Azərbaycan Milli Kitabxanası Almaniya Universiteti ilə Memorandum imzalayıb

 

Cari  ildə  90 yaşı tamam olan Azərbaycan Milli Kitabxanası 1965-ci ildən bu günə kimi dünyanın 60-dan artıq kitabxanası ilə beynəlxalq kitab mübadiləsini  həyata keçirir. 30-dan artıq ölkənin milli kitabxanası ilə ikitərəfli qarşııqlı əməkdaşlıq haqqında Memorandum imzalamış Azərbaycan Milli Kitabxanası sentyabr ayının 4-də  növbəti Memorandumu Almaniyanın Humboldt Universiteti ilə imzalamışdır.

Memorandum Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov və Almaniyanın Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri xanım Eva-Maria  Aux tərəfindən imzalanmışdır.

Görüş zamanı Kərim Tahirov və xanım Eva-Maria Aux imzalanan Memorandumun əhəmiyyətindən,  gələcək planlardan  danışmış və ətraflı müzakirələr  aparmışlar. Xanım Aux bu Memorandumun əhəmiyyətindən, xüsusilə kitab və təcrübə mübadiləsinin çox yaxşı nəticələr verəcəyindən danışmışlar.

 O, Humboldt  Universitet kitabxanasının Qafqaz kataloqunda  erməni ədəbiyyatının  üstünlük təşkil etdiyindən, sanki Qafqazın yalnız onlardan ibarət olduğundan yanğı ilə danışmışdır. Xanım Eva-Maria Humboldt  Universitet kitabxanasını  Zaqafqaziya Respublikası  olaraq Azərbaycanın xüsusilə tarixini, mədəniyyətini, irsini əhatə edən yeni ədəbiyyatla zənginləşdirməyi xahiş etmişdir. O həmçinin Almaniya kitabxanalarını Azərbaycanda çıxan yeni nəşrlərlə tanış etmək, onların fondlarını komplektləşdirmək üçün ədəbiyyat siyahısı da iştəmişdir. Azərbaycan Milli Kitabxanasının direktoru cənab Kərim Tahirov  xanım Auxu diqqətlə dinləmiş və imzalanmış Memorandumun  maddələrinə əsasən qarşılıqlı  kitab mübadiləsinin uğurla həyata keçəcəyini bildirmişdir. O həmçinin Humboldt  Universitet kitabxanası ilə kitab mübadiləsinin həyata keçirmək məqsədilə ayda bir dəfə onlara Azərbaycan Milli Kitabxanasına daxil olan yebi ədəbiyyat siyahısının göndəriləcəyini bildirmişdir. 

Söhbət zamanı Kərim Tahirov hər il Frankfurtda keçirilən sərgi yarmarkada iştirakından, sərgini sonunda ədəbiyyatın alman universitetlərinə hədiyyə edildiyindən danışmış, növbəti sərgi yarmarkada ədəbiyyatı Humboldt  Universitetinə hədiyyə edəcəyinə söz vermişdir.

Görüşün sonunda  Kərim Tahirov Azərbaycan irsini Humboldt  Universiteti tərəfindən  alman gənclərinə aşılanmasını təqdirəlayiq hesab etmişbu işdə Azərbaycan Milli Kitabxanasının üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyinə söz vermiş və xanım Auxa Azərbaycanla bağlı “Azərbaycan musiqi alətləri”, “Azərbaycan etnik musiqisi”, “Qərbi Azərbaycan abidələri” və s.  dəyərli kitabları hədiyyə etmişdir.

 

525-ci qəzet.- 2013.- 7 sentyabr.- S.2.