Afina və mən

 

 

Dünyada ilk qadın filosof olan İsgəndəriyyəli Hipatiyaya ithaf edirəm.  

Afina şəhərinə getmişdim: Dünya Fəlsəfə Konqresində iştirak etdim, məruzəmi təqdim etdim, fəlsəfi müzakirələrə qoşuldum, şəhəri gəzdim, Qərblə Şərqi müqayisə etdim, nöqsan axtardım, Likabett dağına qalxdım ki, dünyaca məşhur Akropola (Yunancadan tərcümədəYuxarı şəhər) yuxarıdan aşağı baxım. Ən nəhayət, Afina haqqında tənqidi bir məqalə yazdım. hər şey bu məqalə ilə başlandı: Afina yuxuma gəldi. Yox, şəhər yox, şəhərin hamisi olan ilahə Afina!

Akropolun tən ortasında durmuşdum. Uzun hörüklü bir qız idim. Sanki bütün varlığımla Şərq idim. Qarşımda isə möhtəşəm, müdrik, gözəl AfinaQərb dayanmışdı! Poseydona qalib gələn, müharibələr yaradan, ulu Zevsin qürurlu qızı mənə yaman qəzəblə baxırdı.

Sən bir baxışla, bir neçə günlük ziyarətlə mənim qədim şəhərimə necə qiymət verib, onu bəyənməyə bilərsən?

Mən sənin şəhərinin zahirini, insanların da bu zahiriliyə səcdə etməyini bəyənmədim.

Sən fəlsəfə dünyasına iddialı ola-ola zahirə qiymət verməklə kifayətlənirsən. Müdriklik budurmu?

Sənin şəhərində bütün dəyərlər tapdaq altındadır. Ən aşağıda isə qadını gördüm. Qadınların hamisi müdrik Afinanın şəhərində qadına verilən dəyər zahirləmi bitir?

Bəkarət simvolunun qaşları çatıldı, amma neçə tanrının dizini yerə gətirən bu qəzəbli xanım geri durmaq fikrində deyildi...

Sən islam dünyasında baş verənləri görmürsən, gəlib Avropaya insan hüquqlarından dərs verirsən?

İslam qadınlara tam hüquq verib,  onu sadəcə düzgün anlayıb, düzgün tətbiq etmək lazımdır. Avropada isə qadın tapdaq altında qalmışdı, özünü təsdiq eləmək üçün hüquqlar uydurmağa başladı.

Afina bir qoluna boynunda qıvrılan ilanı doladı, o biri əlindəki nizəni yuxarı qaldırıb üstümə gəldi. Yarı təəccüb, yarı qəzəblə bağırdı:

Sən kimsən ki, gəlib mənim meydanımda ağalıq eləyirsən?

Doğru sözə deyəsən, amma mənim ürəyim dolu idi.

Elə hər yer sənin meydanın deyilmi? İndi mənim heç nəyim qalmayıb, hamısı sənin olub. Mənə isə harada artığı, lazımsızı, təhlükəlisi var onu verirsən.

Sözlərim Afinanı məmnun saldı o, dayandı. Hətta çatılmış gözəl qaşlarının düyünü açıldı.

, bunu düz dedin. Hamısı mənimdir.

Amma bu xaraba məbədlə sən çətin ki, uzun müddət duruş gətirəsən. Bura yeni nəfəs lazımdır, o da bizdədir.

Afinanın kefi lap duruldu:

Bəlkə sən deyəndi, ancaq sizin olanınız elə o quru nəfəsdir. Onu da özünüz qaça-qaça, bir-birinizi tapdalaya-tapdalaya bizə verməyə can atırsınız, az qala yarışa giribsiniz. Mənim bu sarayımın ömrünü uzadırsınız. Bütün bunlar sənin dərk edə biləcəyin məsələlər deyil. Get, hörüklərinlə oyna, – ilahə istehza ilə məni süzdü: – Qoy sənə bir sirr açım. Hipatiyadan üzü bəri çox qadınlar müdriklik eşqinə düşüblər. Onun taleyini gördüntikəsi ələ düşmədi. Niyə? Çünki qadınlığı ilə filosofluğu bir-birinə mane oldu, döyüşdə kişilərə uduzdu. O elə bilirdi qadınlığını hesablamalarına, düşüncələrinə qurban verib. Amma bilmirdi ki, qurbanı qəbul olunmayıb. Sonralar da hansı qadın filosofluq eşqinə düşdüsə, öz qadınlığı onun qarşısını aldı, məhv elədi onu. Bu ucalıqmüdrikliklə qadınlığın vəhdət məqamı ancaq mənə məxsusdur! Güclə gözəlliyin harmoniyasını yaşadan tək mənəm! Öz qadın nəfsinə yenilməyib müdriklik nurunu söndürməyən yalnız mənəm! Odla suyu bir arada saxlamaq hünər tələb edir! Bəs sən? Sən nəyi qurban verəcəksən?

