“Ən böyük qanun – mənəviyyatdır
və əsas odur ki, bu qanuna sözsüz əməl edəsən”
(Müsahibə)
DİLSUZUN
YAZIÇI HÜSEYNBALA MİRƏLƏMOVLA “SƏMİMİ
SÖHBƏT”İ
–
Hüseynbala müəllim, çoxdandı ki, Sizinlə həm
ədəbi, həm elmi, həm də siyasi fəaliyyətinizlə
bağlı səmimi söhbət etmək istəyirəm.
–
Çox yaxşı. Buyurun.
– Ədəbiyyatsevərlər
Sizi biri-birindən maraqlı hekayələrin, povestlərin,
romanların, dram əsərlərinin, görkəmli
adamların həyatı seriyasından – yeri gəlmişkən,
Azərbaycanda bu seriyanın ilk yaradıcısı – banisi
sizsiniz – Azəbaycan Respublikasının Prezidentləri Heydər
və İlham Əliyevlərə və görkəmli
oftalmoloq, akademik Zərifə Əliyevaya həsr olunmuş
kitabların, eləcə də, bu günümüz
üçün son dərəcə aktual olan publisistik
yazıların, esselerin, az qala, unutmuşdum, kino-ssenarilərin
müəllifi kimi tanıyırlar.
İstərdim ki, bulağın
gözünə – ilk yazını yazdığınız
günə qayıdaq. Necə oldu ki, əlinizə
kağız və qələm götürdünüz?
– Dəqiq
yadımdadı: dördüncü sinifdə oxuyurdum. Axşam tez yatmalı idim ki, səhər də tez
durum, dərsə gecikməyim. Amma nədənsə,
yuxum gəlmirdi, pəncərənin ağzında, qotaz-qotaz
ulduzları sayrışan səmaya baxa-baxa
qalmışdım. Elə bil,
gümüşü rəngli Ayı, pəmbə buludları
ilk dəfə idi görürdüm. Tilsimlənmişdim.
Qeyri-ixtiyari öz-özümə pıçıldadım:
Ulduzlar bənövşətək
açıb səmada,
Nəğməli quşlar uyuyurlar yuvada.
Sən ey
sirli-soraqlı, sehrkar axşam,
Qoy qanadlarına alsın məni ilham.
O vaxtdan mən,
demək olar ki, hər gün şeir yazırdım, amma bu barədə
heç kimə – nə müəllimlərimə, nə sinif
yoldaşlarıma bir söz demirdim. Günlərin
bir günü həmin şeirlərdən
beş-altısını seçib, o illərdə məktəblilər
arasında çox oxunan “Azərbaycan pioneri” qəzetinə
yolladım. Aradan heç on beş-iyirmi gün keçməmişdi
ki, sinifə girəndə, uşaqlar məni dövrəyə
alıb dedilər: qəzetdə şeirin çıxıb! Beləcə, mənim “ədəbi sirrim”in
üstü açıldı.
– Biz – o
vaxtkı adı ilə desək – Azəbaycan Politexnik
İnstitutunda paralel qruplarda oxuyurduq və bir yerdə ədəbiyyat
dərnəyinə gedirdik. Söz bizi dost eləmişdi.
Yadımdadı, bir dəfə sizə gələndə,
masanın üstündə iki kitab gördüm: “Tərsimi həndəsə”
və “Vilyam Şekspir”.
– Hə,
yadıma gəlir. İkisi də təxminən
bir qalınlıqda idi. “Tərsimi həndəsə” ilə
elə həmin il – kursu başa vuranda
vidalaşdım. Amma aradan əlli il
keçməsinə baxmayaraq, “Vilyam Şekspir” hələ də
masamın üstündədir.
–
Hüseynbala müəllim, mən sizin Lənkərandakı
evinizdə olmuşam. Çox böyük kitabxananız var...
– O evin
layihəsi hazırlananda çalışdım ki, iki guşə
– qonaq otağı və kitabxana böyük olsun.
Çünki dostlarım da, kitablarım da
çoxdu.
– O
kitabların hamısını oxumusunuzmu?
– (gülür). Yox. Təbii ki, o qədər kitabı oxumağa bir
ömür yetməz. Bir dəfə Gülbağda – həyat
yoldaşım dedi: – Ay Hüseynbala, bu qədər kitabı
oxuyacaqsan ki alırsan? Dedim, bir az mən
oxusam, bir az sən, bir az uşaqlarımız, bir az nəvə-nəticələrimiz,
bir az da dost-tanışlarımız... hələ qorxuram ki,
azlıq edə – çatmaya.
– Sizin ilk
kitabınız – “Tənha durna uçuşu”, səhv etmirəmsə,
1986- cı ildə nəşr olundu.
– Bəli.
Xalq yazıçısı Elçinin ön
sözü – xeyir-duası ilə.
– Amma
sonradan uzun müddət – beş-altı il
ədəbi səhnədə görünmədiniz. Bu nə ilə əlaqədar idi?
– Mən,
əslində, həmin illərdə yaradıcılıqla
daha çox məşğul olmuşam. Ancaq işim – o vaxt Lənkəranda
Qaz Tikinti
Quraşdırma İdarəsinin rəisi vəzifəsində
çalışırdım – elə idi ki, Bakıya –
redaksiyalara və nəşriyyatlara tez-tez gələ bilmirdim.
Bir də, bundan əlavə bir sıra digər
çətinliklər də var idi. Məsələn, gərək
üç-dörd il, bəzən isə
daha çox növbə gözləyəydin, kitabın plana
düşəydi, sonra çap olunaydın. Odur
ki, mən, əsasən, “saxla romanı, gələr
zamanı” pinsipinə üstünlük verirdim. Xoşbəxtlikdən, həmin zaman gəldi, maneələr
aradan qalxdı, indi elədir ki, istəyirsən, gündə
bir kitab çap elətdir.
–
Hüseynbala müəllim, indiyə qədər neçə
kitabınız çap olunub?
– Səhv etmirəmsə,
otuz. Onlardan biri – “Görkəmli adamların həyatı”
seriyasından Ümummilli liderimiz, Ulu öndər, dahi şəxsiyyət Heydər
Əliyevə həsr olunmuş kitab iyirmi səkkiz dilə
(rus, ingilis, türk, seb, çin, ərəb, fars,
gürcü, özbək, türkmən və s.) tərcümə
olunub. Bu kitaba görə mən Nikolay Rıjkovun rəhbəri
olduğu Ümumrusiya Sənaye və Ticarət
Palatasının təsis etdiyi A.N.Kosıgin adına
mükafata (2008 – ci il) layiq görülmüşəm.
