Dəyərli tədqiqat əsəri
Vəfa
Xanoğlanın uzun illik gərgin zəhmət və axtarışlarının bəhrəsi
olan “İlyas Əfəndiyev və Azərbaycan mədəniyyəti”
kitabı bu yaxınlarda Bakı “Elm” nəşriyyatı tərəfindən
çap olunaraq oxucu və ədəbiyyatsevərlərin
ixtiyarına verilib. Kitab öz əhatə
dairəsi, mükəmməlliyi
və analitik təhlil baxımından samballı tədqiqat əsəri kimi diqqəti cəlb edir.
Bu vaxta qədər
İ.Əfəndiyevin yaradıcılığı
haqqında xeyli əsərlər yazılıb. İ.Əfəndiyev
yaradıcılığı haqqında Y.İsmayılov,
Y.Seyidov, Ə.Əfəndiyev,
M.Əlizadə və
digər onlarla müəllif tərəfindən
tədqiqat əsərlərinin
yazılmasına baxmayaraq,
İ.Əfəndiyev şəxsiyyəti
və sənətkar ustalığını, habelə
onun yaratdığı
obrazlar qalereyasının
speksifikliyini yeni rakursdan oxucuya çatdırmaq, həm də bənzərsiz və heç kimi təkrarlamadan mükəmməl tədqiqat
aparmaq böyük məsuliyyət tələb
edir.
Məncə, haqqında danışdığım
monoqrafiyanın uğurlu
alınmasının səbəblərdən
ən başlıcası
Vəfa müəllimin
İ.Əfəndiyev ocağına
yaxınlığıdır.
Mən bu kitabı sanki bədii əsər kimi birnəfəsə oxudum. Monoqrafiya ön söz,
3 fəsil, nəticə
və istifadə olunan ədəbiyyatın
biblioqrafiyasından ibarətdir.
Müəllif “İ.Əfəndiyev
nəsrində milli mədəniyyət problemlərinin
təzahürü” bölməsində
haqlı olaraq yazıçının yaşadığı
mühiti və ədəbi dövrü kontekstdən kənara çıxarmır, qeyd edir ki, Qarabağ
təbiətinin ecazkar
təsiri, nağıl
və dastanlarımızın
yazıçı təxəyyülündə
buraxdığı izlərin
romantikası, milli adət- ənənələrin
formalaşması yazıçının
yaradıcılıq kredosunu
müəyyənləşdirib. Deyildiyi kimi, “İ.Əfəndiyev
müasir əsərləri
ilə yeni aktyor və rejissor nəslinin formalaşmasını təmin
edərək sözün
əsl mənasında
öz teatrını,
– yəni “İ.Əfəndiyev
teatrı”nı yaratdı.
Sovet normalarını
dağıtmağa nail olan
yazıçı “Söyüdlü
arx” romanı ilə yeni nəsrin
poetikasını yaratdı”.
Tədqiqatçı bu bölümdə
müqtədir sənətkarı
rus dramaturgiyasının
aparıcı və novator sənətkarı kimi tanınan Çexovla müqayisə
edir. “Rus teatrı üçün
Çexov kim idisə, Azərbaycan teatrı üçün
də İ.Əfəndiyevin
xidmətləri elədir”.
Kitab müəllifi
“İ.Əfəndiyevin nəsr
əsərlərində qəhrəmanların
mədəni tipologiyası”
bölməsində nəsrdə
İ.Əfəndiyevin gəldiyi
əsas qənaəti
aşkarlayır. Bəli, obraz başqalarının
diqtəsi, hazır resepti ilə yox, “yazıçı ürəyinin hökmü
ilə” yazılmalıdır.
Yazıçının nəsr əsərlərindən
nümunələr gətirən
tədqiqatçı-alim məhz
bu devizi nəzərə alaraq insanın əxlaq və davranışlarında
olan təbəddülat
və yeniliyi, əxlaqi keyfiyyət barədə olan qeyri-adiliyi ön plana çəkərək,
insanın bir fərd olaraq spesifik cəhətlərini
tərənnüm edən
yazıçının mövqeyini
müdafiə edir.
Yazıçının folklordan gələn xalq deyim və
ifadələrdə, dialekt
və şivələrdəki
təkrarsız ifadələrindən
misal gətirərək
yazıçının söz
leksikonunun genişliyinə
diqqəti çəkir. Yazıçının məqalələrindən sitat
gətirən kitab müəllifi onun nəsr və digər əsərlərinin
uğurunu “istedadla zəhmətin birləşməsi”ndə
görür.
“Sarıköynəklə
Valehin nağılı”
romanında yazıçının
əsas devizi budur: “İnsan öz halal zəhməti
ilə xoşbəxt ola bilər”..
“İ.Əfəndiyevin
teatrı milli özünüdərkin və
milli-mənəvi dəyərlərin
güzgüsüdür” bölməsində
dramaturqun yazmış
olduğu 22 pyesin
19-nun Milli Dram Teatrında
müxtəlif illərdə
hansı rejissorlar tərəfindən səhnəyə
qoyulması göstərilir.
Görkəmli rejissor Tofiq Kazımovun istedadı İ.Əfəndiyevin pyeslərinin
səhnə həllində
özünü qabarıq şəkildə
göstərə bilib.60-cı illərdə gənc aktrisa A.Pənahovanın dramaturqun 9 pyesində baş rolda çıxış etməsi,
həmçinin respublikmızda
yeni aktyor nəslinin yetişməsində
İ.Əfəndiyev pyesləri
müstəsna əhəmiyyət
kəsb edir.
“Tarixi dramlarda Azərbaycan mədəniyyət
tarixinə yeni baxış” bölməsində
“Mahnı dağlarda qaldı”, “Xurşidbanu Natəvan”, “Şeyx Xiyabani”, “Tənha iydə ağacı”, “Sevgililərin cəhənnəmdə
vüsalı” və “Hökmdar və qızı” pyeslərinə yeni baxış- müasirliyin
tarixiliklə sinxron bədii həlli üstalıqla təhlilə
cəlb olunur.
“Mahnı dağlarda qaldı” pyesində yeniliyi qəbul etməyən və Sovet rejiminə qarşı barışmaz
mübarizə aparan Böyük bəylə Nicat və qaçaq
Bahadırın arasındakı
konflikt, tarixi keçmişə uyğun
olaraq Böyük bəyin faciəsi ilə, onun ələ keçməsi ilə nəticələnir. Əsərdə
heç bir sərhəd tanımayan məhəbbətə sinfi
ayrı-seçkilik mane ola bilmir. Nicat Şahnazla evlənə bilir. Lakin bu məhəbbət
faciə ilə nəticələnir. Şahnaz özünü
öldürür. Uzun müddət
səhnədən düşməyən
bu pyes Azərbaycan
Dövlət Mükafatına
layiq görülüb.
XIX əsrdə yaşayıb-yaratmış Azərbaycan
şairəsi Xan qızı Xurşidbanu Natəvan haqqında tarixi əsər yazmaq və onu müasirliklə əlaqələndirərək, yazıçı tendensiyasını
açıq-aydın büruzə
vermək İ.Əfəndiyevin
yaradıcılığında uğurlu addımdır.
Tədqiqatçı çox yaxşı vurğulayır ki, uzaqgörən yazıçı
bu əsəri yazıb-qurtaranda hələ
Qarabağ hadisələri,
Azərbaycanın müstəqilliyi
məsələsi gündəmdə
yox idi. Ancaq Natəvanın dili ilə deyilən monoloq pyesə nikbin əhval-ruhiyyə gətirməklə yanaşı,
yaxın gələcəkdə
Azərbaycanın öz
müstəqilliyinə qovuşacağı
günə az
qaldığından soraq
verir. Pyesin sonlarında Natəvan deyir: “Bu uçurumlu yolların sonunda bizi öz milli
birliyini, azadlığını
tapmış azad Azərbaycan gözləyir”.
Vaxtilə ulu öndər
H.Əliyev bu pyesə tamaşa etmiş və Natəvan obrazından danışarkən dramaturq
İ.Əfəndiyevə müraciətlə
demişdi: “Natəvanı
gözəl Azərbaycan
qadını kimi bizə təqdim etdiniz, bununla yanaşı, gözəl
Xan qızının timsalında onun Xan qızına layiq hərəkətləri
ilə bizim Şərq qadınlarının
obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm”.
“Tənha iydə ağacı” pyesi mühacirət həyatına həsr olunmuş pyes kimi diqqəti cəlb edir. Azərbaycan Cümhuriyyətinin süqutundan sonra siyasi terrordan canlarnı qurtaran yüzlərlə azərbaycanlı qürbətə – Türkiyəyə üz tutmuşdular. Müəllif bu əsəri M.Ə.Rəsulzadəyə həsr edib. Doğma Qarabağımızın təbii gözəlliyini təsvir edən “Tənha iydə ağacı” pyesi bu torpağın gec-tez erməni işğalçılarından azad ediləcəyinə ümid yaradır.
“Sevgililərin cəhənnəmdə vüsalı” 1937-38-ci illərdə repressiyaya məruz qalmış yazıçı, alim və aktyorlarımızın həyatına həsr olunmüş səhnə əsəridir.
Böyük sənətkarın “Hökmdar və qızı” əsərində İbrahim xanın Azərbaycan xanlıqlarını birləşdirmək ideyası əsərin qayəsini təşkil edir.
Azərbaycanı bütöv görmək istəyən İbrahim xanın zəif cəhəti, acizliyi vəziyyətdən çıxış yolu tapa bilməməsi qızı Ağabəyim ağa ilə arasındakı dialoqda çox gözəl verilib.
Nəhayət, İbrahim xan Qarabağı hücumlardan qorumaq, yurdunun toxunulmazlığını təmin etmək üçün sevimli qızı Ağabəyim ağanı İran şahı Fətəli şaha ərə vermək məcburiyyətində qalır. Ancaq İbrahim xanın əsas səhvi ruslara tabe olması, onların nəzarəti altında yaşamağı qəbul etməsidir ki, sonda bu, onun faciəsini şərtləndirir.
Yazıçının ölümündən sonra Xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilmiş “Hökmdarın taleyi” filmini uğurlu saymaq olar. Bu film haqqında mətbuatda gedən rəylər dediyimizi bir daha təsdiqləyir. Kitabda qeyd edildiyi kimi, bu filmin çəkilməsini vaxtilə ulu öndərimiz H.Əliyev məsləhət bilmişdi.
İnanıram ki, Vəfa Xanoğlanın “İ.Əfəndiyev və Azərbaycan mədəniyyəti” kitabı filoloqlar, kultroloqlar, sənətşünaslar, teatrşünaslar və ən əsası İ.Əfəndiyev yaradıcılığını sevənlər üçün böyük töhfə olacaq.
Ehtiram Səfərov
filologiya üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2013.- 10 sentyabr.- S.7.