Bir “Şam”ın işığında
Azərbaycan
oxucularının rus şairləri ilə ilk tanışlığı
XIX əsrin sonlarından başlanır. Azərbaycan-Rusiya ədəbi
əlaqələri genişləndikcə rus ədəbiyyatından
tərcümələr də artırdı. XIX əsr Azərbaycan
ədəbiyyatı tədqiqatçıları qeyd edirlər
ki, Azərbaycan yazıçıları böyük həvəslə
rus klassiklərinin əsərlərini dilimizə tərcümə
edirdilər. A.S.Puşkinin bir çox şeirləri,
Lermontovun “Mıtsırı” poeması, Cukovskinin, Krılovun mənzum
əsərləri ilə tanışlıqdan sonra bu sahədə
getdikcə artan bir inkişaf nəzərə çarpır. Sonrakı əsrdə rus
şairlərinin əksəriyyəti azərbaycanca
danışmağa başlayırlar, bütöv XX əsr
boyu bu proses davam edir.İndi ədəbiyyatı, poeziyanı
sevən oxucular üçün nəinki Puşkin, Lermontov,
Krılov, Nekrasov kimi klassiklər, XX əsrin Mayakovski, Demyan
Bednı, A.Blok, S.Yesenin, P.Antokolski, N.Tixonov, K.Simonov, N.Aseyev,
N.Qribaçov, A,Tvardovski,
İ.Selvinski, E.Baqritski, Y.Yevtuşenko, A.Voznesenkski,
R.Rocdetvenski, M.Svetlov, Y.Smelyakov, V.Luqovskoy, R.Kazakova, Y.İsayev,
B.Axmadulina kimi görkəmli şairlər də
doğmadır.
Əslində, şeirin dili birdir, ona məxsus olan ritm,
ahəng, sözlərin nizamı, musiqi, xoş ya kədərli
ovqat bütün xalqların poeziyasında səslənir. Sadəcə,
hər bir xalqın dilində şeirin dilində məxsusilik
qazanır. Tərcümə isə bu
keçilməzliyi aradan qaldırır, nəinki dilləri,
ürəkləri də birləşdirir. XXI əsrdə də rus şairlərinə
müraciət davam edir.
Budur, Səyavuş
Məmmədzadə, Məmməd Oruc və Knyaz
Qoçağın tərcüməsində müasir rus
şairi Dmitri Aleksandroviç Mizqulinin 1979-2004-cü il poeziya
“gündəliyi”ni əks etdirən “Şam” şeirlər
kitabı qarşımızdadır. Məqsədimiz
heç də o demək deyil ki, kitabdakı şeirləri tərcümə
nöqteyi-nəzərindən təhlil edək, bu prosesdə
hansı şeirlərin uğurlu, hansılarınınsa
nöqsanlı olduğunu nəzərə çarpdıraq.
Ümumi qənaətimiz belədir ki, Dmitri
Mizqulinin şeirlərinin dilimizə tərcüməsi
heç də pis alınmayıb. Səyavuş
Məmmədzadə kimi illər boyu bu sahədə tər
tökdüyünü, böyük zəhmətlər
çəkdiyini yaxşı bilirik və bu kitabda da onun tərcümələrinə
elə bir ciddi iradımız yoxdur. Məmməd
Orucu əsasən nəsr əsərlərinin tərcüməçisi
kimi tanıyırıq, amma onun tərcümələrindəki
axıcılıq, səlislik şeir tərcümələrində
də nəzərə çarpır.