–
Hüseynbala müəllim, bildiyimiz kimi, Ümummilli liderimiz
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti,
şəxsiyyəti barədə yüzlərlə kitab
yazılıb. Bəs, sizi nə vadar etdi ki, təzədən
bu mövzuya qayıtdınız?
– Mən,
sadəcə, içimdəki bir suala cavab tapmağa
çalışırdım: “Biz Heydər Əliyevi necə
dərk etməliyik?” Gəlin tarixə ekskurs edək.
Qaşıdurma müşaiyət olunan,
çaxnaşma və dağıntı baş verən
ölkələrin liderləri – başçıları, adətən,
bir qayda olaraq, yığdıqları sərvəti
götürüb ölkədən qaçmağa cəhd
göstərirlər. Məsələn, İran
şahı Rza Pəhləvi qaçdı,
Qırğızıstan prezidenti Kurmanbek Bakiyev qaçdı,
Azərbaycan Prezidenti Ayaz Mütəllibov qaçdı,
İraq prezidenti Səddam Hüseyn, Liviya prezidenti Müəmmər
Qəddafi və Misir prezidenti Hüsnü Mübarək
qaçmağa cəhd göstərdilər, amma
bacarmadılar. Bu ənənə orta əsrlər
Avropasında da olub. Misal kimi, Napaleon
Bonapartın dövründəki Fransanı göstərmək
olar. Heydər Əliyev, bu dünya ənənəsinin əksinə
olaraq, özbaşınalığın, soyğunçuluğun,
xəyanətin tüğyan etdiyi bir vaxtda, bütün təhlükələri
göz önünə alaraq, Vətənə qayıtdı və
Azərbaycanı Yuqoslaviya kimi üç-dörd yerə
parçalanmaqdan xilas etdi, imkan vermədi ki, Bakı
Bağdada, Qahirəyə dönsün!
Heydər Əliyev, eyni zamanda, dünyanın nəhəng
dövlətlərinin başçıları ilə
balanslaşdırılmış siyasət apara-apara, ilk
növbədə, Azəbaycanın müstəqilliyini qorudu,
ordusunu yaratdı, qəpiyi qəpiyə söykəyə-söykəyə
ildən-ilə artan büdcəsini formalaşdırdı,
iqtisadiyyatın inkişaf etməsi üçün şərait
yaratdı. Mən istəmişəm ki, Azərbaycan xalqı
üçün artıq məlum olan bu həqiqətləri
dünya oxucularına – beynəlxalq aləmə də
çatdırım. Təsəvvür edirsinizmi, bu
kitabı oxuyan serblər necə həsədlə deyirdilər
ki, kaş, bizim də o vaxt Heydər Əliyev kimi bir liderimiz olaydı
– Vətənimizi parçalanmaqdan qoruyaydı...
Yeri gəlmişkən
deyim ki, “Görkəmli adamların həyatı”
seriyasından “Heydər Əliyev” kitabını işləyərkən,
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və
görkəmli oftalmoloq, akademik Zərifə Əliyeva ilə
bağlı maraqlı faktlara rast gəldim və həmin
faktlar imkan verdi ki, sonradan elə bu qəbildən
“İlham Əliyev” və “Zərifə Əliyeva”
kitablarını da yazım.
– İstərdim
ki, söhbətimiz bir qədər şaxələnsin: hekayə,
povest, roman və pyeslərinizdən də söz açaq, ədəbiyyatla
bağlı düşüncələrinizi dinləyək.
Bu, sirr deyil ki, sizin əsərləriniz həmişə
ədəbi tənqidin diqqət mərkəzində olub.
Xüsusilə, “Cəza”
povestiniz haqqında çox
yazılıb. Filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadə “Dünyanı gözəlləşdirən
cəza” məqaləsində qeyd edir ki, siz məhəbbət
kimi ali bir hissi ədəbi ənənələrə
zidd olaraq, iki insanın yox, iki canavarın timsalında
vermişsiniz. Əlbəttə, insanın (Ağalələnin,
Tülkü Qasımın)
heyvanlaşdığı, heyvanın (ağappaq dişi
canavarın, şinəsi qara zolaqlı əzəmətli
yalquzağın) insanlaşdığı bir situasiyada bu son dərəcə
real – inandırıcı görünür və oxucuda zərrə
qədər də şübhə yeri qalmır ki, “Cəza”, əsərdəki
mətləblərin –qaldırılan problemlərin
çoxluğuna baxmayaraq – məhz məhəbbət
dastanıdır. Əsərin bir yerində oxuyuruq: “Sağlam,
totuq və gözəgəlimli Ayçən artıq
yetişkənlik dövrünə qədəm qoymuşdu. Ətraf ərazilərdə yaşayan erkək
canavarların demək olar ki, hamısı onu gözaltı eləmişdi.
Ancaq Ayçənin, boğazının altından sinəsinə
qədər qaramtıl zolaq enən Köysərəkdən
xoşu gəlirdi. Odur ki, digər erkək
canavarları, azacıq da olsa, yaxına buraxmırdı,
etirazlarına məhəl qoymayanları isə, iti
dırnaqları ilə cırmaqlayır, ya da var gücü
ilə dişləyirdi. Əlbəttə,
bu sərt əlbəyaxa döyüşlərdə ona dov gələnlər
də olurdu. Belədə, Köysərək
dadına çatır, ona hücum edənləri altına
basıb gəmirir, dirənənləri al qanına qəltan
edib, ölümcül hala salırdı. Bu
döyüşlərdə Köysərək özü də
rəqibləri tərəfindən xəsarət
alırdı – biləyindən və boğazından qan
axırdı. Amma yaraları nə qədər
ağır olsa da, qururunu itirmir – məğrur-məğrur
Ayçənin yanına qayıdırdı. Ayçən də onun sevgisi uğrunda
aldığı yaraları nəvazişlə yalayır,
mehribanlıq göstərirdi”.
– Müxtəlif
tənqidçilərin eyni əsər barədə
mülahizələrində çox vaxt ortaq cəhət
tapmaq olmur. Məncə, bu, normal haldır.
