Kinomuzun ilk
qadın kinorejissoru
“Molla Nəsrəddin”çi
şair-publisist, aktyor
Əliqulu Qəmküsarın
gəncliyindən səhnəyə
meyl edən, Bakı Pedaqoji təhsilini yarımçıq
qoyub Moskvada kinorejissorluq sənətinə
yiyələnən qızı
Qəmər Salamzadənin
Aleksandr Popovla birgə quruluş verdiyi “Dəcəl dəstə” (ssenari müəllifi Yuri Fidler.)
1937-ci ildə Bakı
kinostudiyasında çəkilən
yeganə bədii-oyun
filmi kino tariximizin ikinci uşaq filmi oldu. Titrlərdən göründüyü kimi,
Bakıdakı beynəlmiləl məktəbdə
cərəyan edən
hadisələr burada ən çox sevilən coğrafiya dərsində baş verir. Hindistan cəngəlliklərindəki vəhşi
pişiklərin ov axtarmasından danışan
müəllimi dinləməklə
xəyala dalıb özünü ovçu kimi görən Heydərin yanındakı
Olyaya o yerlərə
getməyi təklif etməsi ilkin süjeti yaradır. Xəritədə Hindistanı göstərməli
olan Heydərin müəllimin tapşırığını
Olyanın yerindən göstərdiyi işarələr
hesabına yerinə yetirməsi komizmi artırır. Heydərin Olyaya
evdə Hindistan oyunu oynamağı təklif etməsilə epizod tamamlanır. Kanitapin küçəsindəki 21 saylı
evin həyətində
Olyanın gətirdiyi
dibçəkdəki bitki
və palaz ilə ağaca söykənmiş nərdivana
dırmaşan Heydərin
cəngəllik yaratması
şərti mühiti
reallaşdırır. Xəyalpərvərlikdən uzaq
ölkələr haqqında
təsəvvürlərə biganə olan Mişa ilə Qrişanın onları lağa qoymaları
ziddiyyətin tərəflərini
nizamlayır. Rəngləməklə pələngə bənzədilən
Bobik adlı itin arxasınca düşən Heydərin
dərsdən əlavə
vaxtlarda kimya ilə məşğul olan Yusifə rəğmən bekarçılıqdan
havaya köpük uçuran Mişa ilə Qrişanı da ovçuluq oyununa cəlb etməsi tamaşalılığı
artırır.
Titrlərdən göründüyü kimi
bu oyuna qoşulmayıb evdə kimyəvi təcrübələrilə
məşğul olan Yusifin atasının (Ağasadıq Gəraybəyli)
yanına gələn
Olya ilə Heydəri gülərüz
qarşılaması valideynlərin
də bu işə rəvac verdiklərini təsdiqləyir. Hazırladığı sehirli rəngin tərkibini öyrənmək
istəyən Olyaya məhəl qoymadan kitab uzatmaqla kifayətlənən Yusifin
sirri bir kimsəyə açmamaq şərtilə yalnız
Heydərə açması
uşaqların arasında
daxili ziddiyyət yaradır. Bazar günü dəniz
gəzintisinə çıxan
altıncı sinif şagirdlərinin gəmidə
udun, tarın, dəfin sədaları altında çırtma vurub mahnı oxumaları, rəqs etmələri tamaşalılığı
artırır. Evdə Yusifin
təcrübəsini təkrarlayan
Heydərin çimərlikdəki
dostlarına bacarığının
nümayişi üçün
qızlardan birinin paltarına əcaib rəsm çəkməsi
Olyanın isə bunu Anna Pavlovnaya çatdırması dövrün
mənzərəsini də
yaradır. Heç
nə olmayıbmış
kimi begemotlar haqda kitab istədiyi
Yusifə riyaziyyat dərsindən yoxlamada köməklik göstərməyən
Olyasız heç bir misalın həll edilməməsi səbəbindən ağ vərəqə
təəccüblə baxan
müəllimənin heyrəti
gərginliyi yarada bilir. Növbəti epizodda xəstələnib
yatağa düşən
Olyanın yanına gələn Anna Pavlovnadan Heydərin onu axtarıb-axtarmadığını soruşması, bir dostunun bəd hərəkətini gizlətməklə
digərinə qarşı
haqsızlıq etdiyini
anlaması ilə dövrə hakim kəsilən
cəza mexanizmi işə düşür.
Dərsdə Heydərə köməkdən
vaz keçib yalnız Yusifin qarşısında günahını
etiraf etdiyi təqdirdə onunla dostluq edəcəyini bildirməklə savadına
görə şəriksiz
liderə çevrilən
Olya ideya daşıyıcısı funksiyasını
da öz üzərinə götürür.
Ninanın, Mişanın, Qrişanın
da yoxlama zamanı köməklik göstərmədiyinə görə
ittiham etdikləri Olyanın tərəfini tutaraq uşaqlara oxuyub özlərinə güvənməyi məsləhət görən
Yusif də bu dramaturji yükə
şərik qoşulur.
Coğrafiya fənnindən
yoxlamaya hazırlaşmaq
üçün bazar
günü Yusifgilin evində Hindistanla bağlı oyuna hazırlaşanlardan fərqli
olaraq, çıxış
yolunu şparqalkada görənlərə qoşulub
Nina ilə dondurma yeyən Heydərin uzaqdan gördüyü, ardınca qaçsa da, çatmadığına
təəssüfləndiyi Olyaya pis münasibətdə
olanlara qarşı çıxması onun daxilində gedən təbəddülatlardan xəbər
verir. Oyuna hazırlaşan Olyaya
köməklik göstərən
Heydərin haqsız olduğuna görə üzr istəməsi, qızın təkidinə
baxmayaraq Yusifə və hətta onun atasına yaxınlaşıb günahını
boynuna ala bilməməsi
əsas mətləbə
işıq salır.
Belə ki, minlərlə günahsızın repressiyalara
məruz qaldığı
bir dövrdə paltara ləkə salmaq üstündə uşaqların da, cəza mexanizmi yaratması dövrün mənəvi məngənəsinin
təzahürünə çevrilir.
Tənbəllərdən uzaqlaşıb coğrafiyadan
yoxlamaya hazırlaşaraq
Ninanın yerindən köməyinə məhəl
qoymadan, xəritə qarşısında bütün
suallara cavab verən Heydərin əla qiymət alması savadla əməyin qələbəsi
kimi səslənir. Yay tətilinə çıxan
uşaqların pioner düşərgəsində oynadıqları
Hindistan oyununda, əllərindəki nizələr,
üzlərindəki maskalar,
əyinlərindəki geyimlərlə
döyüş səhnələrini
canlandırmaları, guya
yaralanmış “döyüşçü”nün
üzünü nizə
ilə qaşıması,
ulağın başına
şlyapa qoyulması,
Qrişa ilə Mişanın oyun zamanı da yeməkdən qalmamaları
tamaşalılığı artırır. Və uşaqların dənizə
baş vurması ilə Olyanın şahidliyi ilə Yusifə üz tutan Heydərin etirafı, üç dostun dənizə üz tutmaları filmi bitirir.
Yeri gəlmişkən 1946-cı ildə
“Mosfilm” kinostudiyasında
Miçurinə həsr
olunmuş “Çiçəklər
içində həyat”
filmində təcrübə
keçmiş və
“Təəssüf edirəm
ki, Azərbaycan xalqının yaradıcı
oğulları ilə
şəxsi tanışlığım
çox az olub. Ancaq onun
çox dəyərli
oğullarından birini
yaxşı tanıyıram
ki,
onun simasında
bu xalqa mənim böyük hörmətim var; Ruhulla Axundovla tanışlığımı heç vaxt unutmayacağam” deyən quruluşçu rejissor A.P.Dovjenkodan: “İstehsalatdakı
iş üslubu, onun estetik mühakiməsi
və kino sənəti haqqında gündəlik iş əsnasında meydana gələn fikirləri və habelə onun işə olan son dərəcə nəzakətli davranışı
mənə ona yüksək və xeyirxah qiymət vermək imkanı yaradır. Mən bunu məmnuniyyətlə
eləyirəm. Bir
də ona görə ki, qardaş xalqın bir sənət elçisinə az da olsa fayda
verə bildim” xasiyyətnaməsi alan Qəmər xanım Salamzadənin də təməlini qoyduğu uşaq kinosu sonrakı illərdə yeni uğurlar qazandı.
Aydın Dadaşov
1 Salamzadə
Q.Ə. Kiçik pəncərədən
görünən dünya. B.,1990. s. 154.
525-ci qəzet.-
2013.- 13 sentyabr.- S.7.