Adiliyin və
qeyri-adiliyin modernizmi
Tanınmış
publisist Məzahir Əhmədoğlunu 35 ildən çoxdur
tanıyıram. 90-cı illərdən
sonra nadir hallarda olsa da rastlaşır və bəzi
uzun-qısa söhbətlərimiz də baş tutur. Bu söhbətlərin nüvəsində bəzən
“mübhəm ziddiyyət”, bəzən normal ədəbi
diskussiya, bəzən də dostlar və özümüzlə
bağlı ironik məqamlar olur. O, bütün
bunları elə qurur ki, “təhlükəli” heç nə
baş vermir.
Bəli,
gözlənilməz saçmalar, duyulan, eyni zamanda baş
çatladan ironik müəmmalar müxtəlif mövzulu sahələrdə
çoxbilmişliyin gözlənilməz nümunələri,
ədəbiyyat kino və idman sahəsində unikal fikir və
məlumat imperatorluğu, məzmunlu və bəzən də
qeyd olunması mümkün olmayan sarkazm zarafatlar və
söylədiyi “real” macəralar, bunlar bir yana, jurnalist
yazılarında seçilmək ehtirasının vüsətli
oyanışları və Əli Kərim adına poeziya
klubuna rəhbərlik edərkən orijinal və yenilikçi
kimi görünmək istəyini gizlətməyəcək
romantik deyimləri olan seirlər yazması. Zənnimcə,
bütün bunlar onun üzdə görünən tərəfləri
idi. Bakıda – filarmoniyanın
arxasındakı Zülfünün çayxanasında məhşur
adamlardan eşitdiyi siyasi söhbətlər, səhv etmirəmsə,
70-ci illərin əvvəllərinə aiddir, bizə qəribə
və yekəxana görünərdi. Hər
halda onu dinləyər və “bizdən irəlidədir” – deyə
düşünərdik.
Nəhayət 90-cı illərin olayları. Doktorluq mövzusu götürməkdən vaz keçdim, dönüb oldum həmin olayların öncüllərindən biri. Göyçaylı şəhidlər haqqındakı kitabımdan sonra, “ikinci doğuluş”umun, “Aşıq şeirinin poetikası”nın nəşrləri və Göyçayın tarixi haqqında yazdığım “Göyçay-nə bilirik” təqdimatımın əlyazmasına istinadən ictmai kanalda çıxışım. Elə həmin olaylarda özü mənə dedi ki, “Ədalət” qəzetində çıxışını tənqid etmişəm. Mənim yaradıcılıq fəaliyyətimə onun tənqidi münasibətinin koordinatı hələ 1976-cı ildən cızılmışdı; ilk mətbu şeirimə irad tutmuşdu – “Yeni həyat”da. Əslində birinci tənqidə cavab üçün arqumentim vardı, çünki şeirin deyim məzmununun 1-2 elementini H.Heynidən “çırpışdırmışdım”. İkinciyə isə müəyyən səbəbə görə susmadım, “Ziyalı” qəzetində iradlara etirazımı bildirdim. Hər iki münasibət aramızda sərinlik yaratmadı. Son illər çox seyrək görüşümüz və atüstü saçmalarımız olub, vəssalam. Ona görə ki, mən onu daima rəhbər işçilərin, çinli məmurların yanında ağayana dayanmış görərdim. Bu cür görüntülərlə salamlaşmaq mənlik deyildi. Elə indi də beləyəm.
Hə, indi də keçək Məzahir bəyin (o, mənə professor deyə bilər, mən ona bəy deyə bilmərəm?) tamam özünə.
Məzahir Əhmədoğlu ötənlərin ən gənc rəhbər komsomol işçisi olub, sonralarsa mətbuat, kino, ədəbiyyat adamı kimi çoxlarının yaddaşında həm də öz qəribəlikləri ilə dərin izlər buraxıb. O, qəfil görünüb, qəfil yoxa çıxmağı, sevgisini və nifrətini birbaşa “təqdim etməyi” ilə də fərqlənib. Heç bilsəniz Məzahiri göründüyü kimi, olduğu kimi tanıyıb başa çıxmaq necə çətin və mücərrəd bir məsələdir?