“Cəza” povesti haqqında mərhum akademik Bəkir
Nəbiyev bir şey yazıb, Nizami Cəfərov başqa bir
şey. Hər tənqidçi öz ədəbi
həqiqətini – təhlil yönünü axtarır. Biri – süjeti, biri – mövzunun
aktuallığını, biri – obrazların spesifik xüsusiyyətlərini,
biri də – əsərin zəif cəhətlərini
araşdırır. Mən “Cəza” povestinə görə
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təsis
etdiyi “Akademik Həsən Əliyev adına
beynəlxalq mükafat”ı almışam. Deməli, “Cəza” təkcə məhəbbət
əsəri deyil. Povestin mövzusu həyatdan
götürülüb. Bir dəfə rayondan Bakıya gələndə
yolüstü bir çayxanaya döndüm, gördüm həyətə
xeyli adam yığılıb. Soruşdum ki, orda nə olub? Dedilər,
qəfəsə canavar salıblar, adamlar tamaşa eləyirlər.
Yaxınlaşıb baxdım. Ətrafa toplaşanlar zavallı heyvanın
başına nə oyun gətirmirdilər? Biri ağacla döyəcləyir, biri kibrit
çöpünü yandırıb atır ki,
tükünü yandırsın. Düzü, bərk
sarsıldım, dedim, yazıqdı, incitməyin, buraxın
getsin. Dedilər, nə
danışırsınız, çayxana sahibi heç
razı olar? Bunun hesabına müştəri
yığır.
Aradan günlər keçdi. Amma gördüyüm
bu məşəqqətli mənzərəni unuda bilmədim.
Düşündüm: bəlkə bir şey yazım? Canavarların həyatına dair, kitablar oxudum, filmlərə
baxdım. Sən demə, insanlardan fərqli
olaraq, canavarların heç vaxt pozmadıqları, dəqiq
riayət etdikləri qayda-qanunları, adət-ənənələri
varmış.
“Cəza”
povestini işləməyə başlayanda, qarşıma belə
bir məqsəd qoymuşdum: insanı pis əməllərdən
uzaqlaşdırım; o, öz həmcinsləri də daxil
olmaqla, Allah-təalanın yaratdığı canlıları
incitməsin və təbiətə qəsd etməsin! Elə bilirəm ki, istəyimə nail olmuşam.
Bu əsər, əgər, belə demək
mümkünsə, mənim yaradıcılıq emblemim –
yaradıcılıq loqomudur.
– Ailə-məişət
mövzusunda işlənmiş “Gəlinlik paltarı”,
Qarabağ problemlərinə həsr olunmuş “Yanan qar”,
repressiya illərindən və insan hüquqlarının
keşiyində dayanan hakimlərin həyatından bəhs edən
“Qırxıncı otaq” romanları da sizə az şöhrət
gətirməyib...
– Bu əsərlər
də “Cəza” povesti kimi, həyatdan götürülüb.
“Yanan qar” romanında belə bir epizod var: Qarabağ
münaqişəsi zamanı oğlu ermənilər tərəfindən
öldürülmüş havalı ana eşidir ki, kənddə
– bir tövlədə düşmən əsiri
saxlanılır, fəryad qoparır ki, onu verin parçalayım.
Nə qədər başa salırlar ki, olmaz, mərkəzə
göndəriləcək, sorğu-sual ediləcək, əl
çəkmir. Axırda belə qərara
gəlirlər ki, öldürür, qoy öldürsün, bəlkə
təskinlik tapdı. Ana əlində xəncər
tövləyə girir və heç bir dəqiqə çəkmir
ki, eşiyə çıxır. Soruşurlar ki, nə
oldu, deyir, bu yoluq-moluq bir şeydi, mənim oğlumun tayı
deyil ki, öldürüm...
Mən o
ananı da, ermənilər tərəfindən qətlə
yetirilmiş o oğlanı da tanıyırdım...
Qarabağ münaqişəsi başlayanda mən
Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini idim və
tez-tez döyüş bölgələrinə gedirdim,
yardım aparırdım və təbii ki, insanlarla sıx
ünsiyyətdə olur, dərd-sərlərini dinləyirdim. Ancaq o vaxt
ağlıma da gəlməzdi ki, gördüklərim və
eşitdiklərim nə vaxtsa bir yazıya çevriləcək.
Yeri gəlmişkən, nə qədər
ağır olsa da, bir iradımı bildirmək istəyirəm.
Şair və yazıçılarımız, rəssamlarımız,
bəstəkarlarımız, nədənsə, Qarabağ
mövzusuna çox az müraciət edirlər.
Düzü, bu biganəliyin səbəbini
başa düşə bilmirəm. Nə isə...
Bayaq adını çəkdiyiniz “Qırxıncı
otaq” romanının da qəribə tarixçəsi var.
Günlərin bir günü işdə gələn məktublara
baxırdım – gözümə iri, qalın bir zərf dəydi. Fikirləşdim
ki, yəqin hansısa qələm əhli təzə
çapdan çıxmış kitabını göndərib.
Açanda gördüm ki, gündəlikdir, iki
ümumi dəftər həcmində, bir qadın yazıb.
Oxudum, çox mütəəssir oldum. Qadının nə adı, nə ünvanı, nə
də telefon nömrəsi vardı. Xahiş
edirdi ki, əgər, münasib bilsəm, başına gəlmiş
bu əhvalatlardan bəhrələnim. Bəhrələndim
də...
“Qırxıncı otaq” romanı çap olunandan sonra
onlarla məktub aldım. Biri o qadından – toxtaq, səliqəli xətt
sahibindən gəlmişdi. Yazırdı
ki, oxudum və xeyli yüngülləşdim. Fikirləşəndə
ki, o sətirlərdə mənim də taleyimdən nəsə
var – təskinlik tapıram... Yenə nə adı, nə
ünvanı, nə də telefonu
vardı...
“Gəlinlik paltarı” romanında isə, insan ruhunun
qüdrəti və faciəsi məsələsinə toxunmaq
istəmişəm. Əsərin qəhrəmanı – Fənayə
bataqlıqda bitmiş zərif bir çiçəkdir. Ərgənlik yaşına çatar-çatmaz həyatın
acı küləklərinə tuş gəlir, amansız zərbələr
alır, gözəlliyini – təravətini itirir. Nəhayət, həyatda onu həqiqi məhəbbətlə
istəyən birinə rast gəlir, amma başa
düşür ki, artıq gecdir. Onu sevən oğlana
deyir: “Gəlinlik paltarı – qəfəsdir, mən isə azad
olmaq, uçmaq, ruhumun seçdiyi budaqlara qonmaq istəyirəm...”.
–
Üzeyir Hacıbəyovun “O olmasın, bu olsun” filmində Məşədi
İbad məclisdəkilərə Rüstəm bəyi
göstərib deyir: “Əşi, mən “Tarixi-Nadiri”
yarısınacan oxumuşam, bilmirəm, bu biçarələr
hardan bilsinlər?” Və bununla da gülüş obyekinə
çevilir, çünki sən demə, “Tarixi-Nadir” səhifəyarımlıq
bir şeydi... Necə
oldu ki, səhifəyarımlıq tarixi olan Nadir şah
haqqında roman yazmaq fikinə düşdünüz?
