Sakit həyat, səssiz ölüm...
Hər xalqın, hər millətin kim olduğunu, nəyə qadir olduğunu, haracan olduğunu yəqin o xalqın, o millətin fikir, söz adamları daha çox ifadə eləyir. Millətin kimliyi, xalqın tarixi barədə ən dürüst, bəzək-düzəksiz informasiya o adamların yazdıqlarından boy verib görünür. Söz zamana-məkana sığmır: bu mənada 14-cü əsrdə Hələbdə edam olunan Nəsimi də, 16-cı əsrdə İraqda yaşamış Füzuli də bu gün bizimlə bir ölkədə, bir dövrdə yaşayan neçə-neçə söz, fikir adamından daha təzə, daha yenidi. Yox, heç onların yazdıqlarının bədii keyfiyyət fərqini, fikir miqyasını da demirəm, müqayisə mövzusu bu deyil; söhbət onların həyat tərzindən, seçdikləri yaşam fəlsəfəsindən və yazılarının verdiyi informasiyanın tutumundan gedir.
Azərbaycan tarixinin hər
dönəmində belə şəxsiyyətlər olub. Nə yaxşı ki, indi də var. Bu günlərdə o adamlardan
birini – bənzərsiz
şair Ələkbər
Salahzadəni itirdik. Sakit, səssiz
yaşadığı kimi,
“xəlqə əfğanı
ilə zəhmət vermədən” – sakit, səssiz də başını götürüb
getdi.
Ələkbər Salahzadə adı
cəmiyyətin müxtəlif
təbəqələri üçün
çox az
informasiya verirdi. Neçə dəfə şahidlik eləmişəm:
məclislər olub ki, çağdaş ədəbiyyatdan söz düşəndə Ələkbər
Salahzadənin adını
çəkmişəm və
dərhal neçə
cüt gözün təəccüblə üzümə
zilləndiyini görmüşəm.
Düzü, belə məqamlarda
həmsöhbətlərim mənə o qədər maraqsız görünüb
ki, nəinki əlavə izahat verməyə, ümumiyyətlə,
söhbətə davam
eləməyə də
həvəsim, taqətim
qalmayıb.
Amma bir şeyi də
müşahidə eləmişdim:
Ələkbər Salahzadə
özü bu mənzərədən qətiyyən
narahat deyildi. Elə bil o, maraq dairəsi
tam fərqli olan, özgə dəyərlərə
tapınan bu cəmiyyətin nəzəri
altına düşməyi
heç istəmirdi də. Mənə elə gəlirdi,
bu adamların onu tanımaması Ələkbər Salahzadənin
heç vecinə də deyil. Bunu o adamın xarakteri də istəmirdi, buna onun bənzərsiz,
əsl xiridarlara hesablanan şeirləri də imkan vermirdi.
Əvəzində Ələkbər Salahzadə yaradıcılığına
münasibətini soruşmaqla
istənilən həmsöhbətin
zövqünü, ruslar
demiş, “potolokunu” müəyyən eləmək
də mümkün idi. Bu mənada
demək olar ki, çağdaş Azərbaycan ədəbiyyatı
öz ölçü
vahidlərindən birini
itirdi. Məndə
bir əminlik var ki, bu
ölçü vahidini
yaradan adam
dünyasını dəyişsə
də, onun həm ölçüsü,
həm də vahidi dipdiri qalacaq.
Sakit, səssiz,
iddiasız, ipək kimi bir ömür
yaşayıb dünyasını
dəyişən Ələkbər
Salahzadəyə “Ruhun
şad olsun” deyirəm mən.
Azərbaycan ədəbiyyatı, Azərbaycan dili durduqca dipdiri qalası o ölçü vahidinə “Həmişə var ol” deyirəm...
Yusif Rzayev
525-ci qəzet.-
2013.- 7 sentyabr.- S.18.