III Bakı Beynəlxalq
Kitab Sərgi-yarmarkasına hazırlıqla bağlı iclas
gedir
Sentyabrın
23-dən 25-dək Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı
ilə III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası
keçiriləcək.
"Qafqazinfo"ya nazirlikdən verilən məlumata görə, beynəlxalq tədbirə hazırlıqla bağlı sentyabrın 10-da Mədəniyyət və Turizm Nazirliyində iclas keçirilib. İclasda həmçinin sərgi-yarmarka günlərində Bakıda gerçəkləşəcək Avropa Milli Kitabxanaları Konfransının (CENL) XXVII illik iclası və Avrasiya Kitabxanalar Assambleyası Əməkdaşlıq Təşkilatının XV ümumi iclasına hazırlıq məsələləri də müzakirə olunub.
İclası giriş sözü ilə açan nazir Əbülfəs Qarayev son illər ölkənin mədəni həyatında baş verən yeniliklərdən danışıb, Azərbaycanın beynəlxalq əhəmiyyətli tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini xatırladıb. Qeyd olunub ki, ölkəmizdə ənənəvi olaraq gerçəkləşən beynəlxalq layihələr eyni zamanda Azərbaycana olan inamın göstəricisidir. Nazir Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının da ənənəyə çevrilməsindən məmnunluğunu ifadə edərək budəfəki sərginin ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunduğunu vurğulayıb.
Qeyd olunub ki, beynəlxalq tədbirdə Azərbaycandan 100-dən çox nəşriyyat və təşkilatın, həmçinin 20-dən artıq ölkədən poliqrafiya birliyi, nəşr evi və kitabxanaların iştirakı nəzərdə tutulub. Sərgi-yarmarkanın proqramı zənginliyi ilə seçilir. III Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının keçiriləcəyi məkana gəlincə isə, budəfəki sərgi ilk dəfə açıq havada təşkil olunacaq. Tədbirin pavilyon və stendləri Gənc Tamaşaçılar Teatrı ilə Opera və Balet Teatrının arasındakı məkanda (Rəşid Behbudov küçəsindən Bülbül prospektinə qədər) qurulacaq. Kitab satışı və nümayişi üçün sahələr və bütün stend avadanlıqları iştirakçılara ödənişsiz veriləcək. Sərgi-yarmarkada milli və beynəlxalq nəşriyyat evlərinə, kitab nəşri və yayımı ilə əlaqədar təşkilatlara, poliqrafiya müəssisələrinə, müəllif hüquqları qurumlarına müvafiq şərait yaradılacaq.
Abdullayeva S.
525-ci qəzet.- 2013.- 13 sentyabr.- S.7