Özü də nə az, nə çox,
beş yüz səhifəlik...
– Rəhmətlik
atam hərəkətini və danışığını
bilməyən adam haqqında həmişə
deyərdi: “Bu, “Tarixi-Nadir”i yarısınacan oxuyanlardandı”. Onun bu sözü uşaqlıqdan yaddaşıma həkk
olunmuşdu. Məni, əlbəttə, o
yarımçıq adamlardan daha çox, Nadir şahın səhifəyarımlıq
tarixi maraqlandırırdı. Doğrudanmı,
bu mahir sərkərdə, qüdrətli dövlət
başçısı, tarixdə sonuncu fateh kimi
tanınmış nəhəng şəxsiyyət barəsində
elə səhifəyarımlıq şey yazılıb? Bu sual məni araşdırmalara sövq etdi. Ən əvvəl, o dövrün tədqiqiylə məşğul
olan adlı-sanlı tarixçilərimizlə
görüşdüm – faydalı məsləhətlər
aldım. Sonra düz üç il
Nadir şahla bağlı faktları topladım. Onları məntiqi
ardıcıllıqla düzmək – sistemləşdirmək
üçün də bir il vaxt lazım
oldu. Romanı da elə təxminən bir ilə
yazdım. Qısacası, “Sonuncu fateh”
romanı beşillik zəhmətin məhsuludur.
– Əsərin əvvəlindəki
mülayim, xeyirxah, hamıya əl tutan Nadir axırda – şah
olandan sonra birdən-birə qəddarlaşır, hətta
oğlunun gözlərini çıxartdırır. Bu, mələyin quduzlaşması ... müəyyən
bir ədəbi məntiqə əsaslanırmı?
– Əgər yadınızdadırsa, əsərin əvvəllərində,
yəni Nadir hələ şah olmamışdan qabaq əsirlikdən
qaçır və bilir ki, onu təqib edəcəklər. Özünü
qorumaq, müdafiə etmək üçün dəstə
yaradır. Sonra bu özünümüdafiə vətəni
müdafiəyə çevrilir və saysız-hesabsız
döyüşlərdə şücaət göstərən
Nadir, şah olur, o nəinki öz el-obasını qoruyur, hətta
ətrafdakı ölkələri bir-bir zəbt edir –
şimalda Rusiyaya (Dağıstan), şərqdə Hindistana, cənub-qərbdə
Osmanlı dövlətinə qədər gedib
çıxır. Maraqlıdır ki, bundan sonra
onun qəlbində dünyanı fəht etmək arzusu
yaranır. Və bu arzu o qədər
güclü, qarşısıalınmaz olur ki, sizin dediyiniz
kimi, mələk quduzlaşır. Nadir şah dərk
edir ki, dünyanı fəht etmək üçün, ilk
növbədə,
güclü ordu lazımdır. Onun
tutduğu ölkələrin xəzinələri, rəiyyətdən
yığdığı vergi isə elə də qüdrətli
ordu yaratmağa imkan vermir. Odur ki, vergiləri
günbəgün artırır. Bir
haşiyəyə çıxmaq istəyirəm. Bir
gün Əmir Teymur darğanı yanına
çağırıb deyir: bu gündən əhalidən
yığdığın vergini iki dəfə artır. Qayıdanda soruşur ki, camaat mənim bu fərmanımı
necə qarşıladı? Darğa deyir
ki, sakit, heç nə olmamış kimi. Əmir
Teymur deyir, onda vergini iki dəfə də artır. Darğa “Baş üstə!” deyib gedir.
Qayıdanda, Əmir Teymur yenə soruşur: bəs, bu dəfə
necə oldu? Darğa deyir: bir-iki nəfər
mızıldandı. Əmir Teymur deyir ki, bir-iki
nəfərin mızıldanmağından heç nə olmaz
– vergini iki dəfə də artır. Darğa elə də
edir, qayıdanda isə, deyir: camaatın yarısı susdu,
yarısı gileyləndi. Əmir Teymur deyir: eybi yoxdu, sən
gileylənənlərə fikir vermə, vergini iki dəfə
də artır.
Vergi iki dəfə də artırılandan sonra camaat
sözü bir yerə qoyub etiraz edir. Bunu eşidən
Əmir Teymur bərk qəzəblənir, deyir, rəiyyətin
fikri ilə oturub- durmayacağam – madam ki, belə oldu, vergini
iki dəfə də artır, etiraz edən olsa, cəzalandıracağam.
Darğa verginin iki dəfə də
artırıldığını camaata bəyan edəndən
sonra Əmir Teymurun yanına qayıdır.
Əmir Teymur soruşur:
– Nə oldu?
Darğa
deyir:
– Hamı
gülür.
Əmir
Teymur bir qədər fikrə gedəndən sonra deyir:
– Hamı
gülür? Bu, təhlükəli haldı –
vergini əvvəlki həddinə qaytar.
Bax, Nadir
şah bu təhlükə anını hiss edə bilmir – əyanlarını
məcbur eləyir ki, dünyanı fəht edəcək
qüdrətli ordu yaratmaq üçün tələb olunan məbləği
yığsınlar, yoxsa, cəzalanacaqlar... Cəzalanacaqlarından
qorxan əyanlar çıxış yolunu Nadir şahın
yerinə oğlunu hakimiyyətə gətirməkdə
görürlər, bu baş tutmadıqda isə, sui-qəsdə
əl atırlar, – beləcə, nəticədə möhtəşəm
bir dövlət dağılır.
– Belə çıxır ki, Nadir
şahı sevmədiklərinə görə yox,
qorxduqlarına görə öldürürlər.
– Tamamilə
doğrudur.
– Bayaq
dediniz ki, bu əsəri yazmamışdan əvvəl o
dövrü tədqiq edən tarixçilərimizlə
görüşüb, məsləhətlər
almısınız. “Sonuncu fateh” romanının
təqdimatının bir başqa yerdə yox, məhz Milli Elmlər
Akademiyasında keçirilməsinə Sizmi təşəbbüs
göstərdiniz, yoxsa, tarixçilərimiz?
– Həm
mən, həm də onlar. İstəklər
üst-üstə düşdü – uyğun gəldi. Əgər fikir vermisinizsə, əsərin redaktoru
da ədəbiyyatşünas yox, tarixçidir.