Xalq
yazıçısı Çingiz Abdullayev kitaba “Ön
söz” yazmışdır və həmin “Ön söz”dən
bəzi sətirləri nəzərə çatdırmaq istəyirik:
“Dmitri Aleksandroviç Mizqulin 1961-ci ildə Murmanskidə
doğulub. 1990-cı ildə Moskvada M.Qorki adına
Ədəbiyyat İnstitutunu bitirib. Hərbi xidməti
Azərbaycanda keçib. Bir sıra şeirləri də ilk dəfə
“Literaturnıy Azerbaydcan” jurnalında işıq üzü
görüb. Azərbaycanla əlaqələrini,
ünsiyyətlərini yaşatması isə onunla
sonuclanıb ki, 2000-ci ildən etibarən şeirləri Azərbaycan
dilinə tərcümə edilib və “Azərbaycan”, “Ulduz”
jurnallarında, “Ədəbiyyat qəzeti”ndə çap
olunub. “Şam” şairin Azərbaycan oxucusu
ilə ilk sanballı görüşüdür.
.. “Şam” Rusiya-Azərbaycan ədəbi əlaqələrinin
yeni mərhələsində barmaqla sayılan ədəbi
hadisələrdən biri kimi sevindiricidir. Sındırılmış
körpüləri bərpa etməyin zamanı çatıb.
D.Mizqulinin 1992-ci ildən başlayaraq onlarca kitabı
çap olunub.
Altı dəfə Ümumrusiya ədəbi
mükafatlarına layiq görülüb. Amma
onun ən böyük mükafatı yaşadığı və
çalışdığı Xantı-Mansiyski vilayətində
qazandığı hörmətdir. Onun
ictimai-siyasi fəaliyyəti, azərbaycanlıların sıx
yaşadığı bu bölgədə vilayət duması
ilə bağlıdır. “Şam”ın araya-ərsəyə
gəlməsinə də bu azərbaycanlılardan biri,
Tümendə yaşayıb-yaradan soydaşımız Knyaz
Qoçaq dəstək olub”
Bizim məqsədimiz müasir bir rus şairinin
poeziyasında, necə deyərlər, bir “Şam”ın
işığında çağdaş rus varlığının,
rus xarakterinin, rus dünyasının özünəməxsus
cizgiləri ilə tanış olmaqdır, daha doğrusu, rus
aləminin bir fərdin dünyasında necə əks
olunduğunu izləməkdir.
D.Mizqulinin “Şam” kitabındakı şeirlərin əksəriyyəti
İNSAN-TƏBİƏT mövzusundə qələmə
alınıb.
Yəni bu şeirlərdə ayrıca insan,
ayrıca da təbiət mövzularından söz açmaq
doğru olmazdı. Şair insandan söz
açanda təbiəti, təbiətdən söz
açanda insanı düşünür. Bizim müasir
poeziyamızda da M.Araz, M.Yaqub, M.Aslan kimi şairlərimizin
şeirlərində təbiətdən cəmiyyətə, cəmiyyətdən
təbiətə və onların hər ikisindən İnsana
qayıdış var. Ona görə də bu
“qayıdış”, bu “çevrilmə”, bu vəhdət bizə
tanışdır. Amma təbii ki, D.Mizqulin rus
poeziyanın nümayəndəsidir və onun şeirlərində
biz rus insanının və rus təbiətinin cizgilərini
müşahidə edirik.
Rus şairlərinin təbiət şeirlərində ən
çox iki fəslin-Qışın və Payızın
obrazları ilə qarşılaşırıq. Elə təsəvvür
yaranır ki, dünyada bütün qışlar, bütün
payızlar eynidir, hamısında qar yağır,
çovğun olur, dəli küləklər əsir.
Amma belə deyil, hər məmləkətin özünəməxsus
qışı, payızı olur və rus
qışının, rus payızının heç yerdə
bənzəri ola bilməz. Və bu mənada dünyanın
bütün şairlərinin Qışa, Payıza aid yazdıqları şeirlər
də eyni ola bilməz və o cümlədən, D.Mizqulinin də
şeirləri. Bu şeirlərdə qurtarmaq bilməyən
rus qışının mənzərələri necə də
ustalıqla canlandırılır:
Pəncərədən
o yanda
Bəmbəyaz qar, lal sükut.
Min verstdən
də artıqdı
Bu qışın uzunluğu.
Geyindim
doğma yurdda,
Geyindim tələsmədən.