Bəli, ilk gənclik illərindən həmişə dəbə uyğun yüksək zövqlə geyinən, ətrafında daima çoxlu dostları olan, bəzilərinə təkəbbürlü və bəlkə də yekəxana görünən indiki modernist publisistikanın mogikanı əslində qeyri-adi səmimiliyi ilə çox şey qazanıb və eyni zamanda çox şey də itirib.
Mətləbdən əvvəl çox uzunçuluq etdik. Belə davam etsək qorxuram “...çox əzizi xar olar”. İndi isə vəziyyət belədir. Qarşımda xeyli vaxtdır onun “Uembli arayışı” dayanıb, 260 səhifədən bir qədər artıq. Nəhayət oxudum, gördüm ki, bu bəy əfəndinin yarısından çoxu yerin altındaymış. “Ədalət”də gedən bir neçə məqalə və köşəsi ilə tanışlığım olmuş və xoşuma gəlmişdi, vəssalam. “Uembli arayışı” isə... Burada tanıdığım Məzahir müəllimi yox, bədii publisistikanın diqqətçəkən bir modern nümunəsini gördüm. Bütün hallarda səmimi və ya ironik bir gülüş və ictimai tənqidlə müşayiət olunan “Uembli arayışı”ndakı yazıların görünməyən tərəfində cəmiyyətə və kimlərəsə mehriban bir dəvə kini var. İntuizmim bunu mənə diqtə edir. Mənim üçün maraqlıdır ki, bu kin mayasını haradan götürüb? Bizim bilmədiyimiz çox şeylər var, ən yaxşısını onun özü bilir.
– Əzizim sənin belə işlərin də varmış, düzü bu səviyyədə gözləmirdim.
– Bəs necə, mən beləyəm də. Hələ 250 il yaşasan da “bu beləyəm oğlanı” kəşf edə bilməzsən.
– Yenə qəribəliyin, eqoizmin buynuz göstərir...
–
Professor, sənə səhv etməyi yaraşdırmıram. Sən mətnlərə bax, mənimlə işin
olmasın. Dara düşsən Aqil müəllim
demişkən kitabı təkrar oxuyarsan.
Aqil müəllim Məzahirin fərdi
yaradıcılıq simasını, üslubunu təyin edə
bilmək üçün öz yazısında doğrudan belə
bir məsləhət edib. Ancaq həm də
etiraf edir ki, bəzi məqamlarda onun nə demək istədiyini
tapa bilmirsən.
Mən elə
indidən, yəni əvvəlcədən demək istəyirəm:
qənaətim belədir ki, “Uembli arayışı”
kitabındakı yazı ədası publisistikamızda yeni
hadisədir, bəlkə də mərhələdir. Buradakı modernizm özünün bədii
tektonikasının dəyişkən variasiyalarında, dil
qatlarının çoxçeşidli metafozik təbiətində,
şeyriyyəti və şirinliyindədir. Məzahirlə tanışlıq kitabdakı
yazıların ruhundan, qanından, canından, qolundan,
budağından, yarpağından, bir əsim titrəyişli
ləçəyindən, yazağzı yağmurların yeknəsəkliyindən,
nəhayət bunların dərinliklərə işləyən
kök saçaqlarından başlayır.
Məzahir Əhmədoğlu deyir ki, köşə
publisistikanın ən son yaranan qoludur. Onun xisləti,
cövhəri fərdi üslubla bağlıdır. Məni publisistikada təəcübləndirmək
mümkün deyil. Bununla belə etiraf etməliyəm
ki, müasir publisistikamızın zirvəsi İradə
Tuncaydır. Məni təəccübləndirə
bilən təkcə odur.
Təbii ki, Məzahir müəllimin
oxunaqlığını və bu yolla da məhşurlaşmasını
medianın fövqünə ucalmasını şərtləndirən
onun yazı ədasına, cari nostaljisinə xas digər
nüanslar da var. Haqqında yazanlar da bunu qeyd edirlər. Kitabın müzakirəsini
təqdim edən icmalların bir neçə yerində,
xüsusən də Aqil Abbasın ön sözündə,
Əli Kərim yurdunun poetik nəfəsini Əli Kərimə
yaraşan səviyyədə saxlayan Mahir Qarayevin
yazısında, eyni zamanda Əflatun Amaşovun “525”dəki
çıxışında həmin nüanslar diqqətə
çəkilib.