– Belə
güman edirəm ki, tarixçilərimizlə əməkdaşlıq
yaxşı səmərə verib. Bu, ənənə
şəklini ala bilərmi?
–
Tarixçi dostlarım elə “Sonuncu fateh”in təqdimatı
zamanı təklif etdilər ki, Sara xatun, Uzun Həsən və
Şah İsmayıl barədə fundamental bir şey
yazım... Hazırda onlarla bağlı tarixi sənədləri
toplamaqla məşğulam...
–
Hüseynbala müəllim, istərdim ki, bu söhbətimizdə
dramaturgiyanızdan da söz açaq. “Xəcalət”
Qarabağ mövzusuna – bayaq siz bu məsələyə
çox yerində və yaxşı toxundunuz – həsr
olunmuş azsaylı əsərlərdəndir və səkkiz
ildir ki, səhnədən düşmür, özü də,
anşlaqla gedir – həm paytaxt, həm də əyalət
teatrlarında. Yüzdən çox tamaşa –
sözsüz ki, rekord nəticədir! Bir
dramaturq kimi, bu uğurun səbəbini nədə
görürsünüz?
– Bildiyiniz kimi, hər bir tamaşa
kollektiv əməyin məhsuludur. Dramaturq, rejissor, bəstəkar,
rəssam və əlbəttə ki, aktyorlar... Məncə,
biz uğurlu vəhdət yarada bilmişik. “Xəcalət”
tamaşası 2011-ci ildə Yaltada keçirilən
A.P.Çexov adına Beynəlxalq teatr
festivalında “Qran-pri” alıb, Serbiyada, Moldovada,
Gürcüstanda uğurla göstərilib. Tbilisidə
tamaşadan sonra maraqlı bir əhvalat oldu. Görkəmli gürcü rejissoru – mənə təklif
etdi ki, “Xəcalət” pyesinin gürcü variantını
işləyim, yəni, hadisələr Gürcüstanda cərəyan
eləsin, obrazlar da gürcülər olsun. Fikirləşdim ki, mümkündür,
çünki Qarabağ hadisələri ilə Cənubi
Osetiya və Abxaziya hadisələri bir-birinə çox
oxşayır. “Gözlə gələcəyəm”i
– “Xəcalət”in gürcü variantını bir aya
tamamladım. Məşhur gürcü
rejissoru aradan heç üç ay keçməmiş məni
pemyeraya dəvət etdi. Düzü,
tamaşanı çox bəyəndim.
– Bəhram Osmanovla quruluşları arasında oxşar cəhətlər
vardımı?
– Bəli.
Bəhram Osmanovun dəst-xətti hiss olunurdu. Bununla
belə, fərqli cəhətlər də var idi.
– “Gəncə qapıları” pyesinizi də Bəhram
Osmanov tamaşaya qoyub.
– Fərəhli
haldır ki, əməkdaşlığımız
alınır və davam edir. “Gəncə
qapıları” da “Xəcalət” kimi uğurlu alınıb –
inanıram ki, uzun müddət oynanılacaq.
– Sizcə,
Nadir şahla Cavad xan arasında bir oxşarlıq varmı?
– Yox. Nadir şah yerlə-göylə əlləşir,
istəyir ki, bütün dünyanı fəth etsin, Cavad xan
isə, əksinə, çalışır ki, nəyi varsa,
onu qorusun – nə özü, nə də rəiyyəti yadelli
işğalların zülm və tənlərinə məruz
qalmasın. Əslində, “Gəncə
qapıları” azad ruh haqqında dastandır.
–
Hüseynbala müəllim, səhv etmirəmsə, Sizin “Ruhunu
gözlərində gördüyüm adam”
adlı publisistik yazınız da var...
– Bəli.
Məşhur qırğız
yazıçısı Çingiz Aytmatov haqqında.
– Madam ki, söz Çingiz Aytmatovdan düşdü,
söhbətimizə onun qeydləri ilə davam etmək istəyirəm.
O yazır: “Azərbaycanın tanınmış
yazıçı-dramaturqu Hüseynbala Mirələmovla bir
yerdəyik... Mən dostluqda dəqiqliyə, həssaslığa
və təmənnasız münasibətlərə xüsusi
qiymət verən adamam. Bu mənada,
Hüseynbalayla oxşarlığımız çoxdur. Həmfikir olduğumuza görə tale bizi
qovuşdurub. Biz hər bir mövzuda fikir
mübadiləsi aparanda eyni məxrəcə gələ
bilirik. Hüseynbala ilə hər
görüşəndə ondan müsbət enerji qəbul
edirəm, mənən bəhrələnirəm”. Mən istərdim ki, bu dostluğun tarixçəsini
qısaca da olsa danışasınız.
– Etiraf
edim ki, mən Çingiz Aytmatovu həmişə əfsanələrdəki
qəhrəmanlar kimi təsəvvür etmişəm:
əlçatmaz, ünyetməz və qüdrətli! Elə bilmişəm ki, o, Yer üzündəki
bütün qırğızların atası, ağsaqqalı
və xilaskarıdır. Bəlkə elə
buna görə də, Sovet imperiyası dağılanda, istər-istəməz,
düşündüm ki, bu dahi sənətkar qələmi
yerə qoyacaq, xalqını kabusdan qorumaq üçün
mübarizə meydanına atılacaq – siyasi liderə
çevriləcək. Lakin belə olmadı – “Ədəbiyyat
imperiyasının” sultanı qələminə sadiq qaldı
və başa düşdüm ki, mənim o cür fikirləşməyimin
səbəbi, əslində, o dövrün xarakterik
xüsusiyyətləri ilə bağlı imiş...
Dediyim kimi, ağlıma da gəlməzdi ki, mən nə
vaxtsa Çingiz Aytmatovla üzbəüz əyləşəcəyəm. Onunla yaxın müsahib,
dost olacağam. Hər şey – təvazökarlıqdan
uzaq olsa da, deyim – “Xəcalət” povestindən başladı.
Bu əsər “Pokayanie” adı ilə rus dilində
nəşr olunmuşdu. Kitabın bir
nüsxəsini əslən bakılı olan, Almaniyada
yaşamış mərhum dostum David Kostyukovski, sən demə,
o vaxt Qırğızıstanın Belçikadakı səfiri
Çingiz Aytmatova çatdırıb. Bundan bir neçə
gün sonra iş otağımda telefon zəng çaldı. Dəstəyi götürdüm. Çingiz
Aytmatov idi!
