III Bakı Beynəlxalq
Kitab Sərgi-Yarmarkasına hazırlıq
gedir
Mədəniyyət və Turizm Nazirliyində III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına hazırlıqla əlaqədar iclas keçirilib.
Tədbiri giriş sözü ilə açan mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin kitabın təbliği və yayılması, dərsliklərin, lüğətlərin, bədii, tərcümə və elmi ədəbiyyatın nəşri ilə bağlı qərar və göstərişlərinin əhalinin çap məhsulları ilə təmin olunmasında mühüm rol oynadığını bildirib. Qeyd edilib ki, son illərdə xeyli sayda Azərbaycan kitabı beynəlxalq sərgilərdə yüksək səviyyədə təmsil və təbliğ olunub, müxtəlif beynəlxalq müsabiqələrdə qalib gəlib. Bununla yanaşı, I və II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası ölkə əhalisi və elmi-ədəbi ictimaiyyət tərəfindən yüksək qiymətləndirilib.
Diqqətə çatdırılıb ki, ilk dəfə 2009-cu ildə gerçəkləşən I Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 20 xarici ölkədən təxminən 35-ə yaxın, Azərbaycandan isə 60-dan artıq yerli nəşriyyat və poliqrafiya müəssisəsi iştirak edib. Bütövlükdə 90-dan artıq qurumun təmsil olunduğu tədbir çərçivəsində məzmunlu təqdimat mərasimləri və görüşlər keçirilib.
2011-ci ildə baş tutan II Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuşdu. Sərgi-yarmarkada 100-dən çox yerli, 30-a yaxın xarici çap-poliqrafiya müəssisəsi və kitabxanalar iştirak edib.
2013-cü ilin 23-25 sentyabr tarixində təşkili planlaşdırılan III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyinə həsr olunacaq. Sərgi ilə eyni vaxtda Bakıda keçiriləcək Avropa Milli Kitabxanaları Konfransı Beynəlxalq Təşkilatının 27-ci sessiyası və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Azərbaycan Milli Kitabxanasının 90 illik yubiley tədbirləri vahid icra planı ilə əlaqələndiriləcək.
Vaqif Əliyev çıxışında vurğulayıb ki, əvvəlki iki sərgidən fərqli olaraq, bu il hazırlıq prosesinə daha öncədən başlanılıb və bunun nəticəsi olaraq III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında 50-si xarici ölkə təmsilçisi olmaqla 150-yə yaxın nəşriyyat, poliqrafiya müəssisəsi və digər müvafiq təşkilatların iştirak edəcəyi gözlənilir.
III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının yüksək səviyyədə təşkil olunması məqsədilə müvafiq əmr imzalanıb, tədbirlər planı və smeta layihəsi təsdiq edilib, köməkçi şirkətlər müəyyən edilib və işçi qrup yaradılıb. Sərginin loqosu, digər çap məhsullarının kompleks dizaynı sifariş edilərək hazırlanıb. Sərgi-yarmarkanın yeni saytı yaradılıb və yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcək.
Azərbaycanda fəaliyyət göstərən 100, Rusiya, Türkiyə, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Polşa, Çexiya, Slovakiya, Sloveniya, Serbiya, Avstriya, Macarıstan, Belarus, Ukrayna, Estoniya, Qazaxıstan, Özbəkistan, Litva, Kanada, Çin, Hindistan, Braziliya, Misir, İsrail, İndoneziya, Avstraliya, Yeni Zelandiya və digər ölkələrdən 260-dan çox nəşriyyat, poliqrafiya müəssisələri, kitab yayım evlərinə dəvət məktubları göndərilib.
İclasda sərgiyə hazırlığın vəziyyəti, bir sıra məsələlərin həlli ilə əlaqədar nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Quliyev və digər təşkilatların nümayəndələri çıxış ediblər.
S.Abdullayeva
525-ci qəzet.-
2013.- 10 sentyabr.- S.7.