Məzahirin
röyalar aləmini xatırladan kəsik-kəsik xatirələrin
məhrəm, eyni zamanda “anlaşılmaz”
düzümünün vüsəti, dünya təcrübəsinə
əsaslanan bilgilərinin həm epizmi, əsasən də
lirizmi Vaqif Səmədoğlunun bir-birinə calanmış
“hokkularını” yada salır. Bununla demək
istəyirəm ki, onun köşələrindəki bədiilik
qəribə bir şeyriyyət ovqatı ilə müşayiət
olunur. Əlamətdardır ki, kitabda Ramiz Rövşəndən,
Vaqif Bayatlı Ödərdən, Mahir Qarayevdən, N.Hikmətdən,
M.Arazdan, R.Rzadan kitaba köç salmış şeir
nümunələri Məzahirin ictimai-fəlsəfi
baxışlarını, arzu və ideyalarını məhrəm
bir hissiyyatla, dialektik qanunauyğunluqla qapayır, tamamlayır,
yaxud da onlarla üst-üstə düşür.
M.Əhmədoğlunun maraqlı, dərində
görünən bədii təhlil və duyum qabiliyyəti fərdi
publisistik üslubundan sonra öndə dayanan sərvətidir. O, həm də bizim sərvətimiz
idi. Əli Kərim adına poeziya klubuna rəhbərlik edəndə
bizlər – Səfəralı Sarvan, Sabir Adil, Adil Məmməd,
Ətraf Alməmmədoğlu (Sərraf), Südabə Sərvi,
ağdamlı həmkarı Mövsüm Hüseynov və mən
bəndəniz o zaman bu sərvəti
duya bilmirdik. (Bizim kimi şeirlər yazırdı –
Ə.Ə) Əksinə
əsəbləşərək “ən yaxşı deyimimi
qayçılayıb” – deyə qəzəblənərdik.
İndi görürəm ki,belə
olmalıymış – hamımızın şeir kitabları
çap olunur. Rəhmətlik Sabir, Mahir, Ətraf
Yazıçılar Birliyinin üzvləridir. Onun
ötkəmliyini klubun rəhbəri kimi 2 faktla əsaslandıracam.
Birincisi, onun Aydın Məmmədov və Nadir
Cabbarovla dostluğu. Bu adamlarla bərabər hüquqda ədəbi
proses barədə söhbətdaş olub dostluq etmək... Elə onun ötkəmliyinə bu bəs edirdi.
Axı, Məzahir də yerində
saymırdı, zəhmətsevərlik və mütaliə,
müşahidə qabiliyyətini daim iti saxlamaq, çevik
hazırcavablara yüksək hazırlıq nümunəsi.
Bunu A.Abbas da ön sözdə vurğulayıb.
M.Əhmədoğlu
Folknerdən, Kamyudan, N.Hikmətdən, V.Rasputindən, R.Rzadan,
Ə.Kərimdən, Ramiz Rövşəndən, Vaqif
Bayatlıdan bu və digər münasibətli məsələlərdə
misallar çəkəndə, yaxud onlar anılanda bunlar bizə
əsl ədəbiyyat adamının, professional ədəbi
mühit nümayəndəsinin diqqət çəkən
fikir və mülahizələrini xatırladır. Halbuki mən onun bütöv halda mərkəzdə
bir dənə də olsun ədəbiyyatşünaslıqla
bağlı yazısına təsadüf etməmişəm.
Bəlkə də olub...
Respublikada 10-15 köşə yazarından o, bilmirəm
neçəncisidir. Hiss etdiyim odur ki, jurnalistika sənətkarlığı,
nəzəriyyəsi haqqındakı biliyi yetərincədir,
bu sahənin xüsusilə modern yazarı kimi özünü
dördüncü hakimiyyət mühitinə layiqincə diqtə
edə bilib. Ədəbi mühitlə təmasını da
buraya gəlsək özünün dediyi kimi heç də az oxucu qazanmayıb.
Yenə
qayıdaq Məzahir Əhmədoğunun publisistika haqqında
görüşlərinə: “Publisistika necə də cazibədardır.