Bəli, əsərlərini
sevə-sevə oxuduğum, yaradıcılığına və
şəxsiyyətinə hörmət etdiyim, nə gizlədim,
bayaq da qeyd etdiyim kimi, əfsanələrdəki qəhrəmanlartək
əlçatmaz və ünyetməz sandığım
Çingiz Aytmatov birdən-birə, qəfildən, gözləmədiyim
halda mənə zəng etmişdi. Doğrusu, bərk
həyəcanlandım.
Çingiz
Aytmatov “Xəcalət” povestini oxuduğunu, Qarabağ
mövzusunun bu cür real cizgilərlə ədəbiyyata gətirilməsinin
yaxşı hal olduğunu qeyd etdi, axırda da dedi ki, nə
vaxt Belçikaya yolun düşsə, görüşək.
Xoşbəxtlikdən 2005-ci ilin yanvar ayının
axırlarında iş elə gətirdi ki, Belçikaya
işgüzar səfərim oldu.
Oteldə
yerləşəndən sonra Çingiz Terekuloviçə zəng
vurdum, Brüsseldə olduğumu biləndə sevindi:
– Aha, çox yaxşı, indi
görüşə bilərik, – dedi.
Biz qırx ilin dostları kimi görüşdük. Söhbətimiz,
əsasən, ədəbiyyatdan oldu. Dahi sənətkar
poeziyamızın korifeylərini – Rəsul Rzanı və Bəxtiyar
Vahabzadəni xatırladı, əslən qarabağlı olan ahmar
Əkbərzadənin vaxtsız ölümünə təəssüfləndi.
Sonra aydın, qətiyyətli bir səslə dedi: – Qarabağ
Azərbaycan torpağıdır və heç şübhəsiz
ki, bu problem həll olunarkən, Azərbaycanın ərazi
bütövlüyü gözlənilməlidir. Beynəlxalq hüquq normaları da bunu tələb
edir. Yeri gəlmişkən deyim ki, İlham Əliyev Heydər
Əliyevin uğurlu siyasətini davam etdirə biləcək. Mən sevinirəm ki, Azərbaycan xalqı onu
prezident seçib. Ümumiyyətlə,
İlham Əliyev kimi siyasətçilərin hakimiyyətdə
olması çox yaxşıdır. Unutmaq olmaz ki, ən
böyük qanun – mənəviyyatdır, hər bir şəxs
onu öz əcdadlarından qalma müqəddəs irs kimi qəbul edir və əsas odur ki, bu
qanuna – normaya sözsüz əməl edəsən, onun daha da
möhkəmlənməsinə çalışasan.
–
Çingiz Aytmatovun Azəbaycan Respublikasının Prezidenti
İlham Əliyev barədə dedikləri
xalqımızın tez-tez işlətdiyi bir zərb-məsəli
yadıma saldı: “Söz vaxtına çəkər”. Biz 2003-cü və 2008-ci ildə olduğu kimi, yenə
də seçim qarşısındayıq. Xətai
rayonu üzrə Yeni Azərbaycan Partiyasının sədri
kimi, İlham Əliyevin son beş ildə
gördüyü işləri və növbəti prezident
seçkilərini necə dəyərləndirərdiniz?
– Əvvəla, tarix göstərdi ki, Azərbaycan
xalqı öz seçimində yanılmayıb – İlham
Əliyev Ulu öndər, dahi şəxsiyyət Heydər
Əliyevin, həqiqətən də, ən layiqli
davamçısıdır. Son on ildə respublikamız məhz
onun rəhbərliyi ilə iqtisadi, elmi-mədəni cəhətdən
təkcə MDB-yə deyil, bütün dünyaya örnək
ola biləcək səviyyəyə
çatıb. Sənaye və kənd təsərrüfatı
inkişaf edib, şəhər və kəndlərimizdə
quruculuq və abadlıq işləri aparılıb, nə qədər
xəstəxana, məktəb tikilib və yaxud təmir olunub,
büdcəmiz dəfələrlə artıb, əhalinin
maddi-rifah halı yaxşılaşıb, nə qədər sənət
adamı fəxri adlara layiq görülüb, mənzillə təmin
olunub. Mən dünyanın, xüsusilə mədəni
Avropanın bir çox ölkəsində olmuşam – Bakı
qədim və müasir –modern binaların gözəlliyinə
görə onların heç birindən geri qalmır. Bu illər ərzində ordu quruculuğu sahəsində
xüsusilə böyük işlər görülüb.
Qürur hissi ilə deyə bilərik müasir
tələblərə cavab verə bilən hərb sənayemiz
təşəkkül tapıb. Azərbaycan artıq silah
alan ölkədən silah istehsal və
ixrac edən ölkəyə çevrilməkdədir. Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin göstərişi
ilə yaradılmış möhtəşəm “Bayraq
meydanı” hamımızın qəlbində fərəh hissi
oyadır! İstərdim ki, respublikamızın
“Avrovizion”da qalib gəldiyi – birinci yeri tutduğu günü
xatırlayaq. “Avrovizion” nədir?
Musiqi və ifaçılıq sənəti üzrə Avropa
çempionatı! Bəli, biz musiqi və ifaçılıq
sənəti üzrə Avropa çempionuyuq! Bu çox
böyük məsələdir! Bütün bu
sadaladığım işlər cənab Prezident İlham
Əliyevin məqsədyönlü fəaliyyət, diqqət
və qayğısı sayəsində əmələ gəlmişdir.
Bayaq dediniz ki, prezident seçkiləri ərəfəsindəyik.
İnanıram ki, Azəbaycan xalqı yenə müdriklik
göstərəcək, ən layiqli oğluna – İlham
Əliyevə səs verəcək və fürsətdən
istifadə edib, mən onun hər dəfə prezident
seçilərkən dediyi bir sözü xatırlatmaq istəyirəm:
“Mən bütün azərbaycanlıların prezidentiyəm!”
– Yəqin,
bir partiya təşkilatı kimi, seçkiyə ciddi
hazırlaşmısınız.
– Təbii
ki! Artıq təbliğat kampaniyasına
başlamışıq. Rəsul Rza yazmışkən:
Mübarizə
bu gün də var, yarın da, Mən də onun ön
sıralarında!
– Hüseynbala müəllim, Rəsul
Rza dediniz, yadıma düşdü ki, Siz həm də Rəsul
Rza adına Beynəlxalq
mükafata layiq görülmüsünüz.
– Elədir.
Mən Azərbaycanın novator şairi Rəsul
Rza haqqında yeddi nəğmədən ibarət irihəcmli
monoqrafiya yazmışam.
–
Yazıçı, dramaturq... birdən-birə poeziya... ədəbi
tənqid...