Afina nizəsini uzadıb hörüklərimi oynatdı:

Əlbəttə, müdrikliyini, bütün qadınlar kimi. Sadəcə imkan gözləyirsənAfina qəhqəhə çəkdi. Səsi Akropolun sütunlarını silkələdi, tavan əsdi.

Bəs sən bu gün demokratiya, insan hüquqları, qloballaşma şüarı ilə bəşəriyyətin nəyini qurban verməyə məcbur edirsən? Son iki əsrdə sənin bu məbədindən daha çox bəşəriyyəti alçaldan ideyalar çıxırsa, bu, sənin məbədinin artıq xaraba olmasına sübut deyilmi?

Afinanın gözlərindən şimşək çaxdı əlindəki ilanı buraxıb hörüyümü qoluna doladı:

Sən qadınsan! Səndən filosof olmaz! Mənə ağıl öyrətmə. Sən heç vaxt bu hörüklərindən keçməzsən... Uzunsaçlının ağlı gödək olur.

Mən silahsız idim. Gücüm ancaq sözümə çatırdı. Hörüklərim incidirdi. Ağrıdan gözlərimdən od çıxsa da, dilimi dinc qoymadım:

Sən ilahəsən. Mən insan.  Sən insanlara hikmət öyrətsən , onların qalxa biləcəyi zirvədən xəbərsizsən! Sən mənim yüksək insanlıq məqamımdan xəbərsizsən! Sən Zevsin başından çıxıbsan, bilirsən Allahın üfürdüyü ruh nədir? Buna görə sənin hamilik elədiyin bütün müqəddəs şeylərin quru sütunları qalıb, mənim inandıqlarımı qanına qəltan edib, ölkələrimi məkrli siyasətlə viran qoysan da, imanıma, mənəviyyatıma toxuna bilmirsən, çünki onu Allah qoruyur, o, Allahın əmanətidir.

Bilmirəm gün işığında parlayıb gözümü qamaşdıran Afinanın dəbilqəsi oldu, ya qılıncı. Havanı şiddətlə kəsən iti qılınc üzərimə elə anidən endi ki, özümü müdafiə eləməyə imkan belə tapmadım, bircə “Allah” deyə bildim. O an hansı isə bir qüvvə məni qucağına alıb qılıncın altından çıxartdı sürətlə səmaya qaldırdı. Qurtulmuşdum. Afina hiddətlə aşağıdan yuxarı mənə baxırdı, amma arxamca qalxmırdı, ya da qalxa bilmirdi. Məni həmin qüdrətli əl havadaca saxlamışdı. O an elə bir yüksəklikdə idim ki, sanki Günəşin özünə belə mən nur verirdim. Birdən gözüm Afinanın əlinə sataşdı: hörüklərim əlində qalmışdı. Anladım ki, bu yüksəkliyə o hörüklərlə qalxa bilməzdim. Amma onu da anladım ki, bir insan kimi ilahəyə üstün gəlsəm , bir qadın kimi məğlub oldum. Bəli, həm qadınlığın, həm müdrikliyin vəhdətini saxlayan Afina haqlı çıxdı. Sadəcə bir məsələdə yanıldı: mən müdrikliyi yox, qadınlığı qurban verdim... Tam bir çaşqınlıq içindəydim. Bilmirdim, ağlayım, yoxsa sevinim. Bu ucalıqdan aşağılar çox bəsit, çox cılız görünürdü, amma qopmuş hörüklərimin yeri çox ağrıyırdı.

Aşağıda Akropolun uçuq sütunları arasında dayanmış Afinanın qəzəbli gözlərinə baxdıqca anladım ki, bura qalxmaq, bu işıqla nurlanmaq üçün mütləq o zərbəni almalıydım, o qurbanı verməliydim. Mən burda iki seçim qarşısındaydım. Bir tərəfdən, ya Afinanın onun simasında Qərbin səcdəsinə durmalıydım, bu sütunları vəsf eləməliydim, ya da onun uçuq məbədini başına uçurmalıydım. Mən ikincini seçdim. Digər tərəfdən, mən ya Penelopa kimi Odisseyin yolunu gözləyə-gözləyə Afinadan qadınlığın min bir sirrini öyrənməliydim, ya da malik olduğum yüksək hikmətdən sağlam bir ip kimi yapışıb bura qalxmalıydım. Mən yenə ikincini seçdim. Daha doğrusu, bu seçimi mənim yerimə məni ülgüc kimi iti qılıncın altından çıxaran o qüdrət sahibi elədi. Hörüklərimi qurban verməyimi o istədi. O zaman niyə mən özümü məğlub hiss edirəm, əgər əlimdən belə bir qüdrətli əl tutubsa? Niyə özümü məhv olmuş hiss edirəm, əgər möhtəşəm bir ilahə mənə aşağıdan yuxarı baxırsa? Hörüklərim qopub, ona görə?!

 

 

Könül Bünyadzadə

fəlsəfə elmləri doktoru

525-ci qəzet.- 2013.- 7 sentyabr.- S.11.