Həm də çoxçalarlı və oynaq
janrdır. Yüksək
dünyagörüş, intellekt, ədəbi və siyasi məntiq,
sensualizm burada ən vacib şərtlərdir. Bunlarsız publisistikanın bir janr kimi
mövcudluğu fantaziyadır, idillik düşüncə
toplusudur. Şübhə yoxdur ki, ədəbiyyatda
və publisistikada pastarolluq müasir oxucu üçün
artıq gülməli əhvalat təsirini
bağışlayır”. İntellektual
hazırlığına istinadən, zənn edirəm ki,
İradə Tuncay haqqında danışmaq, yaxud yazmaq
üçün qabaqcadan nəzəri bir gediş
müasirdir, yenilikçidir, həm də məsuliyyəti
etiraf etməyin gizlin ifadəsidir. Buna görə də
təqdimat olduqca ciddi və samballı bir gerçəkliklə
üzə durur: “İradə Tuncay
yaradıcılığı haqqında danışmaq
çox çətin söhbətdir. Hətta ağır
söhbətdir... Ağıl, zəka və
gerçəkliyin söhbətidir”.
Çox
güman ki, əgər bizim publisist əfəndi
yazıçı olsaydı, yəqin ki, onu unitar
yaradıcı adam kimi başqa rakursda tədqiq
edərdik. Elə aşağıdakı mətndə
yazıçı yazarla publisist yazarın qoşa qanad kimi
bir-birini necə tamamladığını görməmək
haqsızlıq olardı.
Çox
yorğunam, məni gözləmə, kapitan!
Səfər dəftərini sən özün yazsan.
Qübbəli,
çinarlı mavi bir liman,
Məni o limana, çıxaramazsan.
...Ancaq onun dost nəvazişi Allahın lütfü qədər sehirlidir, məni o mavi limanlara çəkəcək yəqin. Hər dəfə fərqli və özünəməxsus tərzdə yazmağa çalışan və əsasən də buna nail olan jurnalistin hər hansı bir səbəbdən qələm götürə bilməməsi faciədir.
Sitat gətirilən həmin mətndən (“Qapalı sınıq məlhəm”i) digər parçaya da nəzər yetirək.
“Əziz dost! ...Sən bilirsən, yaxşı bilirsən ki, mən peşəmizin səltənətini həmişə qızıl kərpiclərlə ucaltmağa çalışan fədakarlardanam. Bir az da fanatikcəsinə. Mən heç kəsin oxumaq istəmədiyi mənasız və primitiv məqalələr yazmağı nə özümə, nə də özünə hörmət qoyan heç bir yazara rəva bilmərəm. Ancaq nə yazıqlar ki, pislər, savadsızlar, satqınlar, pusquda durub yaxşıları sırtından vuranlar, hər iki cinsə aid qədim peşə sahibləri və onlara qucaq açanlar bizim bu jurnalist səltənətimizə dürtülüb hər gün bünövrəsindən 1-2 kərpic çəkirlər. Hətta bəxşiş və müvəqqəti taxt-tac sahibi də olurlar. O taxt-taclarda nə qədər gülməli və zavallı görünsələr də! Taxtda oturub ayaqları yerə çatmayan liliputlar kimi...
...İndi burax məni arkadaş. Bu sonbaharı birtəhər yaşayım, ayaqlarım xəzəlləri xışıldatsın, üz-gözümü çiskinlər iynələsin – qayıdacağam...
İstəyirsən lap gedib həkimlərimə də çatdır: indən belə pulum olanda bahalı şərab da içəcəyəm, siqaret də çəkəcəyəm!” Bu isə əsl publisist yaşantısı, düşüncəsi və məsləkidir. Eyni səpkili publisistik ustalıq “Yağış və külək pəncərəmi döyəcləyəndə...” yazısında da var.
Qəribə paradoksallıq, qəribə başlıq (əksər mətn başlıqları belədir) serialları, süjet xətlərinin qəribə aşnalığı, qohumluğu və məntiqi bağlılığı, bunların fonunda dövr və zaman haqqında ictimai rəy işartıları ...
Nəhayət Məzahir Əhmədoğlunun P.S-ləri – yerinə düşərlidirlər və Məzahirin üslubunun özünəməxsusluq əlaməti kimi maraqlıdırlar. Vəssalam.
Kitabda dost yazarların qəzetlərdə onun haqqında söylədiklərinin səmimiyyətinə inanıram. Bunlar kitab müəllifinin eyni zamanda populyarlığını təsdiq edən danılmaz fakt kimi maraqlıdır.
Əkbər
Əlioğlu
filologiya üzrə
fəlsəfə doktoru
525-ci qəzet.-
2013.- 7 sentyabr.- S.22.