– Söhbətimizin
əvvəlində dedim axı: mən ədəbiyyata
şeirlə gəlmişəm və Rəsul Rza
poeziyasının vurğunuyam. Tələbəlik
illərində də, ondan sonra da sərbəst vəzndə
çoxlu şeir yazmışam. Yəqin
ki, nə vaxtsa onları oxuculara çatdıracağam.
– Rəsul Rza poeziyasının hansı xüsusiyyətləri
sizi cəlb edir?
– Rəsul Rza yaradıcılığının mükəmməl
bir ədəbi məktəb olduğu bu gün hamı tərəfindən
qeydsiz-şərtsiz qəbul olunur.
Bu qüdrətli söz ustasının poeziyası ilə
bağlı iki məqam üzərində xüsusi dayanmaq istəyirəm.
Ədəbiyyatımızda
novator şair kimi tanınan Rəsul Rza heç bir zaman klassik
ənənələrimizə arxa çevirməmiş, əksinə,
bəlkə də, şifahi xalq ədəbiyyatımıza,
xüsusilə “Kitabi-Dədə Qorqud” dastanının, eləcə
də, Nizaminin, Füzulinin, Nəsiminin poetik ruhuna
başqalarından daha çox sadiq qalmış, yeri gəldikdə,
ədəbi irsimizin əsl müdafiəçisinə
çevrilmişdir. Doğrudur, Rəsul Rza
sxolastik şeir formalarına qarşı
çıxmışdır, yeni səpkidə
yazıb-yaratmışdır. Amma o, Azəbaycanın
ədəbiyyatının yaşarı ənənələrini
davam etdirməyi yaşıdlarına və özündən
sonra gələnlərə dönə-dönə tövsiyə
etmişdir. O, tərcümeyi-hal xarakterli “Poeziya zəhmət
və ilhamdır” adlı məqaləsində belə izah
edir: “Mən inanırdım ki, xalq və klassik poeziyamızdan
istifadə edərək – əlbəttə, onu təkrar etməmək
şərti ilə – irəli getmək lazımdır. Axı,
klassik formalar konkret tarixi şəraitdə intişar
etmişdir. Poeziyanın dilini isə xalq
yaradır, inkişaf etdirir və zənginləşdirir.
Xalqın yaradıcılıq dühası
yaşayır, yeni forma, yeni söz ehtiyacı həyatın
öz tələbidir”.
Gördüyümüz kimi, Rəsul Rza yeni forma və
yeni söz ehtiyacını həyatın və zamanın tələbi
hesab edir.
Rəsul Rzanın ən çox sevdiyi şair Mirzə
Ələkbər Sabir olmuşdur desək, yanılmarıq. O bir məqaləsində
yazır: “Mənim ilk əsərlərimə ən dərin təsiri
bizim milli ədəbiyyatımız, ilk növbədə,
Sabir yaradıcılığı göstərmişdir. Bu da təbiidir. Sabiri çox
sevirəm. Bəlkə də “sevirəm”
sözü, hər dəfə bu əziz adı çəkdiyim
zaman duyduğum həyəcanı ifadə edə bilmir. Sabir ömrüm boyu müəllimim və dostum
olmuşdur. Bu ad qəlbimdə iftixar hissi
oyadır. Onun şeirlərində elə
cəsarət, elə mətanət, elə kədər, elə
ağrı və təsir gücü var ki, bəzən heyrət
edirsən ki, belə bir şair ucqar bir şəhərdə,
böyük bir ailə qayğısı altında gecə-gündüz
işləməyə, sabun bişirməyə məcbur
olmuşdur”. Rəsul Rza, Mirzə Ələkbər Sabirlə
necə fəxr edibsə, mən də Rəsul Rza ilə o
cür fəxr edirəm.
– Hüseynbala müəllim, bir az əvvəl Çingiz Aytmatov haqqında
dedikləriniz, istər-istəməz, Orta Asiyanın daha bir nəhəngini
– qüdrətli şair və publisistini – qalmaqallı “Az-Ya”
kitabının müəllifi Oljas Süleymenovu yadıma
saldı. 1970-ci illərdə Azərbaycanda
keçirilən sovet ədəbiyyatı günlərində
o da qonaq sifətiylə iştirak edirdi. O vaxt mən Azərbaycan
Dövlət Televiziya və Radio Verilişləri Komitəsində
işləyirdim və çox istəyirdim ki, o dövrün
çılğın – “qurd ürəyi yemiş” qələm
sahibindən müsahibə götürüm. Sağ olsun, təklifimi
qəbul etdi. Biz studiyaya daxil olanda mən, sevimli
şairimiz Bəxtiyar Vahabzadənin təzəcə
çapdan çıxmış kitabını ona hədiyyə
etdim. Orda bir şeirdə belə bir misra vardı:
Füzuli qürbətdən Vətənə (yəni Kərbəladan
Azərbaycana – Dilsuz), mən isə Vətəndən Vətənə
(yəni, Şimali Azərbaycandan Cənubi Azərbaycana –
Dilsuz) baxıram. Maraqlıdır ki, Oljas Süleymenovun bu
misraya münasibəti fərqli oldu: o dedi ki, Füzuli
heç vaxt qürbətdə olmayıb, o vaxt Kərbəla
Azərbaycan torpağı olub və tarixə bugünkü xəritənin
gözü ilə baxmaq düz deyil. Yeri gəlmişkən
deyim ki, mən bu genişliyi Nadir şah haqqında
yazdığınız “Sonuncu fateh” romanını oxuyanda da
hiss etdim və bir şeyə çox kədərləndim ki,
ermənilər dənizdən-dənizə olmayan vətənləri
haqqında hər şey, biz isə okeandan-okeana olan vətənimiz
haqqında heç nə yazmırıq...
– Yox,
yazırıq, amma az... Yaxşı ki, siz
Oljas Süleymenovdan söz saldınız, mənim yadıma gəlir
ki, 20 Yanvar qırğınından dərhal sonra, səhv
etmirəmsə, elə səhərisi günü o, Bakıya
gəldi, işğalçıları lənətlədi və
azərbaycanlılarla həmrəy olduğunu bildirdi.
– Ümumiyyətlə, Oljas
Süleymenov Azərbaycana çox bağlıdır.
Yadıma gəlir ki, dahi Azərbaycan şairi Məhəmməd
Füzulinin 500 illik yubileyinə gələndə onu hava
limanında yaxın dostu Kəmaləddin Heydərov
qarşıladı və mehmanxanaya yox, bağ evinə
apardı. Əlbəttə, türkdilli xalqlar
arasında bu cür münasibətlərin olması son dərəcə
vacibdir.