Qış
aylarında burda
Tələsmir
qoca, cavan
Beləcə keçir ömür.
Heç
nəyə yatmır könül
Heç kimə də uyuşmur.
XX əsr
rus poeziyasında İnsan-Təbiət vəhdətini ən
parlaq boyalarla əks etdirən S.Yesenin olubdur, desək, səhv
etmərik. (“Pəncərəmin önündə
Ağcaqayın görünür, Gümüşdəndir elə
bil, Bəyaz qara bürünüb. Dayanıb
ağcaqayın Sükut içrə uyğulu. Şəfəq
altda yanan qar Andırır qızıl pulu- tərcümə Ə.Kürçaylınındır).. Ondan sonra gələn şairlər
də rus təbiətinin misilsiz gözəlliklərini
şeirlərinə “köçürüblər” və təbii
ki, burada Yesenin şeirlərinin təsirini də duymaq olur.
Elə D.Mizqulinin şeirlərində yeseninvari “gəzişmələr”
az deyil. Bu misralara diqqət edin:
“Yağış. Sentyabr. Sayrışır
körfəz, Qovaq meşəsindən ulayır külək.
..İsti, yağmursuz payız. Oktyabrın axırı. Bir
yaşılca qovağın Çətirindən süzülür
Günəş torpağa sarı...Sükuta meydan olub bu
meşələr, bu çöllər. Bir
anda kimsəsizdir burda yalqızdır ürək”. Təkcə təbiət deyil, şəhərlər
də, o şəhərlərin sakinləri də,
monastrları da, keşişləri də, məzarlıqları
da bir-birinə bənzəyir. Şair rus xarakterindən,
rus varlığından uzaqlaşmanı ən böyük bəla
hesab edir (xatırlayaq: bizim poeziyada da bu mövzuda yüzlərlə
şeirlər yazılıb): “Əriyərək, nazilərək
anbaan yoxa çıxır rus ruhu, sovurulur. Hələ
biz yoxsullar fırlanacağıq, dəyişdikcə əqidəni,
məkanı. Ocaqdan, tonqaldan aralanaraq-
küllükdə uçuşan qarğalar kimi”.
Rus poeziyası həmişə etirazçı poeziya
kimi diqqəti cəlb edib; istər çar dövründə,
istərsə də sovet dönəmində...Bu etirazlar
çox zaman mətnaltı yox, birbaşa deyilib və təbii
ki, o şeirin müəllifləri hakim üsuli-idarə tərəfindən
cəzalandırılıblar. Amma Rusiyada da bizdə
olduğu kimi keçən əsrin sonlarından başlayaraq
açıq tənqid, sözü birbaşa söyləmək
zamanı gəldi.
Ümid
öldü,
Amma biz yaşayırıq.
Nə Vətən
var, nə xatirə, nə şeir,
Sən
deyirsən: hər şey cazibəlidir,
Həyatda nə varsa-yüksəlişdədir.
Hərrac
bazarında bütün Rusiya,
Azadlıq,
ləyaqət, vicdan,
namus, ar...
Endirim
edilib burda hər şeyə,
Ehsan süfrəsində şadlanırıq biz.
Başqa bir şeirində şair yaşadığı
Xantı-Mansiyskdə qızğın inşaat getdiyindən
söz açır. Qədimi evlərin sökülməyi,
zırpı binaların yüksəlməyi şairi həyəcana
salır. Ancaq onu daha çox əsəbiləşdirən
xaricdən gələn inşaatçılardır, onlar rusca
danışmırlar, gördükləri işlər də
rus koloritinə uyğun gəlmir : “Təbiətin
qanunları əbədi, Hər şeyi qanunla süpürəcəklər.
Belə görünür ki, başqa
xalqları, Bir zaman Rusiyaya köçürəcəklər.
Gedərik dünyadan günahımızla, Buz
tutub, açılmır taleyin donu. Naməlum
kəlmələr, naməlum dillər Pozur ehramların lal
sükutunu”. Yenə başqa bir şeiri:
Ot
basır ana yurdu
Doğma
torpaq soyuyur,
Rus
çölləri boşalır
Məzarlıqları dolur.
Qaytardılar
Tveri,
Sonra da
Samaranı.
İndi
dükan-bazarda
Eşidilmir rus dili.
Qeyd edək
ki, Dmitri Mizqulinin bir sıra şeirləri Bakıda
yazılıb və əlbəttə, onların içərisində
yurdumuzla bağlı “Abşeron ulduzları” silsiləsinin də
öz yeri var. 1985-ci ildə qələmə alınan bu silsilədə
şairin Abşeron təbiəti ilə bağlı poetik
düşüncələri öz əksini tapır. Bir şeirində o, Şirvanşahlar
sarayının yanında bir evdə tək-tənha yaşayan
bir qadından söz açır. Pəncərəsi
göy üzünə açılan bu qadın uyuyur, dənizdə
isə üfüq firuzəyi-yaşıla çalır, sərçələr
dumanda çimişir, gəmilər limanda
yırğalanırlar, minarələr göy üzünə
millənib. Başqa bir şeirini isə şair quru bir
ağaca həsr etmişdir: başqa ağaclar çiçəkləyir,
yaşıllanırlar, onların yaşıl budaqlarına
quşlar qonur. Amma bu quru ağacın meyvəsi yox, suya,
günəşə də ehtiyacı yox, heç soyuq xəzri
də vecinə deyil: “Ağrısı da yoxdur, səadəti
də Beləcə yaşayır hər gecə, hər
gün. Bu da uzun ömrün sirri səninçün”.
Ümumən Bakı bir şəhər kimi şairin
könlünü açır, arzulayır ki, bir faytona minsin
Bakının sakit küçələrini gəzsin, gecələri
seyr etsin:
Əyilməz
bir gerb kimi,
Şərqin
simvolu kimi,
Ay
göydə oraq kimi.
Əlbəttə
ki, əl çatmaz,
Nəsə
danışır dalğa
Bu gecə zülmət qara.
Dmitri Mizqulinin şeirləri ilə bizim şairlərin şeirləri arasında paralellər tapmaq olar. İstər təbiət şeirlərində, istər ömür-gün, tərcümeyi-hal şeirlərində, istərsə də digər əbədi mövzularda. Axtarışlar apardıq, oxşar mövzuları, şeirlərdəki səsləşmələri qeyd elədik. Bu, onu göstərir ki, dünyanın bütün şairləri hansı dildə yazmalarından asılı olmayaraq bir-birilə qohumdurlar. Budur:
Kimisə yenidən canlandırırlar,
Dahi, mütəfəkkir adlandırırlar.
Ancaq deyirlər ki, o DAHİ İDİ...
Yəqin sağlığından söz salacaqlar.
Ağaran qəbirlər arasında da,
Qara heykəlini ucaldacaqlar.
Və uzun-uzadı danışacaqlar:
Guya istedadlı, görkəmli idi.
Bilirmiş
bu Yerin, Göyün sirrini,
Ağırdı itirmək belələrini.
Guya layiq
imiş şöhrətə, ada:
“Onunçun sevirik, salırıq yada”.
İndi mən
deyim ki, Yarəbb-İlahi!
Kim bilir rəhmətlik
nələr yazardı,
Əgər bilsəydi ki, dahidir, dahi?!
Bu şeiri oxuyandan sonra möhtərəm oxucular mərhum
şairlərimiz Cabir Novruzun və Əli Kərimin bir
şeirlərini xatırlayacaqlar. Elə bu ruhda, bəlkə
bundan əfzəl.
Biz
müasir bir rus şairi ilə tanış
olduq. Onun 34 ildə yazdığı şeirlər
barədə müxtəsər söz açdıq. Rus
xarakterinin və varlığının poetik əks-sədasını
gördük bu şeirlərdə...
Vaqif YUSİFLİ
filologiya elmləri doktoru
525-ci qəzet.-
2013.- 7 sentyabr.- S.24.