Naxçıvanın özəllikləri
və gözəllikləri
Naxçıvan
Hava Limanında gördüyüm bir mənzərə bu qeydlərə
təkan verdi, nələrisə yadıma
saldı. Ayağı şikəst cavan oğlanı xüsusi
qurğulu maşına qoydular, həmin maşın təyyarəyə
yaxınlaşıb cavanı ora təhvil verdi. Cavanın
üzündə təbəssüm vardı. Ona göstərilən qayğıdan
çaşmış və şikəstliyini unutmuşdu.
Mən bu cür mənzərəni xarici aeroportlarda
görmüşdüm və şikəstlərə
yaradılan şəraitə paxıllığım
tutmuşdu. “Bizdə niyə belə olmasın?” –deyə ürəyimdə dəfələrlə
düşünmüşdüm. Və
oldu da.
İndi Azərbaycan və onun bir parçası olan
Naxçıvan gözlərimiz önündə tikilir,
canlanır, abadlaşır.
İlk dəfə Naxçıvana 1996-cı ilin
avqustunda getmişdim. “Azadlıq” radiosunun müxbiri kimi
eks-prezident Əbülfəz Elçibəydən müsahibə
almağa. Qayıdandan sonra “Barı
Naxçıvan, yoxsa Naxçıvan barı” adlı yazı
da yazmışdım. Təxminən belə:
Naxçıvandan Bakıya bilet almaq hələ uçmaq demək
deyil. Bileti qeydiyyatdan keçirmək də
uçmaq deyil. Təyyarəyə oturmaq
da uçmaq deyil.
Şəhərin hava limanı bərbad gündəydi. Təyyarəyə
minmək üçün min bir əzaba qatlaşmalıydın.
Məqaləyə reaksiya müsbət oldu. Aeroport
işçiləri cəzalandırıldı, yenilərilə
əvəz olundu.
İndi o günlər geridə qalıb. Naxçıvan Hava
Limanı çox müasirləşib, çağdaş tələblərə cavab
verir. Uçduğumuz təyyarə təptəzəydi.
AZAL-a təşəkkürlər. Hələ
bir neçə il öncə Türkiyəyə, Qarsda
konsulluğumuzun açılışına gedəndə,
2009-cu ildə Naxçıvanın 85 illiyinə dəvət
olunanda da şəhərin geniş, təmiz küçələri
məni sevindirmişdi. İndi də eləcə.
Bura bir az Yeni Aşqabada oxşayır. Yol xidmətçiləri hər səhər və
axşam küçələri təmizləyir,
maşınlar yolları sulayır. Yolda
bir çöpə də rast gəlməzsən.
1999-cu ildə Fransaya, Strasburqa gedəndə meşələrə,
yollara baxıb köks ötürmüşdüm. Sanki meşədəki
ağacların yarpaqları tökülmürdü, yollarda
maşınlar yox, tozsoranlar və süpürgələr hərəkət
edirdi. Bu qədər təmiz yol olmaz ki... “Bizdə
niyə olmasın?” – deyə
düşünmüşdüm. Və oldu da.
Hər şənbə günü Naxçıvanda iməcilikdir. Əli bel
tutan dövlət qulluqçuları, müəllimlər
öz küçə və qapısını təmizləyir.
Burada hər bir işçi mənsub olduğu
idarənin bağçası ilə fəxr edir. Niyə də etməsin ki...Hər tərəf
yaşıllıq və gül-çiçək.
Yeri gəlmişkən, İsrailin suvarma təcrübəsi
Naxçıvanda da tətbiq olunub. Boz çöllüklə
uzanan yolların kənarında ağaclar əkilib. Damcı üsulu ilə suvarılır. Bir az keçməz ki, boz çöllüklərdən
əsər-əlamət qalmaz. Şənbə
günləri ağacların dibi yumşaldılır,
sulanır.
Düzdü, bu iməciliklər adamların istirahətindən
kəsilir, amma yaxşı, abad ölkədə yaşamaq istəyirsənsə,
hər əzaba qatlaşmalısan. Bu ölkə sizin
özünüzçün qurulur. İş
olan yerdə isə, necə deyərlər, əyər-əskik
də olacaq. Qorxulusu ətalətdir. Vətən işgüzarların çiynində
ucalır.
Naxçıvanlı dostlarım hər şeyin – ərzaqdan
tutmuş sementə qədər Muxtar Respublikada istehsal
olunduğunu deyir və açıq-aşkar
qürurlanırlar. Naxçıvan dağları rəngbərəngdir.
Kərpici daha İrandan almırlar. Hər rəngdə kərpic istehsal edirlər, rəng
qatmağa ehtiyac da yoxdur. Xeyir Vətənə və onun
insanlarına qalır.
Belə bir münasibəti İsraildə gördüm. Onlar vətənlərilə
açıq-aşkar
fəxr edirdilər. Vətənlə
fəxr etməsən, yağılar onu əlindən alacaq.
Bu müsibətləri başımız
çox çəkib.
Azərbaycanın basılmaz qalalarından sayılan
Naxçıvan öz dağları və insanları kimi məğrurdur. Vətən
öz vətəndaşlarına oxşayır. Çünki Vətən –anadır. Oğulsa valideynə bənzəməlidir.
Müəllim
və şagirdlərin öz formaları var. Aralıdan
tanımaq olur: ağ kofta (köynək) və
qara yubka (şalvar).
Dövlət
məmurunun iş vaxtı, yaxud cəmiyyət içində açıq-saçıq
geyinməsi yasaqdır. Məmursansa, ona da
uyğun geyinməlisən. Azad həyat istəyirsən,
onda dövlət
işinlə vidalaş. Uşaqlar
örnəklərlə böyüyürlər.
Burda maşınlar təkəm-seyrəkdir. Çünki hamı iş
başındadır.
Maşın siqnalı eşitməzsən. İlk dəfə
Londonda bunun şahidi oldum. Şəhərə
girişdə tıxac olsa da, o qədər maşından biri
siqnal vermirdi. Sanki onların
siqnallarını çıxarmışdılar. Onda da paxıllığım tutmuşdu. “Bizdə niyə belə olmasın?” – deyə düşünmüşdüm. Oldu da. Ən azı
Naxçıvanda belədir.
Bakının Vasif Talıbovu çatışmır. Siqnal əlindən
yatmaq olmur. Yeri gəlmişkən, mən
bu barədə cənab nazir Ziya Məmmədova yazıb
narazılığımı bildirmişəm. Mənasız bir təsəlli kağızı
göndəriblər. Guya düzələcək
və guya Nəqliyyat Nazirliyi bu işlə məşğuldur.
Bəs nə oldu? “Vozduşka”lar öncə pəncərələri, sonra
adamın qulağını deşir, əsəblərini
cırmaqlayır. Bu cür siqnallardan heç
Tayqa meşələrində də istifadə eləmirlər.
Minlərlə adam bundan əziyyət
çəkir. Mənə
elə gəlir ki, Bakıda maşınların
siqnallarını çıxarmaq lazımdır. Bura cəngəllik yox, böyük bir ölkənin
paytaxtıdır.
Taksilər
Bakıdakı kimi adamın qolundan tutub, az
qala maşına soxmur. Taksi sürücülərinin öz
forması var: harda olursa-olsun, lap uca dağ kəndində. Belə mənzərəni Avropada
görmüşdüm. “Bizdə niyə
olmasın” –demişdim. Oldu da.
Nəysə, gileydənsə
xoşladıqlarımızdan yazaq.
Mən
Naxçıvanı Quzey Kiprə bənzətdim: öz
landşaftı və relyefinə görə. Türklər
Kipri “yavru vətən” sayırlar. Naxçıvan
da bizim yavru vətənimizdir. Sərhədlərimizdən
aralı düşdüyünə görə.
Bir zamanlar blokada həyatı keçirən, saatlarla
işığa, suya, qaza həsrət qalan Muxtar
Respublikası indi Arpaçayın hesabına özü enerji
istehsal edir, hətta qonşu Türkiyəyə də
satmağa hazırlaşır. Burda ən uzaq dağ
kəndi də qazlaşdırılıb.
Bu torpaq böyük vətənimizə möhtəşəm
simalar bəxş edib. Siyasətçilərdən tutmuş
yazıçılara qədər. Ad
çəksəm, uzun bir siyahı alınar. Təkjə Müasir Azərbaycan dövlətinin
qurucusu, siyasət nəhəngi Heydər Əliyevin və nəsrin
sütunlarından biri Cəlil Məmmədquluzadənin
adını çəksəm yetərlidir. Vətən siyahı ilə yox, qeyrətli
oğulları və zənginliklərilə öyünməlidir
və öyünür də.
“Haça dağ” Naxçıvanın yolgöstərəni
(mayakı), “Mömünəxatun” türbəsi pasportudur.
Nuhun məbədini görmüşdüm. Arzum
“Əshabi-kəf”i ziyarət eləmək idi. İstəyimə çatdım da. Möhtəşəm ziyarətgahdır. Səliqə-səhman, təmizlik. Adamın ürəyi açılır. Ziyarətgahın girişindəki lövhədə
Qurandan ayələr yazılıb. Bəzən
adamlara adi mətləbləri müqəddəs sözlərlə
başa salmaq lazımdır. Çünki
belə asan olur.
Duzdağ tamam başqa bir əfsanədir. Əziz bir
yaxınım Duzdağda müalicə olunurdu. Öncələr oranı görmüşdüm,
amma bu dəfə yaxından tanıyası oldum. Sovetlər
dövrünün ən yaxşı ənənələri
burda qorunur: təmizlik, səliqə-səhman, həkim
intizamı. Vətənimizin və
dünyanın müxtəlif guşələrindən bura
şəfa tapmaq üçün gəlirlər və
tapırlar da.
Ordubadı ziyarət eləməmək günah
olardı. Tarixdən əsl müsəlmanların
yaşadığı bölgə kimi tanınan Ordubad öz
qədimliyilə seçilir. Hələ “Şah
Abbas” romanını yazarkən bu bölgənin tarixinə
vurulmuşdum. Şah Abbasın baş vəziri Hətəm xan bir zamanlar burda
abad işlərlə ad çıxarıb.
Ordubad
Cümə Məscidi bir neçə dəfə təmir
olunub, yenidən qurulsa da, Şah Abbasın məşhur fərmanı
yenə də lap
başda qoyulub, divara hörülüb. Bu fərmanla
o, Ordubad əhalisini əsl şiə olduğuna, dövlət
və Vətən yolunda göstərdiyi şücaətə
görə bütün növ vergilərdən azad edib.
Akademk
Yusif Məmmədəliyevin ev-muzeyində olduq, bura yenidən
təmir olunur, Azərbaycan tarixi romançılığının
banisi Məmməd Səid Ordubadinin muzeyinə də baş
çəkdik, amma iş vaxtı qurtardığından
oranı gəzə bilmədik.
Ordubadda təmirə ehtiyacı olan qədim binalar
çoxdur. Mənə izah elədilər ki, şəhərin
küçələri dar olduğundan burada təmir-bərpa
işləri aparmaq çətindir, amma belə bir niyyət
var.
Dostlar sağ olsunlar. Həmin günlər
qayğılarını bizdən əsirgəmədilər.
Yeri gəlmişkən, AYB-nin Naxçıvan
filialı üçün gözəl şərait
yaradılıb. Şəhərin mərkəzində
yerləşən binada səkkiz otaq verilib. Öncələr
iki otaqda yerləşən Naxçıvan Yazarlar Birliyi indi
azadlığa çıxıb: öz iclas zalları,
kitabxanaları, kabinetləri, gənclər otağı.
Gümüş
gölün ətrafını dolandıq, burada
salınmış yaşıllıq zolaqları ilə tanış olduq. “Gümüş
göl əfsanəsi” filmi burada çəkilib.
Şərur münbit torpağı ilə seçilir,
Muxtar Respublikanı ət məhsulları və meyvə ilə
təmin etmək gücündədir.
Naxçıvanın rəngbərəng farel
balıqları dillər əzbəridir. Burada
balıqçılıq sürətlə inkişaf edir.
Möhtəşəm
və qədim Araz qürub edən günəşin şəfəqləri
altında bərq vurur, sanki bəyaz bir karvan harasa köç edir.
Naxçıvanlıların qonaqpərvərliyi hər addımda özünü göstərir. Bizi hər şeyə qonaq etdilər – yeyib-içməkdən tutmuş, bolluca söhbətə qədər...
Muxtar ölkədə olarkən burada yetişib boya-başa çatmış naxçıvanlı dostların bəzilərilə telefonla hal-əhval tutduq, hamısı öz köməyini təklif elədi. Sağ olsunlar...
Bakıya döndükdən sonra təsadüfən bir tanışımı gördüm. Mərhum şair Polad İlyasın adını daşıyan 13 yaşlı nəvəsi öz xəstəliyi və ailəsinin problemlərilə bağlı Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova müraciət edib və ondan dəstək alıb. “Çox adama müraciət elədik, amma ən ciddi reaksiyanı Talıbov verdi” – deyə tanışım toxtaqcasına dedi, sanki bütün problemləri həll olunmuşdu.
Hə, indi yadıma düşdü. Naxçıvan aeroportundakı şikəst oğlanın üzündəki təbəssüm həm də minnətdarlıq əlamətiydi: böyük vətənimiz Azərbaycana, yavru vətənimiz Naxçıvana və Azərbaycan Hava Yollarına...
Bakı-Naxçıvan-Bakı
30 avqust –
3 sentyabr 2013
Elçin Hüseynbəyli
525-ci qəzet.-
2013.- 12 sentyabr.- S.4.