– Təbii
ki, türkdilli xalqlar arsında münasibətlərin
inkişafı həm də adını çəkdiyiniz bu
cür dəyərli insanların çiyni üzərindədir.
Ümumiyyətlə, Kəmaləddin Heydərov
mənim tanıdığım, haqqında yalnız xoş
sözlər deyilən iki-üç yüksək vəzifə
sahibindən, ziyalıdan biridir. Bir də ki,
xalqımızda gözəl bir məsəl var: “Dostunu
göstər, mən deyim sən özün necə adamsan...”
– Sizin
dünya ədəbiyyatından bir sıra tərcümələriniz
də var...
– Görkəmli rus dramaturqu Yuri Polyakovun “Homo erektus və yaxud arvadların dəyişdirilməsi” komediyasını, özbək dramaturqu Teymur Zülfüqarovun Əmir Teymurla Sədi Şirazinin həyatından bəhs edən “Kəklikli qəfəs” pyesini, yenə rus yazıçısı Varlam Şalamovun hekayələrini dilimizə tərcümə etmişəm. Varlam Şalamov, bəlkə də, dünyada yeganə yazıçıdır ki, həyatı ilə yaradıcılığı tam üst-üstə düşür. O, keçən əsrin lap əvvəllərində anadan olub. Keşiş oğlu və yəhudi olduğu üçün Oktyabr inqilabından dərhal sonra Sibirə – üç illik sürgünə göndərilib. Cəzasını başa vurduqdan sonra Moskvaya qayıdıb, oxumaq istəsə də, siyasi dustaq olduğuna görə sənədlərini heç bir ali məktəbə verə bilməyib. Sərbəst kurslara – o vaxt bu sərbəst kurslar hələ ləğv olunmamışdı – gedib, ali məktəblərə qəbul olunmaq üçün təşkil edilmiş müsabiqəni qazanır... Amma bundan xəbər tutan hökumət, Stalin əleyhinə təşkil olunmuş mitinqdə iştirak etdiyini bəhanə gətirərək, onu ömürlük sürgünə göndərir. Orda qaldığı müddət ərzində müxtəlif hekayələrdən ibarət “Sibir dəftəri” kitabını yazır. Varlam Şalamov aradan uzun illər keçəndən sonra – ömrü tükənənə yaxın, yəni 1982 –ci ildə bəraət alır və bir qədər yaşadıqdan sonra vəfat edir. “Ölümündən sonra – 1985-ci ildə- yenidənqurma və aşkarlıq dövründə yaxın dostlarının təşəbbüsü ilə ilk kitabı – “Sibir dəftəri” çapdan çıxır. (H.Mirələmovun tərcüməsində V.Şalamovun “Baldırğan suyu” hekayəsi qəzetimizin gələn şənbə sayında dərc olunacaq – red.)
– Siz yazıçı-dramaturq, publisist, tərcüməçi və tənqidçi olmaqla yanaşı, həm də texnika elmləri doktoru, professor, Azərbaycan Dövlət Neft Akademiyasında “Neftin, qazın saxlanılması və nəqli kafedrası”nın müdiri, Doktorluq Müdafiə Şurasının sədri, bir sözlə, elm adamısınız. Respublikamızda təhsilin vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?
– Əvvəllər – yəni, biz uşaq olduğumuz vaxtlarda, bəlkə sizin də yadınıza gəlir, Hüseyn Cavid kimi, əlində şirmayi, sədəfli əsa, gözündə pensne eynək, əynində təmiz paltar olan adamı – hər rayonda bir və ya iki belə adam var idi- göstərib deyirdilər: Parisdə oxuyub, İstanbulda təhsil alıb, Leypsiqdə universitet bitirib... O vaxt xaricdə təhsil almaq böyük iş sayılırdı. Əslində, bu gün də belədir. Sadəcə olaraq, hazırda xarici ölkələrdə təhsil alan tələbələrimizin sayı birə yüz artıb...
– Yəni çoxalıb...
– Bəli,
çoxalıb. Bu təbii prosesdir. Bilmirəm,
statistika aparılır, ya yox, amma mənə elə gəlir
ki, bizdə təhsil alan əcnəbilərin
sayı xaricə oxumağa gedən tələbələrimizin
sayından qat-qat çoxdur. Respublikamızın ali məktəblərində dünyanın ən
çox inkişaf etmiş ölkələrindən –
ABŞ-dan, İngiltərədən, Almaniyadan, Fransadan,
Türkiyədən, İrandan, Pakistandan – olan gənclər təhsil
alırlar. Bir sözlə, Azərbaycan
yavaş-yavaş dünyanın güclü elm mərkəzlərindən
birinə çevrilir.
Bayaq qeyd etdiyimiz kimi, mən Dövlət Neft
Akademiyasında Doktorluq Müdafiə Şurasının sədriyəm
– elmimizin gündən-günə necə inkişaf etdiyinin
şahidiyəm.
–
Hüseynbala müəllim, sizin fəaliyyət sahəniz o qədər
çoxşaxəlidir ki, istər-istəməz, belə bir
sual doğur: bu işləri necə
çatdırırsınız?
– Həvəs
və maraqları düzgün idarə edə bilsən, 24
saat elə də az vaxt deyil.
– Bayaq kitabxananız haqqında
danışanda, haqlı olaraq dediniz ki, o qədər
kitabı oxumağa ömür yetməz. Amma bəzən belə
olur: bir kitabın qatını da açmırsan, amma
başqa bir kitabı da əlindən yerə qoymursan – dönə-dönə
oxuyursan...
– Tamamilə düz deyirsiniz. Məsələn, mən Viktor Hüqonun “Paris Notrdam kilsəsi” əsərini və Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanını beş-altı dəfə oxumuşam. Yəni ki, nə vaxtsa yenə Kvazimodo, Esmiralda, keşiş Klod Frollo və o gənc Feb üçün darıxacağam. Orada belə bir məqam var: keşiş Frollo, Kvazomodo və gənc oğlan Feb – hər üçü Esmiraldaya bəyan edir ki, bir gecəliyinə sənə qovuşmaq üçün ruhumu şeytana sataram. Bu yalvarış – sevgidir. Nə edəsən, belədir də: kitab var əlinə ala, kitab da var əlindən yerə qoya bilmirsən.
– Arzu edərdim ki, oxucular Sizin kitabları əllərindən yerə qoya bilməsinlər.
– Çox sağ olun.
525-ci qəzet.- 2013.- 7 sentyabr.- S.14-15-16.