gedirdi. Həmin o Azərbaycan vətəndaşı
həqiqətən igid əsgər idi və
torpağının bir qarışının da düşməndə
qalması ilə barışmaq istəmirdi. Elə həmin
o döyüş əzmindən və ruhundan da bu sözlər
axıb gəlirdi:
Ya azad ol,
ya candan keç,
İki yoldan birini seç.
Azadlığın
şərbətin iç,
İgid əsgər,
möhkəm dayan!
Şahin bir vətəndaş sevgisi ilə
çalışırdı, əsgərlərimizi
ruhlandırır, öz şeirləri və mahnıları
ilə onlara güc-qüvvət verirdi. “Çağırır Vətən”
şeirində oxuyuruq:
Çağırır
Vətən,
Çağırır
Ana.
Mənfur
düşməndən
Qisas almağa.
Onun yazdığı şeirlər və mahnılar həm
də hərb tariximizin canlı salnaməsidir. Əsgərlərin
sevərək oxuduqları “Birinci Batalyon” isə xüsusən
seçilir. “Birinci Batalyon” Azərbaycan əsgərinin
ilk döyüş əzmini, güc və
bacarığını nümayiş etdirirdi. Həm də bu əsgərlərin adları əbədi
olaraq tarixə yazılmışdı. Şahin
Musaoğlu isə bu gerçəkliyi kədərlə, matəmlə
yox, coşğunluq hissi ilə yaddaşlara
köçürürdü:
Fəxr
edir sizinlə yurdumuz, yurdumuz,
Alacaq qisası ordumuz, ardımız.
Yazılıb
tarixə qanımızla, canımızla,
Birinci batalyon, adımız, adımız.
Onun ən
unudulmaz bir hərbi mahnısı isə belə
adlanırdı: “Cənab leytenant!” Bu şeirin sözləri də,
musiqisi də necə xoş, ovqatlı idi:
Hay ver, mənə,
cənab leytenant!
Hay ver mənə,
leytenant!
Xoş
müjdəli bir savaşdan,
Pay ver mənə,
leytenant!
Şahinin Milli Təhlükəsizlik Nazirliyinin 80 illiyi
münasibəti ilə yazdığı “Öncə Vətəndir!”
marşı da məzmunludur. Müəllif xoş və təsirli
misraları ilə uzun illər boyu qapalı bir qurum olaraq ölüm qoxumuş,
günahsız insanların ölüm düşərgəsinə
çevrilmiş bir təşkilatın sanki
qapılarını açır, onu bizim edir, ona qorxu və dəhşət
yox, sevgi və səmimiyyət ünvanı kimi baxır:
Adımız
andımızdı,
Ana yurd – ünvanımız.
Yolumuz
Millət yolu,
Vətəndir vüqarımız.
Savaş
– millət savaşı,
Savaş – Vətən savaşı.
Şahinin bu sahədəki fəaliyyətini (həm
şairliyini, həm də bəstəkarlığını)
araşdırdıqca, nədənsə uzun illərdir tədqiq
etdiyim Azərbaycan Xalq Cümhuriyyəti dövrünü
(1918-1920) və o dövrün böyük tərənnümçüsü
Əhməd Cavadı xatırlayıram. Böyük
İstiqlal şairi olan Əhməd Cavad ilk müstəqil
Cümhuriyyətimizə, onun torpaqlarının azad edilməsində
böyük fədakarlıqlar yapmış türk əsgərlərinə
necə gözəl şeirlər həsr etmişdi. Və bu şeirlərə, marşlara böyük
Üzeyir Hacıbəyli əvəzsiz musiqilər bəstələmişdi.
Düşündüm ki, tarix yenə təkrar olunur. Bu dəfə
isə bu şərəfli işi görmək məsuliyyəti
Şahin Musaoğlunun üzərinə düşür.
Və Şahin özündən əvvəlki xələfini
unutmayaraq Ə. Cavadın məşhur “Bismillah” şeirinə
də musiqi bəstələyir:
Atıldı
dağlardan zəfər topları,
Yürüdü
irəli, əsgər, Bismillah!
O Xan
sarayında çiçəkli bir qız,
Bəkliyor
bizlərdən zəfər, Bismillah!
Şahinin bəstəkarlıq fəaliyyəti yalnız
bu mövzuyla bitmir. O, Bəxtiyar Vahabzadənin Ə. Elçibəyə həsr
edilmiş “Bayyurdum”, Ramiz Rövşənin “Yalquzaq”, Rüstəm
Behrudinin “Salam, dar ağacı!” şeirlərinə də təsirli
musiqilər bəstələyib.
Həzin düşüncələr şairi. Şahin Musaoğlunun
şeirlərini oxuduqca insanın həm də ruhu dincəlir
və bir sakitlik tapırsan.Qışqırtılardan, pafoslardan,
hay-küydən uzaq bir poeziya ilə
qarşı-qarşıya qalırsan:
İndi
özümün – özümlə,
Sonuncu davam çatışmır.
İçimdə
dərd nəfəs alır,
Çölümdə havam çatışmır.
Bir
şeirində “Fırlanır hamı vaxtın
vaxtsızlığında” deyən şair “Alın
yazım”da oxucunu belə düşündürür:
Zülmət
oldun, səhər oldun,
Şərbət oldun, zəhər oldun.
Mömin
oldun, kafər oldun,
Səni
tanıya bilmədim,
Alın yazım.
Yenə
aktual səslənən misraları eşidirik:
Bu Vətəndir
– əldən gedir,
Əzəmətli salonlarda.
Yüksək
– yüksək kürsülərdə,
Qəzetlərdə, ekranlarda, elanlarda.
Şairin
bu misraları da təsirlidir:
Ürək
axan qana qədər,
Nəfəs
çıxan cana qədər.
Yollar – qəbristana
qədər,
Torpağa – toza bükülü.
Yenə
şairin təsirli və düşündürücü
fikirləri qulağımızda səslənir:
Daş
ürəkli zamana bel
Bağlayan,
Həsrətilə
yeri-göyü
Dağlayan,
Gecə-gündüz
Vətən deyib
Ağlayan,
Qərib
bilər, şirin nədi,
Acı nə?
Şahinin poeziyasında sevgi, məhəbbət adlı misralar da az deyil. Bu sevgi misraları da yeni nəfəsli, təzə duyğulu və təkrarsızdır:
Sənsiz dedim, bəs görəsən,
Sən necə, mənsizmisən?
Söylə, doğmalar içində,
Məntək kimsəsizmisən?
Şahin Musaoğlu belə gözəl şairdir. Lakin bu əlli
yaşının tamamında ona yalnız şair kimi yox, həm
də həkim və bəstəkar kimi uğurlar arzu edirəm.
İnanıram ki, bu təbrik sözlərinə onun
yaxın dostları olan Hikmət, Arzu, Qənimət, Şəmistanla
yanaşı minlərlə insan da qoşulur.
“525-ci qəzet”in kollektivi də bu təbriklərə qoşulur. Yaxın dostumuz Şahin Musayevə möhkəm cansağlığı, şəxsi həyatında və yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq.
Nəsiman Yaqublu
525-ci qəzet.-
2013.- 7 sentyabr.